Bir neçə ölkənin sabiq prezidentləri də Bakıya gələcək
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi
Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə 21-24 avqust tarixində keçiriləcək
Qlobal Gənc Liderlər Forumunda iştirak etmək üçün bir neçə ölkənin sabiq
prezidentləri, baş nazirləri, nüfuzlu ictimai və dövlət xadimləri Bakıya
gələcək.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə
verilən məlumata görə, Bolqarıstanın sabiq prezidenti Rosen Plevneliev,
Serbiyanın sabiq prezidenti Boris Tadiç, Xorvatiyanın sabiq prezidenti İvo
Yosipoviç, Latviyanın sabiq prezidenti Valdis Zatlers, Bosniya və
Herseqovinanın sabiq baş naziri Zlatko Laqumdziya, İsrailin sabiq prezidenti
Dalia İtzik, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Dünya Bankının
sabiq vitse-prezidenti İsmayıl Seragəldin, Türkiyənin sabiq xarici işlər naziri
Hikmət Çətin forumda iştirak edəcək.
Foruma bir sıra digər nüfuzlu ictimai xadimlər, habelə iri
korporasiyaların rəhbərlərindən ibarət 20-yə yaxın ali səviyyəli qonaq da dəvət
olunub. Toplantı çərçivəsində keçirilən panel iclasları və qrup müzakirələrində
gənc liderlər böyük siyasi təcrübəyə malik sabiq dövlət başçıları ilə
interaktiv dialoq şəklində müxtəlif mövzular ətrafında fikir mübadiləsi
aparacaqlar.
Qeyd edək ki, Foruma dünyanın 80-ə yaxın aparıcı gənc lider və
tədqiqatçısının, dünyanın nüfuzlu ali təhsil ocaqlarının nümayəndələrinin,
habelə bir sıra gənc iş adamlarının da qatılması gözlənilir.