AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Bir neçə evi olan daha çox vergi ödəsin

Bir neçə evi olan daha çox vergi ödəsin

İqtisadiyyat
15 Mart 2013, 11:03 1970
“Digər ölkələrlə müqayisədə Azərbaycanda vergi sisteminə daxilolmalar daha çoxdur. Amma orada digər ölkələrlə müqayisədə əmlak vergisindən daxilolmalar çox azdır. Badamdara gedirsən, villalara aşağıdan yuxarı baxanda papaq başından düşür. Bu əmlakın vergisini də versinlər. Tikiblər, qalıb orda, gedib ayrı yerdə yaşayırlar”.

Millət vəkili Xanhüseyn Kazımlının sözlərinə görə, əmlak vergisinin bütün vətənaşlardan yığılması əmlak bazarında canlanma yaradacaq, bazarda dəyər aşağı düşəcək.

Qeyd edək ki, Vergi Məcəlləsinin 198-ci maddəsinə görə, əmlak vergisi fiziki şəxslərin xüsusi mülkiyyətində olan mənzillərin inventarlaşdırılmış dəyərinə əsasən, hesablanır. İnventar dəyəri 5 min manatadək olduqda vergi tutulmur. 5 min manatdan çox olduqda isə inventar dəyərinin 0,1 faizi vergi kimi tutulur və bələdiyyənin büdcəsinə ödənilir. Əgər mənzilin inventar dəyəri 50 min manatdırsa, onun 5 min manatı çıxılır və yerdə qalan 45 min manatın 0,1 faizi, yəni 45 manatı ildə bir dəfə əmlak vergisi kimi tutulur. Hüquqi şəxslərdən isə əmlak vergisini Vergilər Nazirliyi yığır.

“Vətəndaşlar əmlak vergisini vermək istəmir”

Millət vəkili Xanhüseyn Kazımlının da dediyi kimi, heç də hamı əmlak vergisini ödəmir. Lökbatan bələdiyyəsinin vergi müfəttişi də da bizimlə söhbətərində bildirdi ki, əmlak vergisini yığmaq onlar üçün çətindir: “Vətəndaşlar əmlak vergisini vermək istəmirlər. Biz bina evlərindən yığmırıq, çünki buna keçmiş JEK-lər baxır. Amma həyət evləri bizə baxır. Həyət evlərinin də əksəriyyəti Qarabağ veteranlarınındır, onlar da güzəşti təbəqə kimi əmlak vergisindən azaddırlar”.

M.B.A LTD şirkətinin rəhbəri Nüsrət İbrahimov da bildirdi ki, fiziki şəxslərdən əmlak vergisini yığmaqda bələdiyyələr çətinlik çəkirlər: “Baxmayaraq ki, əmlak vergisi azdır. Yəni aylara böldükdə, 50 min manatlıq evdə yaşayan sakinə hər aya cəmi 4 manat düşür. Son iki ilə baxsaq, İnzibati Xətalar Məcəlləsində cərimələri 10 dəfə artırıblar. Onu verə bilirik, əmlak vergisini verə bilməyəcəyik? Düşünürəm ki, əmlak vergisini verməyə vətəndaşların gücü yetər”.

N.İbrahimov əmlak vergisinin ödənməsinin vətəndaşlar üçün də xeyirli olduğunu dedi: “Əgər adi vətəndaşların hamısı əmlaka görə vergini ödəsə, bu, bələdiyyələrin vəziyyətini yaxşılaşdırar. Nəticədə bələdiyyələr ərazilərdə müəyyən işlər görə bilərlər, yaşayış məntəqələrini yaxşı vəziyyətdə saxlayar, küçələri abadlaşdırar, məişət və digər problemləri həll edərlər”.

N.İbrahimov əmlak vergisinin bütün vətəndaşlardan yığılmasının, Xanhüseyn Kazımlının dediyi kimi, əmlak bazarında canlanma yaradacağına inanmır: “Bu, yalnız bələdiyyələrin büdcələrinin yaxşılaşmasına, nəticədə həmin ərazidə yaşayan insanların həyat tərzinə müsbət təsir edəcək”.

Qeydiyyatsız evlər vergi ödəmir

İqtisadçı-ekspert Nazim Məmmədov qəzetimizə açıqlamasında Azərbaycanda vergi növlərinin çox olmadığını dedi: “Beynəlxalq təcrübəyə əsaslansaq, ölkəmizdə həm vergi növlərinin sayı, həm də onların dərəcələri dünya statistikasına uyğundur, hətta bəzi ölkələrdən də aşağıdır. Amma təəssüflər olsun ki, bizdə vergi ödəmə mədəniyyəti çox aşağıdır. Əslində mülkiyyəti olan bütün şəxslər əmlak vergisini ödəməlidir. Ancaq Bakı ətrafında 450 min civarında qeydiyyatsız ev var. Bunlar da qeydiyyatı olmadığı üçün əmlak və torpaq vergisi ödəmir. Əgər bütün vətəndaşlar əmlak vergisi ödəsəydilər, bu, bələdiyyələr üçün yeni dayanıqlı maliyyə mənbəyi olardı”.

N.Məmmədov bildirdi ki, dünyada əmlak vergisinin bir funksiyası var – insanların hərisliyinin qarşısını almaq: “Azərbaycanda imkanı olan, dövlət resurslarından yararlananların bir neçə villası var. Amma proqressiv metodla əmlak vergisi tətbiq edilsə, bu, insanların hərisliyinin qarşısını ala bilər”.

İqtisadçı qeyd etdi ki, iqtisadi cəhətdən inkişaf etmiş, liberal bazar dəyərləri oturuşmuş ölkələrdə əmlak vergisi əksər hallarda proqressiv metodla yığılır: “Yəni bir əmlaka görə vergi hamıda eyni olur. Amma birdən artıq əmlakı olanlar bunun üçün daha çox vergi ödəyirlər. Nəticədə vətəndaşlar bir malikanədən əlavə əmlak saxlamağa lüzum görmürlər. Bir neçə il əvvəl parlamentdə təklif etmişdim ki, bizdə də bu metod tətbiq edilsin. Bir əmlaka görə bir verginin tətbiq olunması, sonradan isə ikinci əmlaka 50 faiz artıq, üçüncü əmlaka görə 2 dəfə artıq vergi tətbiq olunması nəticəsində insanlar boş villalar tikib saxlamağa ehtiyac görməzdilər. Bu, həm də məmurları məcburi köçkünlərin, qohum-əqrəbalarının adlarına yazdırdıqları villaları tikdirməkdən çəkindirərdi”.

Proqressiv metod tətbiq edilsin

Əmək Hüquqları Müdafiəsi Liqasının rəhbəri, daşınmaz əmlak bazarında araşdırmalar aparmış Sahib Məmmədovun fikrincə, bələdiyyələrin büdcəsinin əsas hissəsi əmlak vergisindən formalaşmalıdır: “Bizdə bələdiyyələr ona görə dotasiya ilə işləyirlər ki, vergiləri yığa bilmirlər”.
S.Məmmədov da bildirdi ki, əmlak vergisinin diferensiasiyalaşmış şəkildə tətbiqi daha yaxşı olar: “Məsələn, vətəndaşın 50 kv metrlik adi yaşayış sahəsinə simvolik vergi tətbiq olunsun. Evin sahəsi artdıqca, proqressiv artım sistemi tətbiq edilə bilər. Məsələn, avtomobillərin motorunun gücü artqıqca qiyməti qalxdığı kimi, burada da kvadrat artdıqca qiyməti qaldırmaq olar. Bir çox ölkələrdə bu təcrübə tətbiq olunub. Bu zaman villaların sahibləri onu tikməzdən əvvəl fikirləşəcək ki, bunu tikib boş saxlamağın yeri varmı? Elə ola bilər ki, o villanın əmlak vergisi, məsələn, 500-600 manata gəlib çıxsın”.

Lalə