• şənbə, 20 Aprel, 13:26
  • Baku Bakı 23°C

Bir ömrün film kimi hekayəsi – Mən gənc olarkən

24.11.14 09:47 3492
Bir ömrün film kimi hekayəsi – Mən gənc olarkən
İstirahətin ölümə bərabər olduğunu deyir. Onun fikrincə, işləyən adamı birdən saxlasan, onun ömrü bitmiş sayılar. 75 il ərzində nə vaxtsa həyətə düşüb yaşıdları ilə nərd, domino oynadığı yadına düşmür. Müsahibimiz jurnalist, ssenarist, kino tədqiqatçısı, əməkdar incəsənət xadimi, Prezident təqaüdçüsü Aydın Kazımzadədir. Milli kino tariximizin 1916-cı ildən deyil, məhz 1898-ci ildən başlanması faktının üzə çıxarılıb sübuta yetirilməsi və Ulu öndər Heydər Əliyev tərəfindən sərəncamla avqustun 2-ni Kino İşçiləri Günü elan etməsi məhz Aydın Kazımzadənin adı ilə bağlıdır.
“Uşaqlıq xatirələri heç vaxt unudulmur”
1940-cı ildə Bakıda dünyaya göz açan A.Kazımzadənin uşaqlıq illəri Böyük Vətən müharibəsi dövrünə təsadüf edib. 3 yaşındaykən atası Ukrayna uğrunda gedən döyüşlərdə həlak olub. 24 yaşlı anası –Gülsüm xanım iki oğluyla ailəni tək saxlamaq məcburiyyətində qalıb. İndiki “Azdrama”nın yerində evləri olduğunu deyən A.Kazımzadənin uşaqlığı 6 yaşına qədər orada keçib: “Azərbaycan müharibənin içində olmasa da, xalqımız müharibənin bütün əzab-əziyyətlərini çəkirdi. Küçəyə çıxanda göydə təyyarələrin uçduğunu görürdük. İndiki kimi xatırlayıram. 5 yaşım var idi. Biz pəncərədən bayıra baxa bilmirdik. Pəncərələrin hamısı qara pərdə ilə bağlanırdı ki, işıq çölə düşməsin və düşmənlər buranın yaşayış yeri olduğunu bilməsinlər. Bir gün anam mətbəxdə idi və biz qardaşımla pəncərənin qabağında oynayırdıq. Uşaq olduğumuzdan bilmdən qara pərdəni açdıq. Üstündən iki dəqiqə keçməmiş evmizə qara paltarlı adamlar gəldi. Anamı tutub aparmaq istəyirdilər. Deyirdilər ki, pəncərəni bilə-bilə açmışıq ki, təyyarələr buranın yaşayış məntəqəsi olduğunu bilsinlər. Anam yalvar-yaxar etdi ki, uşaqlar körpədir, bilmədən açıblar. Həmin gün müharibə ilə bağlı keçirdiyim ilk həyəcanı yaşadım. Əsirdim. Çünki anamın qollarından tutub aparmaq istəyirdilər. Nəhayət ki, bu iş problemsiz həll olundu”.
“Evdə nə var idisə, satmışdıq”
Müharibə illərində başlarına gələn qorxunc hadisələr bununla bitmir. Bir gün gecə yatanda evlərinin tavanı uçur: “Biz çarpayıda, anam yerdə yatırdı. Çarpayının dəmirləri imkan vermədi ki, tavan üstümüzə düşsün. Anam şələ-küləmizi yığdı və “Kubinka”ya nənəmgilə getdik. Artıq 6 yaşım var idi. Heç kim yardım etmədi ki, evimizi düzəldək”.
Müharibəyə gedərkən atası anasına bərk-bərk tapşırır ki, uşaqlardan muğayat olsun, harada olsam da qayıdıb gələcəyəm: “Atam həlak olandan sonra artıq anamın bizi saxlamağa gücü çatmırdı. Evdə nə var idisə, satmışdıq. Anamın isə gözü hələ də yollarda idi. Gözləyirdi ki, atam nə vaxtsa gələcək və yenə hər şey öz qaydasına düşəcək. Hətta 72 yaşında vəfat edəndə də anamın gözləri qapıda qalmışdı, elə bilirdi atam indicə gələcək”.
“15 yaşımdan işləməyə başladım”
7-ci sinifə qədər Bakıdakı 44 nömrəli orta məktəbdə oxuyur. Dərsdən sonra isə anasının işlədiyi internat məktəbə gedirdi. Həmin məktəbə ancaq ataları müharibədə həlak olan uşaqları qəbul edirdilər. Anası isə aşpazlıq edərək ailəni dolandırırdı: “Anam işə səhər gedib, axşam gəlirdi. İnternata getmədiyim günlərdə biz iki uşaq evdə qalırdıq. Şükürlər olsun ki, o vaxt bəzi uşaqlar kimi pis yola düşmədik. 7-ci sinfi bitirəndə anama işləmək istədiyimi dedim. Çünki təkcə anamın işləməsi ilə keçinə bilmirdik. Biz böyüdükcə ailənin tələbatı da artırdı. Anam axşam işdən evə gələndə o qədər yorğun olurdu ki, bəzən çörək yeyə bilmirdi, oturduğu yerdə yatırdı. Buna baxmayaraq, anam işləməyimə razı deyildi və oxumağın mənim üçün daha vacib olduğunu deyirdi. O zaman gündüz işləyib, gecə məktəbində oxuyacağımı bildirdim. 7- ci sinfi bitirdikdən sonra şəhadətnaməmi alıb, 1958-ci ildə 57 nömrəli axşam fəhlə-gənclər məktəbinə getdim. Əslində axşam məktəbindən əvvəl Rəssamlıq Məktəbinə üz tutdum. Amma rəssam olmaq üçün imtahanların nəticəsində balım çatmadı. Hətta mənim bacarığımı görən bir müəllim dedi ki, uşaqlarla dərsdə oturub öyrənsəm, növbəti il imtahan verib keçə bilərəm. Amma qarşımda yenə maaş məsələsi dayanırdı”.
“İlk maaşın sevinci”
Beləliklə, işləmək üçün bir sıra yerlərə baş vurur. Fotoqraf olmaq istədiyini deyən Aydın Kazımzadəni heç kim işə qəbul etmir: “Sonda anam məni evimizin yanında xarrat sexinə düzəltmək üçün baş idarəyə apardı. Burada müdir pasportumun olmadığını və məni işə götürə bilməyəcəyini dedi. Sonra nə fikirləşdisə, məni o şərtlə işə götürdü ki, gəlib gedənə 15 yaşında olduğumu deməyim. Onu da qeyd edim ki, müdir dramaturq, professor Aqşin Babayevin atası idi. Beləliklə, bu ağır və məşəqqətli işdə çalışmağa başladım”.
Xarrat yanında şagird işləsə də, Xırdalandakı bazadan fəhlə kimi ağır taxtaları daşıyırdı: “15 yaşım olduğundan yükü qaldırmağa gücüm çatmırdı. Bəzən məni danlayırdılar ki, taxtaya gücüm çatmadığı halda məni buraya kim göndərib. Sakitcə dururdum. Birtəhər dözürdüm ki, məni işdən çıxarmasınlar, çünki evə pul aparmalı idim. Gecələr bədənimin sızıltısından güclə yuxuya gedirdim. Birinci maaşımı gətirib anama verəndə ağlamağa başladı (gözləri dolur – L.M.). Sonrakı maaşlarımla özümə və qardaşıma əyin-baş alırdım. Anam işləyəndə bizə paltarı ancaq bayramdan-bayrama ala bilirdi. Novruzda köynək, o biri bayramda şalvar alırdı. Vəssalam, bizim geyindiyimiz bu olurdu”.
“Tələbəlik illərim də çətinliklə keçib”
Beləliklə, axşam məktəbini işləyə-işləyə başa vurur. Yenə işləmək barədə düşünsə də, xalası qızının təkidi ilə ali təhsil almağa qərar verir: “Xalam qızı ziyalı adam idi. O, məni başa saldı ki, ali təhsil almalıyam. Sənədlərimi indiki Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə verdim. Ali savadlı reportyor olmaq istəyirdim. Fikirləşdim ki, şəkil çəkib altında kiçik izah verərəm. Heç vaxt ağlıma gəlmirdi ki, mən məqalə yaza bilərəm. Çünki səriştəm yox idi. İki il stajım olduğundan universitetə müsabiqəsiz qəbul olundum. Amma işləmədiyimə görə yenə pulsuzluq başladı, cəmi 30 rubl təqaüd alırdım. O vaxt Universitetdə çıxan “Lenin tərbiyəsi uğrunda” qəzetində korrektor işləyərək 30 rubl maaş almağa başladım. Bununla da evi keçindirə bilirdim”.
Qrup yoldaşları dərsdən sonra gəzməyə gedəndə A.Kazımzadə universitetin qəzetində işləmək üçün qaldığını deyir: “Həmişə tələbə yoldaşlarım yığışıb gülə-gülə gəzməyə gedirdilər. Mən də onların ardınca baxa-baxa qalırdım”.
Yağışın jurnalist etdiyi adam
Tələbəlik illərində Bakıda yağan yağış A.Kazımzadənin də həyatını dəyişir: “Müəllimimiz Nəsir İmanquliyev həm də “Bakı” qəzetinin redaktoru idi. Bir gün Bakıya o qədər yağış yağdı ki, evlərin çoxu su altında qaldı. Bizim də həyətimizi su basmışdı və bir informasiya yazıb qəzetdə çap etmək üçün Nəsir müllimə müraciət etdim. Nəsir müəllim yazdığım kağıza baxmadan cibinə qoydu. Üstündən bir həftə keçdi. Uşaqlar mənə dedilər ki, qəzetdə adım çıxıb. Çox sevincli idim ki, “məqaləm” çap olunub. Onu da deyim ki, o informasiyaya mən məqalə kimi baxırdım. Beləliklə, həmin informasiya məni jurnalist etdi. Fikirləşdim ki, bu informasiyanı yaza bilirəmsə, deməli, məqalə yaza bilərəm. Universitetin qəzetində reportajlar və məqalələr yazmağa başladım. “Lenin tərbiyəsi uğrunda” qəzeti mənim inkişafımda böyük rol oynadı”.
Kino mətbuatı necə yarandı?
Universiteti bitirən müsahibimiz yenə iş problemi ilə qarşılaşır. İşləmək üçün televiziya və qəzetlərə müraciət etsə də, iki-üç ay təcrübəçi kimi maaşsız çalışmaq tələbi ilə qarşılaşır: “Bu isə mənə “əl vermirdi”. Anam da yaşlaşmışdı. Sonda kino sahəsində işləyən tanışıımızın köməkliyi ilə Respublika Kinoprokat İdarəsinin reklam bülletenində fotoqraf kimi işə başladım. Kinostudiyaya gedib hazırladığım yazıların sayəsində vəzifəmi artırdılar. Bülleteni çıxarmağın bütün məsuliyyəti mənim üzərimdə qaldı. Sonra bülletenin yerinə qəzet çıxarmağa başladım. Bununla da təvazökarlıqdan uzaq olsa da kino mətbuatını yaratdım. 1966-cı ildə gördüm ki, başqa respublikalarda qəzetdən əlavə kinojurnallar da çap olunur. Mən də qəzetin jurnal variantını yaratmaq istədim. Mərkəzi Komitənin icazəsi ilə “Film” adlı jurnal çıxardıq. Bu “Kino” qəzeti və “Film” jurnalı respublikada ən böyük tirajla çıxırdı. Beləliklə, mən nəinki anama kömək etdim, hətta evlənəndən sonra öz ailəmi də saxlamağa gücüm çatdı”.
1966-cı ildən paralel olaraq Azərbaycan Televiziyasına ssenarilər də yazır: “Harada kino haqqında nə isə görürdümsə, kəsib saxlayırdım. Bu gün evdə 450 qovluq var. Bu qovluqlarda kino sənətkarları və kinoya aid məsələlərlə bağlı məqalələr toplanmışdır. Yığdıqlarımın nəticəsində iki cildlik kino salnaməsini yazıb, çap etdirdim. Kinonun tarixini də dəyişdim. Azərbaycan kinosunu 18 il də tutarlı faktlarla artırdım”.
“Azərbaycanfilm”in 90 illik tarixi kitabı artıq hazırdır”
Gənclərə məsləhətlərini verən həmsöhbətimiz deyir ki, hansı sahədə çalışırsan çalış, o sahəni dərindən öyrənmək lazımdır: “Onda sənə zaval yoxdur. İnsan gərək özündən sonra yaxşı bir iz qoymaq haqqında fikirləşsin. 15-ə yaxın kitabım çıxıb. Azərbaycanfilm Kinostudiyasının direktorunun sifarişi ilə kinostudiyanın 90 illik tarixini yazıb, başa çatdırmışam. Hazırda həmin kitab Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin kino şöbəsində nəzərdən keçirilir. Ümid varam ki, yaxın vaxtlarda hazırladığım bu kitab işıq üzü görəcək. Belə bir söz var: “Sükut ölümə bərabərdir”. Mən isə deyirəm ki, istirahət ölümə bərabərdir. Çünki işləyən adamı birdən saxlasan, onun ömrü bitmiş sayılar. Yadıma gəlmir ki, 75 il ərzində nə vaxtsa istirahət edim və ya həyətə düşüb, kiminləsə nərd, domino oynayım”.
Lalə MUSAQIZI
Aygün ƏZİZ

P.S: 2015-ci il yanvarın 15-də Aydın Kazımzadənin 75 yaşı tamam olur. Biz də bu münasibətlə “Kaspi” qəzetinin kollektivi adından qələm dostumuzu səmimi-qəlbdən təbrik edirik!

banner

Oxşar Xəbərlər