• cümə axşamı, 25 aprel, 08:09
  • Baku Bakı 14°C

Bir millət, iki dövlət

17.01.17 10:30 14919
Bir millət, iki dövlət
Azərbaycan ilə Türkiyə arasında əlaqələrin böyük tarixi var. Ortaq kök, dil, din birliyi, oxşar mədəniyyət, adət və ənənələr bu əlaqələri şərtləndirən amillər sırasında yer alır. Türkiyə və Azərbaycan öz tarixlərinin ən mürəkkəb dövrlərində bir-birinə dəstək olduqlarını nümayiş etdiriblər. 1918-ci ildə Nuru Paşanın komandanlığı ilə Türk Qafqaz İslam Ordusunun uzun mübarizələr və müharibələr nəticəsində Bakını xilas etməsi Azərbaycan üçün önəmli dönüş nöqtəsi olub. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dediyi kimi:"Türk ordusunun Azərbaycana, Bakıya gəlməsi,Azərbaycanıdaşnakların təcavüzündən xilas etməsi hər bir azərbaycanlınınqəlbində yaşayır. Azərbaycan xalqı həmin ağır dövrdə türkxalqının ona göstərdiyi köməyi heçvaxt unutmayacaqdır”. Anadoluda Qazi Mustafa Kamal Atatürkün öndərliyi ilə aparılan milli mücadiləyə də azərbaycanlılar maddi və mənəvi yardım göstəriblər. Hələ Azərbaycan Sovet İttifaqının tərkibində olarkən də iki respublika arasında rəsmi münasibətlər mövcud olub. 1967-ci ildə Türkiyə Cümhuriyyətinin Baş naziri Süleyman Dəmirəlin və 1969-cu ildə Türkiyə Cümhuriyyətinin prezidenti Cövdət Sunayın Bakıya səfərləri bu əlaqələrin xarakterinin müəyyənləşdirilməsində böyük rol oynayıb.

Azərbaycan 1991-ci ildə öz müstəqilliyini bərpa edəndən sonra həmin il noyabrın 9-da onu tanıyan ilk dövlət məhz Türkiyə olub. 1992-ci il yanvarın 14-də Azərbaycan-Türkiyə diplomatik əlaqələri yaradılıb. Bu vaxtdan etibarən Türkiyənin Azərbaycanda, 1992-ci ilin avqustundan Azərbaycanın Türkiyədə diplomatik missiyası fəaliyyətə başlayıb. Diplomatik münasibətlərin yaradılması iki ölkə arasında qarşılıqlı əlaqələrin inkişafında geniş perspektivlər açıb. Hər iki dövlət qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərini əsas tutaraq ardıcıl addımlar atmağa başlayıb. Türkiyə müstəqil dövlət quruculuğu yoluna qədəm qoymuş Azərbaycan Respublikasının səylərini dəstəkləyərək, hərtərəfli əlaqələrin inkişafına geniş yardım göstərib. Azərbaycanın beynəlxalq aləmlə inteqrasiyasında, regional təhlükəsizliyin qorunmasında və ümumiyyətlə, ölkəmizin siyasi-iqtisadi və elmi-mədəni maraqlarının reallaşmasında Türkiyə ilə hərtərəfli əməkdaşlığın genişlənməsinə xüsusi əhəmiyyət verən Heydər Əliyev 1993-cü ildə yenidən hakimiyyətə qayıtdıqdan sonra bu istiqamətdə kursun yüksələn xətt üzrə inkişafını təmin edib.

2003-cü ildə Azərbaycan Prezidenti seçilən İlham Əliyev də Türkiyə ilə münasibətlərin inkişafına müstəsna diqqət ayırıb. Ötən dövr ərzində Prezident İlham Əliyev Türkiyəyə dəfələrlə rəsmi və işgüzar səfərlərdə olub. Eynilə Türkiyə dövlətinin rəsmiləri, rəhbər şəxsləri, o cümlədən prezidentlər, baş nazirlər dəfələrlə Azərbaycanda səfərdə olublar. Fəxrlə deyə bilərik ki, Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri isə bizim kədərimizdir” və Heydər Əliyevin "Biz bir millət, iki dövlətik” fikirləri artıq həm Türkiyədə, həm də Azərbaycanda iki ölkə arasındakı münasibətlərin tarixini, bu gününü və perspektivlərini özündə dəqiq ifadə edən ən mükəmməl formul kimi qəbul edilməkdədir.

Yanvarın 13-də ölkə başçısı İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təbrik məktubu ünvanlayaraq, Azərbaycan və Türkiyə arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi ilə əlaqədar həmkarını təbrik edib, dost və qardaş Türkiyə xalqına ən xoş və səmimi arzularını çatdırıb. Məktubda qeyd edilib ki, müstəqil Azərbaycanın tarixində qardaş Türkiyə diplomatik əlaqələr yaradılan ilk dövlətdir. Xalqlarımız və ölkələrimiz arasındakı münasibətlərin dərin tarixi köklərə əsaslandığını diqqətə çatdıran dövlət başçısı bildirib ki, ötən illər ərzində "bir millət-iki dövlət” prinsipi dünyada bənzəri olmayan Azərbaycan-Türkiyə əlaqələrinin bütün sahələrini əhatə edib. Prezident vurğulayıb ki, dostluq və qardaşlıq üzərində qurulmuş əlaqələrimiz bu gün birgə səylərlə strateji müttəfiqlik səviyyəsinə yüksəlib. Ölkə başçısının sözlərinə görə, Azərbaycan-Türkiyə tərəfdaşlığı xalqlarımızın rifahına, ölkələrimizin çiçəklənməsinə, regionda əmin-amanlığın və sabitliyin bərqərar olmasına xidmət edir. Prezident İlham Əliyev təbrik məktubunun sonunda əminliklə qeyd edib ki, Türkiyə-Azərbaycan birliyi və həmrəyliyi bundan sonra da xalqlarımızın mənafelərinə uyğun olaraq möhkəmlənəcək və genişlənəcəkdir.

Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev mövzu ilə bağlı "Kaspi”yə açıqlamasında bildirib ki, Azərbaycan-Türkiyə münasibətləri digər ölkələrlə münasibətlərdən tamamilə fərqlənir. Deputatın sözlərinə görə, ölkələrimiz arasındakı münasibətlərə artıq "Bir millət, iki dövlət” prizmasından yanaşılır. F.Quliyev deyib ki, türkiyə ilə Azərbaycan sadəcə strateji müttəfiq deyil, qardaş ölkələrdir: "Bu münasibətlərin səviyyəsinə bir örnək gətirərək qeyd edim ki, Türkiyədə fövqəladə vəziyyət baş verdiyi zaman Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının bir qrupu heç bir müraciət, çağırış gözləmədən, dərhal qardaş ölkədə oldular. Təbii ki, bu, ölkə başçısı İlham Əliyevin göstərişi əsasında olmuşdu. Ümumiyyətlə, bütün ağır zamanlarda Türkiyə ilə Azərbaycan bir yerdə, çiyin-çiyinə olub, bir-birinə qarşılıqlı dəstək göstəriblər. Hətta xatırlayıram ki, prezidentlər səviyyəsində keçirilən mühüm bir toplantıda Ermənistan prezidenti Serj Sarkisyan Türkiyə əleyhinə əsassız fikirlər səsləndirərkən, Azərbaycan prezidenti İlham Əliyev dərhal buna reaksiya verdi, "Türkiyə nümayəndəsi toplantıda yoxdur, amma mən burdayam” deyərək, erməni prezidentə layiqli cavab verdi, onu yerində oturtdu. Mənəvi, insani, diplomatik baxımdan bütün münasibətlərdə ölkələrimiz arasındakı qardaşlıq özünü büruzə verməkdədir. Bütün bunlarla yanaşı, Azərbaycanla Türkiyənin özlərindən asılı olmayaraq, düşmənləri eynidir. Böyük Ermənistan xülyasına qapılan ermənilər Azərbaycanla yanaşı, Türkiyənin ərazilərinə də əsassız iddialar irəli sürürlər. Hətta ermənilər saxta soyqırımı üzərindən türkiyəyə qarşı təbliğatlarından da qalmırlar. Belə olan halda düşmənlərimiz də, mənafelərimiz də ortaqdır. Artıq açıq şəkildə demək olar ki, Azərbaycan-Türkiyə münasibətləri mədəni, humanitar, iqtisadi, ticari müstəvidən hərbi-siyasi müstəviyə də keçib. Fikrimcə, bu istiqamətdə daha dərin inteqrasiya olacaq. Bu, sadəcə müttəfiqlik deyil, gələcəkdə birgə davranışlar üçün möhkəm təməldir”.

İşçi qrupun üzvü, Yeni Azərbaycan Partiyası (YAP) Gəncə Şəhər Təşkilatının sədri Naqif Həmzəyev müasir dövrdə Azərbaycanın etibarlı strateji tərəfdaşı olan Türkiyə ilə münasibətlərin daha da genişləndirilməsini dövlətimizin xarici siyasətinin çox mühüm tərkib hissəsi kimi qələmə verib. Deyib ki, ötən 25 illik dövr ərzində hər iki dövlət birlikdə tarixi hadisələrlə zəngin uğurlu yol qət edərək, gözəl ənənələri yüksək səviyyədə davam etdiriblər. Millət vəkilinin sözlərinə görə, hər iki ölkənin dövlət başçılarının, eləcə də siyasi, iqtisadi, ticarət, elm, təhsil, mədəniyyət və digər sahələr üzrə aidiyyəti qurumların rəhbərlərinin qarşılıqlı səfərləri ikitərəfli əməkdaşlığın inkişafında əhəmiyyətli rol oynayıb və bütün sahələrdə əlaqələr uğurla inkişaf edərək ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin yüksək səviyyəyə qalxmasına səbəb olub. N.Həmzəyev bildirib ki, Azərbaycan-Türkiyə münasibətləri həm iki ölkə üçün, həm də region üçün çox önəmli rol oynayıb, regionda sülhün, sabitliyin, tərəqqinin təmin olunmasına xidmət edir: "Ümummilli lider Heydər Əliyevin xarici siyasət kursunda Türkiyə ilə əlaqələrin inkişafına yönəlmiş ardıcıl və məqsədyönlü xətt Prezident cənab İlham Əliyev tərəfindən yüksək səviyyədə inkişaf etdirilərək, ikitərəfli siyasi və iqtisadi əməkdaşlığın inkişafında əhəmiyyətli rol oynayıb. Ölkələr arasında bütün sahələr üzrə əlaqələrin dinamik şəkildə inkişafının göstəricisi olan qlobal iqtisadi layihələr, o cümlədən Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz və Bakı-Tbilisi-Qars dəmir yolu layihələri regionda sülhün və təhlükəsizliyin təmin olunmasına öz töhfəsini verməklə yanaşı, xalqlarımızın rifah halının yaxşılaşdırılmasına da mühüm təsir göstərib. Bütün bunları nəzərə alaraq, Azərbaycan və Türkiyə arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi münasibətilə mən də xalqımızı və türk qardaşlarımızı təbrik edir, tarixi qardaşlıq münasibətlərinin, beynəlxalq və regional təşkilatlarda qarşılıqlı dəstəyin, xalqlarımızın rifahına xidmət edən əlaqələrin daimi olmasını arzu edirəm”.

İşçi qrupun digər üzvü, Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Mustafa da qəzetimizə açıqlamasında deyib ki, Azərbaycan-Türkiyə münasibətləri ən yüksək səviyyədə müzakirə olunur, hər iki dövlətin maraqlarına uyğun qərarlar qəbul olunur. Onun fikrincə, bütövlükdə Azərbaycan-Türkiyə münasibətlərinin inkişafı istiqamətində məsələyə yanaşma daha düzgündür: "Ölkələrimiz arasında əməkdaşlıq əlaqələrinin mövcudluğu, həmçinin yüksək səviyyəli Şuranın fəaliyyəti, vaxtaşırı toplanması ümumi gələcək planlarımızın müzakirə olunması baxımından olduqca faydalıdır. Biz də işçi qrupu olaraq qarşılıqlı şəkildə Türkiyə tərəfi ilə təmas halındayıq. Bir-birimizə dəstək verməyə davam edirik. Ölkələrimiz arasındakı münasibətlərin gələcəyinə gəlincə, bu, bizim, yəni hər iki dövlətin çalışmalarından asılıdır. Bizim maraqlarımız, strateji hədəflərimiz birdir. Gərək bunu qətiyyətlə davam etdirək”.

Sonda qeyd edək ki, beynəlxalq təşkilatlarda müxtəlif beynəlxalq və regional məsələlər uzrə Azərbaycanla Turkiyənin mövqeləri çox yaxındır və ya üst-üstə düşür. Tərəflər regional və beynəlxalq təşkilatlarda məsləhətləşmələr aparır, bir-birinə qarşılıqlı dəstək verir. Azərbaycan BMT, İKT, NATO, Avropa Şurası, Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Türkdilli Dövlətlər Birliyi kimi təşkilatlar çərçivəsində də Türkiyə ilə faydalı əməkdaşlıq edir. Türkiyə və Azərbaycan arasında əlaqələrin gücləndirilməsi Qafqaz bölgəsində sabitliyin təmin edilməsinə yönəlib.

Rufik İSMAYILOV

banner

Oxşar Xəbərlər