Bir mahnının şöhrəti - Fotolar
Mixail
Vasilyeviç İsakovskini nəğməkar şair, tərcüməçi, Sosialist Əməyi Qəhrəmanı, iki
dəfə Stalin mükafatı laureatı kimi yüksək titullar, fəxri adlar qazansa da, onu
daha çox tanıdan bir mahnı oldu – dildən-dilə keçən "Katyuşa” mahnısı.
M.İsakovskinin
hələ məktəb illərində yazdığı «Əsgərə ərizə» şeiri 1914-cü ildə «All Rusian» qəzetində
nəşr olunub. Bir müddət Smolensk qəzetlərində işlədikdən sonra 1931-ci ildə
Moskvaya köçüb. Çoxsaylı şeirlərindən başqa, «Şeir bacarıqları haqqında» kitabı
da nəşr olunub. Köhnə mahnılar və nağılların transkripsiyası və digər dillərdən
tərcümələri ilə tanınıb. O, Ukrayna, Belarus və digər dillərdən tərcümələr
edib. Xüsusilə Taras Şevçenkonun «Pozulmuş», «Katerina», «Qoqola» və digər
Belarus şairləri, Yanka Kupalanın «Gələn kimdir?», «Əbədi mahnı», «Heç kimə»,
«Ares çayı üzərində» «Oğlan və təyyarəçi» (axırıncı şeirlərini Yuri Qaqarin də
sevir, oxuyurdu), Yakub Kolasın «Sımon musiqiçi», Arkadi Kulişovun «Briqadanın
bayrağı» (İsakovskinin tərcüməsindən Çernoqoriye şairi Rodovan Zoqoviç,
Kuleşovun poemasını Serbo-Xorvatiya dilinə çevirib və bu poema yuqoslav
partizanlar arasında məşhurlaşıb). Adam Rusakın «Sağlam olun», serb xalq mahnıları,
avtobioqrafik kitab olan «Yelinskaya torpaq haqqında» (1969) və s. onu xeyli
tanıdıb.
Mixail
İsakovski siyasi fəaliyyətlə də məşğul olub – RSFSR Ali Şurasının deputatı idi.
O, 20 iyul 1973-cü ildə dünyasını dəyişib, Novodeviçye qəbiristanlığında dəfn
edilib.
«Boş yerə heç nə baş verməz»
"Katyuşa” mahnısı ilk dəfə 27 noyabr 1938-ci ildə
ifa olunub.
«Sıldırımlı
sahilə çıxıb gözəl səslə oxuyan Katyuşa - Rusiyanın simvoluna çevrilmiş bu
mahnının qəhrəmanı kimdir axı?”- deyə şair Mixail İsakovskidən addımbaşı
soruşurdular. Şair mənalı-mənalı baxıb susmağa üstünlük verirdi.
Mixail
İsakovski dostu və həmkarı Aleksandr Tvardovski ilə birgə 1936-cı ildə doğma
ellərə, Smolenşinaya yollanır. Onlar qədim parkda keçirilən böyük bayrama tələsirdilər.
Çıxış edənləri dinləyib, bəstələdikləri şeirləri oxuyublar. Səhəri İsakovski
Moskvaya yola düşüb və orada 8 sətir yazıb: «Alma, armud ağacları çiçəkləyir,
çay üzərindən buludlar süzməyə başlayır…» Bu 8 sətirdən sonra iş ləngiyir və o,
gələcək mahnının əlyazmasını stol üzərinə atır. Amma tezliklə şair təsadüfən bəstəkar
Blanterlə rastlaşır. Bəstəkar "təzə heç nə yoxdurmu?”- deyə maraqlananda
İsakovski "bu sətirlərdən başqa heç nə yoxdur”, -deyə boynuna alır. Blanter həmin
sətirləri oxumasını ondan rica edir. Sıldırımlı sahildə oxuyan Katyuşa hadisəsindən
ruhlanan bəstəkar o dəqiqə gələcək mahnının musiqisini bəstələyir. Beləcə, «Katyuşa»
dünyanın ən populyar sovet mahnısına çevrilir. Bu populyar mahnını ifa edən qəhrəman
qadının prototipi kim idi?
"Katyuşa” hərbi maşınlara verilən ləqəb idi”- deyənlər vardı. "Katyuşa"nı rus xalq
mahnısı da adlandırırdılar.
Bu mahnıya görə Mixail İsakovski 1943-cü ildə
birinci dərəcəli Stalin mükafatı alır. 100 000 rubl o vaxt üçün olduqca böyük
pul hesab olunurdu. Şair bu pulu Smolenskdəki Vsxodı adlı doğma kəndində Mədəniyyətin
Evinin tikintisinə xərcləyir. Mədəniyyət Evinin nəzdində "Katyuşa” mahnısının
muzeyi yaradılır. Hələ də fəaliyyət göstərən muzey Rusiyada bir mahnıya həsr
olunmuş yeganə muzeydir.
«Katyuşa»
muzeyinin direktoru Lyudmila Proxorenkova danışır: "Şairə mütəmadi olaraq bu
sualı verirdilər: "Axı, kimdir bu Katyuşa? Onu şəxsən tanıyırdımı? İsakovski mənalı
baxışlarla: «Boş yerə heç nə baş verməz» - deyib susurdu… O zaman çoxları
Katyuşanı İsakovskinin tərcümeyi-halında axtarırdı. Ancaq Katyuşa şairin
yaradıcılığında bu mahnının yazılmasından xeyli əvvəl meydana çıxmışdı. Hələ
1925-ci ildə İsakovski yazırdı: «Baharda geniş qürub və yüngülcə gecə çəni. Gecələmək
üçün Katyuşa havasız komadan anbara gəlir». 1936-cı ildə o, «Ötürmək» mahnısını
yazır. Mahnıda Katyuşanı sevimli Nikolay evə yola salırdı. Bu qız 1940-cı ildə
də üzə çıxacaqdı: «Haradasa cavan xoruz boğazını dağıdır və bir sevimli qəlbli
qız – bəlkə də Katyuşa komadan suya qaçır, elə bu zaman qaranquşlar qanad
sallayır, kiminsə ocağı qalanırdı… Bax, bunun hamısı Vətənimizdir və onu
qorumaq gərəkdir»- deyə yazırdı. Smolenşinanın yaşlı sakinləri israrla deyirlər
ki, Katyuşa adlı belə bir qız olub. Həmin qız doğurdan da sıldırımlı sahilə
çıxıb gözəl səslə oxuyarmış. Amma bizə tez-tez İsakovskinin yaşadığı doğma kəndindən
şairlər gəlir və iddia edirlər ki, «Katyuşa» müəllifin ilk müəlliməsi
Yekaterina Qoranskayaya həsr olunub. İsakovski ona pərəstiş edirdi. «Həyatda nəyə
nail olmuşamsa, buna görə iki qadına borcluyam – anam Darya Qriqoryevnaya və
ilk müəlliməm Yekaterina Sergeyevna Qoranskayaya» – deyirdi. Bərk soyuqlar
zamanı Qoranskaya Mişa İsakovskini məktəbdə gecələməyə saxlayardı: ayaqlarına
geyinmək üçün çarıqdan başqa heç nəyi olmayan, bərk şaxtada evə getməyə çətinlik
çəkən Mişanı müəlliməsi doyunca yedirərdi.
Axı, İsakovskilər çox kasıb yaşayırdılar”.
Muzey
direktoru söhbətinə davam edir: "Deyirlər ki, məhz Qoranskaya oğlanın görmə
qabiliyyətinin pis olduğunu başa düşür. O, araba qoşqulu at tapıb Mişanı şəhərə
həkimə yola salır. Diaqnoz ümidverici olmur: gözün tor qişasının xroniki
iltihabı və uzaqgörmə qabiliyyətinin itirilməsi. Yekaterina dərslikləri Mişa
üçün evə gətirir və onu evdə hazırlaşdırmağa başlayır. Müharibə zamanı
Yekaterina Sergeyevna ölur. Təbii ki, bu itkidən İsakovski çox məyus olur və müəlliməsi
üçün heykəl qoyulması üçün pul göndərir”.
Stalinə məktub
1940-cı
illərin əvvəllərində təkcə bizim səngərlərdən deyil, həmçinin alman səngərindən
də səslənən (almanlar da «Katyuşa»nı sevirdilər) «Katyuşa»nın prototipi
Leninqrad məktəblisi, 14 yaşlı Yekaterina Mixaylova olur. O, yaşını iki il
artıq yazdıraraq cəbhəyə yollana bilmişdi. Qız sadəcə, yaralı əsgərləri cəbhə xəttindən
çıxarmırdı, həmçinin kəşfiyyata gedir, düşmən öldürürdü. Mixaylova hərbi dəniz
donanmasına düşmüş tək-tək qızlardan biri idi. O, Stalinə məktub yazaraq onu hərbi
dəniz donanmasına qəbul etmələrini xahiş etmişdi. Hərçənd zəif cinsin ora yolu
qadağan idi. Ancaq Stalin onun məktubuna müsbət cavab vermişdi. Katyanın döyüş
yolu güclü kişi-döyüşçülərlə bərabər Krım, Qafqaz, Rumıniya, Bolqarıstan,
Macarıstan və Avstriyadan keçir… Katya Mixaylovanı – qorxmaz dənizçini təkcə
bizim döyüşçülər deyil, almanlar da tanıyırdı. "Bir dəfə bizim döyüşçülərimizin
içməli suyu bitmişdi. Yeganə quyu isə bizim əsgərlərlə düşmən əsgərləri
arasında qalmışdı. Düşmən tərəf «dənizlərin bəlası» Katyanın əks tərəfdə
olduğunu bilirdi. Onlar qışqırmağa başladılar: «Rus İvan, Katyuşanı göndər,
öldürməyəcəyik!» Katya iki vedrə tapıb quyudan su gətirir. Alman tərəfi isə bu
zaman qarmoşkada çalıb-oynayır, oxuyurdu: «Katyuşa sahilə çıxıb». Beləcə Katya
Mixaylova dəfələrlə su dalınca düşmən tərəfə getmişdi”- deyə muzey direktoru
xatırlayır: "Yekaterina İllarionovna döyüş xidmətlərinə görə Sovet Sosialist Qəhrəmanı
adına layiq görülmüşdü”.
Vladivostokda
isə inamla söyləyirlər ki, mahnıdakı Katyuşa onların yerliləridir. Onu
Yekaterina Alekseyeva adlandırmışlar. 2013-cü ildə ona «Katyuşa» adlı heykəl də
qoyulub. Katya Alekseyevanın gözəl səsi var idi, o, Leninqrad
Konservatoriyasında oxuyurdu. Lakin 1938-ci ildə sovet ordusunun yaponlarla
döyüşü zamanı ona Xasan gölü hadisələrində iştirak etmək nəsib oldu. Ölkəşünas
Nelli Miz inanır ki, həmin hadisədə iştirak edən mahnıdakı Katyuşadır.
112 «Katyuşa»
«Bizim
muzeydə bir qızın məktubu var. Həmin qız da inanır ki, İsakovskinin
mahnısındakı Katyuşa məhz özüdür”-deyə L.Proxorenko davam edir: "Həmin qız bizə
bir çox məktub göndərib və hamısının da altında «Katyuşa» imzasını qoyurdu.
Özünün adı isə Katya Lukomskayadır. Məktublarından birində etiraf edir ki, bu
mahnı onun və sevimlisi - Çernovıy kəndindən olan Vasiliy Timoşenkonun şərəfinə
bəstələnib. «Vasya çox ciddi, namuslu və rəhmli, mənə görə gözəl və doğma insan
idi… Oxuyub-oynamağı xoşlayırdı. Sevirdi… hətta bunu yazmaq qəribədir…» -
Lukomskaya vəfat etmiş sevgilisi haqqında yazırdı. Yekaterina sevgilisi
Vasilinin ona yazdığı məktubu da bizə göndərmişdi. Həmin məktub stendimizdə saxlanılır:
«Katya, inan ki, baltikalılar əla döyüşürlər və düşmənə aman verməzlər ki,
Baltik sularında üzsünlər. Sənin məhəbbətinə görə biz hamımız sənə «Katyuşa»
mahnısı ilə cavab veririk. Burada alma və armud ağacları çiçəkləmirlər, əvəzində
dəniz fırtınası guruldayır. Bütün şturval (sükan) dənizçilərə itaətdədir və
düşmənə sərhəddən keçməyə aman verilməyəcək. Baltikalılar isə «Katyuşa»
mahnısını dinləyir. Qoy dəniz həmişəki kimi guruldasın. Linkor xətt gəmisi
ayıq-sayıqdır. Katya, biz doğma sahilləri qoruyacağıq».
Katya
Lukomskaya kimi Katyuşalar həddən çox idi. Bir çox döyüşçü mahnının sözlərini dəyişib
öz sevgililərinə həsr edirdi. Bir zamanlar professor Rozanov bu şeirin 112
variantını toplamışdı. Ölkəmizdə onlardan neçəsi mövcuddur, neçə real Katyuşa
bu şeirlərdə «yaşayır», heç kimə məlum deyil. Lakin hər biri özünün
sevgilisinin müharibədən dönməsini gözləyən və onun üçün mahnı oxuyanın həmin o
Katyuşa olduğunu zənn edirdi».
Bir
mahnın şöhrəti
1983-cü ildə Smolensk vilayətinin Uqra çayı
sahilində - İsakovskinin doğma kəndi yaxınlıqda "Katyuşa” mahnısına həsr olunan
abidə ucaltdılar.
Faşist qoşunları tərəfindən Yunanıstanın 1941-ci
ildə başlayıb üç il yarım davam edən işğalı zamanı "Katyuşa" mahnısı
Ümumyunan azadlıq ordusunun himninə çevrilir. Mahnı həvəskar tərəfindən tərcümə
edilsə də milli müqavimət hərəkatının iştirakçıları üçün rus melodiyası azadlıq
və müstəqilliyin simvoluna çevrildi.
"Katyuşa” mahnısı Rusiya futbol azarkeşlərinin
himni kimi səslənirdi. Azarkeşlər bu mahnını futbol üzrə Rusiya yığmasının oyunlarında
tribunalarda ifa edirdilər.
"Katyuşa” müxtəlif vaxtlarda dünya xalqlarının dillərinə
çevrilib. İtaliyada bu mahnı "Katarina” və "Fischia il vento” ("Külək fiti”), İsraildə - "Katyuşka”
adlanır. İsrail müğənnisi Rika Zara mahnını fransız dilinə "Kazaçok” adı ilə
ifa edib. Mahnını alman və italyan dillərində Dalida da oxuyub.
"Katyuşa”nı ümumilikdə yüzlərlə müğənni, o cümlədən
Lidiya Ruslanova, Georgi Vinoqradov, Eduard Xil, Anna German, Dmitri
Xvorostovski kimi məşhur ifaçılar ifa edib.
Rusiya mətbuatından
tərcümə etdi
Təranə Məhərrəmova