• cümə, 19 Aprel, 20:09
  • Baku Bakı 24°C

“Bir kişi üstümə qışqırırdı ki, siz jurnalist ola bilməzsiz” - Gör-götür

01.11.19 11:15 2019
“Bir kişi üstümə qışqırırdı ki, siz jurnalist ola bilməzsiz” - Gör-götür
İşini sevən adamdır, bu, onun gördüyü hər işin keyfiyyətinə sirayət edir. Hətta işinin çətinliklərindən danışanda belə, adama jurnalistikanın nə dərəcədə maraqlı iş olduğunu çatdırmış olur. 20 ildə mətbuatın onun üçün adiləşməməsi haqqında danışanda isə "Canınla, qanınla gerçək jurnalistika ilə məşğul olanda həvəs ölmür” deyir. Söhbət tanınmış jurnalist, "Yeni Müsavat” qəzetinin əməkdaşı Sevinc Telmanqızıdan gedir.

- Sevinc xanım, "525-ci qəzet”in baş redaktoru Rəşad Məcid haqqınızda maraqlı fikir səsləndirib. Deyib ki, bəzən danışmaq istəmədiyim mövzu olub, ancaq bir də görmüşəm ki, artıq 20 dəqiqədir mövzunu şərh edirəm”. Bu xüsusiyyət jurnalistikaya gələndə sizdə var idi, yoxsa təcrübə ilə əldə edilir?
- Sağ olsun, bu söz jurnalist üçün böyük tərifdir. Rəşad bəy də mənim ilk baş redaktorum olub. Suala gəlincə, əslində, təcrübə ilə yaranıb. Jurnalistikaya başladığım ilk gündən bunu etdiyimi deyə bilmərəm. Jurnalistika elə sahədir ki, insan olaraq özümüzə rəva bilmədiyimiz şeyləri jurnalist kimi edirik. Tutaq ki, hansısa məsələdə kiməsə israr etməyi özümüzə yaraşdırmarıq. Amma informasiya əldə etmək, müsahibi razı salmaq üçün israr da edirik, jurnalist "priyom”larına baş vururuq. Müsahibdə özünə inam yaratmanın, ondan istədiyini almanın bir neçə yolu var, o da jurnalist sirləri adlanır. Onlar da illərin qazandırdığı təcrübə sayəsində əldə edilir.

- Jurnalistin üstünə qışqıran, kobud danışan müsahiblər də az deyil. İlk vaxtlar bu cür hallarda üzləşən jurnalistlərin ağlayanı, mətbuatdan getmək istəyəni, hətta uzaqlaşanı da olur. Mətbuata yeni gəldiyinizdə bu kimi hallara necə reaksiya verirdiz?
- Belə hallarla qarşılaşmadığımı desəm, yalan olar. 1998-99-cu illərdə jurnalist kimi fəaliyyətə başlamışam. O dövrü mətbuatın ən qaynar dönəmləri adlandıra bilərik. Üstəlik, həmin vaxt bu sahədə peşəkarlar da bol idi. O vaxt yeni birinin mediada işə başlaması indiki qədər asan deyildi. İndi jurnalistikaya gələnlər rahat şəkildə işə uyğunlaşırlar. Çünki texnika, şərtlər buna imkan verir. "Hazırın naziri” olmaq üçün şərtlər uyğundur müəyyən mənada. Yaşlılar kimi danışmaq olmasın, amma bizim dövrümüzdə bu vasitələr yox idi, bircə diktofonumuzla mətbuat konfranslarına gedirdik. Bəzən səhvlər edirdik, təhrifə yol verdiyimiz də olurdu. Yadımdadır, mətbuata yeni gəldiyimdə "525-ci qəzet”də işləyirdim. O illərdə İqbal Ağazadənin də üzvü olduğu bir təşkilatı var idi. O təşkilatla bağlı yazımda bir səhv getmişdi. Bununla bağlı mənə zəng edib, dəqiqələrlə danlamışdı. 19 yaşım var idi, təzə həvəsli bir gənc jurnalist idim, arzularım böyük idi. Və birdən-birə bariton səsli bir kişi üstümə qışqırırdı ki, bu jurnalistika deyil, siz jurnalist ola bilməzsiz (gülür). Həmin gün o qədər ruhdan düşmüşdüm ki, dedim, bir də yazı yazmayacam. Təbii ki bu sahəylə bağlı arzum, istəyim o qədər böyük idi ki, belə xırda iradlar, gileylər məni yolumdan döndərə bilməzdi.


- Necə düşünürsünüz, jurnalistika təcrübəyə bağlıdır, yoxsa istedad olmalıdır?
- İstedadsız mümkün deyil, ancaq təcrübəni də arxa plana atmaq doğru olmazdı. Təcrübə, jurnalistikada böyük sərvət deməkdir. Mənə görə, peşəkar jurnalist jurnalistikanın bütün növlərindən yazmağı bacarmalıdır. Məhkəmədən də material hazırlamalıdır, xəbər jurnalistikasını da bilməlidir, gözəl müsahibə də almalıdır və s. Köşə yazmaq isə bir az incə nüansdır. Bizdə jurnalistikaya yeni başlayanlar elə bilirlər ki, mütləq köşə yazmalıdırlar. Yəni müdrik pozada şəkil çəkdirib, o şəklin altında həyat dərsi keçməyə çalışmaq həvəsi var çoxlarında. Fikrimcə, jurnalist köşə yazmaq üçün jurnalistikanın digər janrlarını sınaqdan keçirməli, onlarda uğur qazanmalıdır. Bir həyat, jurnalistika yolu keçdikdən sonra, söz deməyə bir haqqın, baqajın olandan sonra köşə yazmaq daha məqsədəuyğundur.

- Hazırda jurnalistikada mətbuatın bütün janrlarına tələb də yoxdur axı. Redaktorlar müxbirlərdən əsasən, qısa xəbərlər istəyirlər.
- Əslində, bu gün hamı müəyyən mənada jurnalistika ilə məşğul olur. Hardasa hadisə baş verəndə, istənilən adam sosial şəbəkədə canlı yayım edib hadisəni insanlara çatdırırsa, peşəkar iş olmasa da, onun yaydığı video-reportajdır. Yaxud jurnalistdən əvvəl feysbukda hansısa bir xəbəri yazırsa, bu da xəbər olur. İllər öncə isə gözəl müsahibələrə ehtiyac var idi. Sanballı adamlarla səhifə-səhifə, "ardı var”larla müsahibələr edilirdi. İndi o cür materiallar oxunmur. Çünki insanların vaxtı çox azdır, hər şey mobilləşib. Oxucular qısa xəbər istəyirlər. Fikir versəniz görərsiniz ki, insanlar telefonda xəbərlərə ekranı sürətli şəkildə sürüşdürə-sürüşdürə baxırlar. Yəni vaxt azdır, xəbər də çox. Bu, təkcə redaktorların problemi deyil, həm də oxucuların istəyidir. Məsələn, siz Ramiz Rövşəndən çox maraqlı böyük bir müsahibə götürün, mən də Fədayə Laçından min işarə partlayan xəbər yazım. Sonra oxunma statistikasına baxaq. Təbii ki Fədayə Laçının xəbəri daha çox oxunacaq. Redaktor həm də, menecerdir və düşünəcək ki, bunlar daha çox oxunursa, ona daha çox yer verilməlidir. Yəni bazarın tələbi budur.


- Bu mövzu müzakirə olunanda, deyirlər ki, oxucunun zövqü arxasınca getməyin, oxucunu arxanızca gətirin…
- Bu, çox klişe fikirdir. İP-lər hər şeyi göstərir. Canlı veriliş aparıram, orda izləyici sayını görürük. Biz öz zövqümüzü dəfələrlə diqtə etməyə çalışmışıq, amma tamaşaçı zəif baxıb. İstəsək də, istəməsək də, məcbur olub, onların zövqünün arxasınca gedirik.

- Brend geyim mağazalarında işləməklə bağlı reportajınızı oxumuşdum. Prosesi oxucuya çatdırmaq üçün mağazada işə düzəlmə mərhələsinə qədər gedib çıxmışdınız. Çalışdığınız media qurumu bir material üçün o qədər vaxt sərf edilməsini dəstəkləyirdi, yoxsa bu, sizin gərgin rejimlə ərsəyə gətirdiyiniz işin nəticəsi idi?
- "Yeni Müsavat”da 20 ilə yaxındır işləyirəm. Burda yaradıcı təkliflərə heç vaxt "yox” deyilmir. Qeyd etdiyiniz mövzuda araşdırma etmək öz fikrim idi. Bu cür mağazalarda elanlar çox olurdu və adi bir adam kimi o cür mağazalarda satıcıların işi mənim üçün maraqlı idi. Təklifimi verdim, 2-3 gün bununla məşğul olacağımı dedim. Təvazökarlıqdan uzaq olsa da, deyim ki, redaksiya rəhbərliyi ortaya yaxşı iş çıxaracağımdan da əmin idi. Dedi, 2-3 gün sənindir, ortaya yaxşı iş çıxar. Nəticədə həmin yazı hazırlandı. O materiala görə yaxşı da qonorar vermişdilər (Gülür).

- Sizi bu vaxta qədər "Yeni Müsavat”da saxlayan səbəb bu şəraitin yaradılmasıdır?
- Həm də odur. Birincisi, daimiliyi sevirəm, dəyişikliklərə təhəmmülüm zəifdir. İkincisi də burdakı mühit ürəyimcədir. 19 ildə burda işlə bağlı hansısa təklifimə "yox” deyildiyini xatırlamıram. Jurnalistikada azadlığa maksimum önəm verirəm. Burda da yaradıcılıq üçün azad mühit var.

- Digər media orqanlarından iş təklifi gəlir?
- Təbii ki. Xüsusilə, canlı yayımı aparandan sonra iş təklifləri çoxalıb (gülür). Özümü öz qabımda hiss etdiyim yerdə olmalıyam. Amma həyatda heç də hər şey daimi olmur, bunu bilirəm. Necə deyərlər, biz gələcəyə dair plan quranda Tanrı göylərdən bizə baxıb gülür.


- 20 ildə TV-yə yönəlməmisiniz, yazılı mətbuatda olmusunuz. Ancaq onlayn mediada canlı yayım olanda, yazılı mətbuatla kifayətlənmədiniz. TV-yə maraqlısınız?
- Qeyd etdiyim kimi, jurnalistikadasansa, bu sahənin bütün janrlarında, növlərində özünü sınamaq lazımdır. Təvazökarlıqdan uzaq olsa da, qəzet jurnalistikasında istədiyimi etdiyimi düşünürdüm. İstədiyimi etdim, mükafatlarımı aldım, imzamı tanıtdım və artıq onlayn mediada canlı yayıma keçmək qaçılmaz şərt idi. Biz "Yeni Müsavat”ı bu platformada da birincilərdən etməyi bacardıq. Artıq TV Müsavatın "Canlı debat” verilişi bir brenddir və getdiyim hər yerdə onun izləndiyini, tanındığını görürəm. İndi həm canlı efirə çıxıram, həm də vaxtımız imkan verdiyi üçün yazıram.

- Jurnalistikaya dövlət qurumlarına keçid sahə kimi də baxanlar var. Bir müddət burda çalışandan sonra o sektora keçmək daha asan olur. Sizə dövlət qurumlarında işlə bağlı təkliflər olub?
- Bir neçə il əvvəl jurnalistlərin mətbuat xidmətlərinə axını başladı. Mənə də təkliflər oldu, ancaq özümü mətbuat xidmətində görmürəm. Mətbuat xidmətində olmaq daha komfortludur, onlar bizim kimi qaçaqaçda olmurlar, müsahib axtarışı onları üzmür, mövzu tapmaq və s. məsələləri düºünmürlər. Amma mənim aləmimdə mətbuat xidmətində çalışmaq jurnalistlik deyil, məmurluqdur. Mətbuat katibi dövlətin məmurudur, dövlət doğru da desə, yanlış da, onu jurnalistlərə çatdırmalıdır. Jurnalistika mətbuat katibliyindən daha azad peşədir. Ona görə seçimimi bu cür etmişəm.


- Mətbuatda "Hansı mətbuat katiblərindən razısınız?” kimi sorğular tez-tez keçirilir. Orda müəyyən adlar səsləndirilir, amma biz mövzuya bir az başqa cür yanaşaq. Jurnalist kimi mətbuat katiblərinin göstərdikləri xidmətdən razısınız?
- "Mətbuat katibi jurnalistin ürəyincə olmalıdır” deyə bir qayda yoxdur. Onun xidməti rəhbərliyinin ürəyincə olmalıdır. Azərbaycanda qayda budur. Bizdə məmurlar, dövlət qurumları ilə jurnalistlərin istəyi üst-üstə düşmür. Avtomatik olaraq jurnalist də mətbuat xidmətlərindən razı qalmır. Bəzən verdiyin suala günlərlə cavab ala bilmirsən. Bəzən verdiyin sualı cavab şəklində bütün mətbuata ötürürlər. Sən özəl material hazırlamaq üçün sual verirsən, götürüb bütün mətbuata yayırlar və eksklüzivlik hüququn itir. Eyni zamanda, istədiyin cavabı ala bilmirsən və s. Ən yaxşı mətbuat katiblərinin adı çəkilən zaman fikirlər heç də həmişə obyektivliyə əsaslanmır. Daha çox şəxsi münasibətlərə əsaslanır. Kimsə kiminsə dostudur, kimsə kimisə harasa tədbirə aparıb və s. kimi məqamlardan dolayı sevimlisi olub. Yaxşı mətbuat katibi olmaq üçün həmin o mətbuat xidməti rəhbərinin tabe olduğu qurum demokratik olmalıdır ki, jurnalistlər üçün bütün qapıları açsın. O açmayandan sonra mətbuat xidməti nə karədir ki?

- Ciddi mətbuatın bir problemi də cəmiyyətin onları "reket jurnalistika”dan ayıra bilməməsidir. Ona görə jurnalistə "yol pulu”, "çay pulu” adı ilə rüşvət verməyə çalışanlar da olur. Sizə də təklif edənlər olub?
- Elə bir şey olmayıb. Mən getdiyim yerlərdə, aldığım müsahibələrdə müsahib çox gözəl bilib ki, qarşısındakı kimdir və hansı media orqanından gəlib. Amma hiss edirəm ki, qurumlarda "reket jurnalistlər”in hörməti bizdən qat-qat artıqdır. Sadə bir misal çəkim. Oğlum məktəbdə "C” sinfində oxuyur, mən onu "A” sinfinə keçirmək istəyirdim. Valideyn kimi acizanə bir arzum idi. Kimdən xahiş etdim, etmədilər. Dövlətin verdiyi imkanlar daxilində, onlayn qaydada müraciət etdim, "alınmadı”. Tanıdığım bir "reket jurnalist” isə bu sahədə övladının problemini çox asanlıqla yoluna qoydu. Çünki onun nüfuz etmək imkanları, arzusunu həyata keçirmə üsulları, əlaqələri məndən daha böyük idi. Açığı, mən heç o əlaqəni qurmağa da çalışmıram. Hansısa dövlət qurum rəhbərinin, yaxud məmurun yaxın dostu olmaq istəmirəm. O, mənim dostum olsa, avtomatik olaraq ona, onun təmsil etdiyi quruma münasibətdə obyektivliyimi itirmiş olacam. Müsahiblərimdir, əlaqəmiz var, hamısına da hörmət edirəm, amma o sərhədi saxlamağa çalışıram. İş başqa, dostluq başqa!


- Amma "jurnalistəm” deyib şəxsi problemlərini həll edənlər də az deyil. Problemlərinizin həllində çətinliklə üzləşəndə, jurnalist olduğunuzu nə vaxt bilirlər?
- Hansısa problemimi həll etdirməyə çalışanda, jurnalist olduğumu demirəm. Övladımın xırda məsələsini həll edə bilmədim, amma gedib vəsiqəmi kiminsə qarşısında silkələmədim. Ancaq "reket jurnalistlər” elə təəssürat yaradıblar ki, jurnalist ayağının ucu ilə məmurun qapısını döyüb içəri girib problemi həll edə bilir. Şəxsi problemlərimin həllində jurnalistliyimdən istifadə etsəm, hörmətim itər. Bir məmurdan hansısa işimi xahiş etsəm, sabah cəmiyyətin, oxucunun hansısa problemi üçün ona müraciət edə, ondan hesab sora bilməyəcəm. Deyəcək ki, ay Sevinc, o gün sənin o boyda problemini həll etmişəm, hansı üzlə üstümüzə oxucu şikayəti ilə gəlirsən? Onda gərək jurnalistika ilə məşğul olmayım.

- Mətbuatda nadir jurnalistlərdənsiniz ki, işin çətinliklərindən danışanda, o çətinliklər də adama zövqlü gəlir. 20 ildə jurnalistika sizin üçün adiləşmədi, işə həvəsiniz ölmədi?
- Hər gün işə gələndə uşaq kimi sevinirəm. Müsahiblərim mənə "hə” cavabı verəndə, debatımın alınacağını düşünəndə, həmin gün sevincimin həddi-hüdudu olmur. Bəzən müsahib gecə saat 12-də xəbər verir ki, sabah gələ biləməyəcəm. Həmin an dünya gözümdə qaralır, amma operativ şəkildə başqa qonaq tapıram, sabah həmin adamla reytinq yığıram. Bu, mənim üçün anında gərgin, əziyyətli proses olsa da, sonradan xoş, əyləncəli bir xatirəyə çevrilir. Özümü jurnalistikasız təsəvvür etmirəm. Düşünmürəm ki başqa bir peşədə işləyərəm və o sahə mənə burdakı kimi həyəcan verər. Bəzən incidir, bəzən də sevindirir. Bütün peşələrdə hər iki tərəf var. Canınla, qanınla gerçək jurnalistika ilə məşğul olanda həvəs ölmür. Baş girələmək, yaxud dövlət qurumlarına keçid üçün tramplin kimi baxdıqlarında təbii ki həvəs də olmaz.


- Heç unutmadığınız xatirə varmı?
- Var, o qədər. (gülür-A.Asimqızı) Birini danışım. Bir dəfə taksi sürücülüyü ilə bağlı bir layihə işləyirdim. Maşınıma taksi işarəsi yerləşdirib, qadın taksi sürücülərinin çəkdiyi əziyyəti, bu sahədəki monopoliyanı araşdırmaq istəyirdim. Videolu, gizli çəkilişli bir proje idi. Bir neçə xanım sərnişin "taksi”mə mindi, onları mənzil başına apardım, amma pul almadım təbii ki. Guya ilk dəfə olduğu üçün. Onlar da nömrəmi götürdülər ki, lazım olanda məni çağırsınlar, onları harasa aparım. Nəsə, proje bitdi. Növbəti bir ayda o xalaların zəngi kəsilmədi. Hər gün zəng edirdilər ki, "ay qızım, gəl Zığa, ordan məni apar filan xəstəxanaya”-filan. Mən də həmin vaxt müsahibədə, reportajda, iclasda olurdum. Adamlar nə bilsinlər mən jurnalistəm? Axırda bir gün yalandan dedim, mən maşınımı satmışam, daha sürücülük etmirəm. Beləcə, canım qurtardı.

- Yaxşı iş həm də ona zaman ayrılmasını tələb edir. Ailəli, iki uşaq anası Sevinc Telmanqızı evlə jurnalistika arasında qalırmı?
- 17 ildir evliyəm, 20 ildir ki, jurnalistikadayam. İllərin təcrübəsi onları bir-birindən ayırmağa imkan verir. Üstəlik, o qədər mobilizə olunmuşuq ki, iş də, ev də telefondadır. Həyat yoldaşım da jurnalistika ilə məşğul olan adamdır və işə çox vaxt ayırmağımla bağlı problem yaratmır. Həm yaxşı ana, həm yaxşı jurnalist, həm də yaxşı həyat yoldaşı olmaq mümkündür. Demirəm ki, üçündə də hər şey ideal olacaq. Çünki super jurnalist olduğun gün avtomatik super ana olmayacağın dəqiqdir. Super ana olmaq üçün uşağın 5 dərsi varsa, 5-ni də ondan soruşmaq, məktəbə aparmaq, dərsdən çıxanda götürmək lazımdır. Analıq da bir vəzifədir. Onu super səviyyədə görəndə, işdə müəyyən axsama ola bilir. Hər zaman qızıl ortanı yaxalamaq olmur, amma istəyəndə, bacarırsan.


- Hər gün uşaqlardan dərs soruşursunuz?
- Böyük qızım 11-də oxuyur, ondan soruşmağa ehtiyac qalmır. Ancaq həftə sonları testlər vasitəsilə yoxlayıram. Oğlum hələ 5-ci sinifdədir, ondan hər gün dərslərini soruşuram. Nəticəsini də valideyn iclasında görürəm (Gülür).

- Bütün gün zehni işlə məşğul olan ana, yorulmur ki, evdə uşaqların dərsinə də vaxt ayırır?
- Yenidən enerji yığmaq üçün həftə sonu yaxşı istirahət etmək mənə kifayətdir. Bəzən yemək bişirə-bişirə uşaqlardan dərs soruşuram. Bir tərəfdə qazanda dolma bükürəm, yanında da kitabı qoyub uşaqdan dərs soruşuram (Gülür). Biz qadınlar funksionalıq, iki işi bir arada çatdıra bilirik.

- Necə övlad böyütməyə çalışırsınız?
- Uşaqlarımın azad olmasını istəyirəm. Fikirlərini azad şəkildə deməkdən çəkinməsinlər. Həyat bilgisi dərsində oğlumdan soruşublar ki, insanın hansı hüquq və azadlıqları var? Hamısını sadalayıb, sonda deyib ki, ən önəmli azadlıq isə insanların etiraz etmək, mitinq azadlığıdır (Gülür). Müəllim onu danlayıb, deyib ki, işinlə məşğul ol. Amma mən oğlumla qürur duydum. Azad cəmiyyətin azad fikirli vətəndaşlarından olmalarını istəyirəm. Bu, bir az pafoslu səslənir, amma bunu arzulayıram.

Aygün Asimqızı



banner

Oxşar Xəbərlər