Bir imiqrantın hekayəsi - Reportaj
Ekoloji cəhətdən ən təmiz ölkələrdən birincisi olan Kanada, həm də
dünyada "insan kapitalının paytaxtı” sayılır. Dünyanın dörd bir yanından bu ölkəyə
immiqrasiya etmək istəyənlərin sayı kifayət qədərdir. Elə ölkəmizdə də Kanadada
yaşamaq, işləmək, oxumaq istəyənlərin sayı az deyil.
Başqa
ölkəyə getməyin, orada yaşamaq izni almağın isə öz qayda-qanunları var.
Bunlarla bağlı isə hər kəsi müxtəlif suallar düşündürür. Bu suallara bir yerdə
cavab tapmaq üçün "Barattson”Kanadaya getmək
istəyənləri, bu həvəsdə olanları "Kanadadan bir imiqrant hekayəsi” təlimində
bir araya topladı. Təlimçi isə 6 ildir ki, Kanadada yaşayan, həmin ölkənin vətəndaşı
olan Famil Qarayevdir.
Ciddi araşdırma aparın
Təlimçi söhbətə başlayarkən hiss olunurdu ki, hər kəsin ona
ünvanlancaq sualı çoxdur. Amma o, iştirakçıları səbirli olmağa çağırdı, yavaş-yavaş bütün suallara
cavab verəcəyini bildirdi. Əvvəldə qeyd etdi ki, danışacaqları yalnız onun şəxsi
təcrübəsinə əsaslanır: "Kanadaya miqrasiya ilə bağlı çoxları yanlış məlumata
malikdirlər. Buna görə, öz təcrübəmi sizlərlə bölüşməyə qərar verdim.
Paylaşacağım mövzuların əksəriyyəti şəxsi təcrübəmlə bağlıdır. Ola bilsin ki,
dediklərim sizin indiyə qədər Kanadayla bağlı formalaşan fikirlərlə üst-üstə
düşməsin. Məqsədim nə burdakıları "Kanadada hər şey yaxşıdır” deyib ora
aparmağa həvəsləndirməkdir, nə də "orda vəziyyət pisdir, gəlməyin” deyə həvəsdən
salmaqdır. Bəzi şeylər hər yerdə olduğu kimi Kanadada müsbətdir, bəzi şeylər mənfidir”.
Kanadaya
getmək istəyənlərə ilk məsləhəti yaxşı araşdırmaq oldu: "Ciddi araşdırma
aparın. İmiqrasiya mənim düşüncəmə görə çox ciddi mövzudur. "Filankəs belə
dedi” fikrilə qərar vermək doğru deyil. Həm deyilənləri analiz edib, həm də
Kanada dövlətinin yaratdığı saytdan (www.cic.gc.ca) immiqarsiya ilə bağlı daha dəqiq məlumatı
araşdırıb oxuyandan sonra qərar verilsə yaxşı olar”.
Hazırda Kalqari imiqrasiya olunacaq şəhər deyil
F.Qarayevin
sözlərinə görə, Kanada Azərbaycan kimi daha çox neft və qazdan asılı olan ölkədir.
2014-cü ilin sonuna doğru neft və qazla bağlı başlayan böhran Kanada
iqtisadiyyatına da zərbə vurub: "Misal üçün, mən Kalqari şəhərində yaşayıram.
Orada iqtisadiyyat daha çox neft-qaz sahəsiylə bağlıdır. Böhranın təsiri ilə
bağlı bir-iki misal deyim. Bizim şirkətdə böhrandan əvvəl - 2014-cü ildə 1000 nəfərə
yaxın işçimiz varıydısa, indi bu rəqəm 450-500 nəfər ətrafındadır. Təqribən 50
faiz işçi qüvvəsi ixtisara düşüb. Eyni rəqəmi şəhərdəki bütün şirkətlərdə görə
bilərsiniz. Hazırda Kalqari imiqrasiya olunacaq şəhər deyil”.
İT sahəsi ilə bağlı bütün şəhərlərdə imkan var,
amma...
Maşınqayırma
sayəsinin mərkəzi Ontario və Kvebek əyalətləridir. Qeyd edilən sahədə təcrübəniz
varsa, həmin əyalətlərda iş axtarsanız, yaxşı olar. Kvebek fransızdilli əyalətdir, bunu da nəzərə almaq lazımdır.
Bu gün
daha aktual olan İT sahəsi ilə bağlı bütün şəhərlərdə imkan var. Amma İT sahəsində
Kanadada lider şəhər Vankuverdir. Bu şəhərdə o sahə ilə bağlı işlər daha
çoxdur: "Lakin Vankuverdə bu sahə ilə bağlı o qədər mütəxəssis var ki, tələb təklifə
nisbətən azdır. Bir vakansiya olanda çox namizəd müraciət edir deyə, orda
Kalqariyə nisbətən İT sahəsində maaş aşağıdır. Vankuverdə xərclər daha çoxdur.
Kanadanın ən bahalı şəhərlərindən biridir”.
Əgər təcrübəniz
maliyyə sahəsiylə bağlıdırsa, Kanadada bu sektorun mərkəzi Toronto şəhəridir. O
şəhərə getsəniz, digər şəhərlərə nisbətən orada iş tapmaq şansız daha çox olar.
F.Qarayev
deyir ki, Kanada hökuməti imiqrantların ölkəyə cəlb olunmasında maraqlıdır:
"Kanadanın əhalisi davamlı olaraq artır. Orada müxtəlif xalqların nümayəndələri
var. 100-dən artıq xalqın nümayəndəsi imiqarsiya yolu ilə Kanadaya köçür, yaxud
buna çalışır. Ölkənin əhalisi 2011-2016-cı illərdə 1 milyon 700 min nəfər artıb.
Onun 1 milyon 200 mini imiqrasiya nəticəsində gələnlərdir”.
F.Qarayev
deyir ki, Kanadada imiqrantın işə qəbul olunmama səbəbi fərqli ola bilər: "Orada
bir yoldaşla danışırdım, dedi ki, adi təcrübəçi işinə 2000 nəfər müraciət edib,
onlara isə bir namizəd lazımıymış. Digər tərəfdən, siz orda müxtəlif ölkələrin
nümayəndəsi olan kadrlarla rəqabət aparırsınız. Kanadanın imiqrasiya prosesi elədir
ki, onlar insanları təhsilinə, iş təcrübəsinə görə ölkələrinə götürürlər. Yəni,
bütün ölkələrdəki qaymaq insanları gətirirlər. Siz də o insanlarla rəqabət
aparırsınız. Ola bilsin ki, işə götürülməmə səbəbiniz məhz o insanlarla rəqabətdə
uduzmağınız olsun, yaxud da rasizm. Əgər siz həqiqətən yaxşı kadrsınızsa, yaxşı
iş təcrübəniz var, qabiliyyətli insansınızsa, iş taparsınız, sadəcə geci-tezi
var”.
Kanadada təhsil...
F.Qarayev
deyir ki, Kanadada orta təhsil pulsuzdur, amma orda da özəl orta məktəblər var:
"Problem sadəcə, məktəbə qədər olan təhsildədir. Əgər ailədə ata və ana işləyirsə,
5 yaşına qədər uşaq varsa, onda siz uşağı ya bağçaya, ya da dayəyə verməlisiniz.
Uşaq 08:00-dan 17:00-dək bağçada və ya dayənin yanında qalacaqsa, 2000 dollar xərc
çıxacaq. Bağça pulsuz deyil. Hətta məktəbə gedən uşağı oradan götürüb axşama
kimi baxan dayəyə bir uşaq üçün 600-900 dollar arası pul ödəməlisiniz”.
Universitetlər
isə pulsuz deyil. Xaricilərə nisbətən yerli tələbələr 3-4 dəfə daha az təhsil
haqqı ödəyirlər. Təqaüd alma ehtimalı yerli tələbələrdə xaricilərə nisbətən
daha yüksəkdir.
Tələbə olaraq getməyi planlayırsınızsa...
F.Qarayevin
sözlərinə görə, sadəcə dil kursuna gedirsinizsə, işləmək hüququnuz yoxdur.
Oxuyacağınız proqramlar konkret bir sahə olmalıdır. Minimum 8 aylıq proqramlar
olmalıdır ki, orda çalışma icazəsi ala biləsiniz: "İşləyə bilərsiniz, amma bu,
qeyri-leqal şəkildə olacaq, dövlət xəbər tutsa, sizi cəzalandıracaq.
Universitetdə məzun olduqdan sonra Kanada dövləti orada sizə işləmək haqqı
verir. Proqramdan asılı olaraq müddət dəyişir. Əgər oxuduğunuz proqram iki
illik və daha artıqdırsa, sizə 3 il Kanadada iş axtarma imkanı verilir. Magistraturanı
bir illik proqramla oxusanız, çalışma izniniz iki il olacaq, iki illik
proqramda oxusanız 3 il olacaq. Təhsil alandan sonra o sahə üzrə qalıb orda
davam etmək istəyirsinizsə, Kanadada hansı sahələrə tələbat olduğunu araşdırmaq
lazımdır. Elə bir şey oxuyun ki, orda iş tapmaq mümkün olsun. İş tapandan sonra
imiqrasiya prosesi başqa variantlara nisbətən daha asan olur. Tələbə kimi gəlmək
və status almaq hazırda ən real variantlardan biridir”.
Turist vizası ilə çalışma izni almaq mümkündür?
F.Qarayev
deyir ki, 95 faiz hallarda mümkün deyil: "Ola bilsin ki, kimsə saxta yollarla nə
isə düzüb qoşar, bu, başqa mövzu. Amma imiqirasiya qanunlarına görə, belə bir
şey mümkün deyil. Leqal iş tapmaq üçün birinci işləmək hüququ olmalıdır. İşə
müraciət edəndə blankı dolduranda Kanadadakı statusunuzun nə olduğu soruşulur.
Vətəndaşsınız, daimi yaşamaq izniniz var, yoxsa bizdən sizin imiqrasiya məsələnizə
sponsorluq etməyi istəyəcəksiniz? Əgər üçüncü variantı seçəcəksinizsə,
qeyri-adi qabiliyyətli insan deyilsinizsə, o işi almaq ehtimalınız sıfıra yaxındır”.
F.Qarayev
dedi ki, əgər kimsə Azərbaycanda iş tapa, burda müvəfəqqiyətli ola bilmirsə,
Kanadaya gedib orada uğura nail olma ehtimalı azdır. Çünki proqramlara müraciət
etdiyinizdə hansısa şəkildə uyğunluğunuzu göstərməlisiniz. İkincisi, prosesin ən
vacib hissələrindən biri ingilis dilini bilməkdir. İşsizsinizsə, amma ingilis
diliniz əladırsa, bu zaman getmə şansınız ola bilər. İnsanların əksəriyyəti bu
proqramlarla keçə bilmirlərsə, hansısa yollarla viza alıb, gedib orda qanunsuz
şəkildə qalırlar. Ailə ilə gedirsinizsə, sizə viza verməyəcək. Kanada dövləti
elə namizədlər axtarır ki, işlətsin, dövlət üçün faydası olacağını öncədən
bilsin. Təhsil, dil biliyi, təcrübəsinə baxırlar. Düzdür, Kanadanın ucqar yerlərinə
getmək istəyənlərlə bağlı proqram var, orda şanslar nisbətən yüksəkdir, amma o
demək deyil ki, müraciət edən kimi seçirlər. Seçimlə bağlı kriteriyalar digər
proqramlardakı kimidir”.
Səhiyyə pulsuzdur, amma...
Kanadada
səhiyyə pulsuzdur, amma bəzi istisnalar var. Göz, diş həkimləri, dərman və təcili
yardım pulludur: "Bir yoldaşın təcili yarıma ehtiyacı oldu, gəlib onu
apardılar, sonra 250 dollar hesab gəldi. Əgər işləyirsinizsə, şirkət sığorta ilə
təmin edir, amma sığorta ən yaxşı halda xərclərin 80 faizini qarşılayır. Mənim
bir neçə il əvvəl diş problemim varıydı. Həkim bunun 3000 dollar olacağını
dedi. Sığorta bunun 50 faizini qarşılayırdı. 1500 dollar edirdi. Fikirləşdim
ki, 1500 dollara Azərbaycana gedib, orda dişimi müalicə etdirib, valideynlərimi
də görərəm. Elə də etdim. Əgər sığortanız yoxdursa, bəzi şeylər, çox bahadır.
Uşağın qızdırması qalxırsa, yaxud hansısa əməliyyata ehtiyacınız varsa, belə
şeylər pulsuzdur. Banqladeşli bir yoldaşın uşağı xəstə doğulmuşdu.
Amma orda
səhiyyə sahəsində mütəxəssis sayı azdır. Hansısa sahədə həkim görməlisinizsə,
birinci terapevtin yanına gedirsiniz. O, sizi hansısa sahə həkiminə yönəldir.
Problem ondadır ki, bəzi mütəxəssislərin qəbuluna düşmək üçün aylarla növbə
gözləməlisiniz. Qulağınız ağrıyırsa, qulaq həkimin qəbuluna yazılıb 7 ay gözləyə
bilərsiniz. Düzdür, kiminsə vəziyyəti həqiqətən kritikdirsə, onu təcili surətdə
növbəsiz salırlar”.
Əgər siz
Kanadada həkim kimi çalışmaq istəyirsinizsə, F.Qarayev deyir ki, bu, elə də
asan deyil. Kanada digər ölkələrdəki səhiyyə təhsilini nəzərə almır. Əgər orda
səhiyyə sahəsində işləmək istəyirsinizsə, onların universitetlərində oxumalı,
ya da bu sahəni onlardakı kimi mənimsəməlisiniz. Bundan sonra imtahan verməlisiniz.
Aygün
Asimqızı