• cümə, 19 Aprel, 16:48
  • Baku Bakı 25°C

«Bir gözüm güzgüdə qalıb» - Sadə peşə adamı

13.05.14 09:16 2251
«Bir gözüm güzgüdə qalıb» - Sadə peşə adamı
Gecə-gündüz bilmədən daim çalışan bu sadə peşə adamları mənzil başına çatmağımızda bizə kömək edir. Onların qazanc yeri məcazi mənada desək “çörək ağacları” maşınlarıdır. Söhbət sürücülərdən gedir. Kiməsə bu sənət asan gələ bilər. Lakin digər peşələrdə olduğu kimi, sürücülük də məsuliyyət və zəhmət tələb edən peşədir. Müsahibimiz vaxtilə sərnişin avtobuslarının sürücüsü olan, hazırda isə 4 saylı təcili yardım stansiyasında sürücü işləyən, boş vaxtlarında isə şəxsi avtomobilindən taksi kimi istifadə edən Kamran Bəşirovdur.
“Naşı sürücülər daha çoxdur”
K.Bəşirov 14 ildir ki, peşəkar sürücü kimi çalışır. Bu sənətə uşaqlıqdan meylli olduğunu söyləyən həmsöhbətimiz ilk dəfə sükan arxasına 15 yaşında keçib: “Bir çox oğlan uşaqlarında olduğu kimi, mənim də maşın sürməyə marağım uşaq yaşlarımdan başlayıb. Əmilərimin, dayılarımın mənəvi dəstəyi və köməkliyi ilə bu sənətə yiyələnmişəm. Maşın sürməyi tam mənimsədikdə əvvəlcə şəhərin mərkəzi küçələrində fəaliyyət göstərən marşrutlarda çalışdım. Hərbi xidməti başa vurduqdan sonra isə şəxsi maşınımı alıb taksi kimi işləməyə başladım”.
Demək olar, bütün günü sükan arxasında olan həmsöhbətimiz deyir ki, gün ərzində nə qədər maşın sürsə də, bu peşədən heç vaxt bezməyib: “Ümumiyyətlə, nə iş olursa olsun, insan onu sevərək edirsə, heç vaxt yorulmur. İşimdən zövq almasaydım, maşınların və naşı sürücülərin bu qədər çox olduğu bir vaxtda mən bu işi görə bilməzdim. Sükan arxasında çalışıb pul qazanmağı o qədər sevirəm ki, özümü bu peşədən başqa heç bir sənətdə görə bilmirəm”.
“Sürə bilməyənlər, sürə bilənlərə də maneçilik törədir”
Maşın sürməyin göründüyü qədər asan olmadığını deyən gənc sürücü yol hərəkət qaydalarını bilməyən sürücülərdən şikayətləndi: “Hər bir sənətin sirri olduğu kimi maşın sürmək də insandan xüsusi bacarıq tələb edir. Yaxşı sürücü daim diqqətli olmalı, yol hərəkət qaydalarını bilməli və bir gözü mütləq güzgüdə olmalıdır. Sürücü bilməlidir ki, sürət həddini aşmaq həyat üçün təhlükəlidir. Avtomobil qəzalarının 90 faizi sürət həddini aşmağa görə baş verir. Bundan əlavə, yaxşı sürücü kritik məqamlarda vəziyyətdən çıxmağı bacarmalıdır. Adətən yollarda 30 maşından 20-sinin sürücüsü xam olur. Bu şəhərdə maşın sürə bilənlərdən çox, bu işi bacarmayanlar sükan arxasındadır. Sürə bilməyənlər sürə bilənlərə də maneçilik törədirlər”.
“Hər dəqiqənin öz hökmü var”
Müsahibimiz 4 ildir ki, Yasamal rayonu 4 saylı təcili yardım stansiyasında da sürücü kimi çalışır. O, istirahət günlərində şəxsi maşını ilə Yasamal rayonunda sürücülük edir. Təcili yardım maşınında çalışmağın daha çox məsuliyyət tələb etdiyini vurğulayan həmsöhbətimiz deyir ki, bəzi sürücülər onların ünvana tez çatmasına maneə olurlar: “Atalar yaxşı deyib ki, hər dəqiqənin öz hökmü var. Mən bu sözləri hər zaman öz işimə aid edirəm. Bizim xəstənin ünvanına 1 saniyə belə gecikməyimiz onun ölümü ilə nəticələnə bilər. Lakin bəzi insafsız sürücülərimiz təcili yardım maşınlarına, yanğınsöndürənlərə yol vermirlər. Səs siqnallarından istifadə edərək keçməyə çalışırıq, lakin bu zaman da özlərini eşitməzliyə qoyurlar. Yolda belə maşınlara maneçilik törədənlər bilməlidir ki, belə hadisə nə vaxtsa, onların da başına gələ bilər”.
Kamran deyir ki, hər dəfə hansısa ünvana gedəndə, öz valideynini xəstənin yerinə qoyur: “Əgər hansısa bir iş bizə həvalə edilibsə, ona can yandırmaq lazımdır. Bizim işimizdə isə daha çox risk və məsuliyyət var. Çünki bizim adi bir səhlənkarlığımız, məsuliyyətsizliyimiz insan həyatının itirilməsi ilə nəticələnə bilər. Biz bunu bilirik və diqqətli olmağa çalışırıq”.
Avtobus, taksi yoxsa təcili yardım maşını?
Həm avtobus, həm taksi, həm də təcili yardım maşını sürən sürücümüz deyir ki, 3 nəqliyyat növünün hər birinin özünəməxsus çətinlikləri var: “Şübhəsiz, bunlardan ən məsuliyyətlisi təcili tibbi yardım maşınını idarə etməkdir. Bu nəqliyyat vasitəsini sürərkən bilirsən ki, nə qədər tez çatsan, o qədər yaxşıdır. Burada 1 saniyə belə önəmlidir. Taksi sürmək daha rahatdır. Çünki taksidə mənzil başına çatmaq həyat məsələsi deyil. Avtobusda çalışmaq isə daha çətindir. Çünki bu nəqliyyat vasitəsini idarə edərkən insanı əsəbləşdirəcək çox hadisələr olur. Avtobus sürücüləri mənzil başına vaxtında çatmaq üçün çox səhlənkarlıq edirlər. Amma bu nəqliyyat vasitəsini idarə edərkən unutmaq lazım deyil ki, avtobusda əyləşən sərnişinlər hərəsi bir ailənin üzvüdür. Sürücü avtobusda əyləşən bütün sərnişinlərin həyatını düşünməli, işinə həvəslə, sevərək yanaşmalıdır”.
Müdir geyimində olan fırıldaqçı
Gənc taksist yolda başına gələn maraqlı əhvalatlardan da danışdı. O deyir ki, gecə saatlarında taksi sürmək təhlükəli olduğu üçün saat 21.00-dan sonra bu işlə məşğul olmur: “O qədər olub ki, bəzi insanlar maşına minir, bütün şəhəri bizə gəzdirirlər, lakin yol haqqını ödəmədən qaçıb gedirlər. Başıma belə hadisələr çox gəlib. Amma bir hadisə var ki, o heç zaman yadımdan çıxmır. Bir dəfə axşam saat 8-9 radələrində kostyumda, qalstukda bir kişi maşınıma mindi. Bu insana kənardan baxdıqda ağlına gəlməzdi ki, fırıldaqçıdır. Üstəlik, əlində üzərinə qırmızı lent bağlanmış böyük qutu da var idi. Ona kömək edərək qutunu alıb maşının baqajına qoydum. Müştəri axşam saat 9-dan gecə 3-ə kimi mənimlə bir neçə ünvana getdi. Hər ünvanda da 2 dəqiqəyə işini görüb gəlirdi. Baqajda da yükü olduğu üçün mən arxayın idim ki, sərnişin yükünü qoyub getməz. Lakin sərnişin sonuncu ünvana getdi və qayıtmadı. Baqajdakı yükə görə narahat oldum. Polisə yaxınlaşdım və danışdım ki, sərnişinin baqajda yükü yadından çıxıb, mən nə edim? Polislə birlikdə qutunu açdıq. Sən demə, mənim narahat olduğum qutunun içində zirzibil, soğan, kartof qabıqları var imiş. İndi mənə gülməli gəlsə də, bu hadisə o vaxt mənə çox pis təsir etmişdi. Ondan sonra axşamlar taksi sürməməyə qərar verdim”.
Kamranın sözlərinə görə, bəzi boş-bekar insanlar hətta təcili tibbi yardım maşınlarına belə səhv ünvan verərək onları aldadırlar: “Hamı bir-birinə kömək edib dəstək olmalıdır. Çünki, biz sürücülər də xalqa xidmət edirik”.
Aygün ƏZİZ

banner

Oxşar Xəbərlər