• cümə, 29 Mart, 02:26
  • Baku Bakı 7°C

Bir görüş yaxşıdır yüz ayrılıqdan....

04.10.19 12:30 766
Bir görüş yaxşıdır yüz ayrılıqdan....
Ayrılığın sonu yoxdur, - deyirlər. Amma bu, belədirmi? Bəs vüsalın sonu ayrılıq, ayrılığın sonu vüsal deyilmi?
"Ayrılıq” mahnısının ifaçısı Yaqub Zurufçu ilə görüşə gedəndə bu fikirlərlə baş-başa qalmışdım. Onunla heç də uzaqlarda deyil, doğma Bakıda görüşdük. İfaçı on illik fasilədən sonra yeni konsert proqramı ilə paytaxtımıza gəlib. O, M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının nəzdində fəaliyyət göstərən Dövlət Xalq Çalğı Alətləri Orkestrinin müşayiəti ilə ciddi məşq edir.
AZƏRTAC-ın müxbiri ilə söhbətə körpünü də məhz Azərbaycanın Əməkdar artisti Yaqub Zurufçu özü saldı: "Oktyabrın 12-də Heydər Əliyev Sarayında solo-konsert proqramında repertuarda əsas yeri xalq və bəstəkar mahnıları tutacaq. Çox vaxt xaricdə olduğumdan Bakıda uzun müddət qala bilmirəm. Ona görə də konsertə rahat vaxt ayırmaq imkanım olmur. Amma bu dəfə qərara gəldim ki, Bakıda konsert verim. Axırıncı dəfə on il əvvəl Filarmoniyada konsert vermişəm”.
Bakıda konsert salonlarının tərtibatının çox müasir olduğunu, dünya səviyyəsində qurulduğunu söyləyən ifaçının sözlərinə görə, onun konsertini səbirsizliklə gözləyənlərin sayı xeyli artıb: "Son illər qurulan salonlar ən müasir tələblərə cavab verir. Belə quruluş, belə tərtibat və akustika sənət adamına zövq verir. Məni konsert verməyə ilhamlandıran həm də elə bunlar oldu. Konsert bir gün olacaq, əgər yaxşı keçsə, anşlaq yaransa, əlbəttə ki, daha bir gün çıxış edəcəyəm”.
Təbii ki, müğənninin repertuarında xüsusi yer alan "Ayrılıq” mahnısı haqqında onun özündən eşitmək maraqlı olardı. Azərbaycanlı bəstəkar və tarzən Əli Səliminin ərdəbilli şair Fərhad İbrahiminin sözlərinə bəstələdiyi həmin mahnının məşhur ifaçısı dedi: "1989-cu ildə mən Almaniyada yaşayanda Azərbaycanın Xalq artisti Gülağa Məmmədov həmin ölkəyə gəlmişdi. Huşəng adlı cənublu bir dostumuz zəng elədi ki, Gülağa Məmmədov burdadır, sənin "Ayrılıq” mahnının klipinə baxıb, çox bəyənib. Telefonda Gülağa müəllimlə danışdım, dedi sən bu "Ayrılığ”ı necə gözəl oxumusan! Özü də çox zildən oxumusan. Bəyəndi. Elə həmin gecə görüşmək üçün Gülağa müəllimin olduğu şəhərə getdim. Səhərə qədər oturub söhbət elədik. Sonra da Gülağa müəllim mənim klipimi Azərbaycan televiziyasında verdi. Klip demək olar hər gün televiziyada səslənirdi. Mən həmin mahnını oxuyanda cəmi 18 yaşım vardı. Onda heç musiqi təhsilim də yox idi. Lakin, necə deyərlər, sən saydığını say... İnsanlar həmin mahnını sevdi və Azadlıq hərəkatının başlanğıcında bir simvola çevrildi. Gülağa Məmmədovun dəvəti ilə Azərbaycana gəldim. İllərdir həsrətində olduğum Vətən mənə qucaq açdı. Bu həmin illərə təsadüf edirdi ki, Azərbaycan xalqı böyük bir imperiya ilə azadlıq, müstəqillik uğurunda mübarizəyə qalxmışdı. "Ayrılıq” mahnısı milli-mənəvi dirçəlişə təkan verdi. Əvvəlcə "Respublika” sarayında 15 gün konsert verdim. Konsert olmayan günlərdə də meydana gəlir və mitinq iştirakçılarına qoşulurdum. Yaxşı ki, xalqın azadlıq arzusu həyata keçdi və Azərbaycan öz müstəqilliyinə qovuşdu”.
Yaqub Zurufçu "Ayrılıq” mahnısının çoxsaylı ifaçıları barədə də danışıb: "Mahnı çox ifaçıların repertuarında yer alıb. Ancaq onların içərisində daha çox görkəmli müğənni Rəşid Behbudovun ifası könlümə yatıb. Flora Kərimovanın da "Ayrılığ”ını bəyənmişəm. Bir də məşhur türk müğənnisi Zəki Mürən də mahnını çox ürəklə oxuyub”.
Yaqub Zurufçu Azərbaycanın vətəndaşı olduğundan qürur duyduğunu söyləyib. "Mən Amerika, Almaniya və Kanada vətəndaşı da olmuşam. Lakin Azərbaycan vətəndaşı olmaq mənim üçün hər şeydən üstündür”.
O, söhbət əsnasında atasının Azərbaycan həsrətindən danışıb: "Müharibədən sonra orda iş tapmadığından Bakıya gəlmişdi. Təbrizə qayıdandan sonra səhərlər radio dalğalarında Bakını tutub mahnılara qulaq asır, dinlədikcə kövrəlirdi. Bakıdan geri qayıtdığına çox təəssüflənirdi. Mən radioda səslənən Azərbaycan mahnılarının sözlərini yazıb götürür, sonra oxuyurdum. Atam bir gün dedi ki, sən də yaxşı oxuyursan, onun bu sözündən həvəslənib musiqi ilə məşğul olmağa başladım. Yəni mənim musiqi həvəsim də bu tayla, Bakı ilə bağlı olub. Atam Bakı radiosuna qulaq asıb ağladığına görə mən də mahnıları göz yaşı, yanğı ilə oxuyurdum”.
Sənətkar konsertin təşkilində ona göstərilən dəstəyə görə Mədəniyyət Nazirliyinə minnətdarlıq etməyi də unutmadı.
Yaqub Zurufçu ilə 20 ilə yaxındır dostluq etdiyini bildirən Dövlət Xalq Çalğı Alətləri Orkestrinin bədi rəhbəri və baş dirijoru, Xalq artisti Ağaverdi Paşayev söhbətə qoşularaq deyib: "Mən Yaqub Zurufçu sənətinin vurğunuyam. Onun insanlığı və səhnə mədəniyyəti mənə xüsusi zövq verir. Onun şəxsiyyətinə və sənətinə böyük dəyər verirəm. Yaqub Zurufçu bütün dünyada öz səsi ilə tanınan bir ifaçıdır. Ötən 20 il ərzində biz birlikdə Bakıda bir neçə konsert vermişik. Onun repertuarında Azərbaycanın tanınmış bəstəkarlarının- Üzeyir Hacıbəylinin, Tofiq Quliyevin, Cahangir Cahangirovun, Arif Məlikovun, Süleyman Ələsgərovun, Ramiz Mirişlinin və bir çox dəyərli bəstəkarlarımızın əsərləri yer alır. O, həm də xalq mahnılarımızın mahir ifaçısıdır. Onun repertuarında bir neçə məşhur və sevilən İran musiqiləri də var”.
Artıq bir neçə gündür konsertin məşqləri gedir. Ağaverdi Paşayev müğənninin repertuarına daxil olan mahnıların tamaşaçılar tərəfindən maraqla qarşılanacağına əminliyini ifadə edib. Azərbaycanın tenor səsli müğənnilərin ifasından ibarət musiqi nömrələri hazırlamışıq. Konsertdə Fikrət Əmirov adına Dövlət Mahnı və Rəqs Ansamblının xoru və rəqs kollektivi də iştirak edəcək. Yaqub Zurufçunu sənətə sevgisi və ona qarşı məsuliyyət hissi, məşqlərin gedişi ümid etməyə əsas verir ki, həmin gün tamaşaçılar maraqlı bir konsert proqramının şahidi olacaqlar.
Yaqub Zurufçu ilə sağollaşıb çıxırıq. Yenə musiqi səslənir, yenə məşqlər davam edir. Biz təzəcə uzaqlaşmışdıq ki, "Ayrılıq” mahnısının sədaları pərdə-pərdə ətrafa yayılmağa başladı...
banner

Oxşar Xəbərlər