• cümə, 29 Mart, 05:06
  • Baku Bakı 7°C

«Bir əlimdə 15 qarpız tutmağı xoşlayıram» - Şou-biznes

12.03.14 10:49 3399
«Bir əlimdə 15 qarpız tutmağı xoşlayıram» - Şou-biznes
Gənc müğənni “Qaya” qrupunun ifaçısı, solo yaradıcılığında caz ifaçısına daha çox yer verən Şölə Səfərəliyeva “Gənclik qəzeti”nin qonağı oldu. Bizimlə söhbətində Şölə caz ifaçılarının problemlərindən və bu sənətə yeni-yeni addım atan ifaçıların çətinliklərindən danışdı. İstedadlı ifaçı kimi tanınan Şölə 7 klipinin olduğu, ancaq onların daha çox Türkiyə kanallarında yayımlandığını yerli kanalların isə ifaçının kliplərini göstərmədiyini söylədi.
Şölə Səfərəliyeva bizimlə söhbətində bir çox məsələlərə də aydınlıq gətirdi.
Bu sahəyə tələbat yoxdur

– Şölə Səfərəliyeva hazırda hansı işlərlə məşğuldur?

– Bilirsiniz ki, ifaçılıqla bərabər, həm də aparıcılıqla məşğulam. Təqdim etdiyi verilişə ancaq KATV-1-ə qoşulanlar və internetdən istifadə edənlər baxa bilərlər. İzləyicilərimiz daha çox gənclərdir. Bu yaxınlarda orada caz musiqisi ilə bağlı yeni bir layihəm olacaq. Bu layihədə ən son caz yenilikləri təqdim ediləcək və yeni ifaçılar qonaq qismində verilişdə iştirak edəcəklər.
– Bu gün gənclərin caza münasibəti necədir? Bildiyimiz qədər elə də gəlirli sahə olmadığına görə caza maraq da azdır.

– 1960-70-ci illərdə caz musiqisinə görə Bakı sovet ölkələrinin mərkəzi hesab olunurdu. Bu gün dünya mədəniyyət sistemində caz elitar musiqi hesab olunur. Hərdən musiqini anlamadığı halda insanların özlərini fərqli və yüksək təbəqəli biri kimi göstərmək üçün caz dinlədiklərini söyləyirlər. Onların arasında fərqli görünmək və tanınmaq üçün caz oxumaq istəyənlər də var. İndi gənclərin zövqü də müxtəlifdir. Bu gün professional caz ifaçıları çox azdır. Bu tip musiqilərlə məşğul olan gənclərimiz çox azdır, çünki bu sahəyə tələbat yoxdur. Ancaq onlar doğrudan da bu sahədə çalışmaq istəsəydilər, bəlkə də onların ifasında bu alınardı. Əslində bu musiqi bizə yaddır. Caz daha çox xarici dillərə marağı olan və Avropa düşüncəli gənclərin seçimidir.
– Gənclərə bu gün istedadlarını göstərmək üçün normal şərait yaradılıbmı?

– Əvvəllər maraqlı müsabiqələr vardı, heç olmasa ifana görə başqalarından fərqlənə bilirdin. Bir müddət sonra bir-birinin ardınca müxtəlif yarışmalar keçirildi, “inqubator” cücələri kimi bir neçə caz ifaçısı ortaya çıxdı, lakin heç biri yadda qalmadı. Hər kəs özünə şərait yaradır. Deməzdim ki, gənclər üçün bu gün əla imkanlar yaranıb. Maraqlıdır, əgər müğənnilər efirə çıxmaq üçün pul verirlərsə bəs yeni gələn ifaçılar, istedadlı gənclər nə etsin?
– Efir demişkən, niyə efirlərdə görünmürsünüz, pulunuz yoxdur, yoxsa sizi dəvət etmirlər?

– Verilişlərə az-az gedirsiniz deyəndə ki, mən illərdir ki, “Qaya” dövlət ansamblının solistiyəm. Bununla bərabər, bizi hara çağırırlarsa, ora da gedirik. Vaxtımın 90 faizini məhz “Qaya” qrupu təşkil edir. Bir də ki, aparıcılıqla məşğulam, bu da mənim istədiyim sahədir. O ki qaldı solo fəaliyyətə, televiziyalara çıxmasam belə, tədbirlərdə iştirak edirəm. Mən o ifaçılardan deyiləm ki, gedib televiziyaların qapısını döyüm ki, gəlin məni çəkin. Əgər məni hansısa kanal dəvət edəcəksə, gedib çəkilərəm, ancaq gedim kiməsə müraciət edim ki, yeniliyim var, mən məni çəkin, bunu heç zaman etməmişəm, etmərəm də. Sonuncu dəfə bir rejissorla danışdım, o dedi ki, mən sənin klipini efirdə verəcəm. Baxmayaraq ki, həmin rejissor söz vermişdi, sözünə əməl etmədi. Bundan sonra istəmərəm ki, o cür insanlarla işləyim. Yəni söz versin, sonra sözünə naxələf çıxsın. O tip insanlarla heç münasibət qurmaq istəmirəm.
Yetər artıq!

– Sizi şou-biznes nümayəndəsi hesab edə bilərikmi?

– Mən uşaqlıqdan səhnədəyəm və bu işlə məşğulam. Amma üç ildir ki, aktiv şəkildə ifaçılığa başlamışam və artıq 7 klipim var. Mən görməmiş kimi səhnəyə çıxıb, açıq-saçıq geyinib reytinq qazanmaq istəmirəm. “Qaya” və “Bəri bax” qrupu ilə birlikdə elə böyük səhnələrdə çıxışımız olub ki, müğənnilərin özləri də indiyə qədər buna can atsalar da, çox az hallarda buna nail ola bilirlər. Bunu görən bir adam kimi durub desəm ki, şou-biznesin nümayəndəsiyəm, düz çıxmaz. Bizdə şou qalmaqal, biznes isə toydur. Bu biznesə qatılmaq fikrim də yoxdur. Neçə illərdir ki, mən bunları görürəm və içimə atıram, susuram. Kimsə dünən gəlir, pulun sayəsində qabağa gedir, tanınır və sair. Kiminin sponsoru varsa, açıq-saçıq şəkilləri ilə guya təzə imic yaradıb, guya partlayış edib, bunları görürəm və demək istəyirəm ki, bəsdirin də, nə qədər belə olar… Mən də axı bu işin içindəyəm. İfaçı ilə bərabər həm də tamaşaçıyam. Tamaşaçı kimi bu artıq adamı bezdirir. Hər gün televiziyanı açırsan ağlaşma, kim-kimi söydü, kimsə kiminsə saçını yoldu və s.
– O klipləri biz nəyə görə efirdən görməmişik?

- Kanallar bir dəfə onu efirdə göstərmək üçün 100-150 manat civarında pul istəyirlər. Belə çıxır ki, mən dövlət işçisi kimi bir aylıq maaşımı klipimin televiziyada iki dəfə göstərilməsi üçün verməliyəm. Bu da o deməkdir ki, mən həmin ay ac qalacam. Hələ mən burada yol pulumu saymıram. O zaman o klipləri tamaşaçılar necə izləyəcək. Ancaq bunlara baxmayaraq, klipi “Youtube”da yerləşdirdik və onu çoxlu sayda insan izlədi. Dörd gün ərzində ona 13-14 min adam baxmışdı, təəssüflər olsun ki, ondan sonra həmin klip pozuldu. Ancaq biz onu yenidən yüklətdik, indi isə ona 10 min baxış var. Hazırda Türkiyənin TMB kanalında klipim nümayiş olunur. Baxmayaraq ki, bizim efirlərdə yayımlanmır. Bundan əvvəl mətbuatda da yayılmışdı ki, “Şölənin klipi efirlərdə yayımlanmır”. Bilirsinizmi Şölə tək deyil ey. Şöləkimilər bu sənətdə o qədərdir ki, istedadı var. amma...
– Caz sənətinə toylarda ehtiyac duyulmur. Belə olan halda toylara dəvət alırsınızmı?

– Dövlət işçisi olaraq maaşımı aydan-aya çatdırıram. Mən caz və estrada musiqisi oxuyub nə qədər toylara gedə bilərəm? Bəyəm toylara gedən müğənnilər orada öz repertuarlarınımı oxuyurlar? Toylarda müğənnilər məcburdur ki, heç olmasa yarım saat xalq musiqisi oxusunlar. Mən də xalq musiqisi oxuya bilirəm və hətta bir neçə dəfə cəhd də etmişəm. Mən 15 dəqiqəyə tamaşaçıya xalq musiqisindən popurri oxudum, gördüm ki, tamaşaçı bunu qəbul etmir. Ancaq məndən sonra oxuyan ifaçı xalq mahnısı ilə hər kəsi oynatdı. Mən təkcə ifaçı deyiləm, həm psixoloq verilişinin aparıcısıyam, həm “Qaya” qrupunda ifaçısıyam. Əgər bütün fikrimi mahnı oxumağa yönəltsəydim, sizi inandırıram ki, çoxdan qabaqda gedən ifaçılardan olardım. Sadəcə bir əlimdə 15 qarpızı tutmağı xoşlayıram (gülür). Elə ifaçılar var ki, təkcə oxumağı bacarır, başqa heç nə. Ancaq mən oxumağı da bacarıram, aparıcılığı da, xarici dil də bilirəm. Söz altında qalan deyiləm. Bir istiqamətdə inkişaf etməyin əleyhinəyəm. İntellektual insanın hər şeydən anlayışı olmalıdır.
Söz altında qalan deyiləm

– Sizcə məşhur olmaq üçün yaxşı səsin olması vacibdir?

– Əsas gözəl bəxtin olsun, səs ikinci dərəcəlidir. Bir də vaxtında sənin qatarın gəlməli və sən ona vaxtında minməlisən. Sənin yaxşı səsin ola bilər, amma sən nəyəsə gec nail ola bilərsən. Ancaq sənin gənclikdəki olan o təravətin səhnədə nələrsə əldə edə bilərdi. Görürsünüz ki, aktyorlar müsahibə verərəkdən deyirlər ki, mən qocalmamış filan rolları oynamaq istərdim. Çünki qocalanda o rolları ifa edə bilməyəcəklər. Qatar artıq gedəcək.
– Şölənin qatarı gedib?

– Şölə xanımı Limuzin gözləyir. Qatar dəbdən düşüb… (gülürük).
Xəyalə Rəis

banner

Oxşar Xəbərlər