Bir dəfə Yeni ili səfərdə keçirdi, 10 il evdən uzaqda qeyd etdi - Səyyah
Rüstəm Şəfiyev: "Səfərin 3 günü qəpiksiz qaldıq”
Dostları
deyirlər ki, Yeni ildə onu Bakıda tapmaq olmur. Hər Yeni ildə hansısa ölkəyə səfər
edir. "Bir dəfə Yeni ili evdən uzaqda keçirdinsə, növbəti 7 ili də evdə qeyd
etməyəcəksən” deyiminə də inanır. Çünki öz təcrübəsində bunu yaşayıb. 10-12 ildən
sonra nəhayət ki, bu il Yeni ili öz evində qarşılayacaq. Müsahibimiz gənc səyyah
Rüstəm Şəfiyevdir.
- Maraqlıdır, ilk Yeni il səfəriniz nə vaxt olub və
necə yadınızda qalıb?
- İlk
Yeni il səfərim hardasa 10-12 il öncəyə təsadüf edib. Dostlarla birlikdə
Gürcüstana getmişdik. İlkliyi ilə yanaşı, yadımda qalmağına səbəb olan başqa
faktor da oldu. Qatarla səyahət edirdik. Gömrükdə anlaşılmazlıq oldu və bütün pullarımızı götürdülər. Dedilər ki,
qayıdanda hamısı qaytarılacaq. Dekabrın 31-i Gürcüstana çatanda, əlimizdə qara
qəpik də yox idi. İş günü də deyildi ki, bankla Azərbaycandan bizə pul göndərsinlər.
Yeni il səfərinin ilk 3 günü qəpiksiz qaldıq.
- 3 gün az müddət deyil. Harda qaldınız, nə
yeyib-içdiniz?
- Səhər,
günorta və axşam yeməyi verən bir otel tapdıq. Onlara vəziyyəti izah etdik. Bəxtimiz
gətirdi ki, bizə inandılar. Dedik ki, Azərbaycana qayıdan kimi pulu ödəyəcəyik.
Bu şərtlə bizi otelə götürdülər. 3 günü, eləcə yola verdik. Amma o səfər mənim
üçün təcrübə oldu.
- İndiyə qədər neçə ölkədə olubsunuz?
- ,Təxminən
74 ölkədə. Hər ölkəyə getdiyimdə də, çalışıram ki, bir neçə şəhəri gəzim.
- Dostlarınız deyirlər ki, Yeni ildə sizi Bakıda
tapmaq olmur. 74 ölkənin neçəsinə Yeni ildə gedibsiniz?
- Neçə
il ard-arda Yeni ili səfərlərdə keçirmişəm, ona görə belə deyirlər. Hardasa 10
ölkəyə səfərim Yeni ildə olub. Adətən, Milad bayramı ərəfəsində səfər edirəm.
Çünki Milad bayramını Amerikada, Avropanın bir çox ölkələrində çox maraqlı
keçirirlər. Ötən il Milad bayramını Dubayda keçirdim, çox fərqli gəldi. Milad
bayramında da səfər edəndə, çalışıram ki, bir ölkə ilə kifayətlənməyim, bir neçəsinə
gedim. Almaniyaya gedəndə Çexiyaya da səfər etmişdim. Şəhərin köhnə meydanında
Yeni il yarmarkası var idi. Çox gözəl idi.
- Deyirlər ki, bir Yeni ili evdə keçirmədinsə, 7 il
evdə olmayacaqsan. Bu deyimə inanırsınız?
- Bəli, inanıram. Məndə hətta 7 deyil,
10 olub (gülür).
- Ard-arda 10 il Yeni ili səfərlərdə keçirməyinizin
səbəbi nədir?
- Bunun
iki səbəbi var. Həm Yeni ildə istirahət günləri daha çox olur, həm də Amerika və
Avropa ölkələrində bu bayrama daha çox diqqət yetirilir. Lakin ötən il Milad bayramında
özüm üçün yenilik etdim və Dubaya getdim. Dubay isti ölkədir. Gündüz vaxtı
20-25 dərəcə isti var idi, ancaq şəhərin mərkəzində hər yerdə süni qar yaratmışdılar.
Gəzə-gəzə qartopu oynaya bilərsən. Ona
görə, belə səfərlər edirəm. Bizdə Yeni ili qeyd etmək istəyənlər, adətən
dekabrın 30-u Gürcüstana gedirlər. Mən də bir-iki Yeni ili orda keçirmişəm.
Maraqlıdır, amma o qədər də yox. Ona görə, sonra qərara gəldim ki, Avropa ölkələrinə
getsəm, daha maraqlı olar.
- Bu səfərlər, adətən neçə günlük olur?
- 10-12
gün. Bir şəhərdə olacaqsansa, təbii ki bu müddət çoxdur. Heç olmasa, 3 şəhəri gəzmək
lazımdır. Mən də getdiyim ölkənin bir neçə şəhərində oluram, qonşu ölkələrə də
səfər edirəm.
- Birinci Yeni il səfəriniz dostlarla olub. Bəs
sonra?
- Demək
olar ki, tək səfər etmirəm. Hər dəfə kiminləsə gedirəm. Ən azından yanımda şəkil
çəkən olsun (gülür). Təbii ki, hər kəslə də səyahət etmək olmur. Ortaq
maraqlarımız olan adamlarla səyahətə çıxıram. Elə adam var ki, gedəndə oteldən
kənara çıxmaq istəmir. Yemək yeyir, otağa qayıdır, yaxud yüngülvari gəzir. Yəni
getdiyi ölkə və şəhərin fərqli yerlərini görməyə çox da maraq göstərmir. Müəyyən
qədər gəzmək ona bəs edir. Mən isə səhər oteldən çıxıram, axşam 10-11-dən sonra
qayıdıram. Bütün gün şəhəri piyada gəzirəm. Ona görə, piyada gəzməyi sevən
adamlarla səyahət etmək mənim üçün daha uyğundur.
- Dekabrın 31-dən yanvarın 1-nə keçən gecə də
axşam 10-11-də otelə qayıdırsınız?
- Təbii
ki yox (gülür). Bakıda olanda saat 12 tamamda evdə oluram. Ancaq səfərdəyəmsə,
olduğum ölkədə mərkəzi hissəyə gedirəm. Orda həmişə maraqlı Yenil il tədbirləri
təşkil edilir. Ona görə, həmin gecəni səhərə qədər şəhərdə oluram.
- Ailəlisiniz, maraqlıdır, Yeni il səfərlərində
yoldaşınızı aparırsınız?
- 3 ildir evlənmişəm. 3 ildir səfərlərə yoldaşımla gedirəm. Keçən il Dubay səfərinə
də onunla bir yerdə getmişdik.
- Səfər xərclərindən danışaq… Yeni il ərəfəsində
qiymətlər baha olur.
- Yeni
ildə bilet və otellərin qiymətləri hər yerdə çox baha olur. Ona görə, Yeni ildə
səfər etmək istəyirəmsə, 4-5 ay əvvəldən plan qururam. Bilet və oteli öncədən
bron etsən, qalan qiymətlər təxminən eyni olur. 4-5 ay öncə otel və bilet bron
etməmişəmsə, səyahətə getmirəm. Çünki heç pul məsələsini götürməsək, il sonuna
az qalmış sən mərkəzi hissələrdə otel bron edə bilmirsən. Şəhərdən 30 km
aralıda, amma şəhərdəki qiymətə otellərdə qalmağa məcbur olursan. Ona görə,
planlı səfər etsən, xərcin digər səfərlərdən çox da fərqli olmur. Üstəlik də,
istədiyin oteldə qala bilirsən.
- Bu Yeni ildə deyəsən, səfəriniz yoxdur?
- Deyəsən,
yox.
- Bu il niyə getmədiniz? Büdcə uyğun gəlmədi?
- Getməyə
ölkə tapmadım (gülür). Bizdə bir az çətindir. Gərək Gürcüstan üzərindən gedək.
Ordan da "Wizzair” 40 şəhərə gedir, onların da çoxuna getmişəm. İndi "RyanAir”
də ora gəldi. Bizdən isə "Wizzair” ancaq Budapeştə gedir. Gərək Budapeştə gedib
ordan istədiyin yerə səfər edəsən. Bu isə daha çox xərc aparır.
- Yeni il səfərlərinizdən maraqsız keçənləri olub?
- Yox
olmayıb. Çünki mən səfər planlayanda, gedəcəyim ölkədə Milad bayramının necə
keçirildiyi, Yeni ili necə qarşıladıqları və s.-lə bağlı araşdırma aparıram. Əgər mənim
üçün maraqlı gəlsə, gedirəm. Həm də ona görə maraqsız keçmir ki, hər dəfə fərqli
ölkədə keçirirəm. Eynilik olsa, yəqin ki, darıxdırıcı gələr. Məsələn, indi Yeni
ili Gürcüstanda keçirsəm, maraqsız gələ bilər. Çünki 2-3 dəfə orda Yeni ili
keçirmişəm, artıq mənim üçün yeni nə isə yoxdur.
- Yeni ili keçirmək istədiyiniz, amma hələ getmədiyiniz
ölkə varmı?
- Əlbəttə
ki, var. Amerikada 5-6 dəfə olmuşam. Yeni ili Los-Ancelesdə də keçirmişəm. Amma
Nyu-Yorkda da keçirmək istəyərdim. Yeni ili Nyu-Yorkda "Time Sguare”də də
qarşılamaq çox maraqlı olar. Onunla bağlı videolara baxıram. Həmin gün meydan
insanla dolu olur. Hamı yığışıb orda böyük bir saatda Yeni ilin gəlişi üçün son
dəqiqələri gözləyir. Tamamında da təzə ilin gəlişi münasibətinə böyük bir əyləncə
keçirilir. Düzdür, orda olmuşam, amma yay aylarındakı səfərlərimə təsadüf edib.
Ancaq Yeni il orda bir başqa cür keçirilir. Bir də Laplandiyanın paytaxtı
Ravaniemidə Yeni ili qarşılamaq istəyərdim. Laplandiyada Santa Klausun kəndi
var. Miladın paytaxtı oradır. Ona görə maraqlıdır.
- Maraqlıdır, indiyə qədər səfər etdiyiniz yerlər
siyahısına onlar niyə daxil olmayıb?
- Bilmirəm.
Amma gələn Yeni ildə ikisindən birinə gedəcəyəm. Amerika vizası almışam. 4-cü dəfədir
ki, Amerika vizası alıram. Gələn ili Nyu-York-da keçirməyə çalışacağam.
Aygün
Asimqızı