• cümə axşamı, 28 mart, 22:10
  • Baku Bakı 13°C

“Bir də sənə müsahibə verməyəcəm”

22.07.16 11:17 2007
“Bir də sənə müsahibə verməyəcəm”
Jurnalistlərin il ərzində nə qədər yazı yazdığını hesablasaq, yəqin ki, sayı itirərik. Amma onların içərisində elə yazılar da olur ki, hansısa bir cəhətinə görə tez-tez xatırlayır, maraqlı məqamlarını unutmuruq. Bu gün də mətbuat işçilərinin bayramı olduğu üçün jurnalistlər arasında sorğu keçirib, bu il ərzində ən maraqlı müsahiblərinin kim olduğunu öyrənməyə çalışdıq. Başqa bir sualımız isə belə oldu: "Həmin müsahibi niyə maraqlı hesab edirsiniz?”
Lent.az saytının redaktoru Səbuhi Məmmədli deyir ki, müsahibə janrından demək olar ki, istifadə etmir. O bildirdi ki, bu və ötən illər ərzində Azərbaycan jurnalistikasında nadir və heç kimin edə bilmədiyi reportajları olub: "Məsələn, "3 gün xilafətlə üz-üzə" başlıqlı İŞİD-in bir addımlığından hazırlanan 7 reportajım olub. Bunu Azərbaycanda heç kim etməyib. Müxtəlif ölkələrdən eksklüziv reportajları da bura əlavə etsək, ilin əbəs getmədiyini demək olar”.
Korrespondent.az-ın təsisçisi və baş redaktoru Aygün Muradxanlı il ərzində maraqlı müsahiblərinin çox olduğunu dedi. Amma Hacı Şahin Həsənli ilə müsahibəni xüsusi vurğulamaq istədiyini qeyd etdi: "Bir çox hallarda din xadimləri mediayla təmas qurmağa maraq göstərmirlər. Bu səbəbdən onların konkret məsələlərə baxışları cəmiyyət üçün qaranlıq qalır. Dediyim müsahibədə biz Hacı Şahin Həsənlinin təmsil etdiyi kəsimin bir çox məsələlərə baxışını topluma təqdim edə bilmişdik”.
"Yeni Müsavat” qəzetinin əməkdaşı Sevinc Telmanqızı müsahibləri arasında heç vaxt ayrı-seçkilik etmək istəmədiyini bildirdi. Çünki hər biri ilə etdiyi söhbət ürəyincə olub: "Amma son bir ildə ən çox Rauf Mirqədirov və Pərviz Həşimli ilə müsahibəm yadımda qalıb. Onlarla müsahibəni həbsdən çıxdıqdan sonra edilən söhbət kateqoriyasında çox maraqlı hesab edirəm. Son illər daha çox insanların sevincini paylaşacağım söhbətləri sevirəm”.
"Şərq” qəzetinin müxbiri Şəymən Bayramova da il ərzində maraqlı və səmimi müsahibələrinin çox olduğunu dedi. Bildirdi ki, hər gün olmasa da, hər həftə ən azı bir-iki dəfə hansısa maraqlı söhbətlər olur. Bəzən müsahiblə sağollaşandan sonra həmin məsələni əməkdaşlarla müzakirə edib bir xeyli gülürlər. Amma telefonu söndürənədən sonra əsəbləşdiyi hallar da olur. İl ərzində yadında qalan müsahibələrdən biri millət vəkili Vahid Əhmədovla olub: "Neftin qiymətinin qalxması fonunda manat niyə zəifləyir” tipli yazı hazırlamalı idim. Vahid müəllim vaxtının az olduğunu əvvəldən demişdi. Amma ara vermədən suallarımı verdim. Bir neçə dəfə: "Sonuncu sualımdır”- deyib, müsahibəni yenidən uzatdım. Axırda Vahid müəllimin hövsələsi daraldı və dedi: "Nə çox sual verdin? Telefonla da bu qədər müsahibə götürərlər? Bir də sənə müsahibə verməyəcəm”. Bir müddət zəng eləmədim ki, yadından çıxım. Ən çox güldüyüm yazılarımdan biri də Hövsanda şəhərə qaçan ayı balası ilə bağlı idi. Ekologiya və Təbii Sərvətlər Nazirliyinə zəng elədim, oradan da Fövqəladə Hallar Nazirliyinə yönləndirdilər. Deyəsən, məndən əvvəl də FHN-ə çox zənglər olmuşdu. Oktay müəllimə zəng edən kimi güldü: "Bu ayı balası bütün mətbuatı barmağına dolayıb, hamı onu axtarır, camaatı işə salıb”.
"525-ci qəzet”in müxbiri Samirə Quliyeva hesab edir ki, maraqlı müsahib deyərkən tək bir nəfərin adın çəkmək çətin olardı. Çünki müsahibə alarkən onun maraqlı olması tək müsahibdən yox, jurnalistdən də asılıdır: "Amma hər halda onu deyə bilərəm ki, bəzi müsahiblər var ki, onların danışığından həqiqətən nəsə öyrənirik. Dietoloq Şəmsiyyə Namazlı maraqlı müsahibdir. Bundan əlavə, psixoloq Elnur Rüstəmov, iqtisadçı ekspert Vüqar Bayramovdan hər zaman dolğun, lazimi fikirləri almaq olur”.
Qafqazinfo.az saytının müxbiri Günel Hacının xatırladığına görə, bu il yaddaqalan müsahibi Kamran Həsənli olub: "Məhkəmə prosesləri ilə bağlı suallara cavab verməyəcəyini demişdi. Ona görə müsahibə boyu mən fırlayıb həmin sualları verməyə çalışırdım, o da qaçmağa. Axırda hər şey Mikayıl Güləddinoğlunun başında partladı. Onun haqqında danışdı. Müsahibədən sonra jurnalistlər Mikayıla, Mikayıl da Kamrana zəng vurub. O da jurnalistlərə mənim şişirtdiyimi, mənə də jurnalistlərin açıqlama alanda şişirtdiyini demişdi. Ümumilikdə müsahibəni bəyənmişdim, sonrakı qarışıqlıqlarla istəməyərəkdən şou gündəmini zəbt etmişdim”.
Femida.az saytının müxbiri Mircəlal Məcidli (Miri Məcidli) deyir ki, bu il ərzində müxtəlif sahələrin insanları ilə müsahibələri olub. Onların hər birinin özəlliyi var. Ancaq respublika çempionu Aytən Mir-Əliyeva ilə müsahibəsi xüsusilə yadında qalıb: "O xanımda həm qadın zərifliyi, həm də güclü əzələ var. Bu baxımdan da mənə çox maraqlı gəldi”.
Jurnalist Naibə Qurbanovanın yadında qalan müsahibi Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev olub. Bu müsahibəni yaddaqalan edən isə müsahibədən ötrü 4 dəfə Milix Yevdayevlə görüşməsidir. Səbəb müsahibin söhbətə düzəlişlər etmək istəməsi olub.
Teleqraf.com saytının müxbiri Rəqsanə Həsənova da bu il maraqlı müsahibələrinin çox olduğunu dedi. Yadda qalanlarını isə bizimlə bölüşdü: "Məşhurlardan xüsusilə Xuraman Qasımova mənim üçün maraqlı müsahib olub. Maraqlı və ağıllı müsahiblərdən insan özü üçün də nə isə götürür. Xuraman Qasımova o tipli müsahiblərdən idi. Yadda qalan bir xatirəni danışmaq istəyirəm. Rəfiqəmlə Ramiz Əzizbəylidən müsahibə götürmək üçün evinə getmişdik. Həyat yoldaşı ilə danışan zaman ziyarət etmək istədiyimi bildirmişdim. Ramiz müəllim evinə gəlməyimizə, onu ziyarət etməyimizə çox sevindi, amma müsahibə verməyəcəyini qəti şəkildə bildirdi. Buna səbəb kimi xəstə olduğunu və nitqinin yaxşı olmadığını bildirdi. Həyatımda ilk dəfə idi ki, belə situasiya ilə qarşılaşırdım. Bilmirdim nə deyim. Amma müəyyən müddətdən sonra müsahibə götürməyə nail olduq. Hətta həyat yoldaşından da müsahibə götürdük”.
Mənim özümə gəldikdə isə il ərzində maraqlı və yaddaqalan müsahibələrim çox olub. Amma hazırda Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun direktor müavini Elmar Allahverdiyevdən müsahibə almalıyam. Müsahib müsahibəyə razılıq verib. Amma problem odur ki, iki həftədir ki, müsahibə alınmır. Müsahibin vaxtı olanda mənim vaxtım olmur, mənim vaxtım olanda da müsahibimin.
Ümumilikdə götürəndə çox zaman maraqlı yazıların maraqlı da məqamları olur. Çünki jurnalistika çətin, məsuliyyətli olduğu qədər də maraqlı bir sahədir. Bayramınız mübarək, əziz həmkarlar!
Aygün Asimqızı
banner

Oxşar Xəbərlər