AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Bir daha qeyri-leqal əmək barədə…

Bir daha qeyri-leqal əmək barədə…

İqtisadiyyat
26 Fevral 2013, 11:47 1858
Jurnalist həmkarlarımdan biri ilə sosial şəbəkədə yazışırıq. Xanım həmkarım yazır ki, analıq məzuniyyətinə çıxmağa hazırlaşır, lakin bir problemlə üzləşib: “İndiyədək işlədiyim qəzetdə əməkhaqqı alanda cədvələ imza atmışam, amma indi deyirlər ki, sən ştatda deyilsən, adına sosial sığorta ayrılmır və buna görə də məzuniyyət haqqı ala bilməyəcəksən”.

Bu cür və oxşar problemlərlə tək mətbuatda yox, bir çox sahələrdə çalışanlar rastlaşırlar. Əmək bazarında mövcud olan çoxlu problemlərdən biri də qeyri-leqal məşğulluqdur. Bu sahədəki vəziyyətlə bağlı aparılan araşdırmalar göstərir ki, bu gün ölkədə iqtisadi fəal əhalinin sayı 4,5 milyon nəfərdən çoxdur və onların 4,4 milyonu məşğul sayılır. Statistikaya görə, 200 min insan, yəni 6% iş axtarandır. 4,4 milyon insanın yalnız 1 milyon 432 min nəfəri muzdlu əməyə cəlb olunanlardır. Onların böyük əksəriyyəti isə mülki-hüquqi müqavilə ilə işləyənlərdir. Belə məlum olur ki, ümumiyyətlə, əmək bazarında 2 milyon 900 min nəfər muzdlu işə cəlb olunmayan, amma məşğul şəxs var. Bu insanların böyük bir hissəsi torpaq sahibləri və mülkü müqavilə əsasında çalışanlardır. Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədovun sözlərinə görə, mövcud qanunvericiliyə və beynəlxalq normalara görə, vətəndaşlar məcburi əməyin iştirakçısı olduğu halda, onlarla belə müqavilələrin bağlanması yolverilməzdir: “Bu, böyük problemdir və qeyri-leqal əmək bazarına şərait yaradır”.

Ölkədə təxminən 30-40 min nəfəri əhatə edən bir problem isə fərdi qulluqçuların, ev işçilərinin heç bir müqavilə və ya sənəd olmadan əməyə cəlb edilməsidir. Son illər bu cür peşələrin çeşidinin artmasını (məsələn, dayə, aşpaz, xadimə, bağban, cangüdən, sürücü və s.) nəzərə alsaq, bu problemin ciddi xarakter aldığını görərik. S.Məmmədov deyir ki, həm də qanunvericilikdə müəyyən uyğunsuzluqlar var ki, onlar mütləq aradan qaldırılmalıdır: “Məsələn, Məcəlləyə sahibkar olmayan fiziki şəxs anlayışı daxil edilməlidir. Yəni qulluqçuları işlədən şəxs sahibkar deyil, amma muzdlu əməyə cəlb edən tərəf kimi qeydə alınmalı və bunun müqabilində vergi ödəməlidir”.

Jurnalist həmkarımızın üzləşdiyi problemə gəlincə, həmsöhbətimiz deyir ki, müəssisədə işçilərin adı və ştat cədvəli olduğu halda, onlarla əmək müqaviləsinin bağlanmaması son dövrlər daha sıx rast gəlinən problemlərdəndir: “Başqa bir problem isə işçilərlə formal əmək müqavilələrinin bağlanmasıdır. Bu cür sənədlərin heç bir hüquqi əsası yoxdur və onları bağlayanlara bunu başa salmaq lazımdır”.

“Bəzən vətəndaşlar da qeyri-leqal əməyə həvəsli olurlar”

Qeyd edək ki, “Vergilər” və “Kaspi” qəzetlərinin bir müddət öncə birgə təşkil etdiyi “Azərbaycanda əmək bazarı: qeyri-leqal məşğulluqla mübarizə” mövzusunda dəyirmi masada da bu problem müzakirə edilib. Tədbirdə iştirak edən Dövlət Məşğulluq Xidmətinin Əmək bazarının təhlili və statistika şöbəsinin müdiri İsa Həsənov bildirib ki, qeyri-leqal məşğulluğun yaranması səbəblərini araşdırmaq üçün, ilk növbədə, respublikada əmək bazarındakı mövcud vəziyyətə nəzər salmaq lazımdır. “Son illər Azərbaycanın sosial-iqtisadi inkişafı ilə bağlı əmək bazarında ciddi canlanma və fəallıq müşahidə olunur” deyən şöbə müdirinin sözlərinə görə, həyata keçirilən tədbirlər nəticəsində 2012-ci ilin yekunlarına görə Azərbaycanda əhalinin məşğulluq səviyyəsi 94,7% təşkil edib: “Ölkədə hazırda işsizlik səviyyəsi 5,3%-dir, iqtisadi fəallıq səviyyəsi isə 74,2% təşkil edir. Dövlət məşğulluq orqanları tərəfindən işsiz statusu verilmiş vətəndaşların sayı 0,8%-dir. Əmək bazarında əsas məsələlərdən biri də əmək resurslarının düzgün bölgüsüdür. Statistika göstərir ki, kəndlərdə məşğulluğun səviyyəsi şəhərlərə nisbətən daha yüksəkdir. Ümumilikdə, respublika üzrə məşğul əhalinin 52%-i əsasən kənd təsərrüfatı, meşəçilik, sənaye, tikinti, 48%-i xidmət sahələrində çalışır. 2012-ci ildə məşğulluq xidməti orqanlarına müraciət edən işaxtaranların sayı 49326 nəfər olub. Həmin vətəndaşların 29750 nəfəri və ya 60%-i müvafiq iş yerləri ilə təmin olunub. 464 nəfər peşə hazırlığı kurslarına, 1483 nəfər haqqı ödənilən ictimai işlərə yönəldilib. 3286 nəfərə isə işsizlik statusu verilməklə işsizlik müavinəti təyin edilib”.

İ.Həsənov həmçinin bildirib ki, bütün bunlarla yanaşı, müəyyən yaş qrupları üzrə - xüsusən də ali təhsilli gənc mütəxəssislərin, o cümlədən yaşı 50-ni keçmiş insanların məşğulluğunun təmin edilməsində müəyyən problemlər mövcuddur. Bu cür çətinliklərin olması isə bəzi hallarda insanları qeyri-leqal məşğulluğa, əmək müqaviləsi olmadan işləməyə məcbur edir: “Əksər hallarda işçilərlə əmək müqavilələrinin deyil, mülki-hüquqi müqavilənin imzalanması da ən ciddi problemlərdən biridir.

Qanunvericiliyə görə, işçi ilə mülki-hüquqi müqavilə müəyyən müddət üçün imzalana bilər. Lakin bəzən işəgötürənlər işçiləri uzun illər ərzində, sadəcə, mülki-hüquqi müqavilə əsasında işlədirlər. Nəticədə işçilər əmək müqaviləsinin yaratdığı bir sıra hüquqlardan məhrum olurlar”.
Şöbə müdirinin sözlərinə görə, ümumiyyətlə, qeyri-leqal məşğulluğun aradan qaldırılması ona görə çətindir ki, bəzən vətəndaş könüllü olaraq əmək müqaviləsi olmadan işləməyə razı olur, aldığı məvacib onu razı salır: “Lakin belələri unutmamalıdırlar ki, sabah işsiz qalacaqları təqdirdə, dövlət məşğulluq orqanları onların barələrində hər hansı sosial müdafiə tədbirləri həyata keçirə bilməyəcək, həmin şəxslər normal pensiya almaq imkanından məhrum olacaqlar. Bu səbəbdən də əmək münasibətlərinin rəsmiləşdirilməsi məsələsində işçinin və işəgötürənin eyni dərəcədə fəallığı lazımdır”.

DSMF: “Bu problemə çeviklik olan sahələrdə rast gəlinir”

Dövlət Sosial Müdafiə Fondundan bildirildi ki, qeyri-leqal məşğulluq və əmək müqavilələrinin rəsmiləşdirilməməsi halları dünyanın bütün ölkələrində mövcuddur. Fondun maliyyə-büdcə şöbəsinin rəisi İdris İsayevin sözlərinə görə, adətən işçi qüvvəsinin hərəkətinin sürətlə dəyişdiyi, çeviklik olan sahələrdə - ticarətdə, ictimai iaşə və nəqliyyat sektorlarında, tikintidə qeyri-leqal məşğulluğa daha çox təsadüf olunur. Hazırda Azərbaycan əhalisinin kifayət qədər gənc olduğunu deyən İ.İsayev bildirdi ki, ölkədə əməkqabiliyyətli insanların xüsusi çəkisi yüksəkdir: “Buna baxmayaraq, əmək müqaviləsi ilə işləyənlərin məşğul əhalinin (bu, 4,4 milyon nəfərdən bir qədər çoxdur) cəmi 31-32%-ni təşkil etməsi normal göstərici sayıla bilməz. Müqayisə üçün bildirək ki, əksər ölkələrdə bu göstərici bizdən iki dəfə çoxdur”.

Fond rəsmisinin sözlərinə görə, digər problem ümumi daxili məhsulda, əhalinin gəlirlərində əməkhaqqının xüsusi çəkisinin azlıq təşkil etməsidir: “Bu fakt göstərir ki, hazırda respublikada nəinki iş yerlərinin, əməkhaqqının leqallaşdırılmasında da problemlər mövcuddur. Hazırda respublikada həyata keçirilən siyasət, reallaşdırılan tədbirlər də məhz bu problemlərin həllinə - qeyri-leqal məşğulluğun aradan qaldırılmasına, iş yerlərinin, əmək¬haqqının rəsmiləşdirilməsinə xidmət edir. Əlbəttə, işəgötürənin işçi ilə formal olaraq əmək müqaviləsi imzalaması mümkündür. Lakin burada əsas şərt hər bir işçiyə görə sosial sığorta haqlarının Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcəsinə ödənilməsidir. Yalnız bu halda iş yerlərinin leqallaşdırılmasından söhbət gedə bilər. Statistika göstərir ki, DSMF 2012-ci ildə 2011-ci ilə nisbətən qeyri-büdcə sektorunda 22,1% çox sosial sığorta haqqı toplayıb. Qeydiyyatda olanların sayında da ciddi artım mövcuddur. Bu, onu göstərir ki, dövlət strukturları mövcud problemləri həll etməyə qadirdir və bu istiqamətdə ciddi tədbirlər həyata keçirilir”.

Həbibə ABDULLA