• cümə, 29 Mart, 09:18
  • Baku Bakı 5°C

Bir-birinə güvəni sonsuz olan cütlük - Ailə

15.11.19 12:00 3765
Bir-birinə güvəni sonsuz olan cütlük - Ailə
Xəyal Azəroğlu: "Günay bir az anama oxşadığı üçün məndə maraq oyatdı”
Günay Verdiyeva: "Xəyal həmişə davranışları ilə mənə dəyərli olduğumu hiss etdirib”
Onlara görə, evliliyin əsas şərtlərindən biri qarşılıqlı anlayış və güvəndir. Və düşünürlər ki, insan həm maddi, həm də psixoloji cəhətdən özünü ailə qurmağa hazır hiss etdiyində evlənməlidir.
"Ailə” rubrikasının bu dəfəki qonaqları "Azersun Holding”in İctimaiyyətlə Əlaqələr departamentinin bölmə müdiri Xəyal Azəroğlu və xanımı keyfiyyətə nəzarət üzrə mütəxəssis Günay Verdiyevadır. Cütlüyümüzün Azər adında bir övladı var.
2017-ci ildə təsadüf nəticəsində qarşılaşan Xəyalla Günay maraqlı tanışlıq hekayəsi bölüşürlər. Eyni şirkətdə, amma fərqli departamentlərdə çalışmışlar. Xəyal deyir ki, ilk baxışda Günay diqqətini cəlb edib və elə o vaxtdan onunla maraqlanmağa başlayıb: "Bir işlə bağlı Günaygilin departamentinə getmişdim, təsadüfən orda gördüm, diqqətimi cəlb etdi. Xüsusilə də, bir az anama oxşadığı üçün məndə maraq oyatdı və kim olduğunu araşdırmağa başladım. Bir müddət sonra sosial şəbəkədə dost olduq. Həmin gündən tez-tez yolumu onların departamentindən salırdım. Hər dəfə bir bəhanə ilə ora gedib ünsiyyət qurmağa çalışırdım. Düzdür, bir qədər çətin olsa da, istəyimə çatdım. Müəyyən qədər ünsiyyətimiz var idi, amma tam olaraq yaxınlaşıb fikirlərimi deməyə cəsarət etmirdim. Bir gün təsadüfən iş çıxışı turniketdə rastlaşdıq. Demək, mən gedirəm, arxamca da Günay gəlir. Dönüb Günaya baxa-baxa salam verirdim və bu məqamda turniketə kartı yaxınlaşdırmağı unudub birbaşa keçdim. Birdən qulağıma nə isə səs gəldi, döndüm ki, turniketi sındırmışam. Həmin an hamı mənə baxdı, açığı çox utanmışdım (gülür). Ondan sonra qərara gəldim ki, belə olmaz, gərək hisslərimi açıq etiraf edim. Bir neçə dəfə işdə qarşısını kəsib danışmaq istədiyimi bildirəndə, dayanmırdı, qaçıb gedirdi. Gördüm ki, real alınmayacaq, axırda sosial şəbəkədə mesaj yazıb hər şeyi açıqlayıb, fikrimin ciddi olduğunu dedim. Daha sonra yenə şirkətdə yaxınlaşıb danışmaq istədiyimi bildirəndə, bu dəfə etiraz etmədi. Sonda görüşməyə razı oldu və qərarlaşdıq ki, başqa bir məkanda oturub söhbət edək, bir-birimizi tanıyaq”.
Hisslərini açıq şəkildə etiraf etməsi xoşuma gəldi
Günay deyir ki, Xəyala iş yoldaşı kimi yanaşırmış, onların otağına məhz ona görə tez-tez gəldiyini düşünmürmüş: "Xəyalı işdə bir müddət idi ki, tanıyırdım, amma heç vaxt ağlıma gəlmirdi ki, mənə qarşı hissləri var. Bir gün iş çıxışı hamı evə gedirdi. Ayrı-ayrı departamentlərdə olsaq da, çıxış bir qapıdan idi. Necə oldusa, çıxışda qarşılaşdıq, Xəyal salam verib yanımdan keçdi və turniketə doğru yaxınlaşdı və həmin hadisə baş verdi (gülür). Ondan sonra artıq mənim diqqətimi çəkdi və o an dərin duyğular hiss etməyə başladım. O duyğuları hiss edəndə isə, əks bir düşüncə ağlına gəlmir. Daha sonra sosial şəbəkədən yazıb hisslərini açıq şəkildə etiraf etməsi də xoşuma gəldi, ona görə tanımaq üçün şans verdim”.

Xəyalı sevirdim və sevdiyim insanı tanımaq üçün...
İlk görüş bir çoxları üçün özəl və müəyyən gözləntilərlə dolu olur. Maraqlıdır, cütlüyümüzün ilk baş-başa görüşü necə keçib? Günay bildirir ki, görüşə gedərkən artıq Xəyal haqqında olan düşüncələri dəqiq idi: "Görüşə sırf Xəyalla söhbət etmək üçün getdim. Bəzən insanların beynində müəyyən suallar olur ki, gedim yoxlayım, görüm necə insandır, mənə uyğundur, ya yox, uyğun olmasa, bir də görüşmərəm. Bu fikirlərin heç biri məndə yox idi. Mən Xəyalı sevirdim və sevdiyim insanı tanımaq üçün görüşə getmişdim. Artıq bir müddət idi ki, birlikdə işləyirdik təxmini necə biri olduğunu anlamışdım. Ona görə görüşə gedəndə, gözləmədiyim bir davranış tərzi ilə qarşılaşacağımı düşünmürdüm”.
Kilometrlərlə piyada gedərək

Günayın razılığını alandan sonra, cütlük artıq iş mühitində də birlikdə vaxt keçirir, bir-birini daha yaxından tanıyır. Xəyal işdən kənar görüşləri zamanı sırf birlikdə daha çox vaxt keçirmələri üçün Günaygilin evinədək piyada gəzdiklərini deyir: "Günay saat 6-da işdən çıxırdı və ən geci 1 saat yarıma evdə olmalı idi. Vaxtımızı kilometrlərlə piyada gedərək dəyərləndirirdik. Bu, həm sağlamlığımız üçün faydalı idi, həm də söhbət etməyə zamanımız olurdu (gülür). Elə vaxt olurdu ki, restoranda oturub yemək yeyirdik, kafedə qəhvə içirdik. Yəni maksimum dərəcədə zamanımızı səmərəli keçirməyə çalışırdıq. Onu da deyim ki, söhbətimiz sadəcə sevgi, eşq, ailə mövzusunda deyildi. Hər mövzudan danışa bilirdik. Beləcə, bir-birimizi tam tanımaq şansımız oldu”.
- Bəs, iki insan ailə qurmaq üçün bir-birilərini nə qədər müddət və necə tanımalıdırlar?
Xəyal: Bu, insandan asılı olaraq dəyişir. Elə biri ola bilər ki, onu ilk görüşdən, söhbətdən necə xarakterə sahib olduğunu anlayarsan, bəzən isə aylarla da danışsan, tanıya bilmərsən. Mən Günayı ilk görüşdən tanıdım. Çünki ürəyində olan dilində, üzündə idi. Amma konkret zamana gəlincə isə, təxmini bir neçə aya tanımaq olar. Bir məqamı da qeyd edim ki, insanın davranışı dəyişir, amma xarakteri yox.
Günay: Məncə də, müddət anlayışı yoxdur. Ailə çox müqəddəsdir. İnsanlar bu mövzuya saxtakarlıqla yanaşmamalı, özlərini bir-birinə olduqları kimi tanıtmalıdırlar. Bəzən insanların evlilik həyatından gözləntiləri fərqli olur. Bu zaman da cütlüklər arasında anlaşmazlıq yaranır. Ona görə, bir-birilərini yaxşı tanımalı və tanıtmalıdırlar.

- Maraqlıdır, siz evlilikdən sonrakı dövrdə bir-birinizdə nələri kəşf etdiniz ki, sevgililik dönəmində bunu bilmirdiniz?
Günay: Söhbətin əvvəlində Xəyal məni anasına oxşatdığını və münasibətimizin yaranmasında bu oxşarlığın da müəyyən dərəcədə rol oynadığını qeyd etdi. Əslində, bu, qızlarda da belədir. Öz həyat yoldaşlarında atalarına aid nə isə axtarırlar. Xəyalda da atamdakı kimi ailəyə bağlılıq hissinin olduğunu duydum. Yəni, evlilikdən sonra mən yox, biz olduq. Xəyalda olan ailəcanlılığı, bölüşmək duyğusunu evləndikdən sonra gördüm və bu mənim üçün çox dəyərlidir.
Xəyal:Günayın çox sual vermə bacarığını kəşf etdim (gülür). Əslində, bu, başadüşüləndir. Çünki universitetdən sonra yenicə iş həyatına atılmışdı ki, ailə qurduq və ev işlərinə aid bir çox şeyi bacarmırdı. Nə yemək bişirməyi, nə evin təmizliyini necə edəcəyini bilmirdi. Mən evlənməmişdən öncə uzun müddət tək yaşadığım üçün bunları bilirdim və yavaş-yavaş Günaya da öyrədirdim. Demək, olar ki, hər şeyi soruşurdu. İndi hər işi məndən yaxşı görür. Onu deyim ki, ailə həyatı mənə də özümü kəşf etmək şansı verdi. Anladım ki, həqiqətən ailəyə bağlı insanam. Övladım və onun gələcəyi haqqında düşünməyə başladım.
- Gənclərimizin bir çoxu evlilik təklifini maraqlı sürpriz şəklində edir. Sizdə bu proses necə oldu?
Xəyal: Heç vaxt belə nüanslara önəm vermirəm. Mən münasibətin ilk günündən məqsədimin evlilik olduğunu Günaya demişdim və biz evlilik yolunda irəliləyirdik. Bir də niyə "mənimlə evlənərsən?” sualını verim ki? Yəni təntənəli nə isə etməyə ehtiyac duymadım.
Günay: Əslində, heç vaxt qırmızı gül, şar, hədiyyə həvəsində olmamışam və belə bir gözləntim də yox idi. Amma Xəyal həmişə davranışları ilə mənə dəyərli olduğumu hiss etdirib.
- Xəyal bəy aktiv "facebook” istifadəçisi olmağına baxmayaraq, sizin profiliniz yoxdur. Bu, sizdə qısqanclıq hissi yaratmır? Yəni heç olubmu, "facebook” profilinə daxil olaraq fəaliyyətini izləyəsiniz?
Günay: Xeyir, elə bir qısqanclıq hissim olmayıb. "Mənim profilim yoxdur, səndə niyə var?” fikri də yaranmayıb. Çünki Xəyalın "facebook” səhifəsindən mən də istifadə edirəm. Bu, qətiyyən onun fəaliyyətini, kimlərlə danışdığını yoxlamaq məqsədi ilə olmur. Məsələn, mən onun telefonun kodunu bilmirəm. Təsadüfən kompüterdə açıq olanda və ya telefonda paylaşımlara birlikdə baxanda, nələrisə görürəm. Sosial şəbəkədən isə özüm könüllü şəkildə imtina etmişəm. Bu seçimimdə Xəyalın rolu yoxdur və bunun əskikliyini də hiss etmirəm.
Xəyal: Mənim nə instaqram, nə də feysbuk parolumu Günay bilmir. Çünki buna ehtiyac yoxdur, evə gəldim telefonum göz qabağında olur. Mənim profilimdən də ortaq istifadə edirik. Onun üçün nə isə maraqlı olanda, mənim profilimlə daxil olub istədiyi məlumatı əldə edə bilər.

- Amma, etiraf etmək lazımdır ki, günümüzdə gənclər arasında yaranan münaqişələrin bir hissəsi də sırf bu sosial şəbəkə kodu ucbatındandır. Sizcə, bu nədən irəli gəlir?

Günay: Sırf səthi düşüncənin göstəricisidir. Bunun başqa bir açıqlaması ola bilməz.
Xəyal: Bu, artıq qısqanclıq deyil, güvənsizliyin əlamətidir. Məsələn, heç bir profilimin kodunun Günayda olmamağı o demək deyil ki, nə isə problem var. Nədənsə, bu mövzulara pis baxıram. Müasir dövrdə yaşayırıq. İkimizin də votaspı var. Mən işlə bağlı xanımlarla danışa bilərəm. Günay da bilir ki, bu, mənim işimdir. Nə mən, nə də Günay hələ bu vaxtadək bir-birimizin telefonunu götürüb yazışmalara baxmamışıq. Aramızda sözləşmişik ki, evdə mobil telefonla məşğul olmayaq. Daha çox bir-birimizlə vaxt keçiririk, söhbət edirik, oğlumuzla oyunlar oynayırıq.
Maraqlıdır, münasibətinizdə ən çox güzəştə gedən tərəf kim olur?
Xəyal: Günay (gülür).
Günay:Açığı, evləndikdən sonra elə də ciddi problemimiz olmayıb. Sadəcə, gündəlik xırda məişət problemi yaşanır. Xəyal çox emosional insandır, tez reaksiya verir. Həmin məqamlarda isə mən güzəştə gedirəm.
- Son olaraq gənclərə tövsiyələriniz nələrdir?
Xəyal: Belə bir deyim var ki, subaylıq sultanlıqdır. Həqiqətən də elədir, amma bəlli bir yaşa qədər. Elə gənclərimiz var ki, 20-21, bəziləri isə 25 yaşdan sonra evlənir. Gənclərə tövsiyə edə bilərəm ki, doğru məqamda evlənsinlər. Təhsillərini başa vursunlar, iş həyatı ilə tanış olduqdan, özlərini həm psixoloji, həm də maddi cəhətdən evliliyə hazır hiss etdikdən sonra ailə qursunlar. Bir çox insan evləndikdən sonra sosial həyatının bitəcəyini düşünür, amma bizdə elə deyil, mən dostlarımla, Günay rəfiqələri ilə görüşür. Bu tip məsələlərdə bir-birimizə qadağa qoymamışıq.
Günay: Məncə də, insan özünü hazır hiss etdikdə evlənməlidir. Burada fiziki yaşdan çox, düşüncə olaraq hansı yaşda olmağımız önəmlidir. Müəyyən bir yaşdan sonra insan kimləsə daimi olaraq nəyisə bölüşmək, hər addımında yanında olacaq birini istəyir. Ən əsası, evlilik həyatımızı çərçivəyə salmırsa, şablonlaşdırmırsa, evlənmək olar. Bundan başqa, evlənən iki şəxs birlikdə vaxt keçirməyi istəməlidir. Bəzi evliliklərdə kişilər daha çox dostları ilə olanda xanım deyinir, evdə müəyyən problemlər yaranır. Amma Xəyal dostları ilə də əylənir, evə gələndə övladımızla, mənimlə də vaxt keçirir. Qarşılıqlı olaraq bir-birimizi anlayırıq.
Günel Azadə




banner

Oxşar Xəbərlər