• cümə axşamı, 28 mart, 22:24
  • Baku Bakı 13°C

Bir bəstəkarın vətənpərvərlik mövqeyi

16.05.17 14:30 2983
Bir bəstəkarın vətənpərvərlik mövqeyi
"Dağlarda yaşayan insan evini daşdan tikir, meşədə yaşayan isə, təbii ki, ağacdan.Bizbəstəkarlar da, yaradıcılığımızda bizi əhatəedən xalq musiqimizdən bacarıqla istifadəetməliyik”.
Qara Qarayev
Tarixin səhifələrini vərəqləyərkən, görürük ki, Azərbaycanın keşməkeşli tarixi yolu öz enişli və yoxuşlu səmti ilə çox fərqlidir. Azərbaycan qədim mədəniyyət ölkəsidir. Xalqımızın istedadı və yaradıcılıq qüdrəti "Kitabi-Dədə Qorqud", "Oğuznamə", "Koroğlu" və bir çox başqa epik abidələrdə təcəssüm edib. Bu əsrarəngiz məmləkət filosofların, alimlərin, şairlərin, memarların, musiqiçilərin, rəssamların vətənidir.
Qara Qarayevin sonucu tələbəsi
Müstəqillik dövründə mədəniyyət və incəsənətə ciddi münasibət formalaşıb. 1991-ci ildən bu günə qədər incəsənətimizə nəzər salsaq, görərik ki, məhz müstəqilliyimizin qığılcımları bəstəkarların yaradıcılığında qeyri-adi obraz təcəssümü gənclərin vətənpərvər tərbiyəsinə böyük təsir göstərmiş və əsərlərin obraz genişliyi məhz haqq-ədalətin təntənəsini əks etdirir. Belə bəstəkarlardan biri də Cəlal Abbasovdur. Respublikanın xalq artisti, professor Əşrəf Abbasovun şəcərəsinin bu günə qədər öləziməmış şöləsinin ləyaqətli varisi, geniş erudisiyaya malik bir şəxsiyyət, pedaqoq, etnomusiqişünas, əməkdar incəsənət xadimi, BMT mükafatı laureatı və 35 illik yaradıcılıq təcrübəsinə malik C.Abbasov müasir yazı texnikası ilə Azərbaycan musiqi mədəniyyətində xüsusi yer tutmuşdur. 1957-ci il may ayının 8-də Əşrəf Abbasovun ocağında yenicə doğulmuş bir oğlan uşağının səsi ucaldı ki, o uşaq sonradan görkəmli Azərbaycan bəstəkarı, xalq artisti, professor Ə.Abbasovun nəsil şəcərəsinin layiqli davamçısı oldu. Eyni zamanda, həyat C.Abbasova bir bəxşiş də etmişdir. O, uşaqlıqdan yaradıcı bir atmosferdə böyüməklə yanaşı, həm də bu sənətə yiyələnmə dövründə Azərbaycanın tanınmış bəstəkarı Qara Qarayevin tələbəsi və taleyin hökmü ilə sonuncu məzunu olmuşdur. C.Abbasov öz yaradıcılığında Q.Qarayev və Ə.Abbasovun bəstəkarlıq məktəbini bir bulağın iki gözü kimi bir məcrada birləşdirərək, indiyədək öz mənəvi, tarixi missiyasını ləyaqətlə daşıyır. Bu fikirlərlə yanaşı, hər bir bəstəkarın yaradıcılığında xüsusi bir rol oynayan soykökü ilə bağlılığı da mühüm rol oynayır. C.Abbasovun soykökü yurdumuzun gözəl diyarı olan Qarabağın tarixi bir məkanı Şuşa ilə bağlıdır. Bildiyimiz kimi, Şuşa Azərbaycanın ən nəğməkar guşəsi olmuş və burada vaxtaşırı keçirilən ədəbi-musiqili məclislərdə məşhur şairlər, xanəndələr, çalğıçılar iştirak edərdilər. Bu ab-hava, xalq musiqisinə dərin maraq bəstəkarın damarlarından süzülərək, onun əsərlərində öz əksini tapmışdır. Bu da bizə bəstəkarın yaradıcı simasında musiqi duyumunun milli özünəməxsusluğu ilə fərqlənməsi və bu millilik üzərində öz novator ideyalarının qurulması bərədə söz açmağa imkan verir. C.Abbasovun yaradıcılığına nəzər salsaq, görərik ki, onun obraz dairəsi çox genişdir. Tarixdə elə bir mütərəqqi yaradıcı insan təsəvvür etmək mümkün deyildir ki, o, sinəsində boya-başa çatdığı, laylası ilə uyuduğu, oxşaması ilə oyandığı müqəddəs torpağını, vətənini ən əziz neməti kimi tərənnüm etməmiş olsun. Bax, beləcə, vətən-torpaq vurğunu C.Abbasov da bütün baş verən hadisələri yüksək səviyyədə tərənnüm etmişdir. Onun «İf I jould see you again…» (Səni bir daha görə bilsəydim…) sərlövhəli IV simfoniyası, qarışıq xor üçün yazılmış «Mərdlik» kantatası, «Biz vətəni sevirik!», Şəhriyar qəsidəsi (Qalx anam Azərbaycan!) mahnıları və s. bu kimi vətənpərvərlik ruhunda yazılmış əsərlər bütün bu deyilənlərin sübutudur. Bütün bu adı çəkilən əsərlər məhz yaradıcı şəxsin musiqi təfəkkürünün bəhrəsi kimi mənalandırıla bilər. O dövrdə baş verən proseslərə rəssamlar öz rəsm şəkilləri, şairlər öz şerləri, bəstəkarlar isə öz musiqi əsərləri ilə münasibətlərini bildirirdilər. Yəni bəstəkar o dövrə münasibətini, xalqına məhəbbətini, düşmənə mövqeyini, öz duyumunu əsərləri ilə göstərməyə nail olur. İndi isə hər əsər haqqında qısaca da olsa söhbət açaq.
İgid oğul düşmənə yalvarıb, boyun əyməz
Beləliklə, C.Abbasovun Şuşaya həsr etdiyi «İf I jould see you again…» (Səni bir daha görə bilsəydim…) sərlövhəli IV simfoniyasına və tariximizi əks etdirən «Mərdlik» kantatasına nəzər salaq. Müşayiətsiz qarışıq xor üçün yazılmış «Mərdlik» kantatasının I hissəsi qəhrəmanlıq bayatıları, II hissəsi «Kitabi-Dədə Qorqud»dan, III hissə isə «Koroğlu” eposundan olan parçalar əsasında yazılıb. Bəstəkarın bayatılara müraciəti də təsadüfi deyildir. Çünki, bayatılarda xalqın kədəri, ictimai quruluşa, zülmə qarşı etirazı, yadelli işğalçılara nifrəti, azadlıq və xoşbəxtlik arzuları ifadə edilmiş, məhəbbətə, ayrılığa, dostluğa aid təsirli bayatılar söylənmişdir. Burada bəstəkarın, alətlərdən ən kamili olan insan səsinin onu nə dərəcədə cəlb etməsinin şahidi oluruq. I hissə "İgid oğul düşmənə yalvarıb, boyun əyməz” adlanır. Bayatı 7 hecalı 4 misradan ibarətdir. 3-cü misrası sərbəst, qalanları həmqafiyə olur. Bəstəkar burada xorun musiqi təcəssümündə məhz bu prinsipi saxlamışdır. Yəni xorun ifası ciddi faktura ilə başlayar və ancaq III misrada bəstəkar melodik gedişdə sərbəstliyə yol verərək, III misranı səslər arasında paylaşdırır. Burada bəstəkar maraqlı bir üsuldan yararlanıb. Kitabi-Dədə Qorquddan istifadə edərək, ifa üslubunda Dədə Qorqudun hekayət danışdığını təcəssüm etmək üçün ancaq ifanın bir səsdə olması və qalan səslərin fon olaraq sazda səslənməsi effektini yaradır. Sonuncu hissə Koroğlu dastanından "Qoç Koroğlu, qılınc götür dəstinə!” adlanır. Burada bəstəkar mərd igid oğullarımızın obrazını yaradaraq, bütün səslərdə dolğun səs tembri ilə fərqlənir və məhz bu hissədə o Koroğlunun at üzərində olan obrazını yaradaraq musiqidəki çərək notların ardıcıl səslənməsi ilə atın nalından çıxan qığılcımları təcəssüm edir.
Səni bir daha görə bilsəydim…
Digər əsər yenə də xalqımızın tarixində ağrılı-acılı yer tutan Şuşa ilə bağlıdır. Bu bəstəkarın yuxarıda qeyd olunan IV simfoniyasıdır. Bildiyimiz kimi simfoniya proqramlıdır. Bu əsərin timsalında biz əminliklə deyə bilərik ki, C.Abbasovun simfoniyaları klassik simfoniya kanonlarından uzaqdır. Bu fakt özünü əsərin özünəxas konsepsiyasında təcəssüm edir. Məhz əsərin Şuşaya həsr olunması və Şuşanın hər bir vətəndaşın qəlbində ağrılı-acılı bir problem olmasını bir daha bariz şəkildə vurğulamaq müəllifin qarşısında yeni üfüqlər açmışdır. Bununla da bəstəkar əsərdə instrumental teatrın elementlərindən istifadə edir. Bu da ona bütün bu faciəni yaşamış insan taleyini hər bir ifaçı alət vasitəsi ilə təcəssüm etməyə imkan yaradır. Əsər çox sakit şəkildə, simlilərın pizzikato ifası ilə başlanır. Belə bir ifa bizdə insanların qorxu və təlatümünü təcəssüm edir. Sonradan bütün alətlər yığılaraq birlikdə ifa edirlər. Hər bir alət çox sərbəst və ardıcıl olaraq səhnəyə daxil olur, bir-birini müşayiət etməklə yanaşı, həm də bir-biri ilə sıx ünsiyyətə girir. Bu da bir daha xalqımızın çətin bir vəziyyətdə bir-birinə arxa durması ideologiyasını tam mənada təcəssümdür. 7-ci nömrədən başlayaraq, zərb aləti ritm mürəkkəbliyi ilə bütün bu atmosferi gərginləşdirməyə başlayır. 10-cu nömrədə nəfəsli alətlər musiqiyə yeni rəng qatır və əsərin protaqonisti (əsas personajlarından biri) qaboy aləti bir çox düşmənlər tərəfindən basqınlara məruz qalan xalqı əks edərək, düşməni təcəssüm edən mis nəfəsli və zərb alətlərinin təzyiqinə davam gətirməyib, nalə çəkə-çəkə zalı tərk edir. 13-cü nömrədən başlayaraq, bəstəkar tufandan sonra bir sakitlik yaradaraq, nəfəsli alətlər arasında dialoq qurur. Bu dialoqun nəticəsi kimi bütün nəfəsli alətlər bir yerə toplaşaraq ostinato şəklində müxtəlif ritmlərdə ifa edirlər. Bu da xaos yaradır. Sonda çembalonun sərt səslənən akkordları bu xaosun sona yetməsi kimi qiymətləndirilə bilər. Beləliklə, bəstəkar sırf bir xalqın başına gələnləri obraz cəhətcə alətlərin timsalında verərək, dinləyici önündə canlandırır. 23-cü nömrədə bütün orkestr həm simlilər, həm də nəfəslilər pianonun arpedcio tipli fakturasını təkrar edərək, bir-biri ilə sual-cavab yaradaraq, xalqın həyəcanını təcəssüm etdirir. Bu gərginliyi artıran nəfəsli alətlər 47, 48, 49, 50-ci nömrələrdə həlledici zərbələrini vuraraq son 51-ci nömrədə səhnədən gedirlər. Bundan sonra simli alətlər səhnəni tərk edir. Səhnəyə yeni personaj - orqan daxil olur. Məhz bu ilahi səslənməsi olan alətin müdaxiləsi sakitlik bəxş etməyə nail olacağı təəssüratını yaradır. Bu alətin ilahi səslənməsi insanın özündən qüvvətli bir varlığa - Allaha ümidini təcəssüm etdirir. Lakin bu da çox çəkmir, uzaqdan qitaranın ifasında «Bayatı-Şiraz»ın sədaları eşidilir. Maraqlıdır ki, bu muğamın bir səs üzərində «axsaq ritmli» pulsasiyasını sonda valtornanın son «ah»ı bir daha təsdiq edir. Şuşada baş verən hadisələri bəstəkar üslub özəllikləri ilə qələmə alır. Beləliklə, bəstəkar müasir yazı texnikası ilə xalqımızın tarixində dərin iz buraxmış hadisələri özünəməxsus şəkildə təcəssüm etməklə yanaşı, həm də öz münasibətini bildirmişdir. "Bu əsərdə ağrılı-acılı hisslərimi-əcdadlarımın vətəni Şuşanın taleyini, mənə əziz olan insanların həyatdan köçməsini əks etdirməyə çalışmışam. Lakin simfoniyanın məzmunu daha genişdir – yəni bu həm də arzu və ümidlə dolu gələcəyə bir baxışdır” – deyə müəllif öz fikirlərini izah edir. Bəstəkar janrın sərhədlərini aşaraq əsəri bir tərəfdən proqramlı simfoniya janrı, digər tərəfdən isə öz teatral tərtibatına görə, teatral səhnə elementləri ilə zənginləşdirmişdir.
Nəticə olaraq qeyd etməliyəm ki, bütün bu qeyd olunan əsərlər bəstəkarın yaradıcılıq məhsulu kimi o dövr gerçəkliyini əhatə edir və əsl sənətkar – vətəndaş mövqeyini bir daha nümayiş etdirərək, müstəqilliyimizin ilk illərində bizim bu sınaqlardan şərəflə çıxmağımızın parlaq sübutudur. Cəlal Abbasovun və digər bəstəkarların vətənpərvərlik ruhunda yazdığı musiqi əsərləri geniş mənada Azərbaycan xalqının əsrlər boyu azadlığı uğrunda real mübarizəni əks etdirən və gələcək nəsil üçün zamanın süzgəcindən keçən silinməyən abidələrdir.
Lətifəxanım Əliyeva,
Azərbaycan Bəstəkarlarİttifaqının üzvü,
Sənətşünaslıq üzrə fəlsəfə doktoru,
Dosent
banner

Oxşar Xəbərlər