AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Bir ay ərzində 1845 əcnəbi qanunları pozub

Bir ay ərzində 1845 əcnəbi qanunları pozub

Təfsilat
09 İyun 2016, 18:20 879
May ayı ərzində 1845 əcnəbi tərəfindən Azərbaycanda olma, habelə müvəqqəti və daimi yaşama qaydalarına əməl etmədən inzibati qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilib. Bu barədə Dövlət Miqrasiya Xidmətinin açıqladığı 2016-cı ilin may ayına dair statistik məlumatlarında qeyd edilib.  
Belə ki, onlardan 25-nin Azərbaycan ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün əsas verən sənədləri itirildiyindən yenisi ilə əvəz olunub, 157 nəfərin ölkə ərazisində yaşamaları leqallaşdırılıb, 1329 əcnəbinin Azərbaycan ərazisini 48 saat ərzində tərk etmələri, 334 əcnəbinin isə inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılmaları barədə qərarlar qəbul edilib.
Bundan başqa, müvəqqəti yaşamaq icazəsi almaq üçün məqsədli şəkildə nikaha daxil olan, lakin birgə yaşamayan 2, əvvəllər barəsində deportasiya qərarı qəbul edilmiş, lakin sonradan məqsədli şəkildə pasport məlumatlarını dəyişərək ölkə ərazisinə daxil olan 1 əcnəbi şəxs Xidmət tərəfindən aşkarlanıb və qanunamüvafiq tədbirlər görülüb.
 
Ümumiyyətlə, ay ərzində Dövlət Miqrasiya Xidmətinə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, vətəndaşlığa qəbul, xitam, bərpa, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin verilməsi və mövcud iş icazələrinin müddətlərinin uzadılması ilə bağlı 8951 müraciət daxil olub. Müraciətlərin hər biri ayrı-ayrılıqda Azərbaycan qanunvericiliyinin tələblərinə uyğun olaraq araşdırılıb və müvafiq qərarlar qəbul edilib.
 
Məlumatda qeyd olunub ki, ötən ay ərzində olduğu yer üzrə qeydiyyatla bağlı 49118 əcnəbinin müraciəti qeydə alınıb.
Həmçinin, Dövlət Miqrasiya Xidməti tərəfindən ay ərzində respublikanın ayrı-ayrı bölgələrində 34 maarifləndirmə tədbiri keçirilib və 638 şəxsə səyyar xidmət göstərilib.