AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Bir aldanmış ürəyim var...

Bir aldanmış ürəyim var...

13 Oktyabr 2012, 11:46 1044
Çöldə möhkəm külək əsir, yağış yağırdı. Yazı yazırdım. Birdən gözüm kiçik qızım Gültənin yorğanının üstündəki bir balaca kəpənəyə sataşdı. Sanki o da üşüyürdü, qızınmağa bir isti yer axtarırdı. Yaxınlaşdım. Ovcuma aldım o balaca kəpənəyi. Can verirdi. Nəfəsimlə isitmək istədim. Ancaq gec idi. Deyəsən, kəpənək ölmüşdü. Bir də onda bildim ki, bir qanadı qırılıbmış. Bir ağ vərəq götürüb ölmüş kəpənəyi onun üstünə qoydum. Ürəyim kövrəldi. İsti göz yaşları axdı ürəyimə. Bir kəpənək ömrünə bayatı dedi ürəyim:

Bir körpəcə kəpənək
can verdi əllərimdə.
Deyilməmiş bayatım
inildədi dilimdə.

Bir kəpənək can verdi
anası xəbərsizdi.
Bilmirəm, bəlkə çöldə
öz balasın gəzirdi?

***
Bir kəpənək can verdi
son mənzili ovcummuş.
Bəlkə payız küləyi
onu çöldən qovurmuş.

Bu yağışlı havada
yəqin ki, üşüyürmüş.
Sonuncu nəfəsiylə
dünyanı isirdmiş.

...Öləndən sonra bildim
sınıbmış bir qanadı.
Bir kəpənək ömrünə
kövrək şeirim ağladı....

...Təxminən yarım saat keçdi. Başım yazılarıma qarışmışdı. Birdən ölmüş kəpənək yadıma düşdü. Onu qoyduğum vərəqə baxdım. Təəccübdən donub qaldım. Ölmüş hesab etdiyim kəpənək vərəqin üstündə yavaş-yavaş hərəkət edirdi. Sevindim. Bir kəpənək ömrü bir az da uzanmışdı. Pərt oldum. Bapbalaca bir kəpənək də mənim ürəyimi aldada bilərmiş!
Sevil Gültən
27 noyabr, 2006