• cümə, 19 Aprel, 19:33
  • Baku Bakı 24°C

Bir ailənin altı general oğlu

20.04.17 13:30 1527
Bir ailənin altı general oğlu
Çoxları bir zaman İran şahzadəsi Bəhmən Mirzənin yalnız varidatına deyil, həm də elminə, sərkərdəliyinə həsəd aparardı. Bəhmən Mirzə Abbas Mirzə oğlu Qacar 1811-ci ildə Təbrizdə dünyaya gəlib. Mükəmməl təhsil alan Bəhmən Mirzə qısa müddət Təbrizin valisi, Azərbaycanın hakimi və eyni zamanda İran ordusunun baş komandanı olub. Babası Fətəli şah və atası Mirzə Abbas dünyasını dəyişəndən sonra qardaşı Məhəmməd şah Qaçar taxt-taca sahib olur. Çox vaxt bədbəxtliklərə səbəb olan varidat Mirzə Abbasın oğlanlarından da yan keçmir. Sarayda baş verən dedi-qodular, söz-söhbətlər böyüyərək qardaşlar arasında düşmənçiliyə, kin-küdurətə çevrilir. Hətta Bəhmən Mirzənin qardaşı Nəsrəddin Mirzə onun gözlərinin çıxardılması əmrini verir. Doğmalar arasındakı bu düşmən münasibət Bəhmən Mirzəni saraydan çirkindirir. O, sarayı tərk edərək 1848-ci ildə çar rus hökumətinə pənah gətirir. Hökumət Bəhmən Mirzəni təm-təraqla qarşılayır, yaşaması üçün yüksək səviyyədə şərait yaradır və ona təqaüd təsis edir (bəzi mənbələrdə bu məbləğ 9600 manat göstərilir). "Taxt-tacı ataram, Vətəndən ayrılmaram” deyən Bəhmən Mirzə hökumətə Şuşada yaşamaq arzusunda olduğunu bildirir (tədqiqat əsərlərindən belə aydın olur ki, Bəhmən Mirzə bir necə il Tiflisdə, Naxçıvanda yaşasa da, sonda Qarabağı seçib). Hökumət onun bu istəyini müsbət qarşılayır və 1851-ci ildə çar hökuməti onun Şuşaya köçməsinə şərait yaradır. Bu köçdə Bəhmən Mirzənin ən qiymətli yükü 95 dəvə yükü əlyazmaları və kitabları olur.
Şuşanın təbiətinə və insanlarına valeh olan Bəhmən Mirzə tamamilə siyasətdən uzaqlaşaraq, yaradıcılıqla məşğul olmağa başlayır. Tədqiqatçıların əksəriyyətinin fikrincə, "Təzkireyi-Məhəmməd şahi”, "Şükürnameyi-şahənşahi” adlı tarixi-elmi əsərlərini də Şuşada, Bərdədə yazır. Sözü, sənəti yüksək qiymətləndirən Bəhmən Mirzə təkcə Şuşada deyil, bütün Qarabağda fəaliyyət göstərən ədəbi məclislərdə, xeyriyyə işlərində yaxından iştirak edir. Bir sözlə, bütün həyatını maarifin, mədəniyyətin inkişafına həsr edən, general-qubernator, bir zaman siyasi xadim kimi tanınan Bəhmən Mirzə tarixə həm də istedadlı alim, maarifpərvər, xeyirxah insan kimi düşür.
Kitab həvəskarı olan Bəhmən Mirzə hər gün mütaliə edərmiş. Çox təəssüflər ki, bu gün o qiymətli kitablardan çoxu yad ölkələrin - Tiflis, Moskva, Peterburq və Yerevan şəhərlərinin kitabxana və muzeylərində "qorunur”. Bir necəsi isə Azərbaycan Elmlər Akademiyasının M.Fizuli adına Respublika Əlyazmaları İnstitutunda saxlanılır. Deyilənlərə görə, Bəhmən Mirzə dünyasını dəyişəndən sonra onun kitabxanası tar-mar edilib. Bu haqda Həmidə xanım Cavanşir (Məmmədquluzadə) "Xatirələrim”də yazırdı: "1918-ci il dekabrın ilk günlərində Mirzə Cəlil kənd təsərrüfatı işlərini bitirib dincəlmək üçün Şuşaya yanımıza gəldi. O, "Anamın kitabı” adlı yeni bir pyes yazmağa başlamışdır. Dedi ki, bu pyesi yazmaqdan ötrü ona müxtəlif lüğətlər lazımdır. Soraqlaşdım, dedilər ki, belə lüğətləri poçtalyon Rəsul bəy tapa bilər. Həmin poçtalyon vasitəsilə keçmiş İran şahzadəsi Bəhmən Mirzənin kitabxanasından çoxlu sayda müxtəlif lüğətlər və bir çox başqa kitablar aldım. Bu kitabları Bəhmən Mirzənin varisləri satırdılar. Mirzə Cəlil bu kitabları görəndə sevindiyindən başını itirdi və bütün fikri-xəyalı ilə onlara qapıldı”.
Bəhmən Mirzə dörd xanımla - Mələk Sultan, Püstə Sultan, Xəndan Sultan və Bərdə Sultanla ailə qurmuşdu. Bəhmən Mirzənin ailə həyatı haqqında Həmidə xanım yazırdı: "Onun 63 övladı olmuş və hər birinə yüksək təhsil vermişdir. Böyük qızı Dilşad xanım Qaçar imperiyasının saray xanımı adına layiq görülmüşdü. Ailənin otuz bir oğlu, 32 qızı olub. 31 oğuldan altısı general, altısı polkovnik idi. General şahzadələr - Əmir Kazım Mirzə, Məhəmmədəli Mirzə, Səməd Mirzə, Mahmud Mirzə, Əmənulla Mirzə, Sədrəddin Mirzə. Polkovnik sahzadələr - Şahrux Mirzə, Xosrov Mirzə, Xanbaba xan Mirzə, Seyfulla Mirzə, Nəsrulla Mirzə və Əbdüssəməd Mirzə. Onun nəslindən on beş nəfər Azərbaycan Xalq Cümhuriyyəti ordusunda xidmət edib”.
Həmidə xanımın xatirələrindən o da bəlli olur ki, Bəhmən Mirzənin ailəsi böyük olmasına baxmayaraq, nizam-intizam qaydalarına çox gözəl əməl edilib. Odur ki, Bəhmən Mirzənin oğlu Xanbaba Mirzə Mirzə Fətəli Axundovun böyük qızı Seyrəbəyimə elçi düşəndə, Mirzə Fətəli məmnuniyyətlə xeyir-duasını verib və kürəkəni Xanbaba xandan hər an razılıq edib. Bu haqda yazıçı-publisist Sona xanım Vəliyevanın "İşığa gedən yol” romanından oxuyuruq: "Mirzə Fətəlinin həyat yoldaşı Tubu xanım çox nəcib, ləyaqətli qadındır. Onların övlad sarıdan bəxti gətirməyib. Çox sayda uşaqları dünyaya gəlsə də, cəmi iki övladı - Rəşidlə, Nisəbəyim sağ qalıb. Mirzənin Seyran adlı bir qızı da keçmiş həyat yoldaşından, bir gəncəli qızından doğulmuşdu. Tubu xanım o qızı da öz övladı kimi böyütdü, tərbiyə etdi, sonra da Qaçar nəslindən olan Xanbaba xana gəlin köçürdü. Mirzə sevincindən az qala uçurdu. Bir il olar, Seyran xanım vərəm xəstəliyinə yoluxub vəfat etdi. Elə o vaxtdan anasız qalan nəvəsi Mirzənin yaralı yeridir. İndi də qohum-əqrəba düşüb onun üstünə ki, bəs kiçik qızın Nisəbəyimi Seyranın yerinə Xanbaba xana ərə ver. Düşünürlər ki, həm çox xeyirxah və nəcib insan olan Xanbaba xanla qohumluq davam edər, həm də onun ortada qalan övladı üçün yaxşı olar”. Sonda Mirzə Fətəli qızı Nisə xanımı Xanbaba xana ərə verir. Nisə xanım Tiflisdə Nəcib Qızlar İnstitutunda təhsil almışdır. O, Zaqafqaziya Müsəlman Qadınları Xeyriyyə Cəmiyyətində çalışırdı. Yeri gəlmişkən, qeyd edim ki, bu cəmiyyətin sədri Gövhər xanım Ağa Əliəkbər qızı da Bəhmən Mirzənin oğlu general-mayor Əmir Kazım Mirzə ilə ailə həyatı qurmuşdu. Onların Darab Mirzə, Davud Mirzə adlı oğlanları, Ziba, Leyla və Aliyə adlı qızları olub.
Qacar eli Azərbaycan xalqına tarixən bənzərsiz siyasi xadimlər, tarixi şəxsiyyətlər, istedadlı alimlər və görkəmli hərbiçilər bəxş edib. Onlardan biri də Bəhmən Mirzə Qaçar idi. Xeyirxahlığı, igidliyi ilə yalnız Azərbaycanda deyil, Rusiyada da böyük hörmət-izzət sahibi olan Bəhmən Mirzə Abbas Mirzə oğlu Qaçar 1884-cü ildə Şuşada dünyasını dəyişib. Ölümündən bir necə il əvvəl Bərdədə tikdirdiyi türbədə dəfn edilib. "Hazırda Bərdə rayonu ərazisində Böyük Qacar və Bala Qacar kəndlərində onun nəsli və törəmələri yaşayır. Xalqına, vətəninə, millətinə sadiq altı general, altı polkovnik yetişdirən bu böyük ailə və onun üzvləri haqqında geniş materiallar əldə edə bilmədiyim üçün oxucuma ətraflı bilgi verə bilmədim. Bu gün vətənimizin belə igid, cəsarətli, vətənpərvər, millətsevər sərkərdələrə çox böyük ehtiyacı var.
Qərənfil Dünyaminqızı,
Əməkdar jurnalist
banner

Oxşar Xəbərlər