• cümə, 19 Aprel, 13:26
  • Baku Bakı 25°C

“Bir ailəm var” serialının nə qədər davam edəcəyi tamaşaçılardan asılı olacaq

18.09.13 11:45 6963
“Bir ailəm var” serialının nə qədər davam edəcəyi tamaşaçılardan asılı olacaq
Ötən mövsüm yerli telekanallarımızda bir çox serialların çəkilişləri start götürdü. Onların əksəriyyətinin özünü doğrultmadığı və bu günün tələblərinə cavab vermədiyi, hətta mövzularının, müəyyən səhnələrinin qonşu dövlətlərin seriallarından oğurlandığı kimi fikirlər səngimək bilmədi. Bütün bu söz-söhbətlərə baxmayaraq, seriallar reytinqlərdə birinci oldu.
Plagiat olduğu iddia edilən “Aramızda qalsın” və “Qaynana” serialları da qınaq obyektinə tuş gəlsə də, komanda çəkilişləri dayandırmadı. Ötən mövsüm “Qaynana” serialı bitdikdən sonra yeni mövsümdə Rüfət Şahbazovun yeni layihə əsasında “Bir ailəm var” serialının üzərində çalışacağını eşitdik. Eşitdiklərimizi dəqiqləşdirmək üçün rejissorun özü ilə görüşdük. R.Şahbazov artıq “Qaynana” serialının çəkilişlərinə son verdiyini təsdiqlədi və sitqom şəklində çəkilən serialın istənilən an saxlanıla biləcəyini söylədi. Bununla bərabər, rejissor yeni layihəsindən ağızdolusu danışdı.
Türklərdən çox dəstək aldıq
- İlk olaraq sənətə gəlişiniz barədə danışmağınızı istərdim.
- 2000-ci ildə “Space” televiziyasında rejissor Namiq Ağayevin, daha sonra rejissor Elxan Cəfərovun yanında işləmişəm. Bir neçə müddət keçəndən sonra Elxan müəllim məni öz truppasına assistent kimi işə götürdü. Orada Elxan Cəfərovdan çox şey öyrəndim. Harada çəkiliş edilirdisə, fərqi yox idi istər xarici, istərsə də yerli, qaçıb cəld monitorlara baxırdım ki, oradan nə isə öyrənim, çəkiliş qaydaları ilə tanış olum. Rejissorlarla dostluq edirdim, hətta onlara çay aparırdım ki, təki, bir şey öyrənim. 4 il bundan qabaq “Xəzər” televiziyasına gəldim. Burada Cihan Taşkınla tanış oldum. O mənə Türkiyədəki serial sistemi ilə bərabər, amerikan sitqomunun üslubunu öyrətdi. Bu günə kimi öyrəndiklərimə görə Elxan və Cihan müəllimə borcluyam. Bəxtim o zaman gətirdi ki, müəllimimin biri Türkiyə və Amerika, digəri isə Rusiya filmlərinə yönümlü sənətkarlar oldu. Onların fərqli üslubda hazırlanan seriallara meylli olması mənim təcrübəmin artmasına daha da kömək oldu. Hazırda isə Naci Beksoy digər layihəmizin başındadır. Ondan da nələrsə öyrənirik. Qarşımıza güclü rejissorlar çıxarsa, hökmən nəsə öyrənəcəyik.
- “Aramızda qalsın”(46 bölüm), “Qaynana” kimi serialların rejissorusunuz. Həmin seriallar cəmiyyətin çox qınağına səbəb oldu. Heç kim təsəvvür etməz ki, onların rejissoru sizin kimi gənc bir oğlandır.
- Mənə görə 30 yaş elə də gənc sayılmır. Əvvəllər düşünürdüm ki, serial çəkənlər yaşlı, qocaman olmalıdır. Türkiyədə praktikada olanda gördüm ki, serial çəkilişlərində daha çox gənclər işləyir. Orada məhz filmləri yaşlı nəsil rejissorların çəkdiyini gördüm. Yaşlı nəslin enerjiləri seriala çatmaz. Serial elə bir mexanizmdir ki, durmadan, saat kimi işləyir. Biz bu qədər işləyirik, bazar günləri dincələndə sevinirik ki, istirahət etdik. Əslində, bizim kimi insanlar setdə işləyə-işləyə dincəlir. “Aramızda qalsın” serialının ilk mövsümünün rejissoru oldum, sonra “Qaynana” serialının çəkilişlərinə başladıq. İki il həmin serialın rejissoru oldum. Mənə görə bu yaşda belə serialların çəkilməsi normaldır.
- O zamanlar iddia olundu ki, “Aramızda qalsın” və “Qaynana” serailları plagiatdır.
- Nəsə bir iş görürsənsə, onun haqqında yaxşı söz də deyərlər, pis də. Serial barəsində hər hansı tənqidi fikirlər səsləndisə, ondan örnək götürməyə çalışdıq. “Aramızda qalsın” serialıhaqda dedilər ki, “Çoçuklar duymasın”-dan götürülüb. Bizim serialda ilk bölümlərdə həmin seriala uyğun nəsə var idisə, sonradan onun obrazlarını milliləşdirdik. “Qaynana” serialının ideyası isə heç bir yerdən götürülməmişdi. Onu Türkiyədə yayımlanan “Benim annem bir melek” serialına oxşadırdılar. Ümumiyyətlə kim hər hansı layihə edirsə, ona oxşar layihələrə başqa bir ölkədə rast gəlmək mümkündür və hər zaman da olacaq. Bu, normal bir şeydir. İnsanların düşüncəsinin qarşısını almaq olmaz.
- Bu qalmaqallar serialın reytinqini qaldırdı. Siz bu fikirlə razısınızmı?
- Həmin seriallar çox qalmaqallara səbəb oldu. Sonda isə Birol Güvənlə vəkillər qarşılıqlı şəkildə bu məsələni həll etdilər. Onlarla dostluq əlaqələri quruldu, əməkdaşlıq edildi. Belə ki, Sənubər İsgəndərli ilə Əzizağa Əzizov həmin şirkətin “Zengin kız fakir oğlan” serialına çəkildilər. Bu da bizim onlarla qarşılıqlı münasibətin bir göstəricisi idi. Türklərdən çox dəstək aldıq.
Ailə serialı
- Türklər indi “Aramızda qalsın” adlı serial çəkir. Bunun sizin çəkdiyiniz seriala aidiyyəti varmı?
- Bəli, xəbərim var. “Aramızda qalsın”, “Qaynana” adında dünyanın müxtəlif ölkələrində seriallar çəkilir. Adı eyni olsa da, mövzuları tamam başqadır.
- Bildiyimiz qədər, hazırda “Bir ailəm var” serialı üzərində işləyirsiniz. Bu barədə danışmağınızı istərdik.
- Filmin ideyası baş ssenaristimiz Valeh Əhmədov və onun komandasından gəldi. Bir neçə ssenarist birlikdə oturub ssenarinin üzərində işləyirlər. Biz onların ideyasına uyğun həmin layihəni həyata keçiririk. Onlar serialın skeletini qururlar, biz ona don geyindirib, canlandırırıq. Burada söhbət bir ailənin faciəsindən gedir. Belə ki, kübar bir ailənin, başı bəlalar çəkmiş ananın acıları göstərilir. İnsanların həyatda çapalayaraq, xoşbəxt olmaq üçün apardıqları mübarizədən bəhs edəcək. Deməyim odur ki, bu, ailə serialı olacaq. Hazırda serialın anonslarını çəkirik. Seriallarda çox zaman əks cinsin nümayəndələrinin sevgisi daha çox göstərilir. Biz də düşündük ki, təkcə oğlanın qıza qarşı sevgisi deyil, hər bir kəsin anasına, atasına, qardaş-bacılarına sevgisi, hörmətini, ailələrdə yaşanan problemləri olduğu şəkildə əks etdirək. Yəni istədik ki, çəkəcəyimiz bu serial ailələrdən bəhs etsin. Onlar ekran qarşısına gəldikdə bir ailənin dramını görsünlər. Serial üzərində işləyən bəstəkarımız gəncdir. Söhbət edərkən deyirik ki, musiqiləri elə olsun ki, insanların sarı simlərinə toxuna bilsin. Həmin o duyğuları verə bilən musiqilər olsun. Qismət...
- Bəs, bu serialın reytinq qazanacağına inanırsınızmı?
- İnanıram deyəndə ki, nə olacaqsa qismət deyəcəyik. Çalışırıq ki, tamaşaçılara gözəl iş təqdim edək. Sizə onu deyə bilərəm ki, “Bir ailəm var” digər seriallarımızdan üstün olacaq. Hər kəs filmə, seriala çox baxılarkən buna reytinq deyir, mən isə on tamaşaçı auditoriyası deyirəm. Biz rejissorlar reytinqi deyil, daha çox işin keyfiyyətini düşünürük. İnanıram ki, Allahın izni ilə bu serial da çox rəğbət qazanacaq. Düşünürük ki, komediya ilə tamaşaçı auditoriyası qazana bildiksə, dram janrında çəkilmiş serialımızda da o uğuru qazana biləcəyik. Bilirsinizmi, sitqom orta səviyyəli bir şeydir, ona sadəcə, əyləncə üçün baxarlar. Bu isə real həyatdan götürülmüş acı bir hekayədir. Mənə elə gəlir ki, dram üzərində qurduğumuz bu seriala da baxılacaq.
- “Bir ailəm var” neçə seriyadan ibarət olacaq?
- Sizə onu deyə bilmərəm. Hələlik minimum 1-2 illik layihə nəzərdə tutmuşuq. Əgər serial tutarsa, tamaşaçı auditoriyası toplaya bilərsə, uzun da davam edə bilər. Bəlkə 1 il, bəlkə də 5 il davam edəcək. “Stop”u nəzərdə tutulmayıb. Ssenarisinə uzunmüddətli tretman yazıblar. Serialda iştirak edən aktyorlar hazırdır. Hələ çəkilişlərə yeni başlayırıq. Burada Həmidə Ömərova, Rada Nəsibova, Elşən Rüstəmov, Kənan Yusifov, Elnur Kərimov və başqaları iştirak edəcəklər. Köhnə truppadan da aktyorlar iştirak edəcəklər, ancaq əsas aktyorlar başqadır. Çünki burada elə ciddi obrazlar var ki, onu başqa aktyorların simasında gördük. Bizdə bu rolu canlandıra biləcək aktyorları seçdik. 4 anonsdan sonra serialı tamaşaçılara təqdim edəcəyik.
- Bundan öncə çəkdiyiniz seriallarda əsas obrazları canlandıran aktyorlar serialın ortasında onu tərk etdilər. Yeni çəkilən serialda belə halların baş verməsi zərurəti varmı?
- O hadisə hər zaman baş verə bilər. “Aramızda qalsın” serialı yeni serial faunasının başlamasınının bəlkə də ilklərindən biri idi. Ondan sonra gözəl seriallar çəkildi. Adını deməyəcəm, ancaq elə gözəl seriallar çəkilirdi ki, onun reytinqinə çatmağa çalışırdıq. Özüm də həmin seriala baxırdım. Burada serialı çəkirdim, gedib evdə oturub o seriala baxırdım. Çünki mənə maraqlı idi. Serial uzunmüddətli işdirsə, aktyorla 2-3 il işləmək qeyri-mümkündür. Aktyorlarla müqavilə bağlanır, bu zaman bilinmir ki, gələcəkdə aktyorun həyatında, səhhətində, yaradıcılığında hansı problemlər olacaq. Çox şey ola bilər. Bəzən elə olur ki, aktyor məcbur olur başqa layihəyə gedir. Serialı tərk edən aktyorlarla indi də dostuq, başqa layihələrimizdə də ola bilər ki, onlara yenə müraciət edək. Bu tək bizdə deyil, dünyada çəkilən bütün seriallarda var. Yeni layihəmizdə də ola bilər. Çünki bilmirik ki, sabah başımıza nə gələcək.
Xəyalə Rəis

banner

Oxşar Xəbərlər