• cümə axşamı, 18 aprel, 11:00
  • Baku Bakı 12°C

“Bir addım öndə” şüarı ilə geriyə

24.01.20 18:33 2919
“Bir addım öndə” şüarı ilə geriyə
"AtaBank” öhdəliklərini yerinə yetirə bilmir, Mərkəzi Bank durumun araşdırıldığını, sığortalanan əmanətlərə heç bir problem olmayacağını bildirir
"AtaBank"la əmanətçilər arasında problem yaşanır...” Son günlər kütləvi informasiya vasitələrində və sosial mediada hətta "AtaBank” batdı...” tipli xəbərlər yayılır. Bankın iflas olması, əmanətçiləri qarşısında götürdüyü öhdəliyi yerinə yetirə bilməməsi, depozitçilərin bank terminallarından heç 100 manat məbləğində pul çəkə bilmədiyi deyilir. Təbii ki, bu xəbərlərlə bərabər, bankın əmanətçilərinin təşvişləri də artmaqdadır. Gerçəkdən, bankda nə baş verir? Əmanətçilər öz depozitlərini hansı səbəbdən geri çəkə bilmirlər? Hazırda bankın əmanətçilərinin hüquqlarının necə qorunması məsələsi daha çox cavab tələb edən suallardandır.
Əslində, "AtaBank” ASC-dəkı çətin maliyyə durumu ilə bağlı informasiyalar indi-indi açıqlansa da, problem keçən ilin ikinci yarısından yaranmağa başlayıb. Belə ki, bankın terminallarından əmanətlərinin aylıq faizlərini və ya cari hesabdakı vəsaitlərini çıxarmaq istəyənlər problemlə üzləşdikdən sonra mərkəzi ofisə müraciət etməli olublar. Əmanət müqaviləsinin vaxtı bitən və depozitini geri çəkmək istəyən əmanətçilər isə gözlənilməz cavabla üzləşiblər: "Bankda pul yoxdur və əmanətləri qaytara bilmirik”.

Müvafiq təkliflər hazırlanacaq

Keçən ilin dekabr ayında bankda oxşar problemlə üzləşdikdən sonra "AtaBank”-ın İdarə heyəti sədrinin müavini Fuad Qasımov mənimlə söhbətində bankın ağır maliyyə böhranı keçirdiyini etiraf etdi. Əmanətçilərin öz əmanətlərini geri çəkmək istəkləri ilə bağlı bır yığın sənəd göstərən F.Qasımov dedi: "Hər kəs öz əmanətini istəyir. Biri "onkoloji xəstəyəm”, biri "xaricə köçürəm”, biri "övladımın təhsili üçün vacib lazımdır” deyir. Hamını yaxşı başa düşürəm. Amma biz yalnız daha vacib olanlara hissə-hissə, aya təxminən 1000 manat məbləğində olmaqla qaytara bilərik. Amma əmanətçilərə depozitlərini geri götürməməyi məsləhət görürəm. Çünki banka pul daxil olmalıdır və biz vəziyyətdən çıxacağıq. Əmanətlərin faizlərini isə veririk”.
Sədr müavini ilə söhbətdən məlum oldu ki, əmanətlərini geri çəkmək istəyənlərin istəkləri belə asanlıqla reallaşa bilməyəcək. Həqiqətən də bu günlərdə yenidən depozitlərin taleyi ilə bağlı banka baş çəkəndə, iki ay müddətində irəliyə doğru heç bir dəyişikliyin olmadığı, hətta yayılan xəbərlərdən vəziyyətin daha gərgin olduğu məlum oldu. Əməkdaşlarla əmanətçilər arasındakı dialoqlar da hazırkı durumun heç də bankın müştərisinin xeyrinə olmadığını göstərdi. "Hazırda əmanətinizi geri çəkə bilməyəcəksiniz. Çünki, bankın pulu yoxdur. Ancaq əmanətiniz sığortalanıbsa, narahatlığa əsas yoxdur. Artıq Mərkəzi Bank problemlə maraqlanır. Ümid edirik ki, vəziyyət düzələcək”.
Qeyd etdiyim kimi, bankın bağlanma təhlükəsi ilə bağlı xəbərlər gündəmə gəldikdən və əmanətçilərin təşvişindən və iqtisadçıların öz narahatlıqlarını ifadə etməsindən sonra Azərbaycan Mərkəzi Bankı (AMB) da bu günlərdə açıqlama verib. Belə ki, ölkə prezidentinin fərmanı ilə AMBvahid maliyyə nəzarəti və tənzimləmə qurumuna çevrildikdən sonra "AtaBank” ASC-dəilkin araşdırmalar aparılıb: "Araşdırmalar "AtaBank”-ınciddi maliyyə dayanıqlığı və likvidlik problemləri ilə üzləşdiyini ortaya çıxarıb. "Bununla belə,bütün banklardaolduğu kimi "AtaBank”da daəhalinin qorunan əmanətləri tam sığortalanıb. Hazırda AMB Bankdayaranmış vəziyyətlə bağlı kompleks təhlillər aparır və onların nəticəsi əsasında müvafiq təkliflər hazırlanacaq”.

Qanunauyğun qaydada müqavilə bağlanıbsa...

Qeyd edək ki, "AtaBank” 2007-ci ildən Əmanətlərin Sığortalanması Fondunun (ADIF) üzvüdür. Bu, hələlik yaranan vəziyyətdə əmanətçilərə işıq ucu verən yeganə amildir. Fondun beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Fuad Hüseynəliyev əmanətçilərin və depozitorların narahatlığı ilə bağlı yaranan vəziyyətə "Hazırda "ATABank” fəaliyyətdə olan bankdır. Onun idarə olunması Mərkəzi Bank tərəfindən həyata keçirilir”- deyə cavab verdi: "Düzdür, "AtaBank” ADİF-in üzvüdür. Bankdakı əmanətlərlə bağlı qanunauyğun qaydada müqavilə bağlanıbsa, depozitlər sığortalıdır. Bank bağlanacağı təqdirdə, Əmanətlərin Sığortalanması Fondu qanunauyğun olaraq üzərinə düşən missiyanı - əmanətlərin qaytarılmasını yerinə yetirəcək”.
Problemin əsasən depozitor və əmanətçilər üçün yarandığını deyən iqtisadçı ekspert Rəşad Həsənov kreditorların ciddi bir probleminin olmadığını bildirir. Belə ki, onlar istənilən halda borclarını ödəməlidirlər: "Bu məsələdə heç kimə güzəşt olunmur. Hətta, bank ləğv olunsa belə, burada ləğvedici qismində Əmanətlərin Sığortalanması Fondu fəaliyyət göstərəcək. Bu baxımdan söhbət, məsələyə yalnız depozitorlar və əmanətçilər kontekstindən baxmaqdan gedir”. R.Həsənov vətəndaşlardan daxil olan müraciətlərə əsasən bildirir ki, faktiki olaraq bu gün "AtaBank”-a öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı müraciətlər olunduqda, bank bu öhdəlikləri tam yerinə yetirə bilmir: "Bu da likvidliklə bağlı problemdir. Mərkəzi Bankın da bununla bağlı açıqlaması var. Sığortalanmış əmanətlərlə bağlı hər hansı problem yoxdur. Bank bağlansa belə, həmin əmanətlər Əmanətlərin Sığortalanması Fondu tərəfindən ödəniləcək. Amma sığortalanmamış əmanətlərlə bağlı vəziyyət nisbətən fərqlidir. Əgər gələcəkdə bankla bağlı hansısa risk yaranarsa, bu zaman artıq bankın aktivləri və passivləri arasındakı fərqdən asılı olacaq”. Ekspertin sözlərinə görə, vətəndaşlar əmanət faizindən imtina etməklə, əmanətlərini geri çəkmək üçün banka müraciət edə bilərlər: "Əmanət müqaviləsinə uyğun olaraq, əmanətçiyə müəyyən faizlər nəzərdə tutulub. Müqaviləni vaxtından əvvəl pozmaq artıq faizlərdən imtina deməkdir. Əgər vətəndaşlar öz əmanətindən ötrü narahatlıq keçirirlərsə, vaxtından əvvəl faizlərdən imtina etmək şərtilə banka müraciət edib əmanətlərini geri istəməyə başlaya bilərlər. Çünki vətəndaş bu gün əsas pulunu xilas etməyin dərdindədir, nəinki faizlərin. Hətta, bank bağlansa belə, müqavilənin vaxtı başa çatandan sonra Əmanətlərin Sığortalanması Fondu tərəfindən ona kompensasiya veriləcək. O zaman sığortalanmış şərtlər daxilində faiz itkiləri olmayacaq”. Ekspertin qənaətincə, indiki halda məlum olan odur ki, bankın hansısa formada sağlamlaşdırılması istiqamətində addımlar atılacaq. Belə ki, Mərkəzi Bankın açıqlamasından da bu hiss olunmaqdadır: "Ona görə, bu il ərzində bankın bağlana biləcəyini düşünmürəm. Amma yenə də bu məsələ, qiymətləndirmədən sonra daha dəqiq bilinəcək”.

Düzgün maliyyə siyasəti olmayanda

Hüquqşünas Ceyhun Cəfərli hər hansı bankın iflası və ya bağlanması zamanı əmanətçilərin hüquqlarının qorunması məsələsinə aydınlıq gətirərək bildirir ki, bu, bankın ilk günlərdən fəaliyyətini necə qurmasından asılıdır: "Belə ki, əgər hər hansı bankın maliyyə vəziyyəti qənaətbəxş deyil və fəaliyyətinə xitam verilirsə «Banklar haqqında» qanuna görə, bankın ləğvedicisi yaranır və bankın ləğv edilməsi prosesinə başlayır. Əlbəttə, bu, uzun bir prosesdir. Burada maliyyə yoxlamaları həyata keçirilir, əmanətlərin miqdarı müəyyən olunur, eləcə də kredit tələbləri və kredit borcları, ona uyğun olan faizlər, ipoteka yüklülüyündə olan əmlakların siyahısı çıxarılır. Bütün bu prosesi də ləğvedici təşkilat həyata keçirir. O cümlədən, lazımi məhkəmələrdə iddiaları qaldırır, kredit borclarına hesablanan faizlərin tutulmasını, tutmanın ipoteka predmetinə yönəldilməsi işlərini həyata keçirir. İpoteka predmetlərinin hərrac yolu ilə satışını icra qaydasında təşkil edir, eyni zamanda da əmanətlərin qaytarılması ilə bağlı işləri həyata keçirir. Təbii ki, bu zaman «Banklar haqqında» qanuna görə növbəlilik prinsipi müəyyən olunur. Kredit borcları müəyyən olunur, bankın aktivlər və əmanətlərin də məbləği müəyyənləşir. Zaman ardıcıllığına uyğun olaraq, sığortalanan əmanətlər ayrı bir kateqoriya kimi nəzərdən keçirilir . Bir sözlə, bankın alacaqları və verəcəkləri qarşılaşdırılır, məbləğ ortaya qoyulur və ona uyğun da həyata keçirilir. Əmanətçilərin məbləğləri ardıcıllıqla ödənilir”.
Hüquqşünas bildirir ki, ölkədəki devalvasiya prosesindən sonra bir sıra banklar ləğv olunmağa başladı və hazırda da belə banklar var: "Ancaq elə əmanətlər də var ki, onlar ümidsiz əmanətlərə çevrilə bilər. O mənada ki, bankın aktivləri borcları qaytarmağa yetərli olmasın. Bu, yalnız sağlam maliyyə siyasəti yürütməyən banklarda olacaq”.
C.Cəfərlinin sözlərinə görə, əgər bank maliyyə siyasətini düzgün yerinə yetirmirsə, kredit portfeli sağlamlaşdırılmayıbsa, məsələn, girovsuz kreditlər verilirsə, bank, artıq alacağını ala bilmir və təbii ki, əmanətləri də vaxtında qaytara bilmir. Və yaxud bank kredit verərkən korrupsiya elementlərinə yol verir və kredit vermə şərtlərini pozur. Təcrübədə görmüşəm ki, bank təsadüfi sahibkarlara girovsuz və böyük məbləğdə kreditlər verir. Həmin krediti geri ala bilmir və əmanətçilərlə problemlər yaşanır. Bu, artıq əmanətin təhlükəsidir. Bu mənada, bankın əmanətçilərinin hüquqlarının necə qorunması sualına bankın ilk günlərdən fəaliyyətini necə qurması ilə cavab vermək olar. Yəni əmanətçinin hüquqları necə qorunur – cavab budur. Bank öz işini necə təşkil edirsə, əmanətçinin də hüquqları o cür qorunur”.
Hüquqşünasın fikrincə, hər bir məsələnin kökündə düzgün maliyyə siyasəti durur. O cümlədən, bankda həmişə maliyyənin olması üçün maliyyə məsələsində məsuliyyətli olmaq, pulu nəyə və necə verdiyini bilmək lazımdır: "Məlum oldu ki, Azərbaycanda bir sıra banklar düzgün maliyyə siyasəti yürütməyiblər. Nəticə də göz önündədir”.
Gerçəkdən, görünən yola bələdçi lazım deyil. Fakt odur ki, "Bir addım öndə” şüarı ilə 27 il əvvəl fəaliyyətə başlayan, Azərbaycanın ən böyük kommersiya banklarından və ölkənin ən etibarlı maliyyə strukturlarından biri sayılan, yüksək texnologiyalı universal bank hesab olunan, öz korporativ və fərdi müştərilərinə tam xidmətlər kompleksi təqdim etməsi ilə öyünən "AtaBank” hazırda iflasla üz-üzə, əmanətçiləri əmanətlərinin batacağından yaranan təşviş içərisindədirlər...
Təranə Məhərrəmova


banner

Oxşar Xəbərlər