Bilik Fondu Cocuq Mərcanlıda müəllimləri təbrik etdi - Fotolar
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı
ilə alimlər, jurnalistlər, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət
Universitetinin tələbələri Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfər ediblər.
Səfər
çərçivəsində Beynəlxalq Müəllimlər Günü münasibətilə Novruz Aslanov adına kənd
tam orta məktəbinin kollektivi ilə görüş keçirilib.
Azərbaycan
Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun Təhsil şöbəsinin
müdiri, filologiya üzrə fəlsəfə doktoru Qətibə Vaqifqızı, Bakı Dövlət
Universiteti Jurnalistika fakültəsinin dosenti, filologiya üzrə fəlsəfə doktoru
Sevinc Əliyeva dövlətin uğurla həyata keçirdiyi dil və təhsil siyasətinin
prioritet istiqamətlərindən danışaraq, insan kapitalının formalaşmasında orta məktəbin
xüsusi rola malik olduğunu bildiriblər.
"İşğaldan
azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər
haqqında" Azərbaycan Respublikası Prezidentinin 24 yanvar 2017-ci ildə
imzaladığı Sərəncamı xatırladan alimlər qısa müddət ərzində kənddə aparılan
tikinti-quruculuq işlərinin əhalinin həyat səviyyəsinin yüksəlməsinə təkan
verdiyini və digər ərazilərimizin də tezliklə işğaldan azad ediləcəyinə inamı
artırdığını deyiblər.
Görüşdə
müəllimlərə Bilik Fondunun bayram təbriki çatdırılıb və hədiyyələr təqdim
edilib, Mədəniyyət və İncəsənət Universitetinin tələbələri məktəb kitabxanasına
kitab bağışlayıblar. Bununla yanaşı, Bilik günü ərəfəsində ilk tədris ilinə qədəm
qoymuş Cocuq Mərcanlı kənd məktəbinə kitablar hədiyyə etmiş Suraxanı rayonu şəhid
D.Məmmədzadə adına 232 nömrəli tam orta məktəbin rəhbərliyi və müəllim
kollektivinin həmkarlarına ünvanladıqları təbrik lövhəsi kənd məktəbinin
direktoru Zamin Həziyevə təqdim olunub.
Z.Həzıyev
göstərilən qayğıya görə qonaqlara minnətdarlığını bildirib, dövlətin yerli müəllimlərə
göstərdiyi diqqət və qayğının məktəbin pedaqoji kollektivində ruh yüksəkliyi
yaratdığını, şagirdləri elmi biliklərə daha dərindən yiyələnməyə sövq etdiyini
vurğulayıb. Cəbrayıl Rayon Təhsil İdarəsinin müdiri Validə Həsənova da bütün müəllimləri
peşə bayramları münasibəti ilə təbrik edib və Bilik Fonduna Cocuq Mərcanlı məktəbinə
ayırdığı xüsusi diqqətə görə təşəkkürünü bildirib.
Tədbirin
bədii hissəsində məktəblilər vətənpərvərlik mövzusunda şeirlər söyləyib, Azərbaycan
Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri xalq mahnıları ifa
ediblər.
Nümayəndə heyəti Cocuq Mərcanlı
məscidində sakinlərlə də görüşüb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
imzaladığı Sərəncamla 2016-cı ildə elan olunmuş "Multikulturalizm
ili" çərçivəsində ilk dəfə Heydər məscidində qılınan Vəhdət namazının
mahiyyəti barədə fikir mübadiləsi aparılan görüşdə bildirilib ki, dini
dözümsüzlüyün, irqi ayrı-seçkiliyin və islamofobiyanın geniş yayıldığı müasir dünyada
vəhdət namazının tolerantlıq məkanı Azərbaycanda qılınması dünyaya sülh və həmrəylik
mesajıdır.