• şənbə, 20 Aprel, 04:01
  • Baku Bakı 15°C

Böhran vəziyyətində dövlətin sahibkarlara yardımı

18.03.20 18:20 2010
Böhran vəziyyətində dövlətin sahibkarlara yardımı
Mütəxəssislər hesab edir ki, yalnız sahibkarlar deyil, əhalinin bütün təbəqəsi dəstək layihəsində nəzərə alınmalıdır
Koronavirus epidemiyasının yayılması ilə bağlı dünyanın bir sıra ölkələrində sahibkarların dövlət qarşısında öhdəliklərinin yerinə yetirilməsində güzəştlərin tətbiq edilməsi nəzərdə tutulur. Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin keçirilən iclasında komitə sədri Tahir Mirkişili deyib. O bildirib ki, Azərbaycanda da hökumət daxilində bu istiqamətdə müzakirələr aparılıb: "Koronavirusla bağlı görülən tədbirlər strukturlar arasında uyğunsuzluq yaradır. Müqavilələrdə fors-major hallarla bağlı xüsusi maddə var. Amma fors-major hallara epidemiyanın yayılması daxil deyil. Belə halda, müqavilə öhdəliklərinə yeni anlayışların daxil edilməsi lazım olacaq. Çünki bu gün dünyada epidemiyaların yayılması prosesi çox sürətlə gedir”.
Millət vəkilinin də qeyd etdiyi kimi, koronavirus epidemiyasının yayılması ilə bağlı dünyanın bir sıra ölkələrində sahibkarların dövlət qarşısında öhdəliklərinin yerinə yetirilməsində güzəştlərin tətbiq edilməsi nəzərdə tutulur. Təbii ki, bu istiqamətdə bizim ölkəmizdə də müəyyən işlər görülür. Belə ki, ilk addım olaraq Azərbaycan hökuməti sahibkarlara dəstək üçün təkliflər hazırlayır. Prezident İlham Əliyevin tapşırığı ilə martın 17-də Baş nazir Əli Əsədovun yanında iqtisadi məsələləri müzakirə etmək üçün hökumətin iclası keçirilib. İclasda koronavirus pandemiyasının qlobal miqyasda yaratdığı neqativ mühitin Azərbaycan iqtisadiyyatına mümkün təsirləri və qabaqlayıcı tədbirlər haqqında müzakirələr aparılıb. Hökumətə tapşırılıb ki, 1 həftə ərzində ticarət, ictimai iaşə və nəqliyyat sahələrində tətbiq edilən məhdudlaşdırıcı tədbirlərin təsiri nəticəsində sahibkarlara dəyə biləcək itkilərin minimuma endirilməsi üçün dövlət tərəfindən müxtəlif formalarda dəstək verilməsi də daxil olmaqla təkliflər paketi hazırlasın.
Maraqlıdır, belə bir məqamda dövlətin üzərinə hansı yük düşür, hazırkı vəziyyətdə sahibkarlara dəstək olmaq üçün nə kimi işlər görülə bilər?
Millət vəkili Azər Badamovun sözlərinə görə, bu kimi durumlarda dövlətin sahibkarlara dəstəyi çox əhəmiyyətlidir: "Mövcud vəziyyət, yəni Nazirlət Kabineti yanında Operativ Qərargahın son günlər tətbiq etdiyi tədbirlər iqtisadiyyatın bütün sferalarına öz təsirini göstərib. Düşünürəm ki, belə bir məqamda dövlətin sahibkarlıq strukturlarına dəstəyi olduqca vacibdir. Çünki sahibkarlar qeyri-neft sektorunda əsas vergi ödəyicisidirlər və bu kimi çətin vəziyyətlərdə onların dəstəklənməsinə ehtiyac var. Sahibkarların, xüsusilə də turizm və digər xidmət sektorunun işində olan geriləmə aydın görünür. Ona görə də müəyyən vergi güzəştlərinin tətbiq edilməsi labüd sayılır. Burada fiziki şəxslərin götürdükləri kredit faizlərində güzəştlərin edilməsi də məqsədəuyğundur. Hesab edirəm ki, ilk olaraq araşdırma edilməli, ən çox zərər çəkən sahibkarlar dəqiqləşdirilməlidir və vergi güzəştləri hazırlanmalıdır”.
İqtisad elmləri doktoru, professor Fikrət Yusifov bildirir ki, investisiya fondu yaradaraq sahibkarlara dəstək olmaq mümkündür: "Kiçik və orta sahibkarlar üçün vergi tətilləri olmalıdır. Bundan başqa, banklardakı kreditlərin faizlərinin aşağı salınmasına, yəni hər bir sahibkar üçün əlçatan faizlərin tətbiq edilməsinə ehtiyac var. Əslində, dövlət kiçik və orta biznes sahiblərinə həmişə dəstək olur, amma hazırkı vəziyyətdə dəstək dəfələrlə artırılmalıdır. Həmçinin sahibkarlara əlavə olaraq 2,3 faizli güzəştli kreditlər verilə bilər. Digər tərəfdən, Neft Fondunun imkanlarından istifadə edərək bir neçə milyardlıq investisiya fondunun yaradılması və bunun vasitəsilə sahibkarlara dəstək göstərilməsi mümkündür”.

İqtisadçı ekspert Turab Rzayev düşünür ki, təklif daha çox kiçik sahibkarlara və əhaliyə xidmət sektorunda çalışan qruplara yönəlik olmalıdır: "Bunlara əsasən ölkəmizdə fəaliyyət göstərən kiçik turizm müəssisələrində, kafe və restoranlarda, digər yerlərdə işləyənlər aiddir. Yəni bu sahələrdə fəaliyyət göstərən sahibkarlara dəyən ziyan birbaşa fərdi şəkildə də insanlara dəyir. Günümüzdə nə qədər gənc var ki, gəlirini ofisiantlıqla qazanırdı. İndi toy məclislərinin ləğv edilməsi ilə nə sahibkar, nə də həmin işçi qazanır. Demək istədiyim odur ki, məsələyə sadəcə sahibkarlıq tərəfindən yox, daha geniş aspektdən yanaşmaq lazımdır. Bu kimi məsələlər nəzərə alınaraq təkliflər irəli sürülməlidir ki, vəziyyət daha da dərinləşməsin. Bir sahədə işin durğunlaşması bütün sferalara təsir edir. Məsələn, bayaq qeyd etdiyim ofisiant üzərindən belə bir analiz aparaq. Hazırki vəziyyətdə kafe və restoranlar işləmədiyi üçün ofisiant işsizdir və təbii olaraq o, işsizdirsə, digər xidmətlərdən, nəqliyyatdan, bərbərdən, kirayə verməkdən, mağazaya gedib nə isə almaqdan imtina edir. Beləcə, böhran digər sahələrə doğru yayılır. Ona görə əhalinin hər bir təbəqəsinə hesablanmış addımlar atılmalıdır. Məsələn, Amerikada özəl sektorda işə gedə bilməyənlərə və buna görə gəlirləri kəsilən şəxslərə kompensasiya olaraq 1000 dollara yaxın bir məbləğin verilməsi nəzərdə tutulur. Bizdə də hər kəsin maddi vəziyyətinə müsbət təsir edəcək tədbirlər planı hazırlanmalıdır. Bundan başqa, sahibkarlara gömrük və vergi, bank kreditləri sahəsində müəyyən güzəştlərlə dəstək göstərilə bilər”.

Günel Azadə
banner

Oxşar Xəbərlər