• cümə, 19 Aprel, 03:08
  • Baku Bakı 18°C

Bəzi partiyalar diplomatik korpusların təlimatı olmadan yaşaya bilmirlər

25.05.13 09:38 1676
Bəzi partiyalar diplomatik korpusların təlimatı olmadan yaşaya bilmirlər
ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar müxalifət nümayəndələri ilə məxfi görüş keçirib. Mayın 23-də keçirilən bu görüşdə Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı, AXCP sədri Əli Kərimli, “El” hərəkatının sədri Eldar Namazov, Ümid Partiyasının sədri İqbal Ağazadə, VHP sədri Sabir Rüstəmxanlı, Açıq Cəmiyyət Partiyasının sədri Sülhəddin Əkbər, REAL hərəkatının sədr müavini Erkin Qədirli iştirak edib. İştirakçılar görüş haqda mediaya heç bir məlumat verməyiblər. Belə olan halda, ABŞ səfirinin seçkiöncəsi Azərbaycandakı müxalifət partiya rəhbərləri ilə gizli görüş keçirməsi, belə toplantıların hansı məqsədə xidmət etməsi böyük maraq doğurub.
Milli Dövlətçilik Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev xarici diplomatik korpus nümayəndələrinin müxtəlif şəxslərlə görüşlər keçirməsini normal hal kimi qiymətləndirib. Bildirib ki, fəaliyyət göstərdikləri ölkələrdə ictimai-siyasi vəziyyəti öyrənmək səfirlərin səlahiyyətinə daxildir. Amma millət vəkili belə görüşlərin məxfi saxlanılmasını düzgün saymayıb. Onun sözlərinə görə, bəzi siyasətçilər, QHT rəhbərləri bu görüşlərdə aparılan müzakirələr barədə danışmamaqla, özlərini daha əhəmiyyətli şəxslər kimi qələmə verir, ciddi məsələlərin yalnız onlarla müzakirə edilməsi görüntüsünü yaradırlar: “Azərbaycandakı diplomatik nümayəndələrin ölkə ictimaiyyəti ilə görüşmək haqqı var. Bu onların səlahiyyətlərinə daxil olan məsələlərdəndir. Lakin burada söhbət, belə görüşlərdə nələrin müzakirə edilməsidir. Əgər ölkənin, dövlətin milli maraqlarına zidd danışılırsa, müzakirə edilirsə, bu, qınanmalıdır. İndiki görüş barədə mediaya məlumatın verilməməsi, susqunluq yaradılması isə fon verməyə xidmət edir. Bununla bildirmək istəyirlər ki, guya olduqca ciddi məsələlər müzakirə edilib və sair. Ona görə də bu kimi görüşləri qeyri-adi saymıram”.
Ana Vətən Partiyasının sədr müavini, deputat Zahid Oruc Azərbaycan xalqına bağlı istənilən qüvvənin mütəmadi olaraq öz fəaliyyəti barədə hesabatlar verdiyini diqqətə çatdırıb. Qeyd edib ki, belə qüvvələr söykəndiyi gücün maraq və mənafelərə necə xidmət etdiyini hər zaman şəffaf şəkildə göstərməyə çalışırlar. ABŞ səfirliyinin müxalifət partiya təmsilçiləri ilə gizli görüşünə toxunan parlamentari diplomatik korpusların təlimatı və siyasi idarəçiliyi olmadan bəzi təşkilatların yaşaya bilmədiyini vurğulayıb: “Azərbaycanda keçmiş zamanlardan başlayaraq, indiyə kimi belə bir təsəvvür formalaşıb ki, hansısa görüşü məxfi kimi dəyərləndirəndə ona qarşı çıxmağa elə də ixtiyarları olmur. Belə görüşlərin, qəbul etmələrin, axşam ziyafətlərinin keçirilmə xronikasına baxsaq görərik ki, məhz seçki dövründə bu sahədə intensivlik müşahidə edilir. Sual olunur ki, nəyə görə? Məsələnin digər tərəfi ondan ibarətdir ki, sanki diplomatik korpusların təlimatı və siyasi idarəçiliyi olmadan bu təşkilatlar yaşaya bilmirlər. Hətta bir sıra hallarda o protokollara üsyan edirlər ki, nəyə görə kimlərsə hansısa tədbirə dəvət olunmayıb”.
Z.Oruc ABŞ səfirlərinin mövcud olduğu ölkənin daxili sistemini yaxşı bildiyini, həmin dövlətin ictimai-siyasi gələcəyi ilə bağlı dəqiq məlumatlara malik olduğunu söyləyib. Bildirib ki, bəzi xarici qüvvələr yerli hakimiyyətdən ictimai-siyasi umacaqlarını müxalifəti təzyiq alətinə çevirməklə əldə etmək istəyirlər: “Hər bir ölkə səfirliyinin kəşfiyyat strukturları və beyin mərkəzləri hansısa formada lazımi məlumatları diplomatik korpusa təqdim edirlər. Bütün bunların əsasında proqnozlar ondan ibarətdir ki, ölkə lideri İlham Əliyevin başçılığı altında Azərbaycan seçki dövründən çıxmalı, mövcud problemlərin aradan qaldırılması ilə gələcəkdə daha da demokratik cəmiyyətin formalaşmasına getməlidir. Bu fonda səfirlikdən güc alıb, hansısa görüşü önəmli hesab edərək, siyasi meydana çıxmaq olmaz. Bu, onlar üçün böyük qüsurdur. Əlbəttə ki, bundan irəli gələrək hansısa səfirliyə qarşı diplomatik hücuma da keçməyəcəyik. Bir çoxlarının arzusu budur ki, guya, Qərb bunların timsalında hakimiyyət modeli görür mənzərəsini yaratsınlar. Qətiyyən belə deyil. Sadəcə, bəzi xarici ölkələr yerli hakimiyyətlərdən ictimai-siyasi umacaqlarını müxalifəti təzyiq alətinə çevirməklə əldə etmək istəyirlər. Bu da beynəlxalq təcrübədə adi haldır”.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Elçin Mirzəbəyli özünün də vaxtıilə xarici ölkələrin Azərbaycandakı diplomatik korpus nümayəndələri ilə bir neçə görüşündə iştirak etdiyini xatırladıb. Deyib ki, həmin görüşdən dərhal sonra mətbuatda bu barədə fikrini öz yazısı ilə geniş ictimaiyyətə bildirib: “Baxmayaraq ki, bu görüşdə də müzakirələr barədə mətbuata hər hansı açıqlamanın edilməsi yasaqlanmışdı. Mən hesab edirəm ki, Azərbaycan siyasətçiləri ilk növbədə ölkə mətbuatına, cəmiyyətə açıq olmalıdırlar. Əgər burada hər hansı gizli sövdələşmədən söhbət getmirsə, narahatçılığı səbəb nədir? ABŞ səfirliyi belə görüşlərlə beynəlxalq prinsiplərə, Azərbaycan qanunvericiliyinə zidd addım atmırsa, narahatlıq keçirilməməlidir. Məhz bu kimi səbəblərdən, belə görüşlər şəffaf keçirilməlidir. Şəffaflıq olarsa, səfirliklərlə ayrı-ayrı partiya sədrlərinin, QHT rəhbərlərinin görüşlərinin keçirilməsi normal qəbul edilir. Bu məsələdə ABŞ səfirinin xüsusi aktivlik nümayiş etdirməsi isə rəsmi Vaşinqtonun maraqları ilə bağlıdır. Son görüş də, əslində nə birincidir, nə də sonuncu. ABŞ-ın Azərbaycandakı səfirləri hər dəfə seçki öncəsi aktivlik nümayiş etdirirlər. Hətta siyasi proseslərdə az qala tərəf kimi görünməyə çalışırlar. Görünür, səfirlik bu proseslərdən siyasi alver predmeti kimi istifadə etmək niyyətində olduğunu ortaya qoyur. Bunun kimi müxtəlif ehtimallar irəli sürmək olar bu məsələ ilə bağlı. Hesab edirəm ki, səfirlik özü son görüş barədə açıqlama verməsə də Azərbaycan siyasətçiləri bunu etməlidirlər. Təbii ki, əgər hər hansı dövlət əhəmiyyətli məsələdən söhbət getmirsə. Çünki dövlət əhəmiyyətli məsələlər hansısa partiya sədri ilə deyil, Xarici İşlər Nazirliyi təmsilçiləri arasında müzakirə olunur”.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər