• cümə axşamı, 18 aprel, 05:44
  • Baku Bakı 15°C

Bəzi məhdudiyyətlər aradan qaldırılsa da, arxayınlaşmaq hələ tezdir

09.08.20 11:00 629
Bəzi məhdudiyyətlər aradan qaldırılsa da, arxayınlaşmaq hələ tezdir
Ölkəmizdə koronavirusla mübarizə hələ də qətiyyətlə davam etdirilir. Qlobal böhrandan minimum itkilərlə çıxmaq üçün bütün qüvvələr COVID-19-a qarşı səfərbər edilib. Mərhələli şəkildə həyata keçirilən təsirli tədbirlər sayəsində demək olar ki, yeni növ koronavirus ölkəmizdə nəzarət altındadır. Mütəmadi olaraq epidemioloji vəziyyət dəyərləndirilir, vəziyyətə uyğun addımlar atılır.
Bunu Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib.
Millət vəkili qeyd edib ki, mayın əvvəlindən həyata keçirilən yumşalma tədbirlərinindən sonra bir çox vətəndaşlar qoyulan qaydalara riayət etmədi, sosial məsafə saxlanılmadı, maska taxılmadı, nəticədə iyun ayının ortalarından koronavirus ölkə ərazisində sürətlə yayılmağa başladı, gündəlik təsdiq edilmiş yoluxma hallarının sayı 500-ü ötdü, virus qurbanlarının sayı çoxaldı. Ölkədəki epidemioloji vəziyyət qənaətbəxş olmadığı üçün də xüsusi karantin rejimi yenidən sərtləşdirildi. Əldə olunan müsbət dinamika nəticəsində virusa yoluxma hallarının ikiqat artımının qarşısı alındı, gündəlik yoluxma sayı sabitləşdi, əvvəlki mənfi tendensiya aradan qalxdı. Son həftələr koronavirus infeksiyasından sağalanların sayında müsbət dinamika müşahidə olundu. Sağalan xəstələrin sayı gündəlik yoluxma hallarını üstələdi:
"Dövlət Başçımız İlham Əliyevin koronavirusla mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı 2020-ci il 6 avqustda keçirdiyi müşavirədəki çıxışında qeyd etdiyi kimi - "İyulun 16-dan bu günə qədər bu müsbət dinamika deməyə əsas verir ki, görülmüş bütün tədbirlər vaxtında görülmüş tədbirlərdir. Bu tədbirlər nəticəsində vəziyyət bu günə qədər nəzarət altındadır. İyulun 16-dan bu günə qədər yoluxanların sayı sağalanların sayından xeyli aşağıdır. Bu müsbət dinamika deməyə əsas verir ki, biz koronavirus xəstəliyini bundan sonra da nəzarət altında saxlayacağıq. Prinsip etibarilə ilk günlərdən, bu xəstəlik meydana çıxandan dərhal sonra bütün lazımi qabaqlayıcı tədbirlər görüldü. Bunun nəticəsində biz bu vəziyyətdən az itkilərlə çıxırıq.
Əminliklə demək olar ki, müsbət dinamika ölkə Prezidenti İlham Əliyevin pandemiyaya qarşı effektiv mübarizə strategiyasının nəticəsində əldə edildi. Pandemiya dövründə yeni səhiyyə ocaqlarının, həmçinin modul tipli xəstəxanaların açılması və koronavirus xəstələrinin ixtiyarına verilməsi, laboratoriyaların, tibbi avadanlıqların, dərman preparatlarının alınması, qoruyucu vasitələrin istehsalının təşkili, testlərin keçirilməsinə görə ölkəmizin dünya miqyasında qabaqcıl yerlərdə olması qürurvericidir. Dövlətimiz həkim çatışmazlığı ilə bağlı problemləri vaxtında həll edərək Türkiyə, Rusiya, Kuba, İtaliya və Çindən həkim briqadalarının Azərbaycana gətirilməsini təmin etdi.
Bu gün isə hər bir vətəndaşın qarşısında duran əsas şərt isə əldə olunan bu müsbət dinamikanı qoruyub saxlamaqdır. Sərt karantin rejiminin yenidən uzadılması məhz pandemiyanın təsirinin daha da zəiflədilməsinə, yoluxma zəncirini mümkün olduğu qədər qırmağa hesablanıb. Yoluxma sayı azalsa və sərt karantin rejimində bəzi məhdudiyyətlər aradan qaldırılsa da, arxayınlaşmaq hələ tezdir. Bir balaca laqeydlik, məsuliyyətsizlik çəkilən bu qədər zəhmətin hədər getməsinə, yoluxma sayının yenidən artmasına səbəb ola bilər. Operativ Qərargah tərəfindən karantin qaydalarında yumşalmalar vətəndaşlarımızı arxayınlaşdırmamalıdır. Ona görə də xüsusi karantin rejiminin qaydalarına bundan sonra da ciddi əməl etməliyik.
Unutmayaq ki, dövlət tərəfindən atılan bütün lazımi addımlar vətəndaşların təhlükəsizliyinin təmin edilməsinə, hər bir sakinin sağlamlığının qorunmasına hesablanıb".
banner

Oxşar Xəbərlər