• cümə axşamı, 25 aprel, 17:19
  • Baku Bakı 23°C

Beynəlxalq Yoqa Günü: Evdə yoqa, ailə ilə birlikdə yoqa

20.06.20 09:00 1947
Beynəlxalq Yoqa Günü: Evdə yoqa, ailə ilə birlikdə yoqa
İyunun 21-i dünyada Beynəlxalq Yoqa Günü kimi qeyd olunur.Hindistanın Azərbaycandakı səfiri Vanlalvavna Bavitlunq bu gün münasibətiləAZƏRTAC-a müsahibə verib. Müsahibəni təqdim edirik.
- Birləşmiş Millətlər Təşkilatı 2014-cü ilin dekabrında 21 iyun tarixini Beynəlxalq Yoqa Günü elan edib. Beynəlxalq Yoqa Günü həmin vaxtdan etibarən Azərbaycanda necə qeyd olunur?
- Birləşmiş Millətlər Təşkilatının 2014-cü ilin dekabrında 21 iyun tarixini Beynəlxalq Yoqa Günü elan etməsindən sonra Azərbaycanda bu tarix ilk dəfə olaraq 2015-ci ildə qeyd edilib. Yoqanın Azərbaycanda daha əvvəllər də tətbiq edilməsinə baxmayaraq, 2015-ci ildə ilk Beynəlxalq Yoqa Gününün qeyd olunmasından sonra onun kütləviliyinin əhəmiyyətli dərəcədə artdığını müşahidə etmişik. Keçən bir neçə il ərzində Beynəlxalq Yoqa Gününün qeyd olunması ilə əlaqədar təşkil edilən tədbirlərin sayı artıb. Ötən il Heydər Əliyev Mərkəzi, Qobustan, Yanardağ, İçərişəhər, Atəşgah, bulvar və s. də daxil olmaqla Bakının tanınmış məkanlarında və Lənkəran, Şamaxı və Qəbələ kimi bölgələrdə Beynəlxalq Yoqa Günü tədbirləri təşkil olundu.
- Sosial məsafənin saxlanılması ehtiyacına görə ictimai tədbirlərin qadağan olunduğu "COVID-19” pandemiyası dövründə Beynəlxalq Yoqa Gününün necə qeyd olunmasını təklif edirsiniz?
- Mövcud vəziyyət səbəbindən "Beynəlxalq Yoqa Günü – 2020” keçən illərlə müqayisədə unikal şəkildə qeyd olunacaq. Aydındır ki, sosial məsafənin saxlanılması ehtiyacı səbəbindən biz keçmişdə olduğu kimi, tanınmış məkanlarda və ictimai yerlərdə toplaşaraq birlikdə yoqa etməklə bu günü qeyd edə bilməyəcəyik. Bu səbəbdən Hindistan hökuməti Beynəlxalq Yoqa Gününün bu il çox qabaqcıl və yaradıcı bir şəkildə qeyd olunması qərarına gəlib. Bu il Beynəlxalq Yoqa Günü "Evdə Yoqa, ailə ilə birlikdə Yoqa” kontekstində qeyd olunacaq. Bu, Azərbaycandakı bütün yoqasevərlərə Beynəlxalq Yoqa Gününü evdə, ailələri ilə birlikdə qeyd etmək imkanı verəcək.
- Evdə yoqa həqiqətən də pandemiya dövründə Beynəlxalq Yoqa Gününü qeyd etmək üçün uyğun bir yoldur. Hindistan səfirliyi hansı tədbirləri təşkil etməyi planlaşdırır və bu tədbirlər evlərə necə çatır?
- Səfirlik Azərbaycanın müxtəlif Yoqa məktəbləri və tanınmış Yoqa müəllimləri ilə əməkdaşlıq edərək Beynəlxalq Yoqa Günü münasibətilə müxtəlif tədbirlər təşkil etməkdədir. Daha əvvəl də qeyd olunduğu kimi, keçən illərdən fərqli olaraq biz səfirliyin "Facebook” səhifəsi vasitəsilə yoqa sessiyalarını canlı yayımlayırıq ki, Azərbaycanda olan bütün dostlarımız və yoqasevərlər öz evlərindən bu sessiyalara qoşula bilsin. Bütün bu tədbirlərin təşkilində azərbaycanlı dostlarımız, xüsusilə də yoqa ilə məşğul olan insanları bu münasibətlə təbrik etmək üçün videomüraciətlərini göndərən Azərbaycan-Hindistan parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvləri bizə misilsiz dəstək göstəriblər.Beynəlxalq Yoqa Günü ilə bağlı əsas tədbir iyunun 21-də saat 15:00-da səfirliyin "Facebook” səhifəsində yayımlanacaq. Bütün dostlarımızı bizə qoşulmağa dəvət edirəm.
- Özünü təcrid etməklə və ictimai yerlərdə toplaşmaqdan yayınmaqla sağlam həyat tərzini qorumaq ehtiyacının olduğu bu vaxtda yoqanın insanlara necə faydalı ola biləcəyini qısa şəkildə izah edə bilərsinizmi?
- Keçən bir neçə ay ərzində koronavirusla mübarizə üçün tətbiq edilən məhdudiyyətlər səbəbindən dəyişən həyat tərzinə uyğunlaşmaq bir çoxlarımız üçün çox çətin olub. Əksəriyyət evdən işləməli olub ki, bu da dostlarla və həmkarlarla fiziki ünsiyyətin yoxluğu ilə nəticələnib. Bəzi araşdırmalara görə, bu müddətdə insanlarda depressiya, narahatlıq və qorxu halları artıb. Yoqa ilə müntəzəm və ciddi şəkildə məşğul olmaq balanslı fiziki və əqli sağlamlığa apara bilər. Çünki fiziki məşq və nəfəs üsullarından ibarət olan yoqa bədəndə gərginliyi azaltmağa, həqiqi mahiyyəti kəşf etməyə və insan bədəninin tarazlığını yaxşılaşdırmağa kömək edir. Yoqa vasitəsilə sağlam bədən və ruh "COVID-19” kimi xəstəliklərə qarşı insanların immunitetini yaxşılaşdıracaq.
- Yoqanın əsasları hansılardır? Yoqaya yeni başlayanlar üçün hər hansı məsləhətiniz varmı?
- Yoqa təmiz mühitdə məşq edilməlidir. Həmçinin sakit mühitdə aydın ruh və bədən də vacibdir. Rahat paltar geyinmək lazimdır və düz döşəmə üzərində həsirdən istifadə etmək olar. Yoqa hərəkətlərini boş mədə ilə məşq etmək də vacib amildir. Hərəkətləri yerinə yetirərkən xəsarət almamaq üçün yoqaya yeni başlayanlara qısa əzələlərin boşalması və yığılması hərəkətləri tövsiyə olunur. Yoqa yalnız təcrübəli şəxslərin etdikləri çətin hərəkətlərə keçməyə tələsmədən öz sürətində və tədricən məşq olunmalıdır. Yoqa yorğunluq, xəstəlik və yaxud kəskin stress vəziyyətində edilməməlidir. Yoqa sessiyalarından sonra yeməkdən əvvəl bir müddət - ən azı bir saat gözləmək tövsiyə olunur.
banner

Oxşar Xəbərlər