• cümə axşamı, 28 mart, 13:04
  • Baku Bakı 16°C

Beynəlxalq yarışda qızıl medala layiq görülən məktəbli - Örnək

03.05.19 12:30 2456
Beynəlxalq yarışda qızıl medala layiq görülən məktəbli - Örnək
Cəmi bir neçə aydır ki, robotexnikaya maraq göstərir və bu istiqamətdə yarışlara qatılır. Qatıldığı ilk yarış yerli olimpiada olur, orda istədiyi nəticəni əldə edə bilmir, amma həvəsdən düşmür, beynəlxalq yarışa hazırlaşır və burda zəhməti bəhrəsini verir. Müsahibimiz Rumıniyada keçirilən beynəlxalq robotexnika yarışında 1-ci yeri tutub qızıl medala layiq görülən 18 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Faiq Məmmədzadədir.

17 yaşlı Faiq deyir ki, robotexnika ilə ilk olaraq sadəcə yarışlara qatılmaq üçün məşğul olub: "Dərslərimi yaxşı oxuyurdum, qiymətlərim yaxşı idi, ona görə məktəb məni qızıl medal almağa namizəd görmüşdü. Bunun üçün isə qiymətlər yetərli deyildi, həm də respublika, ya da beynəlxalq olimpiadalardan medal qazanmalıydım. Direktorumuz bununla bağlı valideynlərimə bildirmişdi ki, hazırlaşıb "Sabahın alimləri” Respublika Müsabiqəsinə qatıla bilərəm. Ötən ilin oktyabrında informatika-robotexnika müəllimimiz Zaur Baladadaşovun yanına getdim, mənə robotlarla bağlı məlumat verdi, ümumi prosesi izah etdi. Maraqlı gəldi və bununla məşğul olmağa başladım. Zaur müəllimin yanına həftədə iki dəfə hazırlığa getməliydik, mən üç-dörd dəfə gedirdim. Bəzən elə olurdu ki, səhər 8-də evdən çıxıb, gecə 1-də qayıdırdım. Bəzən çox gec olurdu, Zaur müəllim evə gedirdi, kursun açarını verirdi, mən tək qalıb məşğul olurdum. Həvəsim günü-gündən çoxalırdı. Həm qarşıda olimpiadalar var idi, həm də artıq buna marağım artırdı. Müəllimim həvəsimi görürdü və mənimlə daha çox məşğul olurdu”.


Qalib gəlməsək də, həvəsdən düşmədik

İlk qatıldığı müsabiqə "Sabahın alimləri” olur, lakin orda qalib gələ bilmir, ancaq həvəsdən düşməyib beynəlxalq yarışa hazırlaşır: "Mən yarışlara Zaur müəllimlə birlikdə hazırlaşırdım. Həm robotexnika ilə, həm də robotu hərəkət etdirmək üçün proqramlaşdırma ilə məşğul olurduq. O müsabiqədə qalib gələ bilmədim. Yarışdan sonra məni Təhsil Nazirliyindən çağırdılar. Amerikanın "Intel” şirkətinin sertifikatını verdilər. Layihələrə baxmağa xarici münsiflər gəlmişdilər. Qalib gəlməsək də, həvəsdən düşmədik, əksinə, Rumıniyadakı yarışa daha böyük həvəslə hazırlaşmağa başladıq. Bəzən gecə 3-ə qədər qalıb robotexnika ilə məşğul olurdum”.

Faiq deyir ki, Rumıniyadakı yarışda ümumilikdə 36 ölkə üzrə 785 iştirakçı 347 layihə ilə qalibiyyət uğrunda mübarizə aparıb: "Biz yarışa "Mini sumo” kateqoriyası üçün döyüş robotu ilə qatılmışdıq. O robotun hazır olması təxminən 2 ay vaxt apardı. Lazım olan hissələri internet vasitəsilə sifariş verirdik, gec gəlirdi deyə, bir az uzanırdı. Və yarışa getdik. Bizim qatıldığımız "Mini sumo” kateqoriyasında 13 komanda mübarizə aparırdı, bizi A və B qruplarına bölmüşdülər. A qrupunda 7, B qrupunda 6 komanda var idi. Biz A qrupunda idik. Hər qrupda qalib gələn 4 komanda yarımfinala çıxırdı, biz də yarımfinala, sonra da finala çıxdıq”.


Qalibiyyətə olan ümidim ölmüşdü

Yarış isə kifayət qədər həyəcanlı keçib: "Hələ hazırlıq ərəfəsində "udacam, yoxsa uduzacam” kimi düşüncələr olurdu. Hətta medalı belə fikirləşirdim ki, udsam, hansı medal olacaq? Bunları fikirləşdikcə daha da həyəcanlanırdım. Qrupdan çıxmaq üçün 6 oyun keçirdik. 1 və 2-cini udduq, 3-cü oyunda başqa bir robotla toqquşanda robotumun ön hissəsi sındı. O an keçirdiyim həyəcanı bəlkə də indiyə qədər heç vaxt keçirməmişdim. Robotu təmir etməyə vaxt da vermədilər. 4-cü oyuna elə getdik, 3 və 4-cü oyunu uduzduq. 2 oyun uduzanda artıq qalibiyyətə olan ümidim ölmüşdü. Sonra 5 dəqiqə vaxtımız oldu, ehtiyat hissəsini götürüb robotu təmir etdik deyə, 5-6-cı oyunları udub qrupdan çıxmağı bacardıq. Səhəri gün yarımfinallar başladı. Ötən gün qrupda uduzduğumuz robotların ikisini də udduq. Çünki robotu artıq təmir etmişdik. Yarımfinallarda qalib gələ-gələ birinciliyi qazandıq”.

Robotexnika ilə məşğul olmaq Faiqə bir çox şeylər öyrədib: "Robotexnikaya ilk olaraq robot materiallarının ən sadəsi olan "Lego” ilə başladıq. Sonra yavaş-yavaş "Ardinio”ya keçdim, bu, mühəndislik kimi bir şeydir, öz bacarıqlarını ortaya qoyursan. Bunları etdikcə isə özünə güvənin, dünyagörüşün artır, yeni şeylər öyrənirsən, təcrübə qazanırsan. Bu öz həyatımda da bir çox dəyişikliklərə səbəb oldu. Robotexnika ilə məşğul olanda paralel olaraq proqramlaşdırmanı da öyrənmək lazımdır. Proqramsız robot oyuncaq kimi olur. Robot yaradanda, əsas məsələ proqramı yazmaqdır. Proqramlaşdırmanı da öyrəndikdən sonra həm də kompüteri, telefonu daha yaxşı başa düşürsən”.


Bir dəfə oxuyuram, yadımda qalır

Faiq deyir ki, məktəbdə həmişə bütün fənləri yaxşı oxumağa çalışıb, amma ən çox sevdiyi riyaziyyat olub: "Mən orta məktəbin ilk illərini Ağsuda 1 nömrəli liseydə oxumuşam. 7-ci sinifdən Bakıya gəlmişəm, 18 nömrəli tam orta məktəbdə təhsil almağa başlamışam. Qiymətlərim həmişə "5” olub. Dərslərimin hamısını eyni tutmağa çalışmışam, amma ən çox sevdiyim, ən yaxşı bildiyim fənn riyaziyyat olub. Riyaziyyat olimpiadalarında iştirak etmişəm. Nə qədər yaxşı bilsək də, riyaziyyat çətin fəndir və həmişə bilmədiyimiz tərəfləri olur, amma riyaziyyatdan heç vaxt bezmirəm. Çətin olub, amma onları da müəllimlər izah ediblər öyrənmişəm. Mənim ali təhsil almaq istədiyim sahə 3-cü qrupdadır deyə, 10-11-ci siniflərdə daha çox tarix, ədəbiyyat və Azərbaycan dilinə üstünlük verməyə başladım. Ümumilikdə, fənlərin hamısını yaxşı oxumağa çalışmışam”.

Yaddaşı yaxşı olduğu üçün dərsləri hazırlamağa elə çox vaxt sərf etmədiyini deyir: "Yaddaşım yaxşıdır deyə, verilən mövzunu bir dəfə oxuyuram, yadımda qalır. Sonra dərsi danışıram. Dərsə gedən gün sadəcə olaraq bir dəfə təkrar edirəm. Gün ərzində 2-3, bəzən 4 saat vaxtım gedir”.


Heç vaxt idmanı dərsdən üstün tutmurdum

Faiq deyir ki, musiqi, idmanla da məşğul olub, amma bunlar onu dərslərdən yayındırmayıb: "5-6-cı siniflərdən sonra dərsdən əlavə musiqiyə gedirdim, tar alətində ifa edirdim. Musiqiyə getməyi özüm xüsusilə istəməmişdim, valideynlərim yazdırmışdı, mən də gedirdim. Dərsdən kənar məşğuliyyət kimi sevə-sevə bunu edirdim. Bakıya gələndən sonra isə dərsdən əlavə hazırlığa gedirdim, eyni zamanda cüdo ilə də məşğul olmağa başladım. Dərsdən sonra boş vaxtım olanda özümü narahat hiss edirəm. Həmişə məşğuliyyət tapıram.

Bu məşğuliyyətlər dərslərimə mane olmurdu. Normal olaraq yorulurdum, dərslərdə zəifləmə ola bilirdi, amma bu, maksimum bir-iki həftə çəkirdi. Sonra yenidən dərslərimi daha çox oxuyurdum və eyni nöqtəyə gəlirdim. Mənim üçün əsas dərs olub. Heç vaxt idmanı dərsdən üstün tutmurdum. Yay aylarında idmana bir az daha çox vaxt ayırırdım. Amma dərs vaxtı həftənin ya tək, ya da cüt günləri idmana gedirdim, 1,5-2 saat idmana vaxt sərf edirdim. Əsas vaxtım məktəbdə, hazırlıqlarda və ya evdə dərslə keçirdi”.


Öz istəyim polis olmaqdır

Adətən riyaziyyatı sevənlərin seçimi 1-ci qrup ixtisasları olur, lakin Faiqdə bu fərqlidir. O, bunun səbəbindən də danışdı: "Atam polis olub və mən həmişə onun peşəsi ilə qürur duymuşam. Buna görə özüm də onun kimi polis olmaq istəmişəm. Atam da mənim bu istəyimi dəstəkləyib. 8-9-cu siniflərdə direktorumuz, sinif rəhbərimiz məni 1-ci qrupa yönəltməyə çalışırdılar, çünki riyaziyyatım çox yaxşı idi, amma o sahələrə marağım olmadığı üçün fikrimdən daşınmadım. Deyirdim ki, riyaziyyatımın yaxşı olması 3-cü qrupda mənim bir müsbətim olsun. Çünki 3-cü qrupa gedənlərdə adətən riyaziyyat o qədər yaxşı olmur. Öz istəyim polis olmaqdır, hazırda da o yolda davam edirəm”.

Faiq deyir ki, proqramlaşdırmadan da uzaqlaşmaq fikri yoxdur: "Proqramlaşdırmanı dərinliklərinə qədər öyrənməyi planlaşdırıram. Bu, o demək deyil ki, polis olmaq fikrindən daşınmışam. Proqramlaşdırma da polislərə lazımdır. Hər iki sahəni paralel olaraq davam etdirmək istəyirəm”.

Faiq sonra bildirdi ki, gələn il Meksika və Tailanda keçiriləcək olimpiadalara qatılacaq.

Aygün Asimqızı



banner

Oxşar Xəbərlər