• çərşənbə axşamı, 19 mart, 07:09
  • Baku Bakı 8°C

Beynəlxalq təşkilatların “atəşkəs” narahatlığı

24.06.17 09:18 1772
Beynəlxalq təşkilatların “atəşkəs” narahatlığı
Son günlər cəbhə xəttində ermənilər ard-arda təxribatlar törətməkdə davam edir. Amma onların bu təxribatlarının qarşısı Azərbaycan Silahlı Qüvvələri tərəfindən alınır. Bunun da nəticəsində erməni tərəfindən xeyli sayda itkilər var. Cəbhə xəttində yaranmış son vəziyyət isə beynəlxalq təşkilatları narahat etməyə başlayıb.
Belə ki, BMT baş katibinin Mətbuat Katibi ofisinin baş katib adından verdiyi bəyanat yayılıb. Burada qeyd edilir ki, BMT ATƏT-in Minsk qrupu həmsədrlərinin 19 iyun 2017-ci il tarixli bəyanatını nəzərə alır: "Biz təmas xətti boyunca qurbanlara səbəb olan atəşkəs rejiminin pozulmasına dair narahatlığı tam şəkildə bölüşürük. BMT bütün tərəfləri vəziyyətin daha da gərginləşməsinə gətirib çıxara biləcək hər cür əməllərdən çəkinməyə, gərginliyin azaldılması üçün tədbirlərin görülməsinə və danışıqları bərpa etməyə çağırır”.
Eləcə də Avropa İttifaqının xarici əlaqələr üzrə mətbuat katibi Mayya Kosyançiç bəyanatla çıxış edib: "Son günlər Azərbaycanın Dağlıq Qarabağ bölgəsində qoşunların qarşıdurma xəttində atəşkəs rejiminin pozulması əyani şəkildə göstərdi ki, status-kvo dayanıqlı deyil. Avropa İttifaqı deskalasiya və sözdə olduğu kimi, əməldə də təmkinlilik gözləyir”.
Hər iki bəyanata nəzər saldıqda, sual meydana gəlir ki, beynəlxalq təşkilatlar bu qədər narahatdırsa, nəyə görə Dağlıq Qarabağ probleminin həllini sürətləndirmirlər?
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında millət vəkili, politoloq Elman Nəsirov bildirdi ki, beynəlxalq təşkilatlar Minsk qrupu həmsədrlərinin bəyanatlarına oxşar bəyanatlar verdikcə, bu münaqişənin həlli imkanları tapılmayacaq: "Çünki BMT-nin də, Avropa İttifaqının da yaydıqları bəyanatda cəbhə xəttində vəziyyətin gərginləşməsindən narahatlıq öz əksini tapır. Yenə də biz onun şahidi oluruq ki, hər ikisi ünvansız bəyanatdır. Elə problem də bundadır. Niyə ünvanı göstərmirsiniz? Niyə demirsiniz ki, indiki gərginliyin yaranmasının əsas səbəbi odur ki, Azərbaycan torpaqlarında işğalçı silahlı qüvvələr mövcuddur. Həmin silahlı işğalçı qüvvələr də atəşkəsi intensiv şəkildə pozur və heç bir halda maraqlı deyillər ki, danışıqlar prosesi baş tutsun. Danışıqlar olsa belə, elə edirlər ki, müzakirələrdə fundamental, status-kvo ilə bağlı məsələlər deyil, atəşkəsin qorunub saxlanması əsas məsələ olsun. Belə yanaşmalarla münaqişəni həll etmək mümkün olmayacaq. Ona görə də qətiyyətli, ünvanlı, cəsarətli bəyanatlar olmalıdır. Həmin bəyanatların elə bir mətni olmalıdır, ifadələr elə dəqiq seçilməlidir ki, işğalçı bilməlidir – o, hədəfdədir. Onlar görməlidirlər ki, BMT və Avropa İttifaqı kimi nüfuzlu beynəlxalq qurumlar Ermənistanı artıq gözaltına alıb, cinayət əməlində ittiham etməyə başlayıb. Ermənistan konstruktiv addımlar atmasa, bunun ardınca maliyyə, iqtisadi sanksiyalar labüd olacaq. Məhz bunlar bəyanatların fəlsəfəsi olmalıdır”.
E.Nəsirov qeyd etdi ki, bu dəfə də hər iki beynəlxalq təşkilatın ATƏT-in Minsk qrupunun sayı bilinməyən bəyanatlarına oxşar bəyanatlarının şahidi olduq: "Bu da işğalçıda onsuz da mövcud olan "arxayınlıq” sindromunu bir qədər də möhkəmləndirir və düşünürlər ki, cinayətləri cəzasız qalıb. Cinayətkar isə cəzasız qalanda, daha da şirniklənmiş olur. Bu halda hansı münaqişənin həllindən söhbət gedə bilər? Ona görə də hesab edirəm ki, belə ünvansız bəyanatlarla bu münaqişənin həlli imkanları qeyri-real görünür”.
"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirdi ki, həqiqətən beynəlxalq təşkilatların narahatlığı varsa, Qarabağ problemini həll edə bilərlər: "BMT başlıca təşkilatdır, 4 qətnaməsi var və bu sənədlərin yerinə yetirilməsini təmin etməlidir. Atəşkəsin pozulması ilə bağlı açıqlama verirlər, bunu başa düşdük. Amma heç olmasa, burada bir cümlə gedərdi ki, bizim qəbul etdiyimiz qətnamələrin yerinə yetirilməsi vacibdir. Bunu vurğulamırlarsa, onda bu bəyanatların heç bir əhəmiyyəti yoxdur. Ümumiyyətlə, şəxsi fikrimdir ki, münaqişənin masa üzərində həlli mümkün deyil. Çünki ötən ilin aprel ayında cəmiyyətin belə bir gözləntisi oldu ki, guya böyük dövlətlər vəziyyətin gərgin olduğunu anlayacaq və Ermənistana təsir edib, mərhələli həll planını qəbul etdirə biləcəklər. Amma bir ildən çox vaxt keçdi və məlum oldu ki, böyük dövlətlərin belə bir istəyi yoxdur. ATƏT-in həmsədr ölkələri, BMT, AŞ PA və digər beynəlxalq təşkilatların Ermənistan hakimiyyətinə təsir edib, ilk növbədə Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılması ilə bağlı mexanizmləri hərəkətə gətirmək istəkləri yoxdur. Yeganə istəkləri odur ki, atəşkəs pozulmasın. Bu da bizim maraqlara qarşıdır. Çünki atəşkəsə davamlı riayət etmək status-kvonun uzanması deməkdir ki, bu da Ermənistanın maraqlarına uyğundur”.
E.Şahinoğlu vurğuladı ki, Azərbaycanın strategiyası dəyişib, artıq işğalçıya hərbi təzyiq artırılır: "Dağlıq Qarabağ ətrafındakı postları, canlı qüvvəsi artıq hədəfdədir. Necə onlar bizim rahatlığımızı pozublar, biz də bunu edərək anlatmağa çalışırıq ki, Dağlıq Qarabağ ətrafındakı ərazilər işğaldan azad edilmədiyi təqdirdə, vəziyyət gərgin olaraq qalacaq. Biz atəşkəsin əbədiyyətə qədər uzanmasını üzərimizə öhdəlik götürməmişik. Hətta 1994-cü ildə Bişkek protokoluna imza atanda belə, onun müəyyən bir müddəti var idi ki, qısa zaman ərzində münaqişənin sülh yolu ilə həlli təmin olunmalıdır. Təmin olunmayıbsa, atəşkəs daima pozulacaq. Biz milyardlarla ABŞ dolları həcmində silahı ona görə almırıq ki, atəşkəsə daima riayət edək. O silahlar həm də ona görə alınıb ki, işğalçıya təzyiq artırılsın”.

Bəxtiyar MƏMMƏDLİ
banner

Oxşar Xəbərlər