• cümə, 19 Aprel, 23:44
  • Baku Bakı 24°C

Beynəlxalq teatr festivalları bizə nə verir?

27.04.16 14:28 4336
Beynəlxalq teatr festivalları bizə nə verir?
Festivallar mədəniyyət sahəsinin inkişafında son dərəcə mühüm rol oynayır. Qeyd etmək lazımdır ki, yeni mədəniyyəti qiymətləndirməyin ən yaxşı üsulu həmin mədəniyyəti təmsil edən festivalların birində iştirak etməkdir. Dünyada bir çox festival növü var. Bəs görəsən beynəlxalq festivallar teatrın tanınmasında necə rol oynayır? Festivallarda iştirak etməklə teatrlarımız öz tamaşalarını nə dərəcədə reklam etməyi bacarırlar? Azərbaycan teatrları beynəlxalq arenalarda öz sözlərini deyə bilirlərmi?
Mövzu ilə bağlı teatr rəhbərlərinin fikirlərini öyrəndik.
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının rəhbəri, əməkdar artist Mübariz Həmidov bizimlə söhbətində bildirdi ki, beynəlxalq teatr festivallarının keçirilməsi və belə festivallarda hər hansı bir teatrın iştirakı çox önəmli hadisədir: “İlk olaraq onu qeyd etməliyik ki, ölkə başçımızın “Azərbaycan Teatrının inkişaf etdirilməsi barədə “2009-2019-cu illər” üçün təsdiq etdiyi Dövlət Proqramında Azərbaycan teatrlarının dünya teatr məkanına inteqrasiyası da öz əksini tapmışdır. Beynəlxalq teatr festivallarında Azərbaycandan bu və ya digər teatrın iştirakı ilk növbədə həmin teatrın festivala qatılan digər ölkə teatrları tərəfindən tanınması və ümumilikdə Azərbaycan teatrının bu günkü vəziyyəti barədə tanışlıq imkanı yaradır. Daha sonra xarici ölkə teatr rəhbərləri ilə görüşlər, həmin teatrların yaradıcı və texniki bazası ilə tanışlıq, qarşılıqlı yaradıcılıq əlaqələrinin qurulması, dünya teatr məkanında baş verən yeniliklərdən xəbərdar olmaq baxımından da çox əhəmiyyətlidir. Hazırda dünyanın demək olar ki, bütün inkişaf etmiş ölkələrinin nüfuzlu teatr qurumları beynəlxalq teatr festivalları təşkil edir. Hesab edirəm ki, ən məşhur teatr festivallarından biri Böyük Britaniyanın Edinburq şəhərində keçirilən festivaldır ki, təxminən bir neçə ay davam edir. Tamaşalar həm qapalı salonlarda, həm də küçə və meydanlarda baş tutur. Rusiya Federasiyasının Moskva, Sankt-Peterburq, Kazan, Perm şəhərlərində, Polşa Respublikasında, Türkiyədə məşhur teatr festivalları demək olar ki, ənənəvi olaraq keçirilməkdədir”.
Teatrın direktoru onu da əlavə etdi ki, bir teatr festivalında bəzən 35-40 ölkənin aparıcı teatr kollektivləri iştirak edir. Azərbaycan teatrının belə festivallarda iştirakı o deməkdir ki, 3 gün müddətində 35-40 ölkənin nümayəndələri Azərbaycan və onun teatr mədəniyyəti haqqında bilgi əldə edirlər: “Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı artıq 4-cü ildir ki, beynəlxalq ASSİTEJ-in üzvüdür. Dünyanın ASSİTEJ üzvü olan 108 ölkəsində Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı haqqında, onun truppası, repertuarı, həyata keçirdiyi layihələr, iştirak etdiyi festivallar barədə hərtərəfli məlumatlıdırlar. Teatrımız son 5 ildə Sankt-Peterburqda keçirilən II Beynəlxalq “ArtOkraina” mono və kiçik həcmli tamaşalar festivalında (2011-ci il 10-20 noyabr) P.Züskindin “Kontrabas” mono tamaşası, Əl-Füceyra Əmirliyində (BƏƏ) keçirilən V Monodram Beynəlxalq Teatr Festivalında Avstriya dramaturqu və publisisti Peter Turrininin “Axır ki...” adlı mono tamaşası (2012-ci il yanvar ayı), İran İslam Respublikasında ənənəvi olaraq keçirilən 33-cü “Fəcr” Beynəlxalq Teatr Festivalında (2012-ci il yanvar ayının 28-dən fevral ayının 2-dək) və Belarus Respublikasının Brest şəhərində ənənəvi olaraq keçirilən XVII Beynəlxalq “Belaya Veja” adlı teatr festivalında (2012-ci il sentyabr ayının 6-dan 11-dək) görkəmli italyan aktyoru və dramaturqu Peppino De Filipponun “Don Rafael trombonçu” tamaşası, 2013-cü ilin mart ayının 26-dan aprel ayının 3-dək ASSITEJ-in Şri-Lanka Mərkəzinin təşkilatçılığı ilə Kolombo Beynəlxalq Monotamaşalar Festivalında və may ayının 12-dən 19-dək Türkiyə Cümhuriyyətinin Dənizli şəhərində keçirilmiş Beynəlxalq Teatr Festivalında P.Züskindin “Kontrabas” tamaşası ilə çıxış etmişdir. 2014-cü ilin may ayında kollektivimiz Türkiyənin Dənizli şəhərində keçirilmiş Beynəlxalq Teatr festivalında M.Vahidzadənin “Bir səbət tənhalıq”, 2014-cü ilin oktyabr ayında Perm şəhərində keçirilmiş I Martin MakDonax Beynəlxalq Teatr festivalında müəllifin trilogiyasına daxil olan “Yalqız Qərb” tamaşası ilə uğurla çıxış etmişdir”.
Söhbətimiz zamanı aydın oldu ki, hazırda Dövlət Gənc Tamaşaçılar Teatrı 4 beynəlxalq festivala hazırlaşır. Yaradıcı heyət həmin festivallarda “Qoca kloun” (Türkiyə Cumhuriyyətinin Trabzon şəhərində), “Dəlinin qeydləri” (Moskva vilayəti Lobnya şəhərində), “Mən gəldim qızlar” (RF-in Orenburq şəhərində) və “Hekayəti xırs quldurbasan” (London şəhərində) tamaşaları ilə çıxış edəcək.
Akademik Milli Dram Teatrının mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı ilə də söhbət etdik. Teatrın sözçüsü bildirdi ki, indiyədək bir çox nüfuzlu festivallarda uğurla iştirak ediblər: “Bu cür beynəlxalq tədbirlərdə iştirak etmək vacibdir. Birinci növbədə ölkənin mədəniyyəti, incəsənəti təmsil olunur. Digər tərəfdən, teatrın əlaqələri genişlənir, təcrübə mübadiləsi yaranır, qarşılıqlı əməkdaşlıqla bağlı məsələlər müzakirə olunur və s. Müasir dünya paylaşmaq, bölüşmək dünyasıdır və bu, bütün sahələrdə olduğu kimi, teatr sahəsində də zəruridir”.
Bir neçə gün əvvəl teatrının kollektivinin Bursa 5-ci Beynəlxalq Teatr Festivalından qayıtdığını deyən teatrın sözçüsü bildirdi ki, Bursa şəhərinin Nilufər Bələdiyyəsinin təşkilatçılığı ilə keçirilən festivalda kollektiv xalq yazıçısı Elçinin “Teleskop” pyesi əsasında hazırlanan eyniadlı, iki hissəli tragikomediya ilə çıxış edib. Bundan başqa, ötən il teatrın kollektivi Belarusda keçirilən Gənclərin II Beynəlxalq Teatr Forumunda “İlahi oyun” tamaşası ilə iştirak edib: “Səfər Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə baş tutmuşdu. Beynəlxalq tədbir MDB və Baltikyanı ölkələri, Gürcüstanı əhatə edirdi və “İlahi oyun” tamaşası ilə açılmışdı. Tədbirin açılışından sonra Akademik Milli Dram Teatrının bədii rəhbəri və direktoru, xalq artisti Azər Paşa Nemətin rəhbərliyi ilə teatrın kollektivi rəssamların, dramaturqların, rejissorların və teatrşünasların məşğələ və ustad dərslərində iştirak etmişdi. Bundan başqa, Tatarıstanın Kazan şəhərində keçirilən türkdilli dövlətlərin ənənəvi “Novruz 2015”, Adanada keçirilən Sabançı Beynəlxalq Teatr Festivalının, Konyada keçirilən “Min nəfəs, bir səs”, Tiflis Beynəlxalq Teatr Festivalının adını çəkə bilərəm”.
Sumqayıt Dövlət Dram Teatrının direktoru İslam Həsənov bizimlə söhbətində teatra rəhbər təyin olunandan bu yana teatrın müxtəlif festivallarda iştirak etdiyini bildirdi. Hazırda teatrda təmir işləri getdiyindən festivallarda iştirakı dayandırdıqlarını bildirən İslam Həsənov qeyd etdi ki, indiyə qədər saysız festivallarda iştirak ediblər. Bundan əlavə, xarici rejissorlara müraciət edir, onlarla əməkdaşlıqlarını davam etdirirlər: “Festivallar yerli aktyorlarımızın tanınmasında müstəsna rol oynayır. Bundan başqa, teatrın yaradıcı kollektivi üçün böyük stimul yaradır. Xarici qastrollarımız olanda həm istirahət edirik, həm də yaradıcı görüşlərimiz olur, əhatə dairəmiz genişlənir. Əlaqədən yeni-yeni tanışlıqlar yaranır. Nə qədər çox festivalda iştirak ediriksə, bir o qədər də çox təkliflər alırıq. Əvvəllər festivallarda iştirak etmək üçün internetdən istifadə edərdik. Ərizə ilə onların saytlarına müraciət edirdik. Tamaşalardan parçalar göndərirdik. Onlar da həmin səhnəcikləri izlədikdən sonra bizi keçirdikləri festivallara dəvət edirdilər. İndi isə əlaqələrimiz genişləndiyi üçün onların özlərindən bizə təkliflər gəlir. Bizim üçün festival bayramdır. Biz də onu bayram kimi qeyd edirik”. Teatrın rəhbəri kollektivin ABŞ, Hindistan, Bolqarıstan, Türkiyə və s. ölkələrdən festivallara dəvət alsa da, başlarının hələ ki təmir prosesinə qarışdığını bildirdi.
Məlumat üçü bildirək ki, Sumqayıt Teatrında mayın axırına kimi təmir prosesi başa çatacaq.
Sonda isə qeyd edim ki, teatr cəmiyyətin kiçildilmiş modeli və canlı orqanizmdir. İnsanların tərbiyəsində, həyata baxışında, həyatı dərk etməsində böyük bir məktəb və məbəd rolunu oynayan teatrlarımız xarici festivallarda nə qədər çox iştirak etsələr, bu, bir o qədər ölkəmizin tanınmasına, eləcə də mədəniyyətin bu sahəsində peşəkarlıq səviyyəsinin yüksəlməsinə xidmət edəcək.
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər