• cümə, 29 Mart, 19:11
  • Baku Bakı 14°C

Beynəlxalq müşahidəçilərdən referenduma tam müsbət rəy

28.09.16 11:56 1265
Beynəlxalq müşahidəçilərdən referenduma tam müsbət rəy
Bəlli olduğu kimi, sentyabrın 26-da keçirilən referendumu izləmək üçün nüfuzlu beynəlxalq təşkilatları təmsil edən müşahidəçilər qrupu ölkəmizdə olublar. Seçki prosesini izləyən müşahidəçilər referendum günü müxtəlif məntəqələrdə olub, prosesə qiymət veriblər. Məsələn, prosesi izləyən Avropa İttifaqı Regional Komitə üzvlərindən ibarət müşahidə qrupu Konstitusiyaya dəyişikliklərə dair gəldikləri nəticəni keçirdikləri mətbuat konfransında elan ediblər. Komitənin 4 üzvündən ibarət müşahidə qrupunun üzvləri bildiriblər ki, səfər öncəsi referenduma çıxarılan konstitusion dəyişikliklərin məzmununu və legitimliyini araşdırıb, ümumxalq səsverməsi günü 10 dairənin 2 məntəqəsində səsvermə prosesini izləyiblər. Müşahidə qrupu araşdırmalar və müşahidələr əsasında belə bir nəticəyə gəlib ki, referendumun keçirilməsi suveren Azərbaycan dövlətinin səlahiyyətinə aiddir və bu barədə qərar milli qanunvericiliyə uyğun qəbul edilib. Eləcə də, referenduma çıxarılan dəyişikliklər əsasən ölkədə idarəetmə sisteminin gücləndirilməsinə və insan hüquqlarının müdafiəsinin təkmilləşdirilməsinə xidmət edir. Əlavə edilib ki, müşahidə qrupunun üzvləri olduqları məntəqələrdə çoxsaylı müşahidəçilərin səsvermənin gedişatını müşahidə etmələrinin şahidi oldular: "Səsvermə prosesi texniki və təşkilati baxımdan yaxşı təşkil edilmişdi. Məntəqələrdə seçici aktivliyi yüksək idi, səsvermə prosesi dinc şəraitdə həyata keçdi. Hər hansı bir zərurət olmadan polisin və ya yerli icra hakimiyyəti nümayəndələrinin seçki məntəqələrinə daxil olmalarının və səsvermə prosesinə müdaxilə etmələrini müşahidə etmədik. Seçicilər müstəqil və kənar müdaxilə olmadan səsvermədə iştirak edərək öz iradəsini ifadə etdilər. Səsvermə başa çatdıqdan sonra müşahidə qrupunun üzvləri bir məntəqədə bülletenlərin sayılmasını izlədilər və digər müşahidəçilərə bülletenlərin sayılması prosesini izləməyə maneçilik törədilmədiyinin şahidi oldular”. Beləliklə, qrup belə bir nəticəyə gəlib ki, Konstitusiyaya dəyişikliklərə dair 26 sentyabr 2016-cı il referendumu legitimdir və onun nəticələri Azərbaycan xalqının iradəsinin müstəqil və azad şəkildə ifadəsini əks etdirir.
Avropa Seçkilərin Müşahidəsi Akademiyası: Referendum beynəlxalq standartlara uyğun keçirilib
Öz növbəsində Avropa Seçkilərin Müşahidəsi Akademiyasının missiyası da referendumunun nəticələri ilə bağlı yekun bəyanatı açıqlanıb. APA-nın xəbərinə görə, missiyanın rəhbəri, Malta parlamentinin spikeri Anglu Farrugia keçirdiyi mətbuat konfransında bildirib ki, 12 Avropa ölkəsindən olan 35 parlamentar və ekspert Avropa Seçkilərin Müşahidə Akademiyası beynəlxalq qeyri-hökuməti təşkilatının nümayəndəsi qismində referendumu müşahidə edib. O deyib ki, referendum səsvermənin azad və ədalətli keçirilməsini təmin edən Azərbaycan qanunvericiliyinə əsasən təşkil edilib: "Referendum günündən 1 ay əvvəl 29 düzəlişin hamısı poçt kuryeri vasitəsilə bütün Azərbaycan vətəndaşlarına çatdırılıb. Müşahidəçilər Bakıda və ətrafda 20 dairə üzrə müşahidə aparıb. Seçkilər dinc keçirilib və səsvermə məntəqələrinə sərbəst və maneəsiz giriş təşkil olunub. Polis və yerli icra nümayəndələrinin müdaxiləsi baş verməyib. Səsvermə gizli keçirilib və bununla bağlı problem müşahidə edilməyib. Barmaqların mürəkkəblənməsi prosesi düzgün qaydada keçirilib, müşahidə kameraları səsvermənin onlayn izlənməsinə şərait yaradıb. Ümumilikdə səsvermə beynəlxalq standartlara müvafiq olaraq, təyinatlı heyət tərəfindən peşəkarcasına və mütəşəkkil aparılıb. Bir neçə seçki məntəqəsində cüzi texniki problemlər olsa da, bu, səsverməyə təsir göstərməyib. Səsvermədə xeyli sayda yerli müşahidə iştirak edib. Səslərin sayılması azad və şəffaf həyata keçirilib”. A. Farrugia bəyan edib ki, Azərbaycan xalqı güclü icra hakimiyyətinə dəstəyini açıq-aydın nümayiş etdirib: "Bu, referendum günü beynəlxalq müşahidəçilərə müraciət edən bir çox seçilər tərəfindən ifadə olunub”. Beynəlxalq müşahidəçilər qeyd ediblər ki, Ermənistanla davam edən müharibə, geosiyasi qeyri-sabitlik, fundamentalizmin artması, terrorçuluq təhdidi, beynəlxalq iqtisadi-maliyyə böhranı bugünkü çətin dövrdə istənilən təhdid və problemləri həll etməyə qadir olan güclü və möhkəm hökumətə imkan yaradan Konstitusiya modelini dəstəkləmək üçün əsas səbəblərdir. Sonda müşahidəçilər ölkəni sabit və demokratik institutlar yaratmağı davam etdirməyə və Azərbaycan hakimiyyətini Venesiya Komissiyasıilə sıx əməkdaşlığa çağırıb. Onlar bütün beynəlxalq təşkilatları Azərbaycan hakimiyyəti və MSK ilə konstruktiv dialoqu davam etdirməyə səsləyib.
AŞPA-nın qiymətləndirmə missiyası: "Biz Azərbaycan xalqını sakit keçən səsvermə günü ilə bağlı təbrik etmək istəyirik”
"Biz Azərbaycan xalqını sakit keçən səsvermə günü ilə bağlı təbrik etmək istəyirik”. Bunu isə AŞ PA-nın referendumla bağlı qiymətləndirmə missiyasının rəhbəri Aleksandr Nikoloski heyətin ilkin rəyini açıqlayarkən deyib. Onun sözlərinə görə, AŞPAnümayəndə heyəti belə nəticəyə gəlib ki, referendum milli qanunvericiliyə uyğun keçirilib: "Azərbaycan Konstitusiyası qanuni və legitim hesab olunur. Səsvermə prosesi şəffaf və yaxşı təşkil olunub, səmərəli və sakit keçib. Səslərin sayılması zamanı ciddi pozuntular qeydə alınmayıb. Biz Azərbaycan xalqının iradəsinə hörmətlə yanaşırıq. Hesab edirik ki, referendumun nəticələri Azərbaycanın təhlükəsiz, stabil və davamlı inkişafı istiqamətində bir addım kimi Azərbaycan xalqının iradəsini ifadə edir. Azərbaycan hökumətini gələcəkdə seçki prosesini daha da inkişaf etdirməyə çağırırıq".
Avropa Xalq Partiyası: "Bütün məntəqələrdə prosedurlar beynəlxalq normalara uyğun idi”
Yeri gəlmişkən, Avropa Xalq Partiyasının Müşahidə Nümayəndə heyəti də referenduma dair bəyanat qəbul edib. Qeyd edək ki, Avropanın aparıcı siyasi ailəsi olan EPP-nin – Avropa Xalq Partiyasının nümayəndə heyəti referendumu müşahidəsi məqsədilə Azərbaycana səfər edib. Nümayəndə heyəti 7 dövləti təmsil edən və digər seçki müşahidələrində təcrübəyə malik 11 üzvdən, o cümlədən Avropa Parlamenti və milli parlamentlərin hazırkı və keçmiş üzvləri, Avropa İttifaqı hökumətlərinin keçmiş üzvlərindən ibarətdir. Nümayəndə heyəti səsvermə günündən əvvəl bəzi seçki məntəqələrində hazırlıq işləri ilə tanış olub və MSK-nın rəhbərliyi ilə görüşüb. "MSK vətəndaşların ətraflı məlumatlandırılması, eləcə də səsvermə günü üçün nəzərdə tutulmuş prosedurlarla bağlı bütün hazırlıq işlərindən ibarət geniş təhlil təqdim edib. Bizə məlumat verildi ki, səsə qoyulacaq 29 düzəlişin tam mətni və hazırkı Konstitusiya mətni ilə fərq səsvermədən bir ay əvvəl bütün vətəndaşlara çatdırılıb. MSK-nın bütün qaydaları müsbət təcrübələrə və beynəlxalq standartlara uyğun idi. İlk olaraq onu vurğulamaq lazımdır ki, bu gün biz 1 deyil, 29 referendumun şahidi olduq, çünki vətəndaşlar hər düzəliş üzrə öz səsini verə bildi, bu isə hər seçicinin səsvermə kabinəsində həmişəkindən daha çox qalmasına səbəb oldu. EPP nümayəndə heyəti səsvermə məntəqəsində açılış prosedurlarında iştirak etdi və səsvermə müddətində digər məntəqələrə baş çəkdi, eləcə də səsvermə məntəqələrindən birinin bağlanması prosesini müşahidə etdi. Baş çəkilən bütün məntəqələrdə prosedurlar beynəlxalq normalara uyğun idi, seçicilərə müvafiq kömək göstərilirdi, böyük əksəriyyət prosesin mahiyyəti və səsvermə proseduru barədə yaxşı məlumatlanmışdı, eyni zamanda hərbçilər yaxud polis işçilərinin olmadığı qeydə alındı.

Beynəlxalq QHT-lər qrupu: "Konstitusiyaya düzəlişlər azadlıqları gücləndirəcək”
Səsverməni müşahidə edən Beynəlxalq QHT-lər qrupu da referendum nəticəsi ilə bağlı təəssüratlarını əks etdirən bəyanat yayıb. "Referendum ölkənin siyasi sabitliyinin yeni zəmanətidir. Azərbaycan vətəndaşlarının səsverməsinə təqdim edilmiş Konstitusiyaya düzəlişlər azadlıqları gücləndirəcək və demokratiyanı müdafiə edəcək. Belə ki, bu düzəlişlər hər hansı hakimiyyət boşluğunun qarşısını alaraq, ölkə institutlarının sabitliyini təmin edəcək. Türkiyədə baş vermiş son hadisələri nəzərə alsaq, bu, həyati əhəmiyyət kəsb edən məsələdir. Beləliklə, biz Konstitusiya referendumunun nəticələrini olduqca diqqət mərkəzində saxlayırıq. Avropa İttifaqının tərəfdaş dövlətində siyasi sabitlik və vətəndaşların azadlıqlarının qorunması beynəlxalq əlaqələrin inkişafının mühüm zəmanətidir. Komandamız 49 səsvermə məntəqəsində müşahidə apardı və 5 məntəqədə səslərin sayılmasını izlədi. Səsvermənin yüksək səviyyədə keçdiyini müşahidə etdik, səslərin sayılması prosesində qanun pozuntularının şahidi olmadıq, bu isə prosesin Azərbaycan vətəndaşlarının gözləntilərinə cavab verdiyinin aydın göstəricisidir. Biz eyni zamanda Konstitusiya referendumu günü ərzində ölkədə mühitin dinc və sakit olduğunu müşahidə etdik”.


Kamran

banner

Oxşar Xəbərlər