• cümə axşamı, 28 mart, 22:54
  • Baku Bakı 13°C

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin iclası keçirilib

14.09.20 15:51 796
Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin iclası keçirilib
Sentyabrın 14-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin iclası keçirilib.
Komitənin sədri Səməd Seyidov Milli Məclisin payız sessiyasının başlanması münasibətilə deputatlara təbriklərini çatdırıb, VI çağırış dövründə parlamentdə aparılan islahatları təqdir edib.
S.Seyidov Milli Məclisin Sədri Sahibə Qafarovanın ilk rəsmi səfərinin uğurla başa çatdığını bildirib. Vurğulayıb ki, Spiker Azərbaycanda mövcud olan ənənəyə əsasən, ilk rəsmi səfərinə Türkiyədən başlayıb. Sahibə Qafarovanın qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğan, Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentop, nazirlər və bir sıra digər rəsmilər ilə görüşləri göstərdi ki, Azərbaycan-Türkiyə əlaqələri ən yüksək müstəvidədir.
Sonra iclasın gündəliyi barədə məlumat verən S.Seyidov əvvəlcə Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin 2020-ci ilin yaz və növbədənkənar sessiyaları ərzində gördüyü işlər barədə hesabatı təqdim edib. Bildirib ki, hesabat dövründə komitənin 6 iclası keçirilib, 22 məsələyə baxılıb, onlardan 20-si Milli Məclisin müzakirəsinə tövsiyə olunub. Həmin məsələlər arasında qardaş Türkiyə ilə, Bolqarıstan, İtaliya, Türkmənistan və digər ölkələrlə müxtəlif sahələrdə əməkdaşlığın dərinləşməsinə xidmət edən sazişləri xüsusi vurğulamaq olar.
S.Seyidov qeyd edib ki, sessiyalar dövründə komitə üzvləri parlamentin beynəlxalq əlaqələrinin inkişafı sahəsində böyük fəallıqla çalışıblar. Baş verən ictimai-siyasi proseslərlə, iyul ayında Ermənistanın Azərbaycana qarşı törətdiyi növbəti təxribatla əlaqədar həm ölkə mətbuatında, həm də xarici mətbuatda hadisələrin mahiyyətini açıb göstərən məqalələrlə çıxış ediblər. Sosial şəbəkələrdə mühüm məlumatlar yerləşdiriblər; beynəlxalq təşkilatlarla, xarici ölkələrin parlamentarları ilə zəruri yazışmalar apararaq Tovuz rayonundakı sərhəddə ermənilərin təxribatçı hücumlarının əsl mahiyyətini açıqlayıblar. Təsadüfi deyil ki, yaz və növbədənkənar sessiyalar dövründə komitəyə 2429 müraciət daxil olub və onların hamısı cavablandırılıb.
Pandemiya şəraitinə baxmayaraq, komitə üzvləri seçicilərlə müntəzəm əlaqə saxlayıb, görüşlər keçiriblər. COVID-19-la əlaqədar yaranmış vəziyyətdə yerlərə səfər edərək daim seçicilərin yanında olub, maarifləndirmə işləri aparıb, lazımi kömək göstəriblər.
Məlumat dinlənildikdən sonra deputatlar hesabatı məqbul sayıblar və komitənin 2020-ci ilin payız sessiyası üçün nəzərdə tutulmuş iş planını təsdiqləyiblər.
Sonra komitə sədri "Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin əqli mülkiyyət obyektlərinə hüquqların qorunması sahəsində gömrük orqanlarının qarşılıqlı fəaliyyəti haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsini şərh edib. Deputatlar bu qanun layihəsini də plenar iclasa tövsiyə ediblər.
Komitənin iclasında cari məsələlərə baxılıb. Aparılan fikir mübadiləsi zamanı komitənin sədr müavini Sevinc Fətəliyeva, deputatlar Asim Mollazadə, Elman Nəsirov, Kamran Bayramov, Rasim Musabəyov, Sabir Rüstəmxanlı, Sevil Mikayılova, Tural Gəncəliyev, Nəsib Məhəməliyev, Ramil Həsən, Ramin Məmmədov və Sahib Alıyev beynəlxalq təşkilatlarla münasibətlərin daha səmərəli qurulması, xaricdə yaşayan azərbaycanlılarla sıx əlaqələrin yaradılması, Ermənistanın işğalçılıq niyyətlərinin və əməllərinin beynəlxalq miqyasda ifşa edilməsi, Livan ermənilərinin qeyri-qanuni olaraq Dağlıq Qarabağa köçürülməsinin və məskunlaşdırılmasının qarşısının alınması və sair aktual məsələlərə dair rəy və təkliflərini bildiriblər.
İclasda müzakirə edilən məsələlər Milli Məclisin plenar iclasına tövsiyə olunub.
banner

Oxşar Xəbərlər