Deputatların fikrincə, qondarma rejimdə keçirilən
"seçki”ləri Ermənistanın işğalçılıq siyasətinin davam etdirilməsi kimi nəzərdən
keçirmək lazımdır
Azərbaycanın
işğal olunmuş ərazilərində martın 31-də keçirilmiş qondarma "seçki” beynəlxalq
ictimaiyyət tərəfindən birmənalı olaraq rədd olundu və ölkəmizin suverenliyi və
ərazi bütövlüyünə dəstək ifadə edildi. Maraqlı məqam ondan ibarətdir ki, əvvəlki
illərdən fərqli olaraq müxtəlif ölkələr və beynəlxalq təşkilatlar tərəfindən
verilən bəyanatların sayı daha da artıb və onların mövqeyi açıq bəyanat
formasında ifadə edilib. "Seçkilər”ə dair münasibət Türkiyə, Ukrayna,
Gürcüstan, Bosniya və Herseqovina, Moldova, Kanada, Avstraliya, Qoşulmama Hərəkatı,
Türk Şurası, Türk Parlament Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı, GUAM, ATƏT-in
Minsk qrupunun həmsədrləri, ATƏT PA,
Avropa İttifaqı, NATO, Çex respublikası, Estoniya, Latviya, Litva, Rumıniya,
Bolqarıstan, Finlandiya, Almaniya, İtaliya, Monteneqro, Böyük Britaniya,
Belçika, İsveç, Xorvatiya, İran və digərləri tərəfindən ifadə olunub. Buradan
da məlum olur ki, Türkiyədən tutmuş uzaq Kanada və Avstraliyaya qədər, Türk
Şurasından tutmuş NATO-ya qədər dünya ictimaiyyətinin rəyi yekdildir. Əlbəttə
ki, bəyanatlarda Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ regionunda
keçirilmiş qondarma "seçkilər” tanınmır və qeyri-qanuni hesab olunur. O cümlədən
də qondarma "seçkilər” konstitusional olmadığı üçün heç bir hüquqi qüvvəyə
malik deyil.
Bəyanatlarda
qeyd edildiyi kimi, qondarma "seçkilər”in nəticələri davam edən danışıqlar
prosesini və bölgənin statusunu əvvəlcədən müəyyənləşdirmir. Birmənalı olaraq,
Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyü və suverenliyi dəstəklənir.
Heç şübhəsiz ki, bəyanatlarda münaqişənin BMT-nin Təhlükəsizlik Şurasının məlum
qətnamələri əsasında həllinə dəstək ifadə olunur.
Xüsusi olaraq tərkibində
Avropa, Asiya, Afrika, Latın Amerikası, Okeaniyadan 120 dövləti birləşdirən və
BMT-dən sonra ikinci ən böyük siyasi təsisat sayılan Qoşulmama Hərəkatının
yaydığı kommünikedə vurğulanır ki, ərazilərin güc yolu ilə qəsb edilməsi
yolverilməzdir və Azərbaycan ərazilərinin işğalı nəticəsində yaranmış vəziyyət
heç bir ölkə tərəfindən tanınmayacaq.
Eləcə də,
aralarında müxtəlif ölkələrdən olan deputatlar da daxil olmaqla, ayrı-ayrı şəxslər
tərəfindən verilmiş açıqlamalarda bütün dünyanın hazırda koronavirus
pandemiyası ilə üzbəüz qaldığı bir vaxtda "seçki” keçirilməsi məsuliyyətsiz
addım kimi dəyərləndirilib. Beləliklə, "seçkilər”ə münasibətdə dünya ictimaiyyəti
bir daha rəsmi Yerevana "qırmızı kart” göstərərək işğalın və onun nəticələrinin
heç bir zaman qəbul edilməyəcəyi mesajını göndərmiş oldu. Bununla, dünya həm də
bir daha göstərdi ki, Qarabağ Azərbaycandır!
Ona görə də Ermənistan
"seçki”, "demokratiya” kimi perspektivsiz şoularını bir tərəfə qoyub səmimi və
ciddi şəkildə sülh danışıqlarında iştirak etməli və öz qoşunlarını Azərbaycanın
işğal olunmuş ərazilərindən çıxartmalıdır. Münaqişə isə yalnız Azərbaycanın
beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində, ərazi bütövlüyünün tam
olaraq bərpa olunması ilə həll oluna bilər.
Mövzu ilə bağlı
"Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin
deputatı, politoloq Elşad Mirbəşir bildirdi ki, son illərin tendensiyası
ondan ibarətdir ki, Azərbaycanın münaqişə vəziyyətində siyasi potensialı güclənməkdədir:
"Bu, o anlama gəlir ki, beynəlxalq instansiyalarda Azərbaycanın haqq səsi daha
aydın eşidilir, ölkəmizin ərazi bütövlüyü dəstəklənir. Biz bunu dəfələrlə beynəlxalq
təşkilatların bəyanatlarında müşahidə edirik. Təbii ki, bu, Azərbaycanın xarici
siyasətinin, diplomatiyasının uğuru, dövlətimizin etibarlı tərəfdaş kimi qəbul
olunmasının və digər sahələrdə ölkəmizin potensialının güclənməsinin nəticəsidir.
Qeyd etmək lazımdır ki, mart ayının 31-də Dağlıq Qarabağdakı qondarma rejimdə
keçirilən "seçki”ləri ümumi şəkildə Ermənistanın işğalçılıq siyasətinin davam
etdirilməsi kimi nəzərdən keçirmək lazımdır. Təbii ki, gözlənildiyi kimi, bu
"seçki”lərə beynəlxalq ictimaiyyətin münasibəti birmənalı olmadı və qondarma
"seçki”lər heç bir instansiya tərəfindən tanınmadı, qınayan mövqelər nümayiş
etdirildi”.
E.Mirbəşirin
sözlərinə görə, bu məsələdə başqa bir reallığı da qeyd etmək lazımdır ki, ATƏT-in
Minsk qrupunun qondarma "seçki” ilə bağlı bəyanatı nisbətən yumşaq xarakterli
idi: "Gözlənilən o idi ki, münaqişənin tənzimlənməsi missiyasını öz üzərində
daşıyan bir qurum daha sərt reaksiya versin, "seçki”nin nəticələrinin
tanımadığını bildirsin və belə halların münaqişənin tənzimlənməsi prosesinə mənfi
təsir göstərdiyini vurğulasın. Sadəcə olaraq, ATƏT-in Minsk qrupunun mövqeyi
ondan ibarət oldu ki, bu "seçki” "Dağlıq Qarabağ” rejiminin statusunu dəyişmir.
Təbii ki, dəyişmir, amma nisbətən sərt şəkildə ifadə olunsaydı, hesab edirəm
ki, bu, ümumiyyətlə, ATƏT-in Minsk qrupu missiyasının ruhuna uyğun olardı.
Lakin bütövlükdə Azərbaycanın özünün formalaşdırdığı reallıq ondan ibarətdir
ki, ölkəmiz çox ciddi tərəfdaş kimi qəbul olunur. Azərbaycanın həm siyasi,
iqtisadi, həm də diplomatik potensialı artıq öz sözünü deyir və dövlətimizin ədalətli
mövqeyi beynəlxalq səviyyədə dəstəklənir. Məhz bunun nəticəsi idi ki, qondarma
rejimdə keçirilən "seçki” beynəlxalq ictimaiyyət tərəfindən tənqidə məruz
qaldı”.
Millət vəkili, politoloq Arzu Nağıyev bildirdi ki, Dağlıq Qarabağ ərazisində qondarma
rejimin keçirdiyi "seçki” bütün beynəlxalq hüquqi normalara və qanunlara zidd
olduğuna görə, bir çox dünya ölkələri və beynəlxalq təşkilatlar tərəfindən qəbul
olunmayıb: "Bunun da bir neçə səbəbi var. Məlumdur ki, bu saxta seçkilər dəfələrlə
keçirilib. Hər dəfə bir sıra dövlətlər bu məsələyə birmənalı şəkildə reaksiya
verib. Ermənistan çalışırdı ki, bu "seçki”yə dünyanın bir sıra dövlətlərindən
müşahidəçilər gəlsin. Lakin istəkləri baş tutmadı. Koronavirus pandemiyası
bütün dünyada tüğyan etməsinə baxmayaraq, onlar öncədən elan verdilər ki, guya
Dağlıq Qarabağ ərazisində belə bir infeksiyaya yoluxma halı yoxdur: "Amma bu bəyanat,
göründüyü kimi, heç bir xarici dövlət və beynəlxalq qurum tərəfindən qəbul
olunmayıb. Saxta "seçki” prosesində 12 nəfərə yaxın namizəd irəli sürülüb. Onların
arasında əsas iki fiqur olub ki, həmin şəxslər Paşinyan hakimiyyətini öz əməlləri
ilə razı sala bilirdilər. Biri keçmiş "baş nazir” Araik Arutunyan, digəri isə
keçmiş "xarici işlər naziri” Masis Mailyandır. Qeyd etmək lazımdır ki, bu iki
namizəd arasında da ciddi narazılıqlar mövcuddur. Onlardan birinin bu qondarma
qurumun rəhbərləri olması üçün ermənilər "siyasi fiqurları” dünyaya tanıtmağa
çalışırdılar. Təsadüfi deyil ki, keçirilən qondarma seçkilərin ikinci turuna da
məhz bu iki şəxs keçib”.
A.Nağıyev
vurğuladı ki, ATƏT-in Minsk qrupunun həmsədrləri, Qoşulmama Hərəkatı, BMT, NATO
və s. bir sıra təşkilatlar saxta "seçki”ləri tanımadıqları ilə əlaqədar bəyanatlar
yayıblar: "Hətta Dağlıq Qarabağın öz ərazisində bu seçkilərə qarşı mitinqlər
başlayıb. Bu məsələyə bir neçə aspektdən yanaşmaq lazımdır. Əvvəla, bu, Azərbaycan
hakimiyyətinin apardığı xarici siyasətdir. İkincisi, Azərbaycanın Xarici İşlər
Nazirliyinin, diaspora təşkilatlarının Azərbaycandan kənarda həyata keçirdiyi
siyasətdir və son olaraq da yerli politoloq və siyasətçilərin daimi qondarma
qurumun saxta "seçkilər”lə bağlı verdikləri bəyanatlardır. Bu kimi aparılan
proseslər saxta seçkilərin dünya dövlətləri tərəfindən lazımınca qınanmasına təsir
edib. Heç bir dövlət tərəfindən tanınmayan qondarma qurumun keçirdiyi saxta
"seçki”lərin də taleyi eyni olub. Təbii ki, bu "seçki”nin ikinci turunun
keçirilməsi üçün də çalışacaqlar. Lakin bu, bir daha göstərir ki, Paşinyan
Qarabağ kartından istifadə edərək öz hakimiyyətinin gələcəkdə iqtisadi
korrupsiyasını həyata keçirmək üçün addımlarını atır. Lakin dünya artıq əvvəlki
dünya deyil və beynəlxalq təşkilatlar, həmçinin, BMT səviyyəsində qondarma
rejimin keçirdiyi "seçki” qəbul edilmir”.