• cümə axşamı, 28 mart, 16:55
  • Baku Bakı 16°C

Beynəlxalq ictimaiyyət uşaq qatillərinə “dur” deməlidir - Fotolar

07.07.17 11:30 8897
Beynəlxalq ictimaiyyət uşaq qatillərinə “dur” deməlidir - Fotolar
Ermənistan silahlı qüvvələrinin iyulun 4-də Azərbaycanın mülki əhalisini və yaşayış məntəqələrini artilleriya qurğuları, minaatanlar və digər iriçaplı silahlardan intensiv atəşə tutması, nəticədə Füzuli rayonunun Alxanlı kəndində 2 yaşlı Zəhra Quliyeva və nənəsi Sahibə Quliyevanın həlak olması beynəlxalq hüquqa, müharibə qanunlarına zidd hadisədir. Belə ki, Ermənistanın Azərbaycanın mülki əhalisinə və mülki obyektlərə birbaşa və qəsdən hücumları, beynəlxalq humanitar hüququn və insan haqlarının, xüsusilə 1949-cı il Cenevrə konvensiyaları və ona 1 saylı Əlavə, həmçinin Uşaqların hüquqlarına və İnsan hüquqlarının müdafiəsi və fundamental azadlıqlara dair Konvensiyanın ciddi şəkildə pozulmasıdır. Bu hadisə bir daha sübut edir ki, işğalçı Ermənistan beynəlxalq hüququn tələblərinə, beynəlxalq təşkilatların çağırışlarına heç bir əhəmiyyət vermir.

Bununla yanaşı, Alxanlıdakı olay terrorçu Ermənistan rejiminin qaniçən mahiyyətini, şəxsən prezident Serj Sarkisyanın Azərbaycan xalqına qarşı düşmənçilik münasibətini, xüsusən də onun uşaq qatili olduğunu növbəti dəfə əyani şəkildə nümayiş etdirir. Vaxtilə Ermənistanın müdafiə naziri postunu tutmuş bu şəxs 1992-ci il fevralın 25-dən 26-a keçən gecə Xocalı şəhərində azərbaycanlılara qarşı törədilən soyqırımının da bilavasitə iştirakçısı olub. Həmin vaxt 613 nəfərin Xocalı sakini amansızlıqla qətlə yetirilib ki, onlardan 63-ü azyaşlı uşaq olub. Eyni zamanda, Xocalıda 1273 sakin girov götürülüb ki, onların arasında da uşaqlar olublar. Girovluqda çoxsaylı işgəncələrə məruz qalan xocalılardan böyük bir qismi sonradan azad edilsələr də, 150 nəfərin taleyindən indiyə qədər xəbər yoxdur. Bundan başqa, 1992-ci ildə Xocavənd rayonunun işğalı zamanı ermənilər Qaradağlı kəndindən girov götürdükləri 117 nəfər dinc sakini Xankəndinə apararkən, yolda 76 nəfərini güllələyiblər ki, onlardan da 20 nəfəri 10-12 yaşına qədər uşaq, yarıya qədəri qadınlar olub. Füzuli rayonunun işğalı zamanı Horadiz yolunda tutulmuş 40 nəfər mülki şəxsin 29 nəfəri, Gorazıllı kəndindən götürülmüş girovların 40 nəfəri, Kəlbəcər rayonunun Başlıbel kəndindən girov götürülmüş qoca, qadın və uşağın 29 nəfəri yerindəcə öldürülüb, meyitlərə qarşı əxlaqsızlıq və vandalizm hərəkətlərinə yol verilib. Bu günahsız soyqırımı qurbanlarının da az qala yarısı qadınlar və uşaqlar olub.

Qeyd edək, S.Sarkisyan müdafiə naziri olarkən "Qara bağ” adlı kitabın müəllifi Tomas de Vala müsahibəsində Xocalıda dinc insanların kütləvi şəkildə, qadın, uşaq, qoca demədən qırılmasına rəhbərlik etdiyini təsdiqləyib. Açıq etiraf edib ki, bu qətliamı azərbaycanlıların ermənilərin dinc əhaliyə əl qaldıra bilməyəcəyi barədə düşüncələrini dəyişmək üçün həyata keçiriblər.S.Sarkisyan Ermənistanda prezident kürsüsünə yiyələndikdən sonra da nə o, nə də onun ətrafındakılar azərbaycanlı mülki şəxslərə, o cümlədən uşaqlara qarşı olan qeyri-insani rəftardan, münasibətdən əl çəkməyiblər. Belə ki, 1994-cü ildə atəşkəs rejiminin elan olunmasından indiyə qədər 33 azərbaycanlı uşaq erməni terrorunun qurbanı olub. Onlardan 14-ü həlak olub, 19-u yaralanıb.
Misal üçün, 2011-ci il martın 8-dəAğdamın işğal olunmuş Şıxlar kəndi istiqamətində erməni snayperinin atəş açması nəticəsində Orta Qərvənd kənd sakini 9 yaşlı azərbaycanlı Fariz Bədəlov həyatını itirib. Həmin vaxt balaca Fariz başından ağır yaralanıb və xəstəxanaya aparılarkən dünyasını dəyişib.
Elə həmin il Tovuz rayonunun Ermənistanla həmsərhəd olan Əlibəyli kəndində düşmənə məxsus partlayıcı qurğunun işə düşməsi nəticəsində 1998-ci il təvəllüdlü Şahmalıyeva Aygün Zirəddin qızı həlak olub, onun anası 1979-cu il təvəllüdlü Şahmalıyeva Elnarə Məmmədtağı qızı ağır xəsarət alıb. Araşdırmalar zamanı məlum olub ki, partlayıcı qurğu quraşdırılmış uşaq oyuncağı ermənilər tərəfindən Əlibəyli kəndinə daxil olan Tovuz çayına buraxılıb. Sözügedən ərazidə oynayan Cəfərov Elsəvər Həsən oğlu və Şahmalıyeva Aygün Zirəddin qızı oyuncağı taparaq Cəfərov Həsənin evinə gətiriblər. Evdə oynayan zaman Aygün Şahmalıyeva oyuncağı masanın üstünə vurub və nəticədə partlayış baş verib.

Bundan başqa, 2016-cı il aprelin 4-üaxşam saatlarında ermənilər Ağdamın cəbhə xəttindən xeyli uzaqda yerləşən Üçoğlan kəndini reaktiv artilleriyadan və toplardan atəşə tutub. Kənd sakinlərindən Bəxtiyar İbrahimovun evi tamamilə yanıb. Bəylər Əkbərov və Ədalət Məhərrəmovun isə evlərinin dam örtüyü və həyətlərindəki tikililər dağılıb. Hadisə nəticəsində Ədalət Məhərrəmovun bacısı qızı, 16 yaşlı Pakizə Məhərrəmli baş nahiyəsindən yaralanıb. Həmin il iyulun 14-dəerməni silahlı bölmələrinin açdığı atəş nəticəsində isə Tovuzun Ermənistanla təmas xətində yerləşən Əlibəyli kəndində 12 yaşlı Nərmin Xanbabayevə, onun 8 yaşlı qardaşı Tuncay və 44 yaşlı Durdanə Nağıyevaya ağır yaralanıblar.

Bütün sadalanan faktlar, o cümlədən iyul ayının 4-də 18 aylıq Zəhra Quliyevanın həlak olması Ermənistan hökumətinin, xüsusən də prezident Serj Sarkisyanın və Robert Köçəryan, Sehran Ohanyan, Zori Balayanların Xocalı, Qaradağlı, Ağdaban faciələrində törətdiyi amansız qətliamların davamı və eyni qaniçən zehniyyətin növbəti məhsulu kimi qiymətləndirilməlidir. Baxmayaraq ki, ErmənistanBMT-nin Uşaq Hüquqları haqqında Konvensiyanı ratifikasiya edib, bir sıra beynəlxalq öhdəlikləri üzərinə götürüb, lakin yenə də bu dövlət və onun rəhbərliyi uşaqlara qarşı zorakılıq əməlləri törətməkdən çəkinmir, istər müharibə, istərsə də atəşkəs zamanı öz çirkin niyyətlərini həyata keçirirlər. Dünya ictimaiyyəti, BMT üzvü olan ölkələr, xüsusən də Təhlükəsizlik Şurasının daimi üzvü olan böyük dövlətlər qeyd olunan faktlara layiqli qiymət verməli, uşaq qatili Serj Sarkisyana təzyiq göstərməli, o, törətdiyi əməllərə görə cavab verməlidir.

Rufik İSMAYILOV

banner

Oxşar Xəbərlər