• çərşənbə axşamı, 23 aprel, 11:09
  • Baku Bakı 20°C

Beynəlxalq hüquq ayaqlar altında

07.01.20 18:48 1050
Beynəlxalq hüquq ayaqlar altında
Politoloqların fikrincə, İraq parlamentinin qərarı heçə sayılmamalıdır

Bir neçə gün əvvəl İraq parlamenti ABŞ əsgərlərinin ölkədən çıxarılmasını nəzərdə tutan qanun layihəsini qəbul edib. Belə ki, İraq parlamenti ölkə ərazisindəki xarici hərbi qüvvələrin fəaliyyətinin dayandırılmasına səs verib. Ölkə parlamenti eyni zamanda İŞİD-lə mübarizə üzrə beynəlxalq koalisiya ilə imzalanmış sazişin qüvvədə olma müddətinə son qoyub. Bununla da parlament xarici qoşunların ölkə ərazisindən çıxarılmasını bəyənib. Lakin İraq parlamentinin bu qərarı ABŞ tərəfindən birmənalı qarşılanmayıb. Ağ Ev rəhbəri Donald Tramp İraqı "düşmənçilik olacağı təqdirdə" sanksiyalarla hədələyib. Ağ Ev rəhbəri həmçinin əlavə edib ki, rəsmi Bağdad Amerika aviabazası üçün Vaşinqtona pul ödəməyincə, ABŞ qoşunları İraqdan çıxmayacaq.
Bundan başqa ABŞ-ın müdafiə naziri Mark Esper bildirib ki, Birləşmiş Ştatlar qoşunlarının İraqdan çıxarılması barədə qərar verməyib.
Əslində yaranmış bu vəziyyət beynəlxalq hüququn bur daha kobud şəkildə pozulması anlamına gəlir. Hansı səbəbdən yeli hökumətlərin verdiyi qərarlar hegemon dövlətlər tərəfindən etinasız qarşılanır və bununla da dünyada təsbit edilmiş beynəlxalq hüquq normaları kobud şəkildə pozulur?
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov bildirdi ki, ABŞ çoxdandır ki, beynəlxalq qanunvericiliyi pozur: "Təbii ki, onun bu addımları heç də gözlənilməz sayıla bilməz. ABŞ ordusunun İraqa daxil olmasını xatırlasaq görərik ki, o zaman da beynəlxalq sanksiya olmadanaddım atılmışdı. O vaxt İraqın rəhbəri olan Səddam Hüseyni kütləvi qırğın silahlarını saxlamaqda günahlandırırdılar. Amma sonradan məlum oldu ki, bütün bunlar bir bəhanədir. Əlbəttə ki, beynəlxalq hüquqa görə hər bir dövlət öz suverenliyini qorumalıdır və ölkə daxilində digər dövlətin silahlı qüvvələrinin yerləşdirilib-yerləşdirilməməsi ilə bağlı yalnız həmin ölkənin rəhbəri və parlamenti qərar qəbul etməlidir. Artıq İraq parlamenti də qərar qəbul edib. Lakin görünən odur ki, ABŞ-da Ağ Ev və Pentaqon yekdil şəkildə ordunun İraqda saxlanılmasında maraqlıdırlar”.
Politoloq Natiq Miri bildirdi ki, biz ilk görünüşdə ABŞ-ın addımlarında beynəlxalq hüququn pozulması elementini görürük: "Ancaq səhnənin arxasında vəziyyət tamamilə fərqlidir. Söhbət ondan gedir ki, ABŞ anlayır ki, İraq parlamenti bu qərarı qəbul etmək məcburiyyətində qalıb. Çünki iranlı general Süleymani İraq ərazisində öldürülüb. Bu da təbii ki, İranı qıcıqlandırmamış deyil. Yəni, ABŞ qoşunlarının İraqdan çıxarılması ilə bağlı qərarın qəbul olunması üçün bir zəmin yarandı. O cümlədən İran tərəfinin ciddi təzyiqlərindən sığortalanmaq üçün İraq bu parlament qərar qəbul etdi. Çünki bu hadisədən əvvəl də bu yöndə müəyyən açıqlamalar var idi və belə bir layihənin İraq parlamentinə təqdim olunacağı faktı bəyan edilmişdi. Ancaq qanunun nə zaman qəbul olunacağı açığı, müəyyən suallar doğururdu. Sadəcə, bu qərarın İraq parlamentində qəbul olunması, bir növ İraqın özünü İran qarşısında sığortalaması üçün ortalığa atılmış bir siyasi hadisə kimi görünür. Bunu ABŞ da anlamamış deyil”.
Politoloq qeyd etdi ki, İraqın razılığı əsasında ABŞ milyardlarla dollar hesabına qurduğu bazanı birdən-birə tərk etməsi mümkün deyil: "Bu yöndə artıq prezident Trampın konkret açıqlaması da mövcuddur. O qeyd edilən məbləğin İraq dövləti tərəfindən ödənildiyi təqdirdə ABŞ qoşunlarının bu ərazidən çıxarılmasının mümkün olduğunu hesab edir. Doğrudur bu beynəlxalq hüquqa zidd davranışdır. Çünki ABŞ öz qoşunlarını İraq ərazisində yerləşdirəndə bu hərbi bazanın ömürlük mövcud olması ilə bağlı hər hansı anlaşma mövcud olmayıb. Ona görə də ABŞ-ın bu cür dirənişi beynəlxalq hüquqa ziddir. Ancaq məsələnin bir də səhnə arxasında müəyyən görüntülərinə əsasən deyə bilərik ki, İraq bu parlament qərarını ona görə qəbul etdi ki, ən azından müəyyən zaman keçsin, isti başlar soyusun və gələcək perspektivdə ABŞ-İran qarşıdurmasını istəməyən qlobal və regional güclər hərəkətə gəlsin, o cümlədən ABŞ-la İraq arasında müəyyən dialoq mühitini təmin etsin. Zaman keçdikcə gərginlik azalacaq. Artıq Avropa İttifaqı İranın xarici işlər nazirini Brüsselə dəvət edib. Təbii ki, burada İrana müəyyən təkliflər olacaq”.

BƏXTİYAR
banner

Oxşar Xəbərlər