AZE | RUS | ENG |


“Beynəlxalq güclər münaqişənin həllində maraqlı deyillər”

“Beynəlxalq güclər münaqişənin həllində maraqlı deyillər”
Elxan Mehdiyev: “İşğal davam etdikcə, müharibə ehtimalı da qalır”

Azərbaycan Müdafiə Nazirliyi növbəti dəfə Ermənistan tərəfinə xəbərdarlıq edib. Qeyd edilib ki, erməni silahlı bölmələri oktyabrın 30-u axşam saatlarından başlayaraq cəbhənin şimal-qərb istiqamətində yerləşən bölmələrimizin mövqelərini 60 millimetrlik minaatanlardan, qumbaraatanlardan, həmçinin "AQS-17" tipli avtomatik qumbaraatanlardan və iriçaplı pulemyotlardan atəşə tutub. Qəti cavab tədbirləri nəticəsində düşmən susdurulub: "Müdafiə Nazirliyi bir daha xəbərdar edir ki, qoşunların qarşıdurma xəttində vəziyyətin gərginləşməsinə görə bütün məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür”.

Göründüyü kimi, cəbhə xəttində gərginliyin artacağı ilə bağlı deyilənlər özünü doğruldur. Buna əsas səbəb kimi danışıqlar prosesinin dalana dirənməsi göstərilir. Mövzu haqdakonfliktoloq Elxan Mehdiyevlə söhbətləşib, onun danışıqların gələcəyi, prosesin inkişafı barədə fikirlərini öyrəndik.

- Elxan bəy, sizcə, cəbhədə vəziyyət niyə gərgindir?
- İşğal davam etdikcə, müharibə ehtimalı da qalır. Proses danışıqlardakı vəziyyətdən asılı olaraq, fərqli istiqamət alır. İndiki dönəmdə müşahidəm budur ki, Azərbaycan tərəfi atəşkəsi davam etdirmək siyasəti tutub. Bunun özü də suallar doğurur. Mən özüm bu suallara cavab tapmıram. Erməni tərəfi isə indi daha çox ruh yüksəkliyi yaşayır. Aprel ayından sonra onlar tamamilə panika içində, məğlub durumdaydılarsa, indi, yəni sentyabrdan bu yana daha rahatdırlar. Paradda göstərilən raketlərin onlara verilməsi həm orduda, həm də siyasi rəhbərlikdə ovqatı tamam dəyişib. Psixoloji üstünlük qazanıblar. Təbii ki, düşmənin yeni silahlar əldə etməsi Azərbaycan üçün xoş deyil. Göründüyü kimi, cəbhə xəttində güclü olduqlarını göstərmək istəyirlər.

- Azərbaycan da hərbiyə kifayət qədər pul ayırır və bu, ən yüksək səviyyədə elan olunur. Hətta hər dəfə vurğulanır ki, ölkənin hərbi büdcəsi Ermənistanın dövlət büdcəsindən çoxdur. Sizcə, yalnız "İsgəndər” raketləri onları çətin durumdan çıxarır?
- Azərbaycan mətbuatı bəzən düzgün mövqe tutmur. Gah yazırlar ki, ermənilər 5 rayonu tərk edir, gah da yazırlar ki, Qarabağ qaytarılır və s. Bəzən elə şeylər yazırlar ki, o, heç Ermənistanda müzakirə mövzusu belə deyil. Onların işğal etdikləri torpaqlardan çıxmaq fikirləri yoxdur. Bu vəziyyət Azərbaycan üçün xoş deyil. Ermənilərin silahlarının yararsız olduğunu və ya güclərinin zəif olduğunu deməkdənsə, raket sistemlərinin gücünü müəyyən edib ona qarşı hazırlaşmaq, silahları yerindəcə məhv etmək lazımdır. Ən azı, onları hədəfdə saxlamalıyıq.

- Beynəlxalq güclərin mövqeyi haqda nə düşünürsünüz? Onlar aprel döyüşlərini dayandırdılar və danışıqlar aparacaqlarını söylədilər. Amma status-kvonun dəyişməsi üçün yenə heç nə etmədilər. Belə vəziyyətdə Azərbaycan nə etməlidir?
- Beynəlxalq güclər dedikdə 3 ölkədən danışırıq. Digərlərinin bu işə qarışmağa faktiki olaraq, ixtiyarı yoxdur. 3 həmsədr ölkə bu məsələni tamamilə monopoliyaya alıb. Nə bu işə qoşulmaq istəyən beynəlxalq təşkilatlara, nə də dövlətlərə imkan vermirlər. Ona görə də konkret şəkildə münaqişənin onların monopoliyasında olduğunu deyə bilirik. Onların işi tərəfləri atəşkəsə çağırmaqdır. Amma tərəfin biri, yəni Azərbaycan 20 ildən çoxdur işğala məruz qalıb. Düşünürəm ki, dövlət özü sözünü deməlidir. Çünki xaricilər yalnız sülhə çağırmaqla kifayətlənirlər. Kimin torpağının işğalda qaldığı onları maraqlandırmır. Kimə qarşı genosid törədildiyi, insanların qaçqın həyatı yaşaması və s. ilə maraqlanmırlar. İşğalçı tərəfə rəğbət göstərdikləri məlum məsələdir. Apreldə ölkəmiz qəhrəmanlıqla vuruşurdu. Ermənilər güclü olduqları haqda bütün dünyada mif yaratmışdılar. Ölkəmiz bunu dağıtmağı bacarmışdı. Aprel ayında ermənilər panikada idilər. Əhali də, ordu da qaçıb gizlənirdi. 3 gün ərzində ordumuz həmin templə davam etsəydi, daha böyük əraziləri geri qaytara bilərdik. Ona görə də deyirəm ki, münaqişənin həlli həmsədrlərin yox, Azərbaycan dövlətinin işidir.

- Onların konkret öhdəliyi var. Münaqişənin həllini üzərlərinə götürüblər. Sizcə, BMT-nin qətnamələri niyə icra olunmur?
- Onları BMT-nin qətnamələri maraqlandırmır. Torpaqlarımızı işğaldan azad etmək ölkə Konstitusiyasında da əksini tapıb və bu, Azərbaycanın tam hüququdur. Beynəlxalq güclərin Azərbaycan üçün torpaq qaytarmaq fikri yoxdur. Bunu heç planlaşdırmırlar da. Ancaq onunla maraqlanırlar ki, tərəflər danışıb razılığa gəlsinlər. Tərəfin biri işğalçıdır. Azərbaycanın torpaqlarını tutub tələblərini, şərtlərini irəli sürür, qəbul olunacağı halda sülhə razılıq verəcəyini bəyan edir. Ölkəmiz işğala məruz qalmaqda davam edir. 20 ildən çoxdur ki, ermənilərin – işğalçının başını sığallamaqla, Azərbaycanı isə təsir və təzyiq altında saxlamaqla məsələni uzadırlar. Ermənilər heç bir cəzaya, sanksiyalara məruz qalmırlar. Onlara güldən ağır söz deyilmir. Ona görə də işğal etdikləri əraziləri özlərininkiləşdirməyə çalışırlar. Əvvəllər Dağlıq Qarabağ ətrafındakı rayonlardan çıxmağa etiraz etmirdilərsə, indi bütün rayonları Ermənistana birləşdirmək üçün mübarizə aparırlar. Bu cür vəziyyətdə düşməni dinc yolla işğal etdiyi ərazilərdən çıxarmaq olarmı? Beynəlxalq güclərin gündəmində onları həmin ərazilərdən çıxarmaq planı yoxdur. Rusiya tərəfi də düşünür ki, Azərbaycan statusa razı olmalıdır. Dağlıq Qarabağı Azərbaycandan ayırmaq istəyirlər.

- Necə düşünürsünüz, aprel döyüşləri təkrarlana bilərmi?
- Aprel döyüşləri kiçikmiqyaslı olsa da, düşmənin uydurduğu mifləri darmadağın etdi. Sülh o zaman olur ki, münaqişə alovlansın, düşmən tərəf qarşıdakının gücünü görsün. Əgər o gücü görməsə, işğal etdiyi torpaqlardan heç vaxt çıxmaz. Azərbaycan ordusu düşmənə ağır zərbə vurub bir neçə strateji məntəqəni ələ keçirərsə, o zaman münaqişənin taleyi həll olunar. Apreldə buna çox yaxın idik. Daha 3 gün irəli getsəydik, daha mühüm postları tutardıq, Fizuli, Cəbrayıl, Ağdərə bizdə ola bilərdi. Qubadlı, Kəlbəcərin azad edilməsi isə danışıqlarda həll olunan məsələyə çevrilərdi.

- 2017-ci ildə münaqişənin həlli ilə bağlı hansı yenilikləri gözləyirsiniz? 
- Heç nə gözləmirəm. Erməni tərəfi çalışır ki, məsələni uzatsın. Bu isə Azərbaycanın ziyanınadır. Sarkisyanın planı odur ki, məsələni uzatsın, 2017-ci ili də başa vursun və torpaqlardan çıxmasın. Düşünür ki, prezidentliyini başa vurduqdan sonra hansı vəziyyət yaranacaqsa, bu, yeni gələn rejimin işidir. Baxmayaraq ki, onun özü yenidən baş nazirliyə gəlmək istəyir.

- Ümumiyyətlə, bu məsələnin gələcəyini necə proqnozlaşdırırsınız?
- İndidən gələcək barədə proqnoz vermək çətindir. Münaqişənin 20 ildən artıq davam etməsi göstərir ki, proqnozlaşdırma, öncədən təhlillər vermə həmişə yerinə düşmür. Hesab edirəm ki, Azərbaycan Ordusu hazırlıqlı, iradəli, döyüşməyə hazırdır. Əgər müharibə olarsa, onlar erməniləri darmadağın edərlər. Bəlkə də, bunu aprel döyüşlərindən əvvəl söyləmək çətin olardı. Amma həmin ay ordumuzun şücaətini gördük. Əsgərlər, zabit heyəti qətiyyətli idilər. Ordumuz müasir texnikaya yiyələnib və onları işlətməyi bacarır. Bu isə bizim imkanlarımızı artırır.
 
Şəfa Tapdıq


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0046
GEL 1 Gürcü larisi 0.7057
GBP 1 İngilis funt sterlinqi 2.1549
TRY 1 Türk lirəsi 0.4771
KWD 1 Küveyt dinarı 5.6378
SEK 1 İsveç kronu 0.1959
EUR 1 Avro 1.8654
CHF 1 İsveçrə frankı 1.7413
USD 1 ABŞ dolları 1.7201