AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Bəy paltarında qurşaq tutan peşəkar - Portret

Bəy paltarında qurşaq tutan peşəkar - Portret

Gənclik qəzeti
12 Noyabr 2014, 10:32 3265
Dünya çempionatının finalı. 61 kq çəki dərəcəsində qalibin müəyyənləşdiyi qarşılaşmanın bitməsinə 13 saniyə qalıb. O isə artıq əlini göyə qaldıraraq qələbəsini qeyd edir. Çünki çempion olduğuna, hamıdan güclü olduğuna əmindir. Elə də olur. 2014-cü ildə qatıldığı bütün yarışların qalibi kimi rekorda imza atan Hacı Əliyev Azərbaycan güləşinin səmasında yeni ulduz kimi parlayır. Əminliklə söyləmək olar ki, Olimpiada bu il keçirilsəydi, gənc pəhləvan onu da udardı. Gedişat göstərir ki, iki ildən sonra Rio-De-Janeyroda Azərbaycan bayrağını yüksəltməyə əsas namizədlərin biri məlumdur: zirvələri fəth edən, ancaq bunun üçün çox çətinliklər çəkmiş Hacı Əliyev.

“Bir yerdə durmaz” uşaq…
Əliyev Hacı Azər oğlu 1991-ci il aprelin 4-də Naxçıvan şəhərində anadan olub. Güləşə gəlməsi çox təbii alınıb. “Bir yerdə durmaz” uşaqlardan olan Hacı günün az qala 24 saatını hərəkətdə keçirib. Ora-bura qaçan, evə gəlib paltarını dəyişib məşqə, oradan qayıdan kimi futbol oynamağa tələsən balacanın idmançı olacağına şübhə yox idi. Səkkiz yaşında güləşə başlayan Hacı 17 yaşında yeniyetmələr arasında Avropa çempionatının gümüş medalına sahib çıxır. Daha sonra karyerasında eniş yaşayan Əliyevin yenidən formaya düşməsi bir qədər vaxt aparır. Qatıldığı yarışlarda medalçılar sırasına düşməsini çox gözləməli olur. Nəhayət, 2011-ci ilin iyununda gənclər arasında Avropa çempionatında əldə edilən gümüş onun üçün bir başlanğıc rolunu oynayır.

Toğrul Əsgərovun rəqibi
London Olimpiadasına yollanmaq üçün maksimum güc sərf etməyə başlayan güləşçinin çəkisində çox ciddi rəqib var idi: çempion Toğrul Əsgərov. Məhz bu rəqabət hər iki idmançıya gələcək uğurlar üçün böyük təkan vermişdi. Hacının əvvəlcə Ramzan Kadırov Kuboku, sonra Ukrayna və Bakıdakı beynəlxalq turnirlərdə uğur qazanması Toğrulu arxayınlaşmamağa, daha yaxşı hazırlaşmağa sövq edirdi. Bunun nəticəsi kimi Əsgərov Olimpiya çempionu oldu. Bu qələbədə ona layiqli rəqib olan Hacı Əliyevin də azacıq rolu var desək, yanılmarıq.

Hacının triumf ili
2013-cü ildə Kazan Universiadasında bürünc medalına sahib çıxsa da, məhz arxada qalmaqda olan 2014-cü ili rahatlıqla “Hacı Əliyevin ili” adlandırmaq olar. Bolqarıstandakı ənənəvi beynəlxalq Dan Kolov-Nikola Petrov turnirində qələbə ilə start götürən zirvə yolundakı Hacı, sonra Finlandiyanın Vantaa şəhərində Avropa çempionu adını qazandı. Finalda dünya çempionu, çox təcrübəli rus idmançı Bekxan Göygereyevi döşək üzərinə çıxmağa peşman edən Əliyev adını yenidən güləşsevərlərə xatırladır. Görüşü televiziya üçün şərh edən türkiyəli həmkarlarımız “biz bu güləşçinin adını hələ çox eşidəcəyik. Gənclərə nümunə biridir. Qarşısındakı rəqib ondan nə qədər titullu, təcrübəli olsa da, bundan çəkinməməsi təqdir ediləsi haldır” deyirlər. Bu yarışın ardınca Almaniya və Bakıdakı Qran-Prilərdə fəxri kürsünün ən yüksək pilləsinə qalxan idmançımızın ən böyük sınağı dünya çempionatında oldu. Özbəkistanın paytaxtı Daşkənddə keçirilən bu yarış onun gücünə şübhə edənlərin sayını sıfıra endirdi. Hacı əvvəlcə ukraynalı Vasili Şuptar, ardınca polyak Kriştof Byenkovski, daha sonra moldovalı Andrey Perpelitanı vaxtından əvvəl və böyük xal fərqiylə yenərək yarımfinala çıxır. Burada kubalı Bonne Rodriqes məğlub edilir və finaldakı rəqib iranlı Məsud Esmailpurjubari olur. Bu görüş dünya çempionatının ən maraqlı görüşlərindən birinə çevrilir. Diqqət yetirək: bir tərəfdə Avropa, digər tərəfdə isə Asiya çempionu. Eyni zamanda bu iki idmançı dünya reytinqində həmin vaxt üçün ilk iki pilləni bölüşürdülər. Yəni bir-birinə layiq, hamıdan güclü olduğunu sübut etməyə hazır, bunun üçün alışıb-yanan iki pəhləvan rəqibinin kürəyini yerə sıxmağa tam hazırdır. Güclərin bərabərliyi ilk hissənin 4:4 hesabı ilə bitməsində də özünü göstərir. Gərginlik ən yüksək həddə olsa da, finalçılar gözəl fəndlər yerinə yetirir, müdafiə olunmur, tribunalara toplaşan idmansevərlərə xoş anlar yaşadırlar. İkinci hissənin ortalarında qüvvəsini toplayaraq son həmləsini edən Hacı Əliyev iranlını məğlub edir. Sona 13 saniyə qalmış bir əlini göyə qaldıraraq çempionluğunu bayram etməsi isə ən yaddaqalan məqam olur. Hacı Əliyev dünyanın ən güclüsüdür. Layiqli, əzmkar, möhtəşəm qələbə ilə.

Gerçək peşəkar!
Hacı Əliyevin qazandığı bu qələbələrin heç birində təsadüf axtara bilmərik. Çünki onun həyat tərzi, peşəkarlığı əksər idmançılara nümunə göstərilə bilər. “Ulduz xəstəliyi”nə də tutulması mümkün deyil. Dediyi cümlələr bunu anlamaq üçün yetərlidir: “Bəli, mən dünya və Avropa çempionuyam. Gözəl hisslərdir. Ancaq “dünya və Avropa çempionuyam” deyib gəzsəm, arxayınlaşsam, qarşıdakı yarışlarda heç bir nəticə verə bilmərəm. Bunu çox yaxşı anlayıram”.
Əsl peşəkarlıq nümunəsi olan sözlərdir. Davamında “nəticə üçün illərdir dayanmadan məşq edirəm. Nə qədər istedadlı olursan ol, məşqsiz, çalışmadan uğura nail olmaq mümkün deyil” söyləyən Hacı bir idmançı kimi necə formalaşdığını, qarşılaşdığı çətinliklərin, məğlubiyyətlərin onu yalnız möhkəmləndirdiyini göstərir. “Məşqə gecikmək öz işinə məsuliyyətsiz yanaşmaq kimi bir şeydir” deyən Əliyev hər məşqə maksimum diqqətlə yanaşıb var gücünü qoymaqla zirvənin yolunu tuta bilib.
Hacının həyat tərzindən də örnək alınası məqamlar var. Zarafatcıl, deyib-gülən, dostları ilə vaxt keçirməyi xoşlayan biri olsa da, hər şeyin bir əndazəsinin olduğunu bilir. Əsl idmançının başqalarına nümunə olduğunu anlaması çox vacib məqamdır. Məsələn, o bilir ki, siqaret çəkmək sağlamlığa ziyandır. Özü də çəkmir, küçədə həmyaşıdı, ya da ondan kiçik birilərinin – istər idmançı, istərsə də digər şəxslər - çəkdiyini görəndə isə onları bu yoldan çəkinməyə dəvət edir, zərərlərini başa salır.

İldırım kimi sürətli
Bir idmançı kimi Namiq Abdullayevi bəyənən Hacının güləşi çox sevdiyini hamı bilir. Bu yaxınlarda öz toyunda belə bəy paltarında qurşaq tutması buna sübutdur. Hacı bilir ki, güləşdə qələbələr hücum zamanı qazanılır. Qorunan, bir xal qazanıb onu müdafiə etməyə çalışan axır-əvvəl yeniləcəkdir. Ona görə də Hacı Əliyev tatamidəki hər dəqiqəni, hər saniyəni hücumda keçirməyə çalışır. Üstün cəhəti ildırım kimi sürətli olmasıdır. Bir göz qırpımında rəqibin ayaqlarına girən Əliyev, topuqdan möhkəm yapışır, opponentini hərəkətsiz hala gətirən kimi baxımlı fənd yerinə yetirir. Təslimçilik ruhu ona yaddır. Hesabın necə olmasından asılı olmayaraq, rəqibləri bilməlidirlər ki, görüşün sonuna 5 saniyə belə qalsa, Əliyev hücuma atılaraq xal qazanmağa çalışacaqdır. Güləşə yeni başlayan uşaqlar onun videolarını izləyib dərs götürə bilərlər.

Portreti
Hələ bu ilin aprelində - Avropa çempionatındakı qələbədən sonra jurnalistlərin “gələcəkdə Hacı Əliyevdən nə gözləyək” sualına “Dünya çempionatı və Avropa Oyunlarında qələbə” cavabını vermişdi pəhləvanımız. İşin yarısı həll olunub, qalır ikinci hissənin öhdəsindən gəlmək, ardınca isə… Olimpiya Oyunları gəlir. Hacı Əliyev hələ gənc və enerji doludur. O, növbəti çempionluqları qazanmağa iddialıdır. Bunun üçün həm istedada, həm də peşəkarlığa malikdir, daima zirvəyə boylanır. Portretində də diqqəti üfüqə zillənmiş birini görürük. Hər qələbənin bir başlanğıc olduğunu bilən Hacının fəxri kürsünün ən yüksək pilləsində belə sonrakı qarşılaşmanı düşünməsi adi haldır.

Kənan MəstəliyevPortret"> Portret"> Portret"> Portret">