• cümə, 29 Mart, 13:19
  • Baku Bakı 14°C

“Bəxtiyar Vahabzadə ilə müsahibəyə gedəndə 3 gün kitabxanadan çıxmadım” - Keçmişdəki mən

08.09.17 15:50 3179
“Bəxtiyar Vahabzadə ilə müsahibəyə gedəndə 3 gün kitabxanadan çıxmadım” - Keçmişdəki mən
Uşaqlıqda idmanla, musiqi ilə məşğul olub. Ailəsi isə onun tibb sahəsinə meyillənməyini istəyib. Amma zamanla proseslər elə cərəyan edib ki, onun əsas sevgisini, enerjisini verəcəyi iş jurnalistika olub. Və illərdir artıq bu sahədədir. Müsahibimiz hazırda "Azər Türk Bank”ın mətbuat katibi vəzifəsində çalışan tanınmış jurnalist Rauf Ağayevdir.
Uşaqlıq illəri dünyaya göz açdığı Dəvəçi rayonunda keçib. O illərin yaxşı keçdiyini, bolluq dövründə yaşadığını deyir: "1958-ci ildə Dəvəçi rayonuna anadan olmuşam. Sovet İttifaqı o vaxt hələ yeni inkişaf mərhələsinə başlayırdı. İqtisadiyyatın renesans dövrü 60-cı illərə təsadüf edir. Bolluq idi. Bolluq olanda elmin, insan zəkasının, biliyinin inkişafı artır. O vaxt maddi imkan və intellektual səviyyə baxımından müxtəlif ailələrdə uşaqlar fərqli inkişafa yönəldilirdi. O zamanlar bizim rayonda əhalinin bir hissəsi sənayedə, bir hissəsi isə kənd təsərrüfatında işləyirdi. Ziyalı zümrəsi azlıq təşkil edirdi. Elə bir dövrdə böyümüşəm”.

"Öz dərslərimdən çox fortepianoya meyilləndim”

Uşaqlıqda musiqiyə həvəsi olmasa da, onu musiqi məktəbinə qoyurlar. Lakin qısa zamanda musiqini gözəl şəkildə mənimsəyir. Eyni zamanda idmanla da məşğul olur: "Musiqiyə həvəsim, xüsusi marağım olmasa da, məni fortepiano sinfinə qoydular. Biz musiqi məktəbi görməmişdik, nəğmə dərslərində mahnı oxumağa da həvəsim yoxuydu. Amma müəllimlər musiqi dərslərimdən razı qalırdılar. Hətta sonradan öz dərslərimdən çox fortepianoya meyilləndim. İdmanla da məşğul olurdum. Müxtəlif istiqamətdə inkişafa yönəldilmişdim. Orta məktəbdə idmanda qızıl medal da almışdım”.

"Atamı razı salmaq üçün evə də gəldilər, amma qoymadı”

Musiqi məktəbinin 7-ci sinfində oxuyanda rayonlarına Asəf Zeynallı adına məktəbdə dərs deyən tanınmış musiqi pedaqoqu Anna Abramovna Qolberq gəlir. O, regionları gəzərək öz sinfi üçün istedadlı uşaqları axtarırmış. Onun seçdiyi uşaqlardan biri də Rauf olur: "Azərbaycanın bütün tanınmış ifaçıları onun sinfindən çıxmışdı. Asəf Zeynallı adına məktəbdə fortepianodan ixtisas dərsləri deyirdi. O Azərbaycanın rayonlarını gəzib öz sinfi üçün istedadlı uşaqlar yığırdı. Məni yoxlayandan sonra dedi ki, onu imtahansız - filansız birbaşa ikinci kursa götürürəm. Mən razılaşsam da, atam icazə vermədi. Atamı razı salmaq üçün evə də gəldilər, amma alınmadı. Lakin sonra bildim ki, yaxşı ki, getməmişəm. Çünki sonralar öyrəndim ki, pianoçunun konsertdə ifa zamanı əlləri tərləyirsə, o həmin sahəyə getməməlidir. Mən rayonda hər il bir-iki dəfə keçirilən böyük konsertlərdə çıxış edirdim, əllərim tərləyir, barmaqlarımın klavişlərin üzərində sürüşməməsi üçün əziyyət çəkirdim. Bu, həyəcandan irəli gəlirdi”.

15 yaşında musiqi məktəbində müəllim...

Atası həkim olduğu üçün onu da bu istiqamətə yönəldirlər. Özünü bu sahədə görməsə də, valideynlərinin arazusuna qarşı getməyib imtahan verir, lakin kəsilir. Buna kədərlənmir, əksinə sevinir: "Atam cərrah idi, biz onun gecəsi-gündüzü olmadığını görürdük. Gecələr əməliyyata aparırdılar, səhərə qədər anam onu gözləyirdi. Bəzən evdə yemək yeyən zaman görürdük ki, üstündə qan var. Əməliyyat zamanı xalatdan köynəyinə keçib. Pis olurduq. Ona görə tibb sahəsini istəmirdim”.

Sonra 15 yaşında musiqi məktəbində müəllimi kimi çalışmağa başlayır: "Musiqi məktəbini əla qiymətlərlə bitirmişdim, bacarığım da varıydı, həm də rayon yerlərində kadr çatışmadığı üçün məni musiqi məktəbinə müəllim götürdülər. 15 yaş məsələsinə gəlincə, mən orta məktəbi bir il tez bitirmişəm. 3-cü sinifdən birbaşa 5-ə keçmişəm. O vaxt hər rayonda bir eksperiment sinif varıydı. Bizim rayonda da həmin sinif mən təhsil aldığım idi. Çox ağır dərslər keçirdik. Ona görə biz bir sinif atlatdıq. 15 yaşımda musiqi müəllimi idim, tələbələrim mənimlə yaşıd idi. Tələbələrimlə yaxşı yola gedirdim, rahat dərs keçirdim. Çünki eyni yaşda, eyni ağılda idik. Ola bilsin ki, yaşlı adama 15 yaşlı birinin etdiyi hərəkətlər normal gəlməsin, amma mənim üçün normal idi. Bilirsiniz, mən hər işə həvəslə girişmişəm. Sevib-sevməməyimdən asılı olmayaraq, tapşırılan işi ürəklə görmüşəm”.

"Kolxoz sədri sizə kabab çəkəcək, razı olmayın”

Bəs musiqi sahəsində işə başlayan birinin jurnalistikaya gəlişi necə olub? Bunun da maraqlı tarixçəsi var: "Musiqi məktəbində divar qəzetini mənə tapşırdılar, orada yazmağa başladım. Bakıdan konservatoriyanı bitirib bizim məktəbə gəlmiş müəllim yoldaşlarım mənim yazdıqlarımı oxuyanda mütləq jurnalistikaya getməyimi məsləhət gördülər. Bir neçə nömrə hazırlayandan sonra jurnalist olmağı boynuma qoydular, mən də bu sahəyə gəldim”.

Deyir ki, o vaxt jurnalistikaya qəbul olmaq elə də asan iş deyilmiş. Birinci il hətta müsabiqədən keçmir də. İkinci il şərtlər daha da ağırlaşdırılır. Lakin bu dəfə imtahandan keçməyi bacarır: "Tələbəlik müddətində təhsillə yanaşı, bizə həm də həyatı öyrətdilər. Qulu Xəlilov, Nəsir İmaquliyev, Tofiq Rüstəmov, Famil Mehdi, Şirməmməd Hüseynov, Abbas Zamanov kimi müəllimlərimiz olub. Onlar bizə hər şeyi öyrədirdilər, özümüzü aparmağa qədər. Nəsir müəllim bizə deyirdi ki, tutaq ki, kolxoza yazı hazırlamağa getmisiniz. Kolxoz sədri yemək yeməyə aparacaq, sizə kabab çəkəcək, razı olmayın. Deyirdi ki, əgər acmısansa, kəndli sahədə şor-pendir yeyirsə, sən də bir tikə onunla ye, imkan yoxdursa, yemə. Səbəbi onunla əlaqələndirirdi ki, kolxoz sədri 25 kiloluq qoyun kəsəcək, sən ordan 125 qram ət yeyəcəksən, ad da o olacaq ki, müxbirə qoyun kəsmişik, bu isə rüşvətdir”.

"Beş saata bozbaş bişirirdim”

Tələbəlik illərində kirayədə yox, nənə-babasının yanında qalır. Buna görə də tələbəlik dövründə evdəki işlərlə çox əlaqələnmir: "Babamgil 30-cu illərdə köçüb Bakıya gəliblər. Burda evimiz varıydı. Atam evlənəndən sonra Dəvəçiyə cərrah işləməyə gedib, biz orda qalmışıq. Burda evimiz varıydı deyə, tələbə vaxtı işim rahat oldu. Sonra nənəm xəsətləndi, ayaqları tutuldu deyə, yeməyi özüm bişirdim. O da onun nəzarəti altında. O, yerindən tərpənə bilmirdi, qazanı götürüb ətə su töküb çarpayının yanına gətirirdim baxırdı. Deyirdi azdı yenə tök, aparıb doldurub gətirirdim, deyirdi ki, bu nədir çox tökmüsən. Beş saata bozbaş bişirirdim. Amma belə maraqlı keçib o illər”.

İlk iş yeri...

Jurnalistikada ilk işi də elə müəllimi Nəsir İmanquliyevin baş redaktoru olduğu "Bakı” qəzetində olur: "Diplom rəhbərim Nəsir müəllim idi. Tələbkar olduğu üçün heç kim onu seçməmişdi. Başladıq işləməyə. İşdə imkan olmurdu deyə, mənimlə evdə məşğul olurdu. Yoldaşı Gövhər xanım gözəl insan idi. Evə çatan kimi çayımı, yeməyimi hazır edirdi. Nəsir müəllim deyirdi ki, qoy yazısına baxım, görüm çay, yemək düşür, yoxsa yox (Gülür). O vaxt təyinat yoxuydu, universiteti bitirəndə tələbə yoldaşım dedi k
i, Ağcabədidə işləməyə gedirəm, istəyirsən sən də gəl. Razılaşdım. Nəsir müəllimgilə getdim, yoldaşı Gövhər xanımla vidalaşdım, Ağcabədiyə gedəcəyimi dedim. Dedi müəlliminlə görüşmüsən? Dedim sabah görüşəcəm. Dedi indi get. Gedib ona Bakıda iş tapa bilmədiyimi dedim, planımdan danışdım. Dedi ki, "Bakı” qəzetində işləmək istəyərsən? Dedim, niyə işləmirəm ki?! Orada "Ədəbiyyat və incəsənət” şöbəsində işə başladım”.

"O vaxt cavan idik deyə, hər şey gözəl idi”

Ümumi gənclik illərinə nəzər saldıqda o hər şeyin gözəl olduğunu deyir: "Mənə elə gəlir ki, o dövrdə hər şey rahat idi. Bir dəfə nənəm dedi ki, gedib vağzalda qatar gözləyirdik, gəlmirdi, bəzən bir sutka vağzalda qalırdıq, bəxtəvər günlər idi. Deyirdim, ay nənə, nə bəxtəvər günlərdir, bir sutka qatar gözləmisən. Deyir ki, ay bala, cavanıydıq də. İndi o vaxt cavan idik deyə, hər şey gözəl idi. Nəyə baxırdıqsa, gözəl görürdük. Gəncliyimi o dövr üçün yaxşı keçirmişəm. Ondan artığını etmək olmazdı. İdmana gedirdim, çoxlu kitablar oxuyurdum. Həm də o vaxt indiki qədər əyləncə yerləri yoxuydu. Gəncliyim kitab oxumaq, idman və musiqi ilə keçib”.

"Həyat yoldaşım zarafatla deyir ki, sənin öyrənmədiyin nəsə qaldı?”

Gənclik illərində əsas çətinliyi kitablarla bağlı olub: "O vaxt çatışmayan bircə kitablar idi. Kitabları tapa bilmirdik. Bir dəfə Alı Mustafayevlə Axundov kitabxanasında oturmuşduq. İş saatı bitirdi, işçi qızlar paltolarını geyinib, işğı söndürüb-yandırırdılar ki, durun çıxın bayıra. Evə apara bilmirdik, oturub orada oxuyurduq. Tək tələbəlik dövründə deyil, daim öz üzərimdə çalışmışam. Hər müsahibəyə getmək xüsusi hazırlıq tələb edirdi. Bəxtiyar Vahabzadə ilə müsahibəyə gedəndə 3 gün kitabxanadan çıxmadım. Hər şeyi öyrənməyə çalışırdım. Arada həyat yoldaşım zarafatla deyir ki, sənin öyrənmədiyin nəsə qaldı?”.

Gənclərə məsləhəti isə tənbəllikdən uzaq durmaları oldu: "Tənbəl olmasınlar, hər şeyə burunlarını soxsunlar. Eynşteyn gizlindən deyib ki, hamı elə bilir ki, mən dahiyəm, əslində isə hər şeyə burnunu soxan adamam. Görüm bu nədir, niyə belə oldu? Mən özüm günün bu günündə də təzə bir söz, termin eşidəndə ötürmürəm, dərhal mənasını , mənbəyini axtarıram”.

Aygün Asimqızı

banner

Oxşar Xəbərlər