• çərşənbə axşamı, 23 aprel, 23:04
  • Baku Bakı 20°C

“Bəxti gətirən adam” haqqında yazı

28.11.17 13:30 4332
“Bəxti gətirən adam” haqqında yazı
"... Şəhərlər insanları xeyli dərəcədə bir-birinə ögeyləşdirir, etinasızlaşdırır”. Doğrudur. Amma səmimi, saf, təmənnasız insanları mühit dəyişə bilmir. Çünki onlar həyatda pisi yaxşı, çirkini gözəl, qaranı ağ görürlər. İnsanlara geyim-keciminə, tutduğu mövqeyə görə deyil, əməlinə görə qiymət verirlər. Onlar gözü-könlü tox olurlar, həyatdan, zəmanədən, cəmiyyətdən, insanlardan sevgi, ədalət, mərhəmət umurlar. Şəxsiyyət bütövlüyünü, ləyaqət ucalığını hər şeydən uca tuturlar. Doğrudur, bu gün həyatda belə insanlar azdır. Amma nə yaxşı ki, var. "Nə yaxşı ki, dünya yaxşılardan xali deyil” kəlamı boşuna deyilməyib ki. Yoxsa bu təzadlı dünyada yaşamağına dəyməzdi...
Bir-iki il bundan əvvəlin sözüdür. Həmkarlarımdan biri ona çox yaxın olan rəhbər işçilərdən biri haqqında məqalə yazmağımı xahiş etdi. "Çox yüksək titulları, mükafatları, ad-sanı var, fakt çoxdur, yazmaq olar” deyərək, üzümə baxdı. Baxşılarımdan hər şeyi anlayaraq, yazıq-yazıq dilləndi: "Doğrudur kobud adamdır, insanlarla ünsiyyət qura bilmir. Bəlkə...”. Söhbətimiz belə də bitdi.
Əslində hər kəs, xüsusən də insanlarla mütəmadi ünsiyyətdə olan məmurlar üçün yüksək insani keyfiyyətlər çox önəmlidir. Bugünkü yazımın qəhrəmanı kimi. Otuz iki ildir onu hər kəs BDU-da xeyirxah bir insan kimi tanıyır. Ona görə də bu gün onun nə elmi titullarından, mükafatlarından, nə də tutduğu vəzifədən söz açmaq fikrindəyəm. Bu gün onun çoxlarına xas olmayan sadə, səmimi, saf qəlbindən, təmənnasız xeyirxahlığından, insanlarla ünsiyyət qurmaq qabiliyyətindən bəhs etmək istərdim. Çünki bu gün cəmiyyətdə belə insanlara çox böyük ehtiyac var.
Onu ilk dəfə BDU-nun rektoru - Azərbaycan Milli Elmlər Akademiyasının və Rusiya Elmlər Akademiyasının həqiqi üzvü, akademik Abel Məhərrəmovun köməkçisi kimi tanıdım. 2004-cü ilin soyuq bir payız günü idi. Bir az tərəddüdlə, bir az da əsəbi halda qapını döyərək cavab gözləmədən içəri girdim və salam verdim. Salamımı otaqda əyləşənlərdən yalnız köməkçi aldı və o qədər mehriban, məlhəm bir baxışlarla üzümə baxdı ki, tərəddüdüm, əsəbim bir anın içində yox oldu. Əslində bu mehribanlıq, səmimilik məni çaşdırmışdı. Jurnalistlik peşəmlə bağlı dəfələrlə yüksək vəzifəli məmurların qəbulunda olarkən əksəriyyətinin katibələrindən, köməkçilərindən "burda ağa mənəm, Bağdada gör xəlifə” davranışının şahidi olmuşam. Bu dəfə isə tam başqa bir mənzərə ilə qarşılaşdım... Bəli, Fikrət müəllimlə ilk tanışlığım belə oldu.
İllər keçdi. Bir gün onunla universitetin dəhlizində rastlaşdım. "Qərənfil xanım, "Əlifba oyunu”nu yaman yazıbsınız ha. Məqalə çox xoşuma gəldi, təbriklər” deyərək, səmimiyyətlə söhbətə başladı (Söhbət "Kaspi” qəzetində çap olunan (2014, aprel) "Əlifba oyunu və yaxud unutqanlığa doğru atılan addımlar” məqaləmdən gedirdi). Fikrət müəllim dilimiz, əlifbamız, klassiklərimizin bu sahədə gördüyü işlərdən elə aydın, ətraflı danışırdı ki, lap məəttəl qalmışdım. Ona görə yox ki, o, bunları yaxşı bilirdi (Axı o həm də dilçi-alimdir). Təəccübüm ona görə idi ki, Fikrət müəllim universitetdə keçirilən bütün tədbirlərin, toplantıların təşkilatçısı kimi bu qədər işin arasında mütaliəyə necə yer ayırır. O, Universitet Həmkarlar Komitəsinin sədri kimi həm məsuliyyət, həm də qayğı, diqqət, həssaslıq tələb edən bir vəzifəni də icra edir. Cahangir Məmmədlinin sözüdür: "...Bir çox vəzifələrdən fərqli olaraq, rektorun köməkçisi və Həmkarlar Komitəsinin sədri kimi vəzifənin hər ikisi adamdan çox böyük insanlıq, əməkdaşlara hörmət və məhəbbət, diqqət və qayğı tələb edir”.
Bəlkə elə bu qayğının, diqqətin nəticəsidir ki, universitetin hər bir əməkdaşını adbaad tanıyır, xarakterinə yaxından bələddir. Doğrudan da, doğmalığın göstəricisidir ki, Fikrət müəllim kollektivdə ağrı-acısını, sıxıntısını dilə gətirməyə çəkinənlərə ehtiramla yanaşır. Amma bunu o qədər həssaslıqla edir ki, hətta ətrafındakıların da bundan xəbəri olmur.
Deyirlər ki, yaradıcı adamların öz dünyası olur. O dünyada hər şey gözəlliyə, xeyirxahlığa kökləndiyi üçün onlar bu qədər həssas, xeyirxah və humanist olurlar. Bilmirəm, bəlkə də belədir. Fikrət müəllim də söz əhlidir, filoloqdur. Çox səviyyəli, modern şeirlərin müəllifidir. Başqa cür ola da bilməzdi, çünki bu insanın xarakterini məhz poetik düşüncələri tamamlayır. "Sənə olan sevgim dəyişməyəcək!” deyən Fikrət müəllimin bu etirafı yalnız vəfalı ömür yoldaşına ünvanlanmayıb. Bu dəyişməz sevgi payından vətənə, ailəyə, kollektivə, dosta da pay düşür. "Universitet mənim ailəmdir, həyatımdır, vətənimdir” deməklə, bu ocağa olan sevgisini, mövqeyini bəyan edir.
Fikrət müəllim 1957-ci ildə Masallı rayonunda anadan olub. Amma Bakıda böyüyüb, boya-başa çatsa da, hay-küylü şəhər həyatı onu özünə cəlb edə bilməyib. Ədəbiyyata, şerə olan marağı onu çox kiçik yaşlarında Tofiq İsmayılov adına saraya gətirib. Burada ədəbiyyat dərnəyinə yazılıb. O, burada yalnız sənət yox, həyat dərsi də alıb. Dərnəyin rəhbəri şair Teyyub Qurbanın dediyi sözlər ömürlük onun qulağına həkk edilib. "Həyatda həmişə qarşılığını düşünmədən yaxşılıq edin!”. İllər keçir, o böyüyür, bu öyüd-nəsihət onun həyat devizinə çevrilir.
Çəmənlər rəngini, güllər ətrini,
Çaylar məcrasını dəyişəcəkdir
Sənə olan sevgim dəyişməyəcək!
deməklə bir daha doğulduğu torpağa, elinə-obasına bağlılığını bəyan edir.
Həmkarlarımdan biri Fikrət müəllim haqqında söz düşəndə belə dedi: "Yaxşı şairdir, dilçi-alimdir”. Bəli, bu gün yetərincə yaxşı şairimiz də var, savadlı dilçi-alimimiz də. Bu təzadlı dünyamızda hamının dərdinə şərik olan, halına yanan yaxşı bir insan olmaq çox çətindir. Fikrət müəllim bunu əməlləri ilə bacardı. "Hər kəs öz ailəsində, kollektivində yaxşı insan olarsa, yaşamağına dəyər” deyən Fikrət müəllim bütün xarakteri ilə ətrafına, insanlara bağlıdır. İşinin ən qızğın vaxtında da rast gəldiyi adamın qarşısında mütləq ayaq saxlayır və onun şadlığına da, problemlərinə də şərik olur.
Universitetin yeni tədris korpusunun arxasında park salınırdı və əksər əməkdaşlar iməciliyə toplaşmışdılar. Birdən diqqətimi rəhbərliyin heyəti cəlb etdi. Kimi ucadan qışqır-bağır salmaqla, kimi də ora-bura vurnuxmaqla "canıyananlıq” edirdi. Fikrət müəllim yenə də öz işində idi. Sanki öz bağ-bağçasında işləyirdi. Bax, budur universitetə fanatikcəsinə bağlılıq.
Haqqında olan məqalələrin birində o, "bəxti gətirən adam” kimi təqdim edilir. Bu, doğrudan belədir. Tanrı vətəninə, torpağına, işinə sadiq qalan, qədirbilən in sanlardan heç nəyi əsirgəmir. Odur ki, bu gün ömrünün müdriklik çağında (çoxlarından fərqli olaraq kollektiv onu qorxaraq yox, sevərək hörmət edir), bacarıqlı təşkilatçı, istedadlı pedaqoq, sevimli ömür-gün yoldaşı, istəkli ata, qayğıkeş babadır. Və çoxlarına nəsib olmayan yaxşı əməl, yaxşı ad sahibidir. Ömrünün bu çağında "indiyədək nə etmişəm, nəyə nail olmuşam” sualına çəkinmədən, şükranlıqla "yaxşı nə varsa hamısını etmişəm” deyə bilən insan. Fikrət müəllim, hər birimizə bəllidir ki, universitetimizdə istedadı, saf əxlaqı, xeyirxahlığı, ədəb-ərkanı ilə sayılıb-seçilən, öz yeri, öz sözü olan alimlərimizdən biri də Sizsiniz! Sizin haqqınızda yazarkən haçansa oxuduğum belə bir cümləni xatırladım: "Başqa insanların həyatlarını aydınladanlar özləri də bu işıqdan uzaq qalmazlar!” İşığınız gur, yolunuz nur olsun!
Qərənfil Dünyamin qızı,
Əməkdar jurnalist
banner

Oxşar Xəbərlər