• çərşənbə axşamı, 19 mart, 15:13
  • Baku Bakı 8°C

Bəşərin komediyası

28.06.20 11:00 3190
Bəşərin komediyası
Fransız yazıçısı Onore de Balzakın "Bəşəri komediya” əsəri – bu nəhəng roman XIX əsrin ən böyük ədəbi ideyalarından biri oldu. Balzak on iki illik yaradıcılıq karyerası dönəmində yazdığı bütün romanları bu silsiləyə daxil edib. Silsiləyə daxil olan hər bir əsərin ayrılıqda müstəqil bir ədəbi əsər olmasına baxmayaraq, "Bəşəri komediya” tamdır. Balzak özü deyirdi ki, bu əsər insan və həyat haqqında ən böyük əsərimdir.
Genişmiqyaslı yaradıcılıq nümunəsinin ideyası Onore de Balzakın fikrində 1832-ci ildə, "Şaqren dərisi" romanını bitirib, çap etdirəndən sonra yaranıb. Bonne, Byuffon, Leybnisin əsərlərini analiz edəndə yazıçı heyvanların vahid bir orqanizm kimi inkişaf etdiyinə diqqət yetirib.
Heyvanat aləmiylə paralel müqayisələr aparan zaman Balzak müəyyən edib ki, cəmiyyət təbiət kimidir. Təbiətə bir çox heyvan növləri yaratdığı kimi, cəmiyyət də müxtəlif insan tipləri yaradır.

Balzak düşüncəsinin unikallığı
Dünya mədəniyyətində müxtəlif ölkələrə, dövrlərə həsr olunmuş istənilən qədər faktoqrafiya olsa da, cəmiyyətin mənəviyyatının, ədəb-ərkan və əxlaqının tarixini işıqlandıran heç nə yoxdur. Balzak XIX əsr (daha dəqiq desək, 1815–1948-ci illər arasındakı dövr) Fransa cəmiyyətinin ədəb-ərkanı, əxlaqını öyrənməyə, tədqiq etməyə başladı. O, konkret bu dövr üçün tipik olan iki-üç min personajdan ibarət böyük bir əsər yaratmalı idi.
İdeya, sözsüz ki, olduqca ambisiyalı, təkəbbürlü idi. Və naşirlər sarkazmla yazıçıya uzun ömür arzulayırdılar. Amma dahi Balzakı belə şeylər dayandıra, ruhdan sala bilmirdi. İstedadla yanaşı, o çox dözümlü, daxili intizamlı, zəhmətkeş və özünüidarəetmə qabiliyyətinə malik bir insan idi. Dantenin "İlahi komediya”sı ilə analogiyada o, çağdaş həqiqətlərin realistik metodla traktovkasını nəzərə çarpdırmaqla əsərini "Bəşəri komediya” adlandırırdı.

"Bəşəri komediya”nın quruluşu
Onore de Balzak "Bəşəri komediya”sını quruluş və mənaca üç hissəyə ayırıb. Vizual olaraq bu komediyanı piramida formasında təsəvvür etmək olar. Ən böyük və eyni zamanda o bölümdə həm də əsas hissə "Əxlaqi etüdlər” adlanır. Bu hissəyə tematik yarımfəsilər/səhnələr (əyalət, hərbi, kənd həyatı və Parisin həyatı) daxildir. Yazıçı "Əxlaqi etüdlər”ə 111 əsər daxil etməyi planlaşdırsa da, cəmi 71-ni yazmağı çatdıra bilmişdi.
"Piramidanın” ikinci yarusu sayılan "Fəlsəfi etüdlər” üçün planlaşdırlan 27 əsərdən 22-si yazıldı.
"Piramidanın” zirvəsi – "Analitik etüdlər”dir. Düşünülmüş beş əsərdən müəllif cəmi ikisini tamamlaya bilir.

Əxlaq etüdləri – fərdi həyat
"Bəşəri komediya”nın birinci nəşri üçün yazılanÖön sözdə Balzak "Əxlaq etüdləri”nin hər bir hissəsinin tematikasını deşifrə edir. Yazıçı personajlarının şəxsi həyatına gizlincə "nəzər yetirməyi” sevir. Əsərlərinin səhifələrində görünən qəhrəmanların gündəlik həyatında, məişətində tipik, dövrü əhatə edən şeylər tapırdı. Bu bölümə aid olan səhnələrdə daha geniş hissələr var. Ora 1830–1844-cü illər arasında olan dövrdə yazılan əsərlər daxildir. Bunlar "Top oynayan pişiyin evi”, "Soda bal”, "İki gənc xanımın xatirələri”, "Polkovnik Şaber”, "Allahsızın ibadəti”, "Qorio ata”, "Qobsek” və digər əsərlərdir.
"Top oynayan pişiyin evi” (alternativ adı "Şöhrət və kədər”) gənc cütlüyün – rəssam Teodor de Somervye və tacir qızı Avqustina Qiyomun həyatı haqqındadır. Sevginin dəli havası keçəndən sonra Teodor başa düşür ki, yaxşı, gözəl həyat yoldaşı onun yaradıcılığını qiymətləndirmək iqtidarında deyil, onun ruh dostu, ilham pərisi ola bilmir. Eyni zamanda Avqustina isə avamcasına ərini sevməyə davam edir. Ərinin günü-gündən ondan uzaqlaşdığını, başqa bir qadının – ağıllı, savadlı, zərif olan xanım Karilyanonun yanında özünə təsəlli tapdığını, rahat olduğunu gördükcə daha da çox əzab çəkir. Yazıq nə qədər əziyyət çəksə də, ailəsini qorumaq, sevimli ərini geri qaytarmaq uğrunda göstərdiyi bütün cəhdləri boşa çıxır. Günlərin bir günü Avqustina da dözə bilmir, onun ürəyi kədərdən, itirdiyi sevgidən parça-parça olur.
"İki gənc xanımın xatirələri” romanı da çox maraqlıdır. Bu əsər monastır məzunu olan iki rəfiqə – Luiza de Şolye və Rene de Mokombun məktublaşması kimi təqdim olunur. Müqəddəs yeri tərk edəndən sonra qızlardan birini tale yolu Parisə, digəri əyalətə aparır. Səhifə-səhifə davam edən qızların məktublarında iki tamamilə fərqli taleyin şahidi oluruq.
"Qorio ata” və "Qobsek” əsərləri isə iki simic adam – qızlarını dəhşət çox sevən, heç vaxt "sağalmayacaq” ata Qorio və qızıldan başqa heç bir idealı qəbul etməyən sələmçi Qobsek haqqındadır.

Paris və əyalət
Fərdi həyatdan fərqli olaraq bu hissədəki əyalət səhnələri ehtiras, ambisiya, maraq, və şöhrətpərəstliyə həsr olunub. Bu bölümə on roman daxildir. Bura "Ejen Qrande”, "Qədim əşyalar muzeyi”, "Subayın həyatı”, "İtirilmiş xəyallar” və s. aiddir.
"Ejen Qrande” varlı Qrande ailəsinin əyalət həyatından – simic və zalım ata, itaətkar və səbirli ana, ən əsası onların gözəl-göyçək gənc qızı Ejenin həyatı haqqında romandır.
Əyalət həyatına əks olaraq Balzak Paris həyatının səhnələrini də yaradır. Burada ilk növbədə paytaxtın yaratdığı qüsurlar, çatışmazlıqlar ortaya çıxırdı. Bu bölməyə "Hersoginya de Lanje”, "Sezar Birotto” və s. əsərlər daxildir. Balzakın ən məşhur "Paris” romanı isə "Kurtizanların parlayışı və süqutu” əsəridir.
Əsərdə rahib Karlos Erreranın köməkliyilə Parisdə gözəl karyera quran Lüsyen de Ryumbamprenin faciəvi həyatı təsvir olunur. Lüsyen aşiq olub. Onun sevgilisi Ester adlı keçmiş kurtizankadır. Səlahiyyətli rahib himayəsində olan gənc oğlanı daha yaxşı bir seçimdən ötrü əsl sevgisindən imtina etməyə məcbur edir. Lüsyen razılaşır. Bu qərar romanın bütün qəhrəmanlarının taleyində faciəvi hadisələr zəncirini qurur.

Siyasət, müharibə və kənd
Siyasət fərdi həyatdan ayrıdır. Bu orijinal sfera haqqında siyasi həyatdan olan səhnələrdə təsvir olunur. Siyasi həyat səhnələri bölümünə Balzak dörd əsərini daxil edib: "Terror zamanı hadisə” (gözdən düşən aristokrat monarxistlər toplumu haqqında), "Şübhəli iş” (çar Burbonlar sülaləsinin aristokrat tərəfdarları ilə Napoleon hakimiyyəti arasındakı konflikt haqqında), "Marka", "Arsinin nümayəndəsi” (Arsisür-Ob şəhərciyində keçirilən "ədalətli” seçkilər haqqında).
Hərbi həyat səhnələri müdafiə və ya istila məqsədi güdməsindən asılı olmayaraq qəhrəmanların ən yüksək mənəvi və emosional gərginlik dövrünü əks etdirir. Bura "Şuanlar” romanı daxil edilib. Bu əsər Balzaka bir sıra ədəbi uğursuzluq və nəşr biznesində tənəzzül gətirəndən sonra, çoxdan gözlənilən şöhrəti də yetirdi. "Şuanlar” 1799-cu il hadisələrinə – royal qiyamçıların son üsyanına həsr olunub. Monarxist tərzdə köklənən aristokratlara başçılıq edən üsyançılara şuan deyirdilər.
Kənd həyatının atmosferini Balzak "uzun günün axşamı” adlandırırdı. Bu bölümdə insan həyatının digər sferalarını formalaşdıran ən təmiz xarakterlər təqdim olunub. Kənd həyatı səhnələrinə dörd roman daxildir: "Kəndlilər”, "Kənd həkimi”, "Kənd ruhanisi” və "Zanbağ vadisi”.

Fəlsəfi etüdlər
Xarakterlərin dərindən işlənməsi, həyatın sosial hərəkətinin analizi və elə həyatın özü "Bəşəri komediya”nın ikinci hissəsində – Fəlsəfi etüdlərdə əksini tapıb. Bura 1831–1839-cu illərdə yazılan 22 əsər daxildir. Onlar "İsa Flandriyada”, "Lənətlənmiş uşaq”, "Gizli şedevr”, "Metr Kornelius”, "Qırmızı mehmanxana”, "Uzunömürlülük sirri” və başqalarıdır. "Fəlsəfi etüdlər”in bestselleri, şübhəsiz ki, "Şaqren dərisi”dir.
"Şaqren dərisi” romanının baş qəhrəmanı Rafael de Valentendir. O, Parisdə karyera qurmaq istəyir, lakin hər dəfə uğursuzluqla qarşılaşır. Bir dəfə əlinə magik artefakt düşür. Bu, bir parça şaqren dərisi olur. O, dilə gətirilən istənilən arzunu yerinə yetirir. Valentin dərhal varlanır, sevilən və uğurlu bir adama çevrilir. Lakin tezliklə sehrin tərs tərəfi ilə üzləşir. Hər bir çin olmuş arzudan sonra şaqren dərisi kiçilir, onunla birlikdə Rafaelin ömrü də qısalır. Şaqren dərisi bitəndə, o özü də yoxa çıxacaq. Valentin iki seçim arasında qalır. O ya uzun, lakin əzablı, kasıblıq içində keçən bir ömrü, ya da qısa, amma həzz dolu və rahat həyatı seçməli idi.
Analitik etüdlər
"Çağdaş bəşəriyyətin əxlaq tarixçəsinin” monolit nəticəsi "Analitik etüdlər” oldu. Ön sözdə Balzak bu mərhələnin hələ ki "emal” dövrünü yaşadığını və buna görə də dolğun və ətraflı rəylər, fikirlər yazmaqdan imtina etməli olduğunu qeyd edib.
"Analitik etüdlər” üçün yazıçı beş əsər planlaşdırsa da, cəmi ikisini yekunlaşdıra bilib. Bunlar 1929-cu ildə yazılmış "Nikahın fiziologiyası” və 1846-cı ildə yazılmış "Ailə həyatının xırda məşəqqətləri” adlı əsərlərdir.
Tərcümə edən: Xanım Aydın

banner

Oxşar Xəbərlər