AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Berti Foqts iddialı açıqlamalar verdi

Berti Foqts iddialı açıqlamalar verdi

İdman
13 Noyabr 2012, 17:45 1246
Azərbaycan millisinin baş məşqçisi Berti Foqts bu gün Şimali İrlandiyada mətbuat konfransı keçirib. Almaniyalı çalışdırıcı həm azərbaycanlı, həm də britaniyalı jurnalistlərin suallarını cavablandırıb. Foqts öncə Şimali İrlandiya ilə oyuna hazırlıqla bağlı fikirlərini açıqlayıb.

- Həm Bakı, həm də Belfastdakı hazırlıqdan çox razıyam. Ancaq bu, bir məşqdir, sabah (bu gun-red.) isə oyun var. Bunlar arasında böyük fərq var. Komandada əhval-ruhiyyə yaxşıdır. Futbolçular arasında münasibət yaxşıdır. Bu mənada indiyədək olan hazırlıqdan çox razı qalmışam. Baxmayaraq ki, 7 futbolçu yoxdur. Onlar əsas heyətin oyunçularıdır. Mən 4 il öncə Azərbaycana gələndə oyunçu az idi. Ancaq indi bu qədər itkilər olsa da, heyətimdə futbolçular var. Bu, inkişafı göstərir. Bura qələbə dalınca gəlmişik. Belə rəqibə qarşı çox mübarizə aparmalıyıq. Şimali İrlandiya Portuqaliyadan 1 xalla qayıdıb.
- İtkilərdən başqa problemlər var?
- Problem hava şəraitidir. Azərbaycanda nadir hallarda belə hava olur. Buradakı ot örtüyü sürətli oynamağa imkan verir. Azərbaycanda isə belə ot örtüyü yoxdur. Rəqibi təhlil etmişik. Oyunçular bilir ki, bizi nə gözləyir. Rəqib futbolçularının hansı klublarda oynadığına baxanda, komandanın səviyyəsi aydın olur. Əsas ilk dəqiqələrdən necə oyun nümayiş etdirəcəyimizdir. Rəqibə ilk 20 dəqiqədə oyunumuzu diktə etməliyik. Bu, çox çətin olacaq. Şimali İrlandiya hava mübarizələrinə üstünlük verib, başla qol vurmağa çalışacaq. Futbolçular oyuna baxanda daha yaxşı dərk edirlər. Necə deyərlər, yüz dəfə eşitməkdənsə, 1 dəfə görmək daha yaxşıdır.
- Xeyli fasilədən sonra Böyük Britaniyadasınız. Təəssüratlarınız necədir?
- İngilis futbolunu çox sevirəm. Mənim komandam üçün belə yığmaya qarşı oynamaq böyük təcrübə olacaq. Belə kiçik ölkələr – Azərbaycan da, Şimali İrlandiya da sürprizlər edə bilər. Biz Türkiyəni uda bilmişik. Azarkeşlər bundan sonra bizdən qələbə gözləyir. Portuqaliya və Rusiya ilə oyunlarda sürpriz edə bilərdik.
- Şimali İrlandiya yığmasının heyətində kimi fərqləndirərdiniz?
- 10 nömrəli hücumçunu. Bu, Kil Laffertidir.
- Siz baş məşqçi kimi ən böyük uğurunuzu məhz Böyük Britaniyada qazanmısınız. Bu, 1996-cı ildə İngiltərədəki Avropa çempionatında Almaniya yığmasına qazandırdığınız Avropa çempionluğudur. Sizin üçün düşərli məkanda Azərbaycan yığmasına da tarixi nəticə qazandıra biləcəksiniz?
- Hər bir oyunda tarix yazmaq, sensasiya yazmaq mümkündür. Rusiya ilə oyunda buna çox yaxın idik. Ancaq sonda penaltidən buraxdığımız qolla uduzduq. Burda istənilən xal bizim üçün tarixi uğur olacaq. Sözsüz ki, rəqibin “ikinci mərtəbə”də inamlı oyunu bizim üçün böyük problemdir. Britaniyalılar bu planda çox güclüdürlər. Elə başqaları da. Niyə azərbaycanlı futbolçu da bunu bacarmasın?
- Vaxtilə rəhbərlik etdiyiniz Şotlandiya yığması baş məşqçisini istefaya göndərdi. Buna münasibətinizi bilmək istərdik...
- Niyə seçmə mərhələnin əvvəlində bunu edildiyini başa düşmədim. Şotlandiya mətbuatı ilə işləmək çox çətindir. Azərbaycanda bütün idman növləri inkişaf edir. Sadəcə, burada futbola gec – 14-15 yaşlarında gəlirlər. Bunu aradan qaldırmağa çalışırıq.
- Kamran Ağayevin yoxluğunu necə həll edəcəksiniz?
- Gözləməliyik ki, necə həll edək. Yüz faiz qapıçı olacaq. Mən bunun kim olduğunu bilirəm, ancaq deməyəcəyəm. .
- “Neftçi” Avroliqaya qrupa düşməklə tarix yazsa da, çıxışı ilə bizi məyus etdi. İndi yığmadan uğurlu çıxış gözləməklə, təsəlli tapmaq istəyirik. Özü də ilin son matçıdır...
- İlk dəfə çıxış edəndə həmişə belə hallar olur. Ümumilikdə deyirəm ki, Azərbaycan futbolunda ümumi inkişaf çox müsbətdir. Bu, təkcə “Neftçi”yə Avroliqada çıxışından, milli komandanın uğurlarından asılı deyil. Futbolun inkişafında xırda detallar da vacibdir. Kim bir neçə il əvvəl inanardı ki, 7 futbolçunu əvəzləyə bilərik, Azərbaycanda dünya çempionatı keçiriləcək, buna ailələr maraq göstərəcəklər? Bilmirəm ki, azarkeşlər “Neftçi”nin çıxışına görə niyə ruhdan düşüb? O, “İnter”ə, “Rubin”ə uduzub. Nəzər alın ki, “Partizan”la səfər matçında xal qazanıb. Niyə “Neftçi”nin çıxışına görə ruhdan düşüblər. İnanmıram ki, azarkeşləri “Neftçi” “İnter”ə qalib gələcəyini gözləyərdilər.