BƏRPAÇI – RƏSSAM TALEYİ
Sənətdə müəyyən peşənin başlanğıcını qoymağın
çətinliyi qarşılığında demək lazımdır ki, zamanında gənc rəssam Fərhad
Hacıyevin həmkarlarına bərpaçı olmağa qərar verdiyini bəyan etməsi çoxlarının
təəccübünə səbəb olmuşdu. Belə ki, hamı o vaxtlar məşhur "Əzimzadə məktəbi”ni
uğurla bitirib (1945-1949) müxtəlif sərgilərdə çəkdiyi elə ilk əsərlərlə
tamaşaçı diqqətini cəlb edən şamaxılı gəncin yaxşı rəngkar olacağını düşünürdü.
Amma o, duyulası uzaqgörənliklə Moskvaya yollandı və orada V.İ.Surikov adına
Rəssamlıq İnstitutunun nəzdində fəaliyyət göstərən bərpaçılıq kursunda (1954-1957)
oxudu. Burada keçmiş SSRİ məkanının məşhur bərpaçı-rəssamı İ.Qrabar, V.Filatov
və S.Çurakovdan öyrəndiyi peşə vərdişləri bu sənəti Azərbaycanda uğurla davam
etdirmək üçün yetərli oldu. Başqa sözlə desək, 1957-ci ildən ömrünün sonuna –
iş başında dünyasını dəyişdiyi 1987-ci ilə kimi Azərbaycan məkanında qərarlaşan
mənəvi dəyərlərin bərpası – onlara "ikinci həyat” verilməsi yolunda qeyri-adi
fədakarlıq nümunəsi sərgilədi...
2017-ci ildə Fərhad İbrahim
oğlu Hacıyevin (1929-1987) Azərbaycanda bünövrəsini qoyduğu bərpaçılıq
sənətinin 60 ili tamam olur. Bu əlamətdar tarix həm də onun "dişi-dırnağı” ilə
ərsəyə gətirdiyi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin
Muzey Sərvətləri və Xatirə Əşyalarını Elmi Bərpa Mərkəzinə aiddir. Bu gün
paytaxtımızda bu mərkəzlə yanaşı, daha beş bərpaçılıqla məşğul olan qurum
mövcud olsa da, hələ ki, məşhur bərpaçının əqidə dostları və tələbələri respublikada
"Fərhad Hacıyev ənənələri”ni ən yaxşı yaşadanlar kimi tanınmaqdadırlar. Doğrudan
da, hazırda bu mərkəz (direktoru Zərifə Məlikovadır) ən ümidsiz sənət
nümunələrini həyata qaytara biləcək qurum kimi Azərbaycanda duyulası nüfuza
malikdirlər. Onların 60 illik yubileylərini çoxsaylı yaradıcılıq uğurları ilə
qarşılamaları da dediklərimizi təsdiqləyir. Bu gün Fərhad Hacıyevin qızı Gülşən
Hacıyeva, Natiq Səfərov, Ələsgər Əliyev, Gülmirə Əhmədova, Bəstixanım Əliyeva,
Xatirə Əmirova, Ruhəngiz Əliyeva, Xatirə Tağıyeva və digər çoxsaylı
bərpaçıların Fərhad müəllimin başladığı işi uğurla davam etdirmələri də
təsdiqləyir ki, Azərbaycanda gözəl bərpaçılıq məktəbi yaranmışdır. Xalq
rəssamı, akademik Tahir Salahovun "Bərpaçıların göstərdikləri xidmət və nümayiş
etdirdikləri istedad Azərbaycan incəsənətinə və bütün respublika rəssamlarına
diqqətin və qayğının göstəricisidir...” sözləri də bu nadir peşə sahiblərinin
gördükləri işin qeyri-adi əhəmiyyət daşıdığını təsdiqləyir.
Fərhad Hacıyev bərpaçı kimi
fəaliyyət göstərdiyi 30 il ərzində yüzlərlə Qərbi Avropa və Azərbaycan təsviri
sənət nümunələrini "müalicə” etsə də, hər dəfə onun adı çəkiləndə dərhal respublikamızda
çox geniş yayılmış İ.Brodskinin çəkdiyi "Hacı Zeynalabdin Tağıyevin portreti”
(1912) tablosu xatırlanır. Bu da səbəbsiz deyil. Belə ki, zamanında məhv olmaq
təhlükəsi ilə üzləşən bu portretin, sözün əsl mənasında, xilaskarı ali dərəcəli
bərpaçı-rəssam Fərhad Hacıyev olmuşdur...
Əgər bu tarixçəni xatırlamalı olsaq, onda deməliyik ki, yaradıldığı
ildən cəmisi 8 il divardan asılan əsər Azərbaycanın bolşeviklər tərəfindən
işğalından sonra Azərbaycan Dövlət Tarix Muzeyinin qadağalı bir əşyası kimi
işıq üzünə həsrət qalıb. Hələ üstəlik uzun illərin baxımsızlığından məhv olmaq
dərəcəsinə çatıb. Xoş bir təsadüf onu öz xilaskarı – ölkənin ilk
bərpaçı-rəssamı Fərhad Hacıyevlə "görüşdürüb”... Ötən əsrin 60-cı illərinin lap
əvvəlində Azərbaycan Dövlət Tarix Muzeyində qorunan və bərpaya ehtiyacı olan
sənət əsərlərini üzə çıxarmaq üçün, orada olan Fərhad Hacıyev təsadüfən muzey
əşyalarının saxlandığı otaqda üst-üstə qalaqlanmış köhnə xalça məmulatlarının
lap altında qatlanmış vəziyyətdə kətan görür. Təkidli xahişlərdən sonra, muzey
işçiləri onu ağır yükün altından çıxarırlar. Bərpaçı-rəssam gördüklərindən
dəhşətə gəlir. Çərçivədən çıxarılaraq uzun müddət bükülmüş şəkildə, ağır yük
altında qalan kətan deformasiyaya uğramış, bir neçə yerdən onu qat kəsmişdi.
Bir çox hissədəki rəng qatı tökülmüşdü. Əsəri çox pis vəziyyətdə görən, eyni
zamanda onun tarixi əhəmiyyətini başa düşən Fərhad Hacıyev etirazlara
baxmayaraq, onu təcili bərpa etməyi qərara alır. Muzeyin rəhbərliyi "qadağalı”
bu inventarı bərpa etdirmək istəməsə də, onun onsuz da ekspozisiyada göstərilməyəcəyini
bəhanə gətirsə də, rəssam inadkarlıq göstərərək, nəhayət, onları razı sala
bilir. Onun 1962-ci ilə qədər fədakarcasına apardığı iş uğurlu nəticə verir və
əsər əvvəlki görkəmini alır. H.Z.Tağıyevin qızı Sara xanım söyləyərdi ki, o
vaxtlar küçədə əvvəllər tanımadığı bir adam ona salam verdikdən sonra, özünün
bərpaçı-rəssam olduğunu söyləyib. Əlavə edib ki, xeyli müddətdir ki,
H.Z.Tağıyevin vaxtilə rus rəssamına 2000 manata çəkdirdiyi portreti bərpa
etməklə məşğuldur. Düzü, bu xəbərdən çox sevindim. Çoxdan idi ki, heç belə
sevinməmişdim. Atama bəraət verilməsi barədə Moskvaya qədər yazdığım ərizələrə
mənfi cavabların gəlməsi bütün ümidlərimi heçə endirmişdi. İndi belə bir
məqamda rəssamdan eşitdiyim xoş xəbər öləziyən ümidlərimi az da olsa diriltdi.
Qeyd edək ki, bərpaçı-rəssam H.Z.Tağıyev haqqında xalq arasında gəzib dolaşan
rəvayətlərdən xəbərdar idi, çünki, vaxtilə anası Səltənət xanım da
milyonçu-mesenatın açdırıb himayə etdiyi qızlar məktəbində oxumuşdu...
Yeri gəlmişkən deyək ki, bu qəribə taleli portretə görə rus rəssamına
2 min manat ödəsə də, Hacı onu nə iş otağında, nə də digər gözəgəlimli
salonlarında asdırmamışdı. O, portreti tamamlandığı vaxtdan ölkənin işğalına
qədərki 8 il ərzində özünün ən qiymətli əşyalarının toplandığı seyf-otaqda
saxlamışdı. Hətta 1920-ci ildə məcburən Mərdəkandakı bağına köçərkən də onu özü
ilə aparmamışdı. Dörd il sonra isə məşhur neft milyonçusu vəfat etmişdi. Az
sonra isə portret də unudulmuşdu. Bütün bu hadisədən sonra, əsərin bədii və
tarixi əhəmiyyətini duymayanlar, H.Z.Tağıyev şəxsiyyətini dəyərləndirməyənlər
portreti çərçivədən çıxararaq lazımsız əşyaya çevirmişlər. Əsərin bərpadan
əvvəl çəkilən fotosu göstərir ki, onu mühafizə edənlər ona qarşı çox etinasız
olublar. Bunun nəticəsində əsər məhv olmaq dərəcəsinə çatmışdır. Yəqin ki,
bərpaçı-rəssam vaxtında qətiyyət göstərib onu xilas etməsəydi, əsər bizə gəlib
çatmazdı...
Fərhad Hacıyevin sənət əsərlərinə diqqətli və tələbkar bərpaçı
münasibətini onun həyata qaytardığı digər əsərlərdə də müşahidə etmək mümkündür.
Bu gün tamaşaçıları Jül Düpre, Piter Klas, Yan Stıka, İvan Ayvazovski, Vasili
Kandinski, Konstantin Korovin, Bəhruz bəy Kəngərli, Vasili Tropinin, Əli bəy
Hüseynzadə və başqa neçə-neçə rəssamların əsərlərindən zövq almaları bilavasitə
bərpaçılıq sənətimizin banisinin səyləri nəticəsində baş tutmuşdur.
Onun rəngkarlıq əsərlərini ustalıqla bərpa etməsində özünün də rəssam
olmasının müstəsna rolu olmuşdur. O, rənglərə olan sonsuz sevgisini vaxtaşırı
yaratdığı müxtəlif mövzulu əsərlərdə ifadə etməklə, daima müxtəlif miqyaslı
sərgilərdə iştirak etmişdir. Hazırda Milli Azərbaycan İncəsənət Muzeyində,
Azərbaycan Dövlət Rəsm Qalereyasında və Şamaxı tarix-diyarşünaslıq muzeyində
rəssamın onlarla rəngkarlıq əsəri qorunmaqdadır.
Bərpaçı-rəssam müəyyən janr
çərçivəsində fəaliyyət göstərməsə də, onun yaradıcılığında mənzərəyə xüsusi yer
ayırması qabarıq duyulur. "Meşə”, "Çiçəklənən badam ağacı”, "Kəpəz”,
"Mayaklar”, "Sakitlik” və s. əsərləri bu qəbildəndir. Fərhad Hacıyevin bədii
irsində respublikamızda aparılan quruculuq işlərinə diqqətin yaddaqalan
təcəssümünü görmək mümkündür. Onun "Metronun "Gənclik” stansiyasının
tikintisində”, "Dostluq körpüsü” və "Şamaxı rəsədxanasının tikintisində”
tablolarında insanların qurub-yaratmaq əzminin bədii ifadəsi duyğulandırıcı tutumda
təqdim olunmuşdur. Rəssamın süjetli tabloları da maraq doğurur. "Görüş. Neft
daşları” və "Muğam, Vaqif, caz” kompozisiyalarında insan əməyinin
romantikasına, həyatını musiqiyə həsr etmiş cazmenin təzadlı yaşantılarına
lirik-obrazlı görkəm verilmiş, əsərlərin mənəvi-estetik qaynağa çevrilməsinə
nail olunmuşdur. "Şamaxıda Novruz bayramı” tablosunda isə milli bayramın
özünəməxsus gözəllikləri şux boyalarla təqdim edilmişdir...
Ziyadxan
Əliyev