AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Berlində Azərbaycan və Ermənistan səfirlərinin mətbuat qarşısında debatı baş tutub

Berlində Azərbaycan və Ermənistan səfirlərinin mətbuat qarşısında debatı baş tutub

Cəmiyyət
28 Oktyabr 2020, 10:45 177
27 oktyabr 2020-ci il tarixində Berlində fəaliyyət göstərən "korespondenten.cafe” jurnalist klubunda Azərbaycan Respublikasının Almaniyadakı səfiri Ramin Həsənov və Ermənistan Respublikasının Almaniyadakı səfiri Aşot Sumbatyanın mətbuat qarşısında debatı təşkil olunub.
 
APA xəbər verir ki, tədbirin aparıcısı, "korespondenten.cafe” jurnalist klubunun rəhbəri Evald Köniq ilkin olaraq giriş nitqi ilə çıxış etmək üçün səfirlərə söz verib. Daha sonra səfirlər jurnalistlərin suallarını cavablandırıblar.
 
Səfir Ramin Həsənov artıq 1 aydan bəri Azərbaycan torpaqlarında müharibənin getdiyini bildirib. Qeyd edib ki, təqribən 30 il bundan əvvəl Ermənistan güc yolu ilə Azərbaycan torpaqlarının 20%-ini zəbt edib və orada etnik təmizləmə aparıb. Münaqişə ilə bağlı 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi qəbul olunub, amma məcburi xarakter daşıyan bu qətnamələr icra olunmayıb. Həmçinin ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə 30 il yaxın aparılan danışıqlar uğurlu nəticə verməyib. Bu illər ərzində Ermənistana yetəri qədər təzyiq göstərilmədiyi üçün bu ölkə nəinki zəbt etdiyi torpaqları işğal altında saxlamağa, eyni zamanda ölkəmizə qarşı verbal və əməli provokasiyalar etməyə cəsarət edib. Səfir bu xüsusda Ermənistanın Baş naziri Paşinyanın hakimiyyəti dövründə ölkəmizə qarşı ard-arda edilən təxribatlar barədə məlumat verib və onun "Dağlıq Qarabağ Ermənistandır və nöqtə” bəyanatını vurğulayıb.
 
Səfir Həsənov bildirib ki, 27 sentyabr tarixində Ermənistan tərəfindən həyata keçirilən hərbi təxribata nəhayət Azərbaycan Ordusu əks-hücumla cavab verib və işğal olunmuş torpaqları azad etməyə başlayıb. Nəticədə təmas xətti və status-kvo tamamilə ləğv olunub. Bü müddətdə Ermənistan tərəfi Azərbaycanın mülki obyektlərini hədəfə alıb və edilən hücumlar nəticəsində çoxsaylı mülki şəxs həlak olub. 10 və 17 oktyabr tarixlərində Gəncə şəhərinə ballistik raketlərlə edilmiş hücumlar nəticəsində uşaqlar da daxil olmaqla ümumilikdə 25 mülki şəxs həyatını itirib.
 
Azərbaycan diplomatı münaqişəyə dair erməni təbliğatının yaydığı yalanlara toxunub. Dağlıq Qarabağın guya Azərbaycana Stalin tərəfindən verilməsi, bölgənin keçmiş SSRİ-nin qanunvericiliyi çərçivəsində Azərbaycandan ayrılması kimi tarixi yalanları faktlarla ifşa edib. Ermənistanın istinad etdiyi xalqların öz müqəddəratını təyin etmə prinsipinin əslində erməni tərəfindən sui-istifadə edildiyini, bu prinsipin Dağlıq Qarabağdakı ermənilərə şamil edilməsinin mümkün olmadığını, bölgənin erməni icmasının Azərbaycanda yaşayan digər milli azlıqların istifadə etdikləri hüquqlarla təmin edilməsinin mümkünlüyünü diqqətə çatdırıb.
 
Səfir həmçinin hazırki hərbi əməliyyatlarla bağlı yayılan qeyri-obyektiv və uydurma məlumatlardan bəhs edib. Ermənistanın guya Azərbaycanla yanaşı Türkiyə ilə də müharibə aparması iddiasına toxunub. Bildirib ki, Azərbaycan və Türkiyə qardaş ölkələrdir və Türkiyə Azərbaycanın haqq işini dəstəkləyir. Amma bu ölkə münaqişənin iştirakçısı deyil və Azərbaycan hərbi əməliyyatları öz gücünə həyata keçirir. Ramin Həsənov eyni zamanda Azərbaycanda guya Yaxın Şərqdən muzdluların döyüşməsi barədə iddianın absurd olduğunu, buna dair indiyədək bir dənə də olsa sübutun təqdim edilmədiyini vurğulayıb. Qeyd edib ki, bütün bu mifləri Ermənistan tərəfi hərbi əməliyyatlarda Azərbaycana məğlub olmasına bəraət qazandırmaq üçün yayır. Səfir həmçinin əsassız yerə Türkiyənin münaqişədə iştirakçı olduğunu iddia edənlərin Ermənistanın pulsuz silahla təchiz edilməsi və onun ərazisində xarici ölkənin hərbi bazasının olması faktlarının gözardına almalarını tənqid edib.
 
Azərbaycan səfiri həmçinin hərbi əməliyyatlarda Azərbaycanın guya Dağlıq Qarabağdakı mülki obyektləri nişana alması və ya qadağan olunmuş silahlardan istifadə etməsi barədə xəbərlərə də toxunub. Qeyd edib ki, bu məlumatlar reallığa uyğun deyil. Azərbaycan hərbi əməliyyatlar başlayandan bölgənin erməni mülki əhalisinə müraciət edərək hərbi obyektlərdən uzaq durmağa çağırış edib. Ermənistan tərəfi isə Azərbaycanın hətta cəbhəyanı bölgədə yerləşməyən yaşayış məntəqələrinə məqsədli şəkildə hücumlar edir, mümkün qədər çox mülki şəxsi qətlə yetirməyə çalışır. Ermənistan tərəfindən törədilmiş insanlığa qarşı müharibə cinayətləri nəticəsində bugünə qədər 65 mülki şəxs həyatını itirib.
 
Ramin Həsənov həmçinin münaqişənin həlli imkanlarından danışıb. Qeyd edib ki, Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinə müvafiq olaraq öz ərazi bütövlüyünü bərpa edir. Ermənistan işğala könüllü şəkildə son qoymaqla qan tökülməsinin qarşısını ala bilər. Səfir bildirib ki, işğalçı qüvvələrin çıxarılmasından sonra azərbaycanlı məcburi köçkünlər geri qayıtmalı, işğalçı qüvvələr tərəfindən viran edilmiş məntəqələr bərpa edilməlidir. Azərbaycan Dağlıq Qarabağda erməni və azərbaycanlı icmalarının dinc və təhlükəsizlik şəraitində birgəyaşayışını təmin etməyə hazırdır.
 
Azərbaycan diplomatı o cümlədən Ermənistanın indiyədək münaqişənin həllindən yayınması və status kvonu bərkitməklə məşğul olması barədə danışıb. Vurğulayıb ki, qonşu ölkənin ərazisində etnik təmizləmə aparan, Xocalıda mülki əhaliyə qarşı soyqırımı həyata keçirən, yüz minlərlə azərbaycanlını 30 ildən bəri vətəndən məhrum edən bir ölkənin insan hüquqlarından danışmağa mənəvi haqqı çatmır. Səfir Azərbaycanın Bakı və digər şəhərlərində minlərlə erməni əsilli vətəndaşların yaşamasına istinadən, Ermənistanın öz işğalçı siyasətinə guya Dağlıq Qarabağ ermənilərini etnik təmizləmə riskindən müdafiə etmək donu geyindirməsinin sağlam məntiqə sığmadığını vurğulayıb. Bildirib ki, Ermənistanın dərc etdiyi xəritələrdə Dağlıq Qarabağ ətrafındakı 7 rayonunun qondarma rejimin ərazisi kimi göstərilməsi, bu torpaqlarda müdafiə istehkamları inşa etməsi, eləcə də Ermənistan rəhbərliyinin bu torpaqların Azərbaycana qaytarılmayacağına dair bəyanatları onu göstərir ki, guya Dağlıq Qarabağdakı ermənilərin müdafiəsi əslində işğalçı siyasəti pərdələmək üçün bəhanədir.
 
Səfir həmçinin beynəlxalq birliyin atəşkəsə çağırmaqla yanaşı işğala son qoyulması və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsini tələb etməsinin vacib olduğunu bildirib. O, Almaniyanın Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən mövqeyini qeyd edib, eyni zamanda bu ölkəni Ermənistana beynəlxalq hüquqa əməl etməsi üçün təsir etməyə çağırıb.