AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Belfastda sensasiyaya 1 dəqiqə çatmadı

Belfastda sensasiyaya 1 dəqiqə çatmadı

İdman
15 Noyabr 2012, 13:26 1392
Azərbaycan millisi DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində növbəti matçını keçirib. Berti Foqtsun yetirmələri Belfastda Şimali İrlandiya yığması ilə qarşılaşıb. 12 min 950 tamaşaçı tutumuna malik “Vindzor Park” stadionunda keçirilən görüşdə hər 2 komanda ilin son matçına çıxıb. Bu səbəbdən yığmalar cari ili uğurla başa vurmaq, seçmə mərhələdə ilk qələbəni əldə etmək istəsə də oyun sülhlə başa çatıb – 1:1.

Belə ki, meydan sahibləri evdə 5 oyunluq qalibiyyətsiz oyunlar seriyasına son qoymağa, həmyerlilərimiz isə səfər sindromunu qırmağa nail olmayıb. Düzdür, yığmamız Rauf Əliyevin erkən qolu ilə hesabı aça bilib. Uzun müddət öndə olan yığmamız yalnız matça əlavə edilən 6-cı dəqiqədə qol buraxıblar. Bununla da millimiz səfərdən 1 xalla dönüb.
“Burda 1 xalı qazanmaq asan deyildi. Bizi güclü rəqib gözləyirdi, rəqib şanslarından istifadə edə bilmədi. Bizim də 2-ci qolu vurmaq şansımız vardı”. Bunu oyundan sonra Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts deyib. O, hirsini nümayiş etdirib: “60-cı dəqiqədə oyunu dayandırdıq, buna görə hirslənmişəm. Azərbaycan beynəlxalq səviyyədə sona kimi oynamalıdır. Məncə, əlavə 6 dəqiqə düzgün idi. Futbol tanrısı bu gün Şimali İrlandiyaya 1 xal bağışladı. Oyundan öncə 1 xalla razı olardım. Ancaq indi çox hirslənmişəm ki, 1 xal qazanmışam. Ancaq komandam gəncdir və bu gün heyətdə 2 yeni futbolçu gordük”.
Alman çalışdırıcı bildirib ki, 60 dəqiqəyədək komandadan razı qalıb: “Bundan sonra səhvlər artdı. Futbolçularımız belə yağışlı havada oynamağa öyrəşməyib. Rəqib gözlənildiyi kimi güclü idi, hava şəraiti onlar üçün daha münasib idi”.
Şimali İrlandiya millisinin baş məşqçisi Maykl O’Nil isə nəticədən narazı qaldığını bildirib: "Nəticədən narazı qaldım. İkinci hissədə qol vurmaq üçün xeyli imkanlarımız oldu. Ancaq bunların yalnız birindən istifadə edə bildik. Azərbaycanı məğlub etmək gücündə idik. Lakin futbolçularımın buna ustalığı çatmadı. Bununla belə, rəqibdən daha yaxşı oynadıq. Artıq etiraf etməliyik ki, artıq qrupdan çıxmaq şansımız xeyli azalıb".
AFFA prezidenti Rövnəq Abdullayev də millimizin Şimali İrlandiya ilə oyunundan sonra fikrilərini bildirib. Assosiasiya başçısı futbolçuların çıxışından razı qaldığını söyləyib: “Əlbəttə, qələbəni əldən verdik. Əlavə vaxtda yaxşı oynaya bilməsək də, nəticədən razıyam. Gənc futbolçulardan da razı qaldım. Nəticəni normal sayıram”.


DÇ-2014-ün seçmə mərhələsi

Şimali İrlandiya – AZƏRBAYCAN - 1:1
QOLLAR: Hili, 90+6 - Rauf Əliyev, 5
Hakimlər: Viktor Şvetsov, Aleksandr Kornıyko, Oleq Plujnik, Anatoli Abdula (hamısı Ukrayna)
Hakim-inspektor: Günter Benkö (Avstriya)
UEFA nümayəndəsi: Tomas Qrimm (İsveçrə)
Belfast. “Vindzor Park” stadionu.