AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Belfast görüşünün Qarabağ münaqişəsinin həllinə müsbət təsiri olmayacaq Müsahibə

Belfast görüşünün Qarabağ münaqişəsinin həllinə müsbət təsiri olmayacaq Müsahibə

Müsahibə
19 İyun 2013, 08:55 1538
“Böyük səkkizlik”in (G 8) sammiti, liderlərin görüşündən gözləntilər, Suriya ətrafında cərəyan edən hadisələr, sammitdə Dağlıq Qarabağ probleminə yanaşma, Türkiyədəki “Gəzi parkı” aksiyaları, İranda prezident seçkilərinin nəticələri və sair məsələlərlə bağlı “Kaspi”nin suallarını “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu cavablandırır.

- Şimali İrlandiyanın paytaxtı Belfastda “Böyük səkkizlik”in sammiti keçirilir. Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, Rusiya, Böyük Britaniya və ABŞ rəhbərlərinin iştirak etdiyi bu sammitdən nə gözləyirsiniz?

- Həmin toplantıda bir neçə məsələlər müzakirə olunub. Bunlar iqtisadi əməkdaşlıq, ticarət, Rusiya və ABŞ arasında nüvə silahlarının azaldılması, ən önəmlisi isə Suriya məsələsidir. Hadisələrin gedişatı göstərir ki, iqtisadi-ticari məsələlərlə bağlı liderlər arasında ciddi fikir ayrılığı yoxdur. Bütün tərəflər bu münasibətlərin inkişafında daha da maraqlıdır. Bu əlaqələri genişləndirmək üçün hətta xüsusi planlar da var. Amma prezidentlər arasında ən böyük ziddiyyət yaradan mövzu Suriya münaqişəsidir. Bu yaxınlarda Suriya probleminin həlli üçün Cenevrədə beynəlxalq konfrans keçirilməli idi. Lakin sonradan konfransın vaxtı dəyişdirildi ki, bu da müəyyən pessimist fikirlərin yaranmasına səbəb oldu. Belfastdakı son görüş də bu rəyləri təsdiqlədi. Əvvəlcədən ehtimal edilirdi ki, bəlkə Rusiya prezidenti Vladimir Putinin mövqeyində hər hansı dəyişiklik olar, Qərbin mövqeyi ilə ortaq məxrəcə gəlinə bilər. Ancaq ABŞ və Rusiya prezidentlərinin görüşü, onların mətbuata açıqlamaları onu deməyə əsas verir ki, Kremlin mövqeyində heç bir dəyişiklik olmayıb. Rəsmi Moskva əvvəlki kimi Qərbin yanaşmasını, Suriya müxalifətinə silah-sursat verməsini qəbul etmir, əvəzində Bəşər Əsəd rejiminə dəstək verir, ona silah satmağı bundan sonra da davam etdirəcək. Barak Obamanın söylədiklərinə əsasən yeganə ortaq məxrəc onda tapılıb ki, həm ABŞ, həm də Rusiya Suriyada üsyançılara qarşı kimyəvi silahdan istifadəni yolverilməz sayıblar, Cenevrədə keçiriləcək konfransı lazımlı hesab ediblər. Prezidentlərin bəyanatından fərqli olaraq, mən Cenevrədə baş tutacaq konfransdan da hər hansı nəticə gözləmirəm. Çünki Suriyada vətəndaş müharibəsi həddindən artıq dərinləşib, yüzminlərlə insan qətlə yetirilib. Bununla yanaşı, Suriya münaqişəsi, buradakı vətəndaş müharibəsi ölkə hüdudlarını aşaraq, regional savaşa çevrilib. Bir tərəfdə Bəşər Əsəd rejimini real dəstəkləyən İran, “Hizbullah” təşkilatı, Rusiya və Çin, digər tərəfdə isə Suriya müxalifətini dəstəkləyən ABŞ, Avropa ölkələri, Türkiyə və Ərəb dövlətləri dayanıb. Burada böyük dövlətlərin maraqları toqquşur. Bu mənada G8 görüşündən heç bir real nəticə əldə olunmayacaq.

- Sizin də qeyd etdiyiniz kimi sammitin zirvə toplantısında ölkə liderlərinin əsas müzakirə mövzusu Suriya münaqişəsi olub. Bu problemin danışıqlar yolu ilə həll edilməməsi, müharibənin uzanması region üçün nə vəd edir?

- Bayaq da bildirdiyim kimi bu münaqişə artıq regional müharibəyə çevrilib. Bundan əvvəl Liviyada eyni problem daha fərqli şəkildə həllini tapdı. BMT Təhlükəsizlik Şurası qətnamə qəbul etdi və bu sənəd faktiki olaraq, Liviya lideri Müəmmar Qəddafi hakimiyyətini sona çatdırdı. Əgər bu qətnamə olmasaydı, bəlkə də Qəddafi Liviya müxalifətini asanlıqla məğlub edəcək, insanlar üzərinə ordu yeridib orada böyük qətliamlar törədəcəkdi. Üstəlik indinin özündə də Liviya liderinin hökmranlığı davam edəcəkdi. Amma Liviya məsələsində beynəlxalq aləmin yekdil qərarı oldu. Hətta Rusiya və Çin veto hüququndan yararlanmadı, problem asanlıqla həll edildi. Lakin Suriya məsələsində bu cür olmadı. Bu ölkə ilə bağlı məsələlərdə Rusiya və Çin veto hüququndan istifadə edir, imkan vermirlər ki, problem BMT Təhlükəsizlik Şurası səviyyəsində həll olunsun. Ona görə də ABŞ və bəzi Avropa ölkələri keçmişdə olduğu kimi indi də tək tərəfli addımlar haqqında düşünürlər. O da hiss olunur ki, bu məsələdə Barak Obama təkbaşına riskli addımlar atmaq istəmir. Çünki o, indi-indi İraqdan, gələn il isə Əfqanıstandan qoşunlarını çıxarmaq istəyir. Belə bir vəziyyətdə Obama üçüncü ölkəyə hərbi müdaxilə etmək istəmir. Bilir ki, bu, ABŞ-a baha başa gələcək. Belə ki, prezident kimi onun reytinqi aşağı düşə, ABŞ iqtisadiyyatına ciddi zərbə dəyə bilər. Ona görə də Barak Obama ümumi qərarı gözləyir. Rusiya və Çinin fərqli maraqlarının olması isə ümumi qərarın ortaya çıxmasını yubadır. Rusiya başa düşür ki, Bəşər Əsəd rejimi devrilsə, Liviyada olduğu kimi Suriyada da hakimiyyətə gələn qüvvələr Kremllə isti münasibətlər qurmayacaq. Əsəd rejimindən fərqli olaraq, yeni hakimiyyət Rusiyadan silah-sursat almayacaq, rəsmi Moskvanın Yaxın Şərqdəki yeganə hərbi bazasının Suriyadan çıxarılmasını tələb edəcək. Bu cür qütbləşmənin olduğu təqdirdə Suriya məsələsində hər hansı yeniliyin olmasını gözləmək əbəsdir. Belə vəziyyət də təbii ki, bütün region üçün narahatlıq yaradır. Çünki Suriyada müxtəlif ölkələrin maraqları haçalanır. Bu hadisəyə qədər Türkiyə və İran normal əməkdaşlıq edirdilərsə, indi onlar arasında qütbləşmə hökm sürməkdədir. İran Əsəd rejimini, Türkiyə isə Suriya müxalifətini dəstəkləyir. Azərbaycanla bağlı da müəyyən təsirlər var. Suriyada müxalifət cəbhəsində vuruşan insanlar arasında azərbaycanlıların da olması barədə xəbərlər var. Onların sayı 200-300 nəfər göstərilir. Əgər belədirsə, bu, gələcəkdə Azərbaycan üçün müəyyən təhlükələr yarada bilər. Çünki Suriyada vətəndaş müharibəsi başa çatdıqdan sonra həmin insanlar Vətənə qayıdacaqlar. Onların Azərbaycana necə gələcəyi, kimlərdən təlimat alacağı, hansı məqsədlə qayıdacağı sual doğurur.

- Belə görüşlərdə Dağlıq Qarabağ münaqişəsinin də müzakirə olunması problemin həllinə yardımçı ola bilərmi?

- Bu görüş başlamazdan öncə belə xəbərlər yayılırdı ki, guya G8 sammitində Amerika, Fransa və Rusiya prezidentləri hansısa bir ortaq bəyanat qəbul edəcəklər. Burada da qeyri-adi heç nə yoxdur. Çünki adını çəkdiyim 3 dövlət ATƏT-in Minsk Qrupunun həmsədrləridir və məhz onlar bu məsələdə aktiv olmalıdır. Amma düşünmürəm ki, prezidentlərin qəbul edəcəyi ortaq bəyanatın münaqişənin həllinə hər hansı təsiri olsun. Çünki G8-lərin görüşü əvvəllər də olmuşdu və 3 ölkə prezidentlərinin bəyanatı qəbul edilmişdi. Ancaq bu bəyanatlar münaqişənin həllinə elə də ciddi təsir etməyib. Halbuki bu üç dövlət istəsə münaqişənin həllini sürətləndirə bilər. Bunlardan yeganə tələb olunan Ermənistana təzyiq etməkdir. Ermənistan ilk addımı atsın, yəni Dağlıq Qarabağ ətrafındakı torpaqlar boşaldılsın ki, Azərbaycan da qarşılıqlı addım atsın. Ermənistanla kommunikasiya xətlərini açsın və sair. Belə olsa, bu, bir inam atmosferinin yaranmasına gətirib çıxarar bölgədə. Amma bu üç dövlət Ermənistana təzyiq etmək istəmədiklərindən münaqişənin həllində də heç bir irəliləyiş əldə olunmayıb. Ona görə də Belfast görüşünün də bu münaqişənin həllinə müsbət təsiri olacağını düşünmürəm.

- Son vaxtlar dünya mətbuatının gündəmində olan hadisələrdən biri də Türkiyədəki “Gəzi parkı” aksiyalarıdır. Sizin bu hadisələrə münasibətiniz necədir?

- Türkiyənin baş naziri Rəcəb Təyyub Ərdoğan hakimiyyətdə olduğu 11 il ərzində ölkəsi üçün çox böyük uğurlar əldə edib. Türkiyə 2000-ci illərin əvvəllərində iqtisadi tənəzzül yaşadı. Ərdoğan ölkəni iqtisadi tənəzzüldən inkişafa çıxarıb ayaqda üstə qoydu. Bu gün bəzi Avropa Birliyi ölkələri iqtisadi xaosla üzləşərkən Türkiyə inkişafdadır. Türkiyənin maliyyə resursları artıb, ticarət mübadiləsi 100 milyardlarla dolları keçib, xarici borcunu tam ödəyib. Beynəlxalq Valyuta Fonduna 23 milyard borcunun son 400 milyon dollarını da may ayında ödədi, xarici siyasətində müəyyən uğurları var, PKK terrorunun həll edilməsi üçün cəsarətli addımlar atılır. Artıq 4 aydır ki, PKK terroru ilə bağlı heç bir partlayış-filan yoxdur Türkiyədə. Bunlar əlbəttə ki, əldə olunan uğurlardır. Ancaq məsələ burasındadır ki, Ərdoğanda özünə vurğunluq formalaşıb. Bu isə cəmiyyətin müəyyən hissəsində artıq qıcıq yaratmağa başlayırdı. Gəzi Parkında ağacların kəsilməsi və sair məsələlər sadəcə etirazların başlanması üçün qığılcım oldu. Yəni, bu park bir bəhanə oldu. Mən indi Ərdoğanın çıxışına baxıram və görürəm ki, o, yenə də həmin sərtliyinə qayıdıb. Fikrimcə, bu etirazların davamı Türkiyəyə baha başa gələ bilər. Çünki bu etirazlar artıq hansısa maraqlı xarici qüvvələrin fəallaşmasına səbəb ola bilər. O qüvvələrin ki, onlar Türkiyənin böyüməsinə, irəliləməsinə, inkişaf etməsinə, regionda önəmli rol oynamasına maraqlı deyillər. Ona görə bu hadisələr nə qədər tez səngisə, bir o qədər yaxşıdır. Məncə, bu hadisələr Türkiyə hakimiyyətinə də bir dərs oldu ki, siyasətdə artıq yeni üsullardan istifadə etmək lazımdır. Yəni parlamentdə çoxluğa sahib olmaq hələ demokratiya demək deyil. Azlığın da müəyyən istək və arzuları diqqətə alınmalıdır, dialoq qurulmalıdır. Belə olmadıqca Türkiyədə bu kimi hadisələr yenə də təkrar oluna bilər.

- Sizcə, Türkiyədə baş verən son hadisələrdə xarici qüvvələrin bilavasitə rolu varmı?

- Türkiyədə sabitliyin pozulması müəyyən xarici qüvvələrin hər zaman maraqlarına uyğundur. Çünki onlar görürlər ki, Türkiyə böyüyür, inkişaf edir. Ona görə də Türkiyəni içəridən dağıtmağa çalışırlar. Bu səbəbdən Türkiyə nə qədər sabitliyə nail olsa, bu, həmin ölkənin özü üçün də, strateji müttəfiqi Azərbaycan üçün də lazımdır. Türkiyədə xaos davam etsə, ölkənin başı daxili işlərə qarışa bilər. Amma biz istəyirik ki, Türkiyə bölgədə də fəal rol oynasın. Türkiyədə sabitliyin bərpa olunması, inkişafın davamı və bölgədə aparıcı rol oynaması geosiyasi baxımdan da Azərbaycanın maraqlarına uyğundur. Gəzi parkı hadisələrinə gəlincə, başlanğıcda xarici qüvvələrin rolu olmayıb. Yəni, bu, xaotik başlayan bir proses idi. İnsanlar etirazlarını dilə gətirdilər. Ancaq hadisələr inkişaf etdikcə, etiraz dalğası böyüdükcə, böyük ehtimalla xarici qüvvələrin bu işdə hər hansı bir rolu ola bilərdi.

- Regionumuz üçün əlamətdar hadisələrdən biri də qonşu İranda prezident seçkilərinin keçirilməsi və Həsən Ruhaninin bu posta seçilməsidir.

- İranda Həsən Ruhaninin prezident seçiləcəyi gözlənilmirdi. Hamı düşünürdü ki, rəqabət mühafizəkarlar arasında gedəcək. Əsasən də keçmiş xarici işlər naziri Əli Əkbər Vilayəti və İranı nüvə danışıqlarında təmsil edən Səid Cəlili arasında. Çünki Həsən Ruhani elə bir reytinqli fiqur kimi tanınmırdı. Amma son anda Haşimi Rəfsəncaninin, Məhəmməd Xatəminin namizədlikləri qeydə alınmadı və onlar seçiciləri Həsən Ruhaniyə səs verməyə çağırdılar. Bu hadisə durumu tamamilə dəyişdi. Bununla yanaşı, yenə də gözlənilənlərin əksinə olaraq ekspertlər düşünürdü ki, mütləq ikinci tur olacaq. Amma elə birinci turdan Həsən Ruhani prezident seçildi. İndi bəziləri Həsən Ruhanini yenə də islahatçı kimi qələmə verir. Lakin mən bu fikirlərlə razı deyiləm. O, islahatçı deyil, sadəcə islahatçıların səsinə ehtiyac duyan bir fiqurdur. O, Rəfsəncani və Xatəminin səsini alıb. Mən onun mətbuat konfransını izlədim. Yenə də nüvə çalışmalarının davam edəcəyini, şəffaflığın artırılacağını, Qərblə dialoqun bərpa olunacağını söz verdi. Məsələ burasındadır ki, İranda söz sahibi prezident yox, ali dini liderdir. Bu Konstitusiyada da təsbit olunub. Prezident Ali dini liderin istəyi xaricində heç nə edə bilməz. Ali dini lider prezidentə yalnız ölkə iqtisadiyyatını idarə etməyi tapşırır. Amma ölkənin iqtisadiyyatını necə idarə edəsən ki, ortada sanksiyalar mövcuddur? İranın əsas gəlir mənbəyi neft satışıdır. Sanksiyaların tətbiqi nəticəsində neft satışı da azalıb. Gəlin görək, bu sanksiyalar nəyə görə mövcuddur? İran nüvə çalışmalarından imtina etmədiyinə görə. Yəni, bütün bu məsələlərdə son söz sahibi ali dini liderdir. Onun xeyir-duasını almadan düşünmürəm ki, həm xarici siyasətdə, həm də daxili siyasətdə prezidentlər böyük irəliləyiş əldə edə bilər.

Rufik İSMAYILOV