• cümə axşamı, 25 aprel, 00:56
  • Baku Bakı 19°C

Bələdiyyələrin fəaliyyətinə ictimai nəzarət imkanları: hesabatlılıq və effektivlik

06.11.17 15:15 2026
Bələdiyyələrin fəaliyyətinə ictimai nəzarət imkanları: hesabatlılıq və effektivlik
Yeni sosial-iqtisadi çağırışlar fonunda yerli özünüidarəetmə orqanı olan bələdiyyələrinin fəaliyyətinin təkmilləşdirilməsi və şəffaflığın artırılması məqsədi ilə prosesə ictimai nəzarət mexanizmlərinin daha da çevik əsaslarla təmin edilməsini zərurətə çevirib. Təsadüfi deyil ki, ölkə başçısı öz çıxışlarında bir neçə dəfə yerli idarəetmə qurumlarının fəaliyyətinin qiymətləndirilməsində biznes mühitinin inkişaf etdirilməsi, investisiya axının təşkili, məşğulluq səviyyəsinin yüksəldilməsi, yoxsulluqla bağlı tədbirlərin effektivliyi, sosial-iqtisadi rifahın yüksəldilməsi kimi yeni indikatorlar əsasında qiymətləndiriləcəyi fikrini gündəmə gətirib. Qeyd edilən istiqamətdə effektiv nəzarət mexanizminin təşkili edilməsi mühüm məqamlardan hesab edilir. İctimai nəzarət səmərəli idarəetmənin əvəzedilməz üsullarında biri olmaqla ictimai maraqların təmin edilməsi və müdafiəsi baxımından müasir dövr üçün mühüm əhəmiyyət daşıyır.
Beynəlxalq təcrübənin təhlili onu göstərir ki, istənilən ölkədə yerli özünüidarəetmə qurumlarının fəaliyyətində ictimai iştirakçılıq və onların fəaliyyətinə ictimai nəzarət səmərəli idarəetmənin təşkili mexanizminin əsas qayəsi hesab edilir. Bu qurumların tabeliyində ictimai əhəmiyyətli əmlakın və vəsaitlərin olması hər zaman yüksək korrupsiya riski yaradır ki, müasir cəmiyyətlərdə bu riskləri azaltmaq məqsədi ilə onların faəliyyəti ictimai nəzarətin əsas obyektinə çevrilir.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 27 aprel 2016-cı il tarixində imzaladığı "Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında” Sərəncamı mövcud konyukturdan irəli gələn tələblərin vaxtında və keyfiyyətli yerinə yetirilməsi istiqamətində ictimai dəstəyin təmin edilməsinin önəmini bir daha sübut edir.
Ümumilikdə isə bu günədək yerli özünüidarəetmə orqanlarının fəaliyyətinə ictimai nəzarətin hüquqi əsaslarının yaradılması istiqamətində mühüm qərarlar qəbul edilib. Hazırda mühüm problemlərdən biri icma nümayəndələrinin ictimai nəzarətin əsasları haqqında hüquqlarından az informasiyalı olmasıdır ki, bu kimi məsələlərin həlli məqsədi ilə maarifləndirici materialların hazırlanmasına ehtiyac hiss edilir. Qeyd edək ki, bu yazıda daha çox qanunvericiliyin bələdiyyələr qarşısında müəyyənləşdirdiyi hesabatlılıq və şəffaflıq öhdəliklərini diqqətinizə çatdırmağa çalışacağıq.
İctimai müzakirələr zamanı daha çox rast gəlinən suallardan biri ondan ibarətdir ki, icma nümayəndəsi, yəni bələdiyyə ərazisində yaşayan vətəndaş bələdiyyənin fəaliyyətinə necə nəzarət edə bilər və yaxud bu sahədə bələdiyyələrin öhdəlikləri nədir?
Məhz bu məqamda vurğulamaq istəyirik ki, beynəlxalq təcrübə ilə müqayisədə Azərbaycanda bələdiyyələrin ictimai hesabatlılığının zəif inkişaf etməsi və onların fəaliyyətinə kənar nəzarətin təşkili mexanizmləri müasir standartlardan geri qalmasına baxmayaraq mövcud qanunlar belə bu qurumların fəaliyyətində şəffaflığın təmin edilməsi üçün bir sıra əsaslı tələblər qoyur.
Birincisi hər bir seçkili qurum kimi, bələdiyyələr öz seçiciləri qarşısında birbaşa məsuliyyət daşıyır və öz fəaliyyətlərində şəffaflıq və hesabatlılığı təmin etməyə borcludurlar. "Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinin 6-cı bəndində deyilir: "Bələdiyyələr, bələdiyyə orqanları və onların vəzifəli şəxsləri insan və vətəndaş hüquqlarına və azadlıqlarına bilavasitə aid sənəd və materiallarla hər bir vətəndaşın tanış olmaq, habelə qanunla xüsusi hallar nəzərdə tutulmayıbsa, bələdiyyələrin fəaliyyəti haqqında tam məlumat almaq imkanını təmin etməyə, seçicilərin tapşırıqlarını yerinə yetirməyə borcludurlar”. Bundan başqa həmin qanunun 3.5 –ci bəndinə uyğun olaraq hər bir Azərbaycan vətəndaşının yaşadığı ərazidə bələdiyyələrə, bələdiyyə orqanlarına və onların vəzifəli şəxslərinə müraciət etmək hüququ vardır.
Onu da qeyd etmək lazımdır ki, "Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Azərbaycan Respublikası Qanunu (maddə11.3: "Bələdiyyələr öz nizamnaməsində müəyyən edilmiş qaydada yerli büdcənin icrası haqqında hesabatı təsdiq edir və öz əhalisinə çatdırırlar” ) konkret olaraq bələdiyyələr qarşısında yerli büdcənin icrası haqqında əhaliyə hesabat verilməsi öhdəliyi müəyyən edilib. 2011-ci ilin 25 oktyabr tarixində həmin qanuna edilən dəyişiklik yerli özünüidarəetmə qurumları üçün hesabatlılıq tələblərini daha da konkretləşdirib. Beləliklə Azərbaycan Respublikasında fəaliyyət göstərən hər bir bələdiyyə
- yerli büdcənin icrası haqqında yarımillik və illik hesabatı bələdiyyə iclasına təqdim etməli;
- yarımillik maliyyə hesabatları hesabat dövründən sonrakı ayın 15-dək, illik maliyyə hesabatları növbəti ilin yanvarın 30-dək təqdim edilməli;
- təqdim edilmiş maliyyə hesabatlarını bələdiyyə iclasının qərarı ilə 15 (on beş) gün müddətində təsdiq etməli
- yerli əhalini tanış etmək məqsədilə bələdiyyələr illik hesabatı onlara elan, bülleten, vərəqə, yerli mətbuat, internet saytı və s. vasitələrlə çatdırmalıdırlar.
Göründüyü kimi, bələdiyyələr ictimai vəsaitlərin axını haqqında detallı olaraq hesabat verməyə qanun qarşısında borcludurlar.
Otən illər ərzində ictimai hesabatlılığın daha da dərinləşdirilməsi məqsədi ilə qanunvericilikdə müəyyən dəyişiklər edilib. Beləki, 2014-cü ilin oktyabr ayında "Bələdiyyələrin statusu haqqında” qanuna düzəlişlər edilib. Düzəlişlər bələdiyyələrin hesabatlılığını daha da artırmaq və effektivliyi təmin etmək məqsədi ilə edilib və aşağıdakılardan ibarətdir:
Ø bələdiyyələr hər ilin yanvar ayının 3-cü həftəsinin bazar ertəsi görülmüş işlər haqqında, o cümlədən maliyyə vəsaitlərinin və bələdiyyə mülkiyyətinin istifadəsi haqqında seçicilərə hesabat verməlidir;
Ø Hesabat yazılı formada tərtib edilməli və bələdiyyənin iclaslarında təsdiq edilməlidir;
Ø Yerli əhalinin tanış etmək məqsədi ilə hesabat bələdiyyə binasının qarşısında xüsusi lövhələrdə yerləşdirilməlidir;
Ø Həmçinin hesabatlar elan, bülleten, vərəqə, yerli mətbuat, internet saytı və digər vasitələrlə əhaliyə çatdırılmalıdır.
"Yerli vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikasının Qanununda deyilir ki, bələdiyyələrin vergi və ödənişlərin yığılması və istifadəsi sahəsində fəaliyyəti tam aşkarlıq şəraitində həyata keçirilməlidir. Bu məqsədlə bələdiyyələr və onların müvafiq nəzarət komissiyaları bələdiyyə ərazisində yaşayan sakinlər qarşısında mütəmadi olaraq hesabatlar verməli, bülletenlər buraxmalıdırlar.
Hətta Azərbaycan Respublikasının qanunları bələdiyyələrlə yanaşı hər bir bələdiyyə üzvü üçün də ictimai hesabatlılıq müəyyən edir. "Bələdiyyə üzvlərinin statusu haqqında” qanunda aydın şəkildə ifadə edilir ki, bələdiyyə üzvü seçicilərlə mütəmadi olaraq əlaqə saxlamalı, görüşlər keçirməli, onların təkliflərinə, müraciətlərinə və şikayətlərinə baxmalıdır. Həmçinin bələdiyyə üzvü 6 ayda bir dəfədən az olmayaraq seçicilərinə hesabat verməlidir.
Lakin, təəssüflə qeyd edilən məqamlardan biri ondan ibarətdir ki, günümüzdə ölkə üzrə fəaliyyət göstərən 1607 bələdiyyədən ən yaxşı halda 10 faizi qeyd edilən tələblərə əməl edir. Əksər bələdiyyələrin veb səhifəsi belə yoxdur. Bəzi hallarda bu nöqsanlar vəsait çatışmazlığı ilə izah edilsə də müşahidələr onu göstərir ki, hətta iri vəsaitlərin axınına nəzarət edən bələdiyyələr belə müasir texnologiyaların imkanlarından istifadə etməkdə və operativ hesabatlılıqda maraqlı deyillər. Oxşar situasiya bələdiyyə üzvləri və vətəndaşlar arasında hesabatlıqda da özünü qabarıq şəkildə göstərir.
Yeri gəlmişkən qeyd edək ki, mövcud qanunvericilik icma üzvlərinin bələdiyyələr üzərində nəzarət imkanlarını daha təsirli formada təmin etmək məqsədi ilə əlverişli şərait yaradıb. Belə ki, bələdiyyələrin illik hesabatı əlaqədar qurumlar göndərilərkən hesabata bələdiyyə yığıncağının protokolu da əlavə edilməlidir. Bələdiyyə yığıncaqları ərazidə yaşayan vətəndaşların ən az 25%-i iştirak etdikdə səlahiyyətli hesab edilir. Əgər bələdiyyə yığıncağında iştirak edənlərin 50%-dən çox hissəsi bələdiyyənin fəaliyyətini qeyri-qənaətbəxş hesab edirsə bu zaman aiddiyyatı qurum Azərbaycan Respublikası Milli Məclisinə bələdiyyənin vaxtından əvvəl buraxılması haqqında müraciət qəbul etməlidir. Yəni vətəndaşların verdiyi qərar birmənalı olaraq bələdiyyənin fəaliyyətinin qiymətləndirilməsində əsas meyar hesab edilir.
Məqalə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə "İqtisadi və Sosial İnkişaf Mərkəzi" İctimai Birliyi tərəfindən icra edilən "Yeni sosial-iqtisadi çağırışlar fonunda yerli özünüidarəetmə orqanlarının (bələdiyyələr) fəaliyyətinə ictimai nəzarətin gücləndirilməsi tədbirlərinin təşkili” layihəsi çərçivəsində hazırlanıb.
Rəşad Həsənov
banner

Oxşar Xəbərlər