• cümə, 19 Aprel, 17:11
  • Baku Bakı 25°C

Bələdiyyələrin büdcə gəlirlərinin artırılması istiqamətində iş aparılır - Rəhman Məmmədov

09.02.21 17:30 1110
Bələdiyyələrin büdcə gəlirlərinin artırılması istiqamətində iş aparılır - Rəhman Məmmədov
Bələdiyyələr qanunvericiliklə müəyyənləşdirilmiş yerli əhəmiyyətli məsələlər üzrə idarəçiliyi həyata keçirən müstəqil yerli özünüidarə orqanlarıdır. Bələdiyyələrin müstəqilliyi, səlahiyyətlərinə aid məsələlər üzrə idarəçiliyi sərbəst həyata keçirmələri qanunvericilik aktlarında ən ali səviyyədə - Konstitusiyamızda təsbit olunub. Lakin bələdiyyələrin müstəqilliyi, digər bütün hüquqi və fiziki şəxslər kimi onları da fəaliyyətlərində qanunvericiliyin tələblərinə əməl etmək vəzifəsindən azad etmir. Məhz bələdiyyələrin fəaliyyətlərində, qəbul etdikləri qərarlarında qanunvericiliyin tələblərinə əməl etmələri, qanun pozuntularına yol verildiyi halda onun qarşısının alınması və nəticələrinin aradan qaldırılması məqsədilə dövlət tərəfindən bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət həyata keçirilir. Dövlət tərəfindən qeyd olunan inzibati nəzarətin həyata keçirilməsi Avropa ölkələrində də tətbiq olunur və "Yerli özünüidarəetmə haqqında Avropa Xartiyası”nda da nəzərdə tutulub. Ölkə qanunvericiliyi ilə Azərbaycanda dövlətin adından həyata keçirilən bu fəaliyyət Ədliyyə Nazirliyinə həvalə edilib.Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin rəisiRəhman Məmmədovmüsahibəsində bütün bu məsələlərlə bağlı sualları cavablandırıb.
- Ədliyyə Nazirliyi bələdiyyələrin fəaliyyətinə hansı formada nəzarət edir və nə kimi problemlər var?
- Bələdiyyələrin müstəqil qurum olduğu nəzərə alınaraq, həyata keçirilən inzibati nəzarət fəaliyyəti, onun əsasları, hədləri, üsul və vasitələri qanunvericiliklə çox ciddi və dəqiq şəkildə tənzimlənir. Bu məqsədilə hələ 2003-cü ildə xüsusi qanun - "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” qanun qəbul edilib. Bu sahədə təcrübə toplandıqca, həmçinin beynəlxalq təcrübə də nəzərə alınmaqla vaxtaşırı təhlillər aparılaraq qeyd olunan fəaliyyətin daha da təkmilləşdirilməsi üçün qanunvericiliyə müvafiq dəyişikliklər edilir.Məlumdur ki, 2020-ci ildə dünyanı bürüyən pandemiya bütün sahələrə öz mənfi təsirlərini göstərib. Bələdiyyələr kollegial orqan kimi fəaliyyətlərini iclaslar vasitəsilə həyata keçirdiyindən, həm də büdcələri əsasən fiziki şəxslərdən yığılan vergilər hesabına formalaşdığından pandemiya şəraiti onların fəaliyyətində, maliyyə vəziyyətində, həmçinin Ədliyyə Nazirliyinin bələdiyyələrlə apardığı işdə xeyli çətinliklər yaradıb. Lakin nazirlik tərəfindən bu mənfi təsirləri minimuma endirmək üçün ardıcıl tədbirlər görülüb. Qanunvericilikdə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət iki əsas üzrə - bələdiyyə aktları və müraciətlər üzrə həyata keçirilir. 2020-ci ildə Ədliyyə Nazirliyinə inzibati nəzarət qaydasında baxılmaq üçün 79 858 akt təqdim olunub, onlardan 76 433 (95,7%) akt qanunvericiliyə uyğun hesab edilmiş, normativ hüquqi aktların tələblərinə zidd olan 2 939 aktın dəyişdirilməsi və ya ləğv edilməsi üçün aidiyyəti bələdiyyələrə təkliflər verilib. Ədliyyə Nazirliyinin rəhbərliyinin tapşırıqlarına uyğun olaraq inzibati nəzarət tədbirlərinin gücləndirilməsinin nəticəsidir ki, inzibati nəzarət qaydasında baxılan akt sayı ötən illə müqayisədə 0,5% az olsa da, qanunvericiliyin tələblərinə uyğun olmayan bələdiyyə aktlarının ləğvi və ya dəyişdirilməsi məqsədilə inzibati nəzarət orqanı tərəfindən verilən təkliflərin sayı əvvəlki illə müqayisədə 6,3% çox olub. İl ərzində bələdiyyələrin fəaliyyəti ilə bağlı 3 503 müraciətə baxılmışdır. Müraciətlərin sayı əvvəlki illə müqayisədə 6% çox olub. Müraciətlərdə qaldırılan məsələlərin həllinə diqqətin artırılması nəticəsində təmin edilmiş müraciətlərin sayı 17% artmışdır. Müraciətlərə baxılması nəticəsində qanunvericiliyin tələblərinə zidd olan 328, ötən ildən 45% çox bələdiyyə aktının dəyişdirilməsi və ya ləğv edilməsi ilə bağlı aidiyyəti bələdiyyələrə təkliflər verilib.
- Nazirlik tərəfindən verilən təkliflərin yerinə yetirilməsi vəziyyəti necədir və bu halda hansı tədbirlər görülür?
- Nazirlik tərəfindən verilən təkliflər 5 iş günü ərzində bələdiyyə iclasının müzakirəsinə çıxarılmalıdır. Təkliflə razılaşıb razılaşmamaq yəni onu təmin etmək və ya bundan imtina etmək bələdiyyənin səlahiyyətində olan məsələdir. İl ərzində nazirlik tərəfindən verilən ümumilikdə 3 267 təklifdən 15-i bələdiyyələr tərəfindən təmin edilmədiyinə görə qanunvericiliyin tələbinə uyğun olaraq nazirlik tərəfindən məhkəmələrdə 15 iddia qaldırılıb, onlardan 2-si məhkəmə tərəfindən təmin edilib, 13-ü isə məhkəmələrin icraatındadır.
- İnzibati tədbirlərlə hansı nəticə əldə edilib?
- Həyata keçirilən inzibati nəzarət tədbirlərinin (təklif və ya iddia ərizələrinin təmini) nəticəsi olaraq bütövlükdə 8 217 ha, əvvəlki ilə nisbətən 17% çox torpaq sahəsinin, o cümlədən qanunsuz ayrılmış ümumi istifadə üçün nəzərdə tutulmuş 3 417 ha örüş sahəsinin bələdiyyə mülkiyyətinə və ya sahibliyinə qaytarılması təmin edilib. Bundan əlavə 2 261 ha torpaq sahəsi ilə bağlı mübahisələr hazırda nazirliyin iddiaları əsasında məhkəmələrin icraatındadır. Ümumi istifadə üçün nəzərdə tutulmuş örüş sahələri ilə bağlı çox saylı şikayətlərin o cümlədən kollektiv şikayətlərin olduğu nəzərə alınaraq onların istifadə vəziyyəti barədə sorğular göndərilib. Nəticələri üzrə qanunamüvafiq tədbirlərin görülməsi davam etdiriləcək.
- Bələdiyyələrin fəaliyyətindəki hüquqpozmalarla bağlı hansı tədbirlər görülüb?
- Ötən ilin əvvəllərində bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin nəticələri təhlil edilərək ümumiləşdirilib. Ümumiləşdirmə nəticəsində bələdiyyələrin fəaliyyətində yol verilən xarakterik qanunpozuntuları, o cümlədən cinayət xarakterli pozuntular, həmçinin onları doğuran səbəb və şərait müəyyənləşdirilib. Həmin xarakterik qanunpozuntularının və onların baş verməsinə şərait yaradan halların qarşısının alınması və aradan qaldırılmasına yönəlmiş ardıcıl tədbirlər həyata keçirilib. 2020-ci ildə ölkə Prezidenti öz çıxışlarında icra orqanları ilə yanaşı bələdiyyələrin də fəaliyyətində yol verilən neqativ hallara toxunub, korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin dövlət siyasətinin ən mühüm tərkib hissəsi olduğunu dəfələrlə vurğulayıb. Qeyd olunan məsələlər daim diqqət mərkəzində saxlanılıb. İnzibati nəzarət icraatı qaydasında bələdiyyələrin fəaliyyətində aparılan araşdırmalar zamanı 23 halda ciddi qanun pozuntuları aşkar edilərək toplanmış sənədlər hüquqi qiymət verilməsi üçün aidiyyəti hüquq mühafizə orqanlarına göndərilib. Həmin materiallardan 10-u üzrə cinayət işi başlanılıb, digərləri isə baxılmaqdadır. Bundan başqa, il ərzində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549-cu (Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın fəaliyyətinə mane olma) maddəsinə əsasən bələdiyyələrin 172 vəzifəli şəxsi barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəmələrə göndərilib. Həmin protokollar üzrə 138 bələdiyyə sədri inzibati məsuliyyətə cəlb edilib, 6 inzibati xəta protokoluna xitam verilib, 28 protokol isə baxılmaqdadır. Bələdiyyələrin fəaliyyətində qanunvericiliyin tələblərinə əməl edilməsinin təmin olunması məqsədilə onların fəaliyyətinə inzibati nəzarətin gücləndirilməsi və səmərəliliyinin artırılması istiqamətində Ədliyyə Nazirliyi tərəfindən ardıcıl məqsədyönlü tədbirlər davam etdirilir.
- Ölkə üzrə bələdiyyələrin internetə çıxışı və informasiya texnologiyaları ilə vəziyyəti necədir?
- Yerli özünüidarəetmə orqanlarının fəaliyyətində və onlarla iş sahəsində rəqəmsal idarəçiliyin tətbiqi Ədliyyə Nazirliyinin diqqət mərkəzindədir. 2020-ci ilin avqust ayından "Bələdiyyələrlə iş portalı”nın ilkin versiyası istifadəyə verilərək nazirliyin aidiyyəti qurumları və bələdiyyələr arasında elektron sənəd mübadiləsi, o cümlədən bələdiyyə aktlarının elektron qaydada göndərilməsi təşkil olunub. Eyni zamanda "Ölkə bələdiyyələri barədə məlumatın əldə edilməsinə dair” elektron xidmətin təşkili üzrə işlər yekunlaşdırılıb və vətəndaşların bütün bələdiyyələr və 15 mindən artıq bələdiyyə üzvü barədə məlumat əldə edə bilmələri üçün elektron baza formalaşdırılıb. Yerli özünüidarəetmə orqanlarında müasir texnologiyalar və internetdən istifadənin genişləndirilməsi üzrə davam etdirilən tədbirlər nəticəsində kompüter avadanlığı ilə təmin olunmuş və internetə çıxışı olan bələdiyyələrin sayı əhəmiyyətli dərəcədə artaraq onların 3/2 hissəsini əhatə edir.
- Bələdiyyələrin büdcə gəlirlərində hansı tendensiya müşahidə edilir?
- Bələdiyyələrlə aparılan məqsədyönlü tədbirlərin nəticələri ötən ilin əvvəllərində öz müsbət nəticələrini göstərməyə başlayyıb. Belə ki, 2020-ci ilin birinci rübünün statistik göstəricilərinə əsasən bələdiyyələrin ümumi büdcə gəlirləri 23,9% artıb. Lakin pandemiyanın doğurduğu çətinliklərin təsiri ilə nəinki bu artım dinamikası dayanıb, hətta sonrakı dövrlərdə yerli büdcə gəlirləri 2019-cu ilin müvafiq dövrləri ilə müqayisədə xeyli azalıb. Bələdiyyələrin qanunvericiliklə müəyyənləşdirilmiş mənbələr üzrə uçot işlərinin dəqiqləşdirilməsi, ödənilməli vergilərin düzgün hesablanması və yerli büdcəyə mədaxilinin təmin olunması və s. vasitələrlə bələdiyyələrin büdcə gəlirlərinin artırılması istiqamətində Ədliyyə Nazirliyi tərəfindən hazırda əhatəli iş aparılır.
- Bələdiyyələrə ayrılan vəsaitlərin, büdcəsinin xərclənməsinə hansı şəkildə nəzarət edilir?
- Yerli büdcə prosesinin qanunauyğun icrasının, bu sahədə şəffaflığın təmin edilməsinin bələdiyyələrin fəaliyyətinin səmərəliliyinin artırılmasında müstəsna əhəmiyyəti nəzərə alınaraq qeyd olunan məsələlər daim diqqətdə saxlanılır. Bu sahədə qanunçuluğa əməl olunmasının təmini məqsədilə "Yerli büdcə layihəsi”nin və "Yerli büdcənin icrası haqqında (yarımillik və illik) hesabat”ın nümunəvi formaları tərtib edilib, Maliyyə Nazirliyi ilə razılaşdırılaraq müvafiq tövsiyələrlə birlikdə bələdiyyələrə göndərilib. Yerli vergi və ödəniş obyektlərinin uçotunun dəqiqləşdirilməsi, kənarda qalan vergi obyektlərinin vergiyə cəlb edilməsi yönündə pilot bələdiyyə kimi Nəsimi bələdiyyəsində nazirliyin metodiki köməkliyi ilə tətbiq olunmuş tədbirlər nəticəsində uçota alınan obyektlərin sayı demək olar ki, 2 dəfəyə yaxın artıb. Əldə olunmuş müsbət iş təcrübəsinin digər bələdiyyələrə təbliğ və təşviq olunması işinə başlanılıb, bu məqsədlə Bakı şəhərinin 24 bələdiyyəsinin aidiyyəti vəzifəli şəxsləri ilə seminar müşavirələr keçirilib.
- Bələdiyyə torpaqlarının icarəyə verilməsi ilə bağlı vəziyyət necədir?
- Əvvəlki illərdə icarəyə verilmiş bələdiyyə torpaqlarının icarə haqları ilə bağlı mövcud vəziyyətin müəyyənləşdirilməsi məqsədilə məlumatlar toplanılaraq təhlil edilib. Məlum olubki, bir çox hallarda əvvəlki illərdə müəyyənləşdirilmiş icarə haqlarının mövcud bazar qiymətlərindən dəfələrlə aşağı olmasına baxmayaraq bələdiyyələr tərəfindən qiymətlərin uyğunlaşdırılması üçün qanunamüvafiq tədbirlər demək olar ki görülməyib. Bu sahədə uyğunsuzluqların aradan qaldırılması və qanunamüvafiq tədbirlərin görülməsi üçün "İcarə haqlarının bazar qiymətlərinə uyğunlaşdırılması barədə” tövsiyə, məsələ ilə bağlı qəbul edilməli olan bələdiyyə qərarının, icarəçilərə göndərilməli təklifin, iddia ərizəsinin nümunəvi formaları hazırlanaraq bütün bələdiyyələrə göndərilib. Hazırda tövsiyədə göstərilən tədbirlərin icrası üçün bələdiyyələrlə davamlı iş aparılır. Hesab olunur ki, qeyd edilən məsələnin tənzimlənməsi bir çox bələdiyyələrin büdcə gəlirlərini əhəmiyyətli dərəcədə artıra bilər.
- Bələdiyyələrin debitor və kreditor borcları varmı?
- Bələdiyyələrin debitor və kreditor borcları barədə sorğu əsasında toplanan məlumatların təhlili göstərir ki, bələdiyyələrin böyük qisminin xeyli məbləğdə debitor və kreditor borcları (əsasən əmək haqqı, sosial sığorta ayırmaları üzrə) var. Bələdiyyələrin əksəriyyəti tərəfindən debitor borcların həlli istiqamətində ardıcıl təsirli tədbirlər görülmür, pul tələblərinə dair icrası məcburi aktların qəbul edilərək icraya yönəldilməsi səlahiyyətlərindən istifadə edilmir. Bütün bələdiyyələrə göndərilmiş "Bələdiyyələrin debitor və kreditor borclarının həlli barədə” tövsiyədə büdcə sistemi haqqında qanunvericiliyin tələbləri bələdiyyələrə izah olunub, həmçinin yerli vergi və ödənişlərin ödənilməsindən yayınma hallarının qarşısının alınması məqsədilə qanunauyğun tədbirlər görülməsi, bu hallar barədə məlumatların ictimailəşdirilməsi yolu ilə ictimai qınaq kimi təsirli vasitədən istifadə edilməsi zərurəti diqqətə çatdırılıb. Lakin bələdiyyələrin vəzifəli şəxsləri bir çox hallarda qeyd olunan məsələlərə lazımi səviyyədə ciddi münasibət göstərmirlər. Hazırda göstərilən istiqamətlərdə tərəfimizdən bələdiyyələrlə müvafiq metodiki iş aparılır. Hesab edirəm ki, bizim vətəndaşlarımız, seçicilər fəal olmalı, seçdikləri bələdiyyənin fəaliyyətinə ictimai nəzarəti həyata keçirməlidirlər. (Report)
banner

Oxşar Xəbərlər