AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Bələdiyyələrdə gender komissiyalarının yaradılması mühüm məsələdir

Bələdiyyələrdə gender komissiyalarının yaradılması mühüm məsələdir

Cəmiyyət
02 İyul 2020, 14:25 130
Bələdiyyələr öz fəaliyyətlərini əhalinin maraqlarının və ehtiyaclarının təmin edilməsi, onların fikir və mövqelərinin nəzərə alınması istiqamətində qurmalıdırlar.

Trend-in məlumatına görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova "Yerli özünüidarəetmədə gender bərabərliyi siyasəti” mövzusunda videokonfransda deyib.

Onun sözlərinə görə, bu baxımdan yerli özünüidarəetmə orqanlarında Gender komissiyalarının yaradılması, yaxud gender üzrə məsul şəxslərin müəyyən edilməsi mühüm məsələdir və öz müsbət töhfəsini verəcək.

B.Muradova bildirib ki, görülən genişmiqyaslı və çoxşaxəli işlərin nəticəsində bu gün Azərbaycan qadınları qərarqəbuletmə və idarəetmədə mühüm yerləri tuturlar. 2019-cu ildə keçirilən son bələdiyyə seçkilərində bələdiyyə üzvü seçilən qadınların say nisbətinin 39 faizə çatması bu istiqamətdə xeyli yüksəlişin əldə olunduğunu bir daha təsdiq etdi.

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, millət vəkili Hicran Hüseynova çıxış edərək, bildirib ki, xüsusi məqamlardan biri də bələdiyyələrin fəaliyyətində qadınların özlərini təsdiq etməsidir. Bəzən qadınlar yerli idarəetmə orqanlarına seçilsələr də, bilik və təcrübələrinin az olması onlara fəaliyyət göstərməkdə çətinlik yaradır:

"Qadınlarımızın imkan və bacarıqlarının reallaşdırılması, keyfiyyətli fəaliyyət göstərməsi vacibdir. Elə dövlətin əsas məqsədi də onların cəmiyyətin həyatında daha aktiv iştirak etməsinə nail olmaqdır".

Milli Məclisin Regional məsələlər komitəsinin sədri, millət vəkili Siyavuş Novruzov ötən ilki seçkilərdə qadınların sayının artması ilə bərabər, onların 90 faizinin ali təhsilli olmasını da xüsusilə qeyd edərək, bildirib ki, bu, qadınların gələcək fəaliyyətlərində özünü müsbət şəkildə büruzə verəcək.

S.Novruzov diqqətə çatdırıb ki, yerli özünüidarəetmə orqanlarının fəaliyyətin təkmilləşdirilməsi, onların işlərinin qanunvericiliyin tələblərinə uyğunluğunun təmin edilməsi, seçilənlərin arasında gender bərabərliyi məsələsinə xüsusi diqqətin yetirilməsi istiqamətində çox vacib işlər görülməkdədir. Həyata keçirilən əhəmiyyətli tədbirlərin nəticəsidir ki, bələdiyyələr bu gün daha səmərəli fəaliyyət göstərirlər və bu fəaliyyətdə qadınların da aktivliyi müşahidə olunur.