AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Bələdiyyələr müəssisə yaratmırlar, yoxsa yarada bilmirlər?

Bələdiyyələr müəssisə yaratmırlar, yoxsa yarada bilmirlər?

İqtisadiyyat
28 Mart 2013, 11:35 2605
Azərbaycanda bələdiyyələrə verilən səlahiyyətlərdən biri də öz müəssisələrini yaratmaq imkanıdır. Amma nədənsə hüquqi şəxs qismində müəssisə yaratmağa hüququ olan yerli özünüidarə orqanları bu işdə o qədər də həvəsli görünmürlər. Xüsusilə də 2011-ci ilin əvvəlində “Normativ hüquqi aktlar haqqında” qanun qüvvəyə mindikdən sonra dövlət və bələdiyyə müəssisələrinin qeydiyyatı dayandırılıb.

Səbəb kimi qanunvericilikdə dövlət və bələdiyyə qurumları tərəfindən kommersiya müəssisələrinin yaradılmasını qadağan edən Mülki Məcəllənin belə cəmiyyətlərin yaradılması hüququnu tanıyan qanunlardan üstün qüvvəyə malik olması göstərilir.

Qeyd edək ki, Mülki Məcəllənin 64-cü maddəsinin 6-cı bəndinə əsasən, dövlət və yerli özünüidarə orqanları təsərrüfat ortaqlıqlarının və cəmiyyətlərinin iştirakçıları kimi çıxış edə bilməzlər. Bildirilir ki, Vergilər Nazirliyi Mülki Məcəllənin bu bəndini əsas götürərək, dövlət qurumları və bələdiyyələr tərəfindən kommersiya müəssisələrini qeydiyyata almaqdan imtina edir. Ziddiyyət kimi vurğulanan bu məqamı şərh edərkən mütəxəssislərin fikirləri fərqlənir. Bir sıra ekspertlər bildirirlər ki, hüquqi şəxsin müxtəlif növləri var və Mülki Məcəllədə göstərilən təsərrüfat ortaqlıqları və cəmiyyətləri hüquqi şəxsin bir növüdür. Belə ki, Məcəllədə hüquqi şəxsin təxminən altı-yeddi növü göstərilib. 64.6-cı maddədə yazılan bu forma isə konkret fərdə məxsus olan quruma aid olduğu üçün bələdiyyələrə aid edilməməlidir. Beləliklə, dövlət qurumları və bələdiyyələr hüquqi şəxsin digər növündən istifadə edib, ASC, MMC yarada bilər.

Tahir Rzayev: “Ziddiyyət aradan qaldırılmalıdır”

Lakin başqa qrup ekspertlər bildirirlər ki, qanunvericilikdə boşluq var və bu boşluq mütləq aradan qaldırılmalıdır. Millət vəkili Tahir Rzayevin fikrincə, bələdiyyə qanunvericiliyində yerli idarəetmə orqanlarına özlərinin müəssisələrini, istehsal sahələrini yaratmaq icazəsi verilirsə, bu, Mülki Məcəllədə də əksini tapmalıdır: “Amma Mülki Məcəllədə belə bir müddəa yoxdur. Ona görə də bələdiyyələrin yaratdığı istehsal müəssisələri vergi orqanlarında qeydiyyata alınmır”. Millət vəkili deyir ki, qanunvericilikdəki bu ziddiyyətin aradan qaldırılması üçün Mülki Məcəlləyə dəyişiklik vacibdir. Onun sözlərinə görə, artıq bu məsələ Milli Məclisdə və müvafiq dövlət orqanları qarşısında bir neçə dəfə qaldırılıb: “Əslində burada ciddi bir uyğunsuzluq yoxdur. Amma Mülki Məcəllə bələdiyyələrin kommersiya qurumları yaratmasına qadağa qoyur və bu, hökmən aradan qaldırılmalıdır. Hazırda biz bu məsələnin üzərində çalışırıq və düşünürəm ki, Mülki Məcəllədə belə bir dəyişiklik olmalıdır”.

T.Rzayevin sözlərinə görə, artıq hamı başa düşür ki, problemin həlli yolları tapılmalıdır: “Əgər bələdiyyələr qanunvericiliyə uyğun olaraq, özlərinin istehsal sahələrini yaratmaq hüququna malikdirlərsə, Mülki Məcəllə buna mane olmamalıdır. Ona görə də yaxşı olar ki, Mülki Məcəlləyə dəyişiklik olunsun, dövlət və bələdiyyə müəssisələrinin yaradılması üçün bu qurumlara tam sərbəstlik verilsin”.

Bununla belə, Tahir Rzayev hesab edir ki, ziddiyyətlərin aradan qaldırılması üçün Ədliyyə Nazirliyi də reaksiya verməlidir. Həmçinin Maliyyə və Vergilər nazirliklərinin də rəyi öyrənilməlidir. Onun sözlərinə görə, adıçəkilən nazirliklərlə bu məsələ ətrafında bir neçə dəfə müzakirələr aparılıb. Ancaq qanuna təklif ediləcək dəyişikliklər hələ konkret şəkildə müəyyənləşməyib.

Mehdi Səlimzadə: “Qanun bələdiyyələrə müəssisə yaratmağa imkan verir”

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəhbəri Mehdi Səlimzadənin sözlərinə görə, qanun imkan verir ki, bələdiyyələr müəssisə, idarə, təşkilat, xidmət sahələri yaratsınlar. Lakin mərkəz rəhbəri təəssüflə qeyd edir ki, hələ də bələdiyyələrdə müəssisə yaranması istiqamətində ciddi istək müşahidə olunmur: “2005-2006-cı illərdə bir neçə bələdiyyə vardı ki, onlar orta səviyyəli müəssisə yaratmışdı. Məsələn, Rəsulzadə Bələdiyyəsi asfalt zavodu yaratmışdı. Sonra maliyyə imkansızlığı üzündən onu icarəyə verməyə, daha sonra isə satmağa məcbur oldular. Qanunlarımızda bunun üçün məhdudiyyət yoxdur, əksinə imkan var. Sadəcə, bələdiyyələrin özləri işi bilmədikləri üçün və ya maliyyə imkanlarının azlığına görə genişmiqyaslı idarə, müəssisə, təşkilat yarada bilməyiblər. Mülki Məcəllədə və digər normativ sənədlərdə ziddiyyətli məqamlar bizdə xüsusi işçi qrupu tərəfindən araşdırılır və bu ziddiyyətlər üzərində iş gedir. Bələdiyyə əmlakından istifadə ilə bağlı da bəzi ziddiyyətli məqamlar var, onlar da müzakirə olunur, ziddiyyətli məqamların aradan qaldırılması ilə əlaqədar təkliflər işlənib hazırlanır”.

Mehdi Səlimzadə həmçinin bildirdi ki, bələdiyyə müəssisələri qeydiyyata düşərkən qanundakı hər hansı ziddiyyətin problem yaratmaması üçün mərkəzlə məsləhətləşmə aparılmalıdır: “Məsləhətləşmədən sənədləri aparıb təqdim edəndə ola bilər ki, bəzi qanunlarla ziddiyyət olsun, geri qaytarsınlar. Biz onlara hüquqi tərəflərin hamısını işləyib, hazırlayıb, qanuni çərçivəyə salıb, təqdim edilməsinə köməklik edə bilərik ki, sənədlər geri qayıtmasın”.

Samir Əliyev: “Müəssisə yaratmaq üçün əksər bələdiyyələrin ilkin təminatı yoxdur”

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyevin sözlərinə görə, bələdiyyələrin 4 vergi gəlir mənbəyindən biri də bələdiyyə müəssisələrindən əldə olunan gəlir vergisidir: “Bələdiyyə müəssisəsinin yaradılması o deməkdir ki, həmin müəssisə öz gəlirindən bələdiyyəyə 20 faizlik mənfəət vergisi ödəyəcək. Lakin biz bələdiyyələrin gəlir mənbələrini araşdıranda görürük ki, son illər bu mənbə üzrə demək olar ki, bələdiyyəyə gəlir daxil olmayıb. Nə proqnozlarda bu haqda var, nə də icrada. Bu institut yeni yaradılanda bələdiyyə müəssisələri yaratmağa həvəs və maraq vardı, son dövlər isə bu istiqamətdə hər hansı ciddi tərpəniş yoxdur. Bunun səbəblərindən biri və ən əsası bələdiyyələrin səlahiyyətlərinin məhdud olmasıdır. Çünki bələdiyyə müəssisəsinin məqsədi əhaliyə sosial-ictimai xidmətlər göstərməkdir. Məsələn, əhalinin su ilə təchizatının yaxşılaşdırılmasından tutmuş ictimai-iaşə, nəqliyyat və s. xidmətlər bələdiyyənin səlahiyyətində olan xidmətlərdir. Onlar da bu səlahiyyətləri ötürür bələdiyyə müəssisələrinə. Biz təşkilat olaraq bir layihə çərçivəsində Mərkəzi Aran regionunun Tərtər, Bərdə və Ağcabədi rayonlarında 10 bələdiyyədə su müəssisəsinin yaradılmasına nail olmuşuq. Həmin müəssisələr əhalinin su təminatında əhəmiyyətli rol oynayır. Onlar mənzillərə su xətti çəkərək sayğac qoyublar və hər ay onun pulunu alırlar. Bu, özü yaxşı bir modeldir. Həmin kəndlərdə əvvəllər insanlar su üçün neçə yüz metrlərlə yol qət etməli olurdular. Amma buna baxmayaraq, yenə də bu müəssisələr tam normal fəaliyyət göstərə bilmirlər. O cümlədən digər sahələrdə şərait yoxdur. Tutaq ki, nəqliyyat sahəsində bələdiyyələr avtodayanacaqlar yaradaraq istifadə edə bilərlər. Lakin burda da başqa problem var. Bildiyiniz kimi, hazırda avtodayanacaqlara əsasən Bakıda və digər iri şəhər-rayon mərkəzlərində ehtiyac var. Həmin ərazilər isə bu gün icra hakimiyyətlərinin tabeçiliyindədi, bələdiyyələr ora girişə bilmirlər. Və yaxud bələdiyyə reklam şirkəti yarada və bu xidmətlə məşğul olub gəlir götürə bilər, amma bu səlahiyyətləri də məhdudlaşdırılıb”.

Bütün bunlardan əlavə, ekspertin sözlərinə görə, müəssisə yaratmaq üçün bələdiyyənin ilkin təminatı olmalıdır: “Amma əksər bələdiyyələr bu imkandan da məhrumdurlar. Ona görə də bələdiyyə müəssisələrinin yaradılması artıq aktuallığını itirmək üzrədir”.

Həbibə ABDULLA