• şənbə, 20 Aprel, 02:51
  • Baku Bakı 15°C

Rasim Musabəyov: “Belə davam edə bilməz”

28.07.20 19:20 3301
Rasim Musabəyov: “Belə davam edə bilməz”
Politoloq: "Azərbaycan və Türkiyə Ermənistanın işğalçı siyasətinə seyrçi qalmayacaq”
İyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri növbəti dəfə təxribata əl ataraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirtməyə çalışıb, artilleriya atəşindən istifadə edərək hücuma cəhd edib. Azərbaycan Ordusunun ayıq-sayıqlığı, həyata keçirdiyi əks-tədbirlər nəticəsində düşmən geri otuzdurulub, bir neçə gün davam edən döyüşlərdə düşmənin xeyli canlı qüvvəsi və hərbi texnikası məhv edilib. Həmin hadisələrdən sonra dünya azərbaycanlıları yaşadıqları ölkələrdə aksiyalar keçirərək beynəlxalq ictimaiyyətin diqqətini təkrar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə yönəltməyə çalışıb, işğalçı dövlətə təzyiq göstərilməsinə çağırışlar ediblər. Bu hadisələr fonunda Türkiyə-Azərbaycan birgə təlimləri keçirilir, rəsmi Ankaranın ölkəmizə hər cür dəstək verməyə hazır olduğu bəyan edilir, prezidentlər Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin arasında Dağlıq Qarabağ münaqişəsinə dair müzakirə aparılır. Bütün bunlarla bağlı "Kaspi” qəzetinin suallarını millət vəkili, politoloq Rasim Musabəyov cavablandırır.
- Rasim müəllim, istərdim ilk öncə ermənilərin dövlət sərhədində törətdiyi təxribata münasibət bildirəsiniz. Sizcə, bu, nəyə hesablanmışdı, məqsəd nə idi, arxasında nə dayanırdı?
- İşğalçı Ermənistan daim təxribatçı hərəkətlərə yol verib. Dağlıq Qarabağ münaqişəsi başlanan gündən indiyə qədər Ermənistanın məşğul olduğu yeganə iş terror aktları, təxribatlar törətməkdir. Bunun da səbəbi var. Ermənistan anlayırdı ki, ayrı cür Azərbaycanı müharibəyə cəlb etmək, torpaqları zəbt etmək mümkün deyil. İndiki dövrdə isə fərqindədirlər ki, aparılan danışıqlar çərçivəsində Azərbaycandan torpaq qoparda bilməyəcəklər, rəsmi Bakı prinsipial mövqeyindən geri çəkilməyəcək, tarixi torpaqlarımızda ikinci erməni dövlətinin yaradılmasına imkan verilməyəcək, bununla da işğal altında saxladıqları əraziləri rəsmiləşdirmək qeyri-mümkün olacaq. Bununla yanaşı, məhz işğalçılıq siyasətinə görə Ermənistanın üzləşdiyi problemlər, o cümlədən iqtisadi tənəzzül, siyasi gərginlik, eyni zamanda pandemiyanın yaşatdığı çətinliklər rəsmi İrəvanı çıxılmaz duruma salıb. Şübhəsiz ki, bu kimi bir sıra səbəblərdən Ermənistan Azərbaycanla dövlət sərhədində təxribat törədib, olduqca gərgin vəziyyət yaradıb. Hansı ki, bunun acı nəticəsini onlar özləri çəkə bilərlər. Müasir dövrdə cəbhə xəttində Azərbaycanla istənilən hərbi toqquşmada məğlub olacağını yaxşı dərk edən Ermənistan son təxribatla bir növ test aparıb, ölkəmizin qərb istiqaməti ilə xarici bazarlara çıxan strateji neft-qaz kəmərlərinə təhlükə yaratmaq istəyib. Düşmən ölkənin niyyəti bu ərazidə vəziyyəti gərginləşdirməkdən, ardınca prosesləri beynəlxalq ictimaiyyətə öz istədikləri kimi çatdırmaqla Azərbaycana təzyiq göstərilməsinə nail olmaqdan ibarət ola bilərdi. Yaxud, Rusiya Ermənistan vasitəsilə bu təxribatı törətdirməklə Cənub Qaz Dəhlizi və sair bu kimi strateji layihələri sıxışdırmaq, enerji bazarında öz mövqelərini daha da möhkəmləndirməyi hədəfləyə bilərdi. Nəzərə alsaq ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvüdür, bu təxribatla işğalçı dövlət həm də təşkilat üzvlərinin, xüsusən də Rusiyanın reaksiyasını yoxlayıb. Çünki, sözügedən təşkilata üzv dövlətlərin hər hansı birinin sərhədinə hücum cəhdinə qarşı birgə mübarizə aparmaq məsələsi var. Bu yolla KTMT-ni proseslərə cəlb etmək niyyəti güdülə bilərdi. Bir çox amillər Ermənistanı belə bir təxribata əl atmağa sövq edə bilərdi.
- Onlar bu təxribatla planlaşdırdıqlarına nail ola bildilərmi?
- Onlar sadəcə, test etdilər. Düşünmürəm ki, ermənilər Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Cənub Qaz Dəhlizi kimi neft-qaz kəmərlərini vurmağı, bu layihələri dayandırmağı qarşılarına məqsəd qoymuşdular. Bu, onlar üçün fəlakətlə nəticələnə bilərdi. İlk günlərdən Türkiyənin bu məsələyə sərt reaksiyasını gördük. Prezident Ərdoğan başda olmaqla bir çox Türkiyə rəsmiləri bildirdilər ki, daim Azərbaycanın yanındadırlar, hər cür dəstəyə hazırdırlar. Hətta Ərdoğan xüsusi vurğuladı ki, dövlət sərhədindəki təxribat hər hansı sərhəd pozuntusu deyil, birbaşa Azərbaycana qarşı məqsədli hücumdur. O, bu hücumun Ermənistanın səviyyəsini aşan bir hadisə olduğunu söylədi. Qeyd etdi ki, burada məqsəd təxribat xarakterli yanaşma ilə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı prosesin qarşısını almaq və bölgədə yeni toqquşma sahələri meydana çıxarmaqdır. Bütün bunlardan sonra həm havadarları geri çəkildi, həm də forfost Ermənistanın ipini çəkdilər.
- Bu hadisədən sonra - iyulun 14-15-də Azərbaycan Ordusuna dəstək, şəhidlərimizin ruhuna hörmət əlaməti olaraq paytaxt Bakıda və regionlarda vətəndaşlarımızın, həmçinin xarici ölkələrdə yaşayan azərbaycanlıların dinc yürüşləri, aksiyaları keçirildi. Xaricdə Azərbaycan diaspor nümayəndələrinin təşkil etdiyi belə aksiyalarda ermənilər tərəfindən soydaşlarımıza hücum edildi, növbəti təxribat törədildi. Yaşanan bu olay nəyin göstəricisi idi?
- Ermənilərin işi təxribat törətməkdir. Mümkün olduğu təqdirdə bunun cavabını hüquqi müstəvidə vermək gərəkdir. Bundan boyun qaçırdıb hüquqdan yayındıqları təqdirdə, onları ağıllandırmaq üçün əlavə imkanlar da mövcuddur. Xaricdə yaşayan azərbaycanlılar bacardıqlarını etməkdədirlər. Heç də dinc oturub ermənilərin təxribatlarını seyr etmirlər. Onların cavabını harada necə lazımdırsa o cür də verirlər.
- Bütün bu baş verənlər fonunda xaricdə məskunlaşan antimilli şəbəkə, eləcə də onların buradakı təmsilçiləri Azərbaycan xalqı ilə vahid mövqedən çıxış etmək, Ordumuza dəstək olmaq əvəzinə vətənpərvərlik nümayiş etdirən Azərbaycan diaspor nümayəndələrini tənqid hədəfinə çevirdilər. Hətta bir sıra hallarda düşmənlə eyni cəbhədə yer alıb Azərbaycan xalqına və dövlətinə qarşı açıq mövqe ortaya qoydular. Onların ermənilərlə bu cür sinxron hərəkətlərini təsadüf saymaq olarmı?
- Açığı, mən onları izləmirəm. Hər kəs öz vicdanı, xalqı, dövləti qarşısında məsuliyyət daşıyır. Heç kim və heç nə unudulmur. Belə hadisələrin gedişində insanların sərgilədiyi mövqe silinmir, yaddan çıxmır. Hər şey sosial mediada, internetdə, saytlarda, mətbuatda əks olunur, qalır. Kimsə özünü yaramazlığa vurur, milli-dövlətçilik maraqlarına zidd fəaliyyət göstərirsə, bunun xəcalətini mütləq çəkəcəkdir. Ola bilsin hansısa məqamda hüquq müstəvisində onlara qarşı tədbir görmək qeyri-mümkündür və bu səbəbdən məsuliyyətdən qaça bilirlər. Amma vicdanlarından qaça bilməyəcəklər. Hər kəs öz vicdanı qarşısında cavab verəcək. Bundan başqa, əgər biri mənəviyyatsızlıq edirsə, onun bu xoşagəlməz hərəkətinə istinad etməyin özü mənasızdır.
- İyulun 29-dan etibarən Azərbaycanla Türkiyənin növbəti birgə hərbi təlimləri keçiriləcək. Plana əsasən təlimlər avqustun 1-dən 5-dək quru qoşunlarının cəlb edilməsi ilə Bakıda və Naxçıvanda, hərbi aviasiya vasitələrinin iştirakı ilə iyulun 29-dan avqustun 10-dək Bakı, Naxçıvan, Gəncə, Kürdəmir və Yevlax şəhərlərində keçiriləcək. İndiki dönəmdə belə hərbi təlimlərin keçirilməsi nə məna kəsb edir?
- Bu hərbi təlim əvvəlcədən nəzərdə tutulmuş plana uyğun olaraq keçirilir. Lakin bir qədər əvvəl qeyd etdiyimiz dövlət sərhədindəki təxribat, onun ardınca yaşanan olaylardan sonra hərbi təlimlərin miqyası bir qədər genişləndirilib. Bu, bir çox avantüralara, təxribatlara meyl edənlərə tutarlı cavabdır, mesajdır, qulaqburmadır. Onların ağıllarını başına gətirmək üçün bu hərbi təlimlərin əhəmiyyəti böyükdür. Bu təlimlər gec-tez genişmiqyaslı hərbi hücuma çevrilib işğal altındakı torpaqlarımızı düşməndən azad edəcək. Düşünürəm ki, bunun da zamanı var və bu, baş verəcək.
- Türkiyə və Rusiya prezidentləri iyulun 27-də telefonla danışıblar. İki ölkənin prezidenti Suriya və Liviyadakı vəziyyətlə yanaşı, Azərbaycan-Ermənistan qarşıdurmasını da detallı şəkildə müzakirə ediblər.Bu fakt artıq onu göstərir ki, Dağlıq Qarabağ problemi böyük dövlətlərin ciddi müzakirə mövzusuna çevrilib. Bu kontekstdə fikirlərinizi də bilmək maraqlı olardı.
- Ərdoğan və Putin görüşəndə gündəlikdəki məsələlərlə bərabər, Dağlıq Qarabağ probleminin dinc yolla həlli ətrafında da müzakirələr aparırlar. Türkiyə Rusiya ilə Liviya və Suriyada üz-üzə gəlir. Dağlıq Qarabağ münaqişəsinin həlli, Cənubi Qafqazdakı maraqlar baxımından Türkiyə və Rusiya burada da üz-üzə gələ bilər. Fikrimcə, bu, daha təhlükəlidir. O baxımdan telefon əlaqəsi zamanı prezidentlərin bu məsələni diqqətdə saxlaması təbiidir. Böyük dövlətlərin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı hər hansı addımı ümumən problemin ölü nöqtədən tərpədilməsinə doğru səydir. Bunun konkret nəticəyə gətirib çıxaracağını söyləmək nəzəri baxımdan mümkün deyil. Əvvəl-axır bu səylər nəticə verməlidir. Lakin bu, heç də o demək deyil ki, Azərbaycan və Türkiyə Ermənistanın işğalçı siyasətinə daim seyrçi qalacaq. Bu, belə davam edə bilməz. Danışıqlar heç bir nəticə verməyəcəyi halda, silahlar işə düşəcək, problemin hərbi yolla həlli gündəmə gələcək. Türkiyə və Azərbaycanın davamlı birgə hərbi təlimləri bu mənada dünyaya mühüm mesajdır.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər