“Belə bir işdə səfir olmaq çox həyəcanlı və qürurvericidir” - Fotolar
"Bakı-2017”
IV İslam Həmrəyliyi Oyunlarının başlanmasına bir ay qalıb. 12-22 maytarixləri
arasında keçiriləcək oyunlara hazırlıq davam edir. Oyunların ulduz səfiri seçilən əməkdar artist
Tünzalə Ağayeva yarışın könüllüləri ilə
birgə "Salam, Bakı - Könüllülərin himni”ni ifa etdilər. Ulduz səfirimiz bu himnə
könüllülərlə birlikdə klip də çəkdirib. Milli musiqi alətlərimiz olan tar,
qaval, zərb alətlərinin də ifasının yer aldığı klip böyük marağa səbəb oldu.Əməkdar artistlə əlaqə saxlayıb, bu layihə barədə təəssüratlarını soruşdur.
Mənim
gəncliyim belə keçməyib
- Tünzalə xanım, İslam Həmrəyliyi
Oyunlarının könüllüləri ilə birgə "Salam, Bakı - Könüllülərin himni”ni izlədik.
Həqiqətən də möhtəşəm bir layihədir. Maraqlıdır, bu himn necə ərsəyə gəldi?
-
Mənim İslam Həmrəyliyi oyunlarının ulduz səfiri olmağımın arxasında son illərin
səfirlik təcrübəsi dayanır. Bilirsiniz ki, "Bakı 2015” Avropa oyunlarında,
"Formula-1” yarışlarında, 2014-cü ildə milli olimpiya komitəsinin bir neçə
sosial proqramlarında ulduz səfir kimi
iştirak etmişəm. Hər dəfə ölkəmiz üçün belə əhəmiyyətli hadisələr məni yaradıcı
bir insan kimi biganə qoymur və təbii ki, yaradıcılığıma da təsir edir. Bununla
bərabər bir növ məni motivasiya edir və ilhamlandırır. Mən də bir ifaçı kimi
ölkəmizdə keçirilən bu önəmli layihələrə öz töhfəmi vermək istəyirəm. Mahnı da
elə bir janrdır ki, verilən mesajları, keçirilən tədbirlərin dəyərlərini, bütün
millətlərin bir araya gəlməsini, sülh, barış, sevgi kimi dəyərləri musiqidə çox
gözəl vəsf və əks etdirmək olur. Bu, həm PR, həm də musiqi ilə qəlbləri
qazanmaq baxımından gözəl bir vasitədir. Musiqi hər zaman insanları bir araya
toplayır. Onun dinləyicilərinin millətindən, dinindən, həyat tərzindən fərqli
olmasına baxmayaraq. Təbii ki, İslam Oyunlarının ulduz səfiri kimi də bu mövzu
məni ilhamlandırdı. Bu dəfə qərara gəldim ki, məhz oyunların könüllülərinə
mahnı həsr edim. Çünki könüllülər bütün beynəlxalq tədbirlərdə böyük rol
oynayırlar. Könüllülərsiz heç bir tədbir həyata keçmir. Könüllülərin
sıralarında olan gənclərimiz bizim
övladlarımızdır. Onlar da vətənə faydalı olmaq istəyirlər, bu baxımdan çox həvəslidirlər.
Bu oyunlar zamanı onlara yaradılan şərait dövlət tərəfindən gənclərimizə verilən
bir fürsətdir. Belə ki, qatıldıqları beynəlxalq layihələrdə onlar dil öyrənirlər,
təcrübə qazanırlar. Bundan başqa, ünsiyyət qurmağı, istedadlarını və
bacarıqlarını üzə çıxarmaq imkanı əldə edirlər. Bu oyunlar vasitəsi ilə onlar
özlərini göstərə bilirlər, möhkəmlənir, güclənirlər. Mən onlarla sıx ünsiyyətdə
olduğum üçün görürəm ki, gənclər bunu yüksək dəyərləndirirlər. Şəxsən özümdən
deyə bilərəm ki, mənim gəncliyim belə keçməyib. Hərdən könüllülərə deyirəm ki,
mən sizin yaşınızda olanda belə könüllülük fürsətim olmayıb. Nə yaxşı ki,
indiki gənclər bunu dəyərləndirirlər. Onların bu motivasiyası məni bu mahnını
yazmağa cəlb etdi. Qeyd edim ki, "Salam, Bakı” adlı mahnının sözləri İslam
Oyunları Əməliyyat Komitəsinin icraçı direktoru Elçin Səfərova məxsusdur. Fürsətdən
istifadə edib, ona təşəkkür edirəm. O da bu mahnının uğurlu alınmasına çox
sevinir. Ən əsası, könüllülər bu mahnıdan məmnundurlar. Şadam ki, bu mahnını
yüksək səviyyədə təqdim edə bildik.
Bu
layihədə yeni dostluqlar yarandı
- Bu himndə "Səs Azərbaycan”
yarışmasından olan iştirakçıları da gördük. Onlarda könüllüdürlər?
-
Bəli, bu layihədə onlar da var. Klipdə siz Samirə Əfəndini, Nərmin Kərimbəyovanı,
Ləman Dadaşovanı, Tofiq Hacıyevi və Ruslan Alışanovu görürsünüz. Bunlar
yaddaqalan səslər və simalardır. Artıq onların kifayət qədər tamaşaçı
auditoriyası var. Adlarını qeyd etdiyim ifaçılar da bu vətənin övladlarıdırlar,
onlar da könüllü hesab olunurlar. Mahnıda mən tək deyil, könüllülərlə oxuyuram. Bu mahnı heç vaxt
studiya, səhnə görməyən gənclər üçün yaddaqalan bir hadisə oldu. Bəlkə də bu
mahnı onların həyatında yeni bir qapının açılmasında bir vasitə olacaq. Onların
yeni istedadını üzə çıxarmaq üçün bir vasitə olacaq. Bu himnə səhnə, müsabiqə
görmüş daha təcrübəli gənclərimiz də qoşuldu. Onlar da könüllülərə oxumaqda dəstək
oldular. Bu layihədə yeni dostluqlar yarandı. Düşünürəm ki, bu, təqdirəlayiq
haldır ki, "Səs Azərbaycan” mahnı müsabiqəsinin finalçıları da layihədə iştirak
ediblər. Mən onlara ayrıca təşəkkürümü bildirirəm.
-
Hazırda İslam oyunları çərçivəsində hansı işlər gedir?
-
Ttanınmış simaların beynəlxalq layihələrdə səfir olması, çıxış etməsi kimi bir
təcrübə var. Yeni ulduzlar, ictimai ulduzlar, idmana aid olmayan və idmanla təmasda
olan insanlar belə mötəbər hadisələrin, layihələrin piarını aparırlar. Onların
da bu baxımdan dəstəyi olub. Məni izləyən insanlara bu yarışların ölkəmiz üçün
gözəl hadisə olduğunu, Azərbaycan İslam mədəniyyətinin qədim və eyni zamanda
müasir mədəniyyət olmasını çatdırırıq. İslam sevgi, paylaşmaq, həmrəylik,
birlik, gözəllik deməkdir. Biz bu yarışlarda İslamın dəyərlərini göstərməyə
çalışırıq. Belə bir işdə səfir olmaq çox həyəcanlı və qürurvericidir. Bu iş mənim
üçün çox məsuliyyətlidir. Nə qədər gözəllik haqda danışırsansa, bir o qədər də
nümunəyə çevrilirsən. Sən həyat tərzinlə bunu göstərməlisən. Mənə bu etimadı
göstərdiklərinə görə dövlətimizə və rəhbərliyimizə minnətdarlığımı bildirirəm. Bundan başqa, Əməliyyat Komitəsinə təşəkkürümü
bildirirəm.
-
İdmanla necə, məşğul olursunuzmu?
- Əlbəttə. Həftədə 3 dəfə idmanla məşğul
oluram.
-
Bu yarışların keçirilməsi ölkəmizə nə qazandıracaq?
-
Azərbaycan dünyaya öz qapılarını açır, hər kəsi qəbul edir. Təsəvvür edin ki,
biz 57 ölkəni qəbul edirik ki, müsəlman
dünyası bu yarışlarda bir araya gəlsin. Dünyada yeridilən siyasətlə də müsəlman
ölkələrini bir-birinə düşmən etməyə çalışırlar. Ancaq dəfələrlə qeyd etmişik
ki, heç kimin torpağında, mədəniyyətində gözümüz yoxdur. Biz sevgi, barış istəyirik.
Hər kəsin evində, torpağında rahat yaşamasının tərəfdarı olan bir millətik. Azərbaycan
elə bir məmləkətdir ki, heç bir millət burada sıxıntı yaşamayıb. Bədxah
qonşularımız belə uzun müddət ölkəmizdə yaşayıb. Bir müddət Azərbaycanda
yaşayan ermənilər də deyirlər ki, biz Azərbaycanda həyat görmüşük. Azərbaycan
çox tolerant ölkədir. Hər hansı çətinliyinə baxmayaq hər zaman dünyaya qapısını
açıb, duz-çörəklə qonağını qarşılayıb. Bu dəyərlər haqda danışmaq çox gözəldir.
Biz gəncləri də bu yarışlar üçün motivasiya etməyə çalışırıq. Onlara bu dəyərlərimizin
qədrini bilməyi aşılayırıq. Onlara deyirik ki, elə ölkələr var ki, sizin
yaşdakı gənclər çox acınacaqlı vəziyyətdədirlər. Onlar sizin bəsit gördüyünüz həyat
tərzini arzulayırlar. Bu, onlar üçün əlçatmazdır. Biz onların halını görürük.
Çox istəyərik ki, əlimiz çox adama çatsın ki, onlarla yardımlaşaq.İslam
Oyunlarında həmrəylik var. Söhbət təkcə beynəlxalq həmrəylikdən getmir, millət
olaraq içimizdəki həmrəylikdən gedir. Bu, çox önəmlidir. Millətin gücü buradan
başlayır. Dünya bizi yaxşı qiymətləndirə bilər. Etdiyimiz işləri yüksək qiymətləndirməyi
də bacarar. Əsas odur ki, daxilən bir-birimizin əlindən tutmağı nə dərəcədə
bacarırıq. Bu, çox önəmlidir. "Bakı 2015” Avropa Oyunlarında gördüm ki,
könüllülərimiz kifayət qədərdir.
İnsanların statusundan, sosial durumundan fərqli olmayaraq, hamının
yan-yana oturub yarışlarda necə azarkeşlik etmələrini gördüm. Bu o qədər
qürurverici haldır ki, sözlə izah etmək mümkün deyil. Millətimiz var olsun ki,
bu birliyi nümayiş etdirək. Bu yarışlarda maddi və mənəvi baxımdan Azərbaycanımız
qazanır. Bəli, hər tədbirin çətinlikləri var. Heç nə insana asan başa gəlmir.
Amma biz buna qadiriksə, gücümüz çatırsa, niyə də etməyək? Azərbaycanın necə
bir ölkə olduğunu göstərmək üçün bu oyunlar yaxşı vasitədir.
- "Bakı-2017” IVİslam HəmrəyliyiOyunlarının
Xəzərdən başlayansusəyahətinə start verilib və bizim bölgələrimizdə
davam edir. Maraqlıdır siz bu səyahətdə iştirak edirsinizmi? Bu səyahət çərçivəsində
sizin çıxışlarınız gözlənilirmi?
-
Əlbəttə, bu yarışlar çərçivəsində bir sıra tədbirlərimiz gözlənilir. Ancaq təəssüf
ki, bunların hamısında iştirak edə bilmirəm. Müğənni olaraq mənim öz səfərlərim və işlərim də var.
Maksimum şəkildə çalışıram ki, oyunlar çərçivəsində keçirilən tədbirlərin hamısına çatdırım. Hazırda Bakıda deyiləm.
Maraqlı proqramlar həyata keçirilir. Təbii ki, mən də bunların bir neçəsində
iştirak edəcəyəm.
-
Bizə maraqlıdır, Tünzalə xanım ən çox
hansı idman növünün tamaşaçısı olacaq?
-
Sevinirəm ki, bizim çox qədim döyüş növü olan zorxana beynəlxalq yarış
statusunu alır. Çox yaxşı piarı olacaq. Dünya bu idman növünü görəcək. Daha
geniş şəkildə təbliğ olacaq. Çox istəyirəm ki, bu idman növü ölkəmizin
hüdudlarından çıxsın. Çalışacağam ki, bu idman növünə baxa bilim. Bir də
haradakı idmançılarımızın medal qazanma şansı var, o yarışlara getməyə
çalışacağam. Bütün idmançılarımıza azarkeşlik edirəm. İndidən hamısına uğurlar
arzulayıram, qoy layiqli olan qazansın. Oyunlarda uduzan tərəf yoxdur. Burada hər
kəs qazanır. Bütün idmançılarımıza uğurlar arzulayıram.
Xəyalə Rəis