• cümə axşamı, 25 aprel, 13:20
  • Baku Bakı 23°C

Bektaşilərin tanınmış nümayəndəsi

18.04.17 13:30 5436
Bektaşilərin tanınmış nümayəndəsi
Bir ölkənin, bir ərazinin nə qədər qədim, nə qədər sivilizasiyalı olduğunu onun üstündə yaşamış, abidələr qoymuş, yazıb-yaratmış insanları ilə müəyyənləşdirmək, qiymət vermək, mədəniyyətini və tarixini öyrənmək olar. Azərbaycan ta qədimdən incəsənət və memarlar, şairlər və alimlər yurdudur. Müxtəlif bölgələrin hər birinin sənətkarlığı, özünəməxsus adət və ənənələri, görkəmli nəsilləri onun keçmişinin zənginliyindən xəbər verir. Naxçıvan Azərbaycanın ən qədim yaşayış məskənlərindən biri, strateji cəhətdən dayağı, qalası və Şərqə açılan qapısıdır. Bura ikinci həyatın başlanğıcı, Nuhun yurdudur. Qılıncı və qələmi ilə xidmət göstərmiş Atabəylər, Naxçıvanskilər, Kəngərlilər, Seyidlilər, Bektaşilər kimi məşhur tayfaların yurdudur. Mən burada tanınmış nəsillərdən birini, Bektaşiləri xatırlatmaq, o cümlədən XX əsrin ortalarında Azərbaycan, eyni zamanda Naxçıvan Xalq Maarifində iz buraxan, bu ilin mart ayında 100 illiyini qeyd etdiyimiz Məmməd Cabbar oğlu Bektaşidən söz açmaq istəyirəm. Müsahibim onun qızı, pedaqoq Etimad xanım Bektaşidir.
- Siz Naxçıvanın tanınmış soyadlı ailələrindən birinin nümayəndəsisiniz. Bektaşilər dedikdə, yada elm, maarif, sufizm düşür. Bektaşilər kimdir, kökü haradan gəlir?
- Araşdırmalara və yaşlıların zaman-zaman söylədiklərinə görə, bu nəsil tarixə "əlinə, dilinə, belinə sahib ol” devizi ilə düşmüş, "sevgi”, "məhəbbət” deyən, həqiqət və ədalət yolçusu, türk kimliyi ilə islam inancını təlimində birləşdirə bilmiş, hər zaman elm yolu ilə gedilməsini tövsiyə etmiş mütəfəkkir Hacı Bektaş Vəlinin soy kökünə dayanır. Onun atası Xorasan hökmdarı, anası nişapurlu bir alimin qızı olub. Yəqin buna görədir ki bu nəsil ta əvvəldən bu günə qədər elm dalınca gedib, hər zaman yüksək təhsil alıb. Çünki Bektaşi əxlaqında elm öndə gəlir. Bu insanlar eyni zamanda nəsillərinin onlara ötürdüyü fəlsəfəni, sufizmi həyat tərzi kimi mənimsəmişlər. Bektaşilərə görə, ən önəmli prinsip insan olmaq, hər dövrdə, hər şəraitdə daxili və xarici təmizliyi qoruyub saxlamaqdır. Onların bir devizi də belə idi: "Biz olduğumuz kimiyik, elə də qalacağıq”. Öyrənmək və öyrətmək, əxlaqlı olmaq, çalışmaq, ünsiyyət və həlimlik onların xarakterik xüsusiyyətləri olmuşdur. Bütün bunları göz açandan hava kimi udurduq. Elə bil başqa cürə ola da bilməzdi. Atam hər zaman tövsiyələrində atasından, babasından nələri isə bizə ötürürdü. Əsas da insan olmaq və oxumaq, insan olmaq üçün oxumaq ana xətti təşkil edir. Məsələn, mənim babam Mirzə Cabbar Bektaşi Nəcəfül-Əşrəfdə hüquq təhsili alıb. Onun atası Nəsir bəy hüquqçu olub, dövlət idarələrində işləyib, vəkillik edib, rusca təhsili var idi. Eşitdiyimə görə, ən müşkül işlərdə sadə insanlar ona üz tutar, o isə əlindən gələni təmənna gözləmədən edərmiş. Bu nəslin xarakterik xüsusiyyətlərindən biri də çox səxavətli olmaları idi. "Hər gələn qismətdə kimlərinsə payı vardır” deyimini çox eşitmişəm. Nəsir bəy oğullarının hamısına ali təhsil vermək üçün əlindən gələn hər cür dəstəyi vermiş, onları müxtəlif mərkəzlərdə oxutmuşdur. Hətta qızı belə aqronom təhsili almışdır. Naxçıvan Respublikasının ilk komissarı Mirzə Əli Bektaşi onun oğludur. Naxçıvanda "Hümmət” təşkilatının yaradıcısı və sədri olub. Nəsir bəyin atası "Bektaş arxı” (Cananbəy kəhrizi) adı ilə tanınan suyu Naxçıvana çəkdirən Canan bəy Bektaşidır, yəni atamın ulu babasıdır. Keçən əsrdə bu nəsil görkəmli maarifçi və alimlər yetişdirmişdir. Tofiq Bektaşi, İnayət Bektaşi, Sübhi Bektaşi, Hikmət Bektaşi, Fikrət Bektaşi, Məmməd Bektaşi, Rüfət Hüseynzadə və başqaları. Onların övladları da bu yolla getmişlər. Bunların içində Mirzə Əlinin oğlu Rauf bəyin adını çəkməyə bilmərəm. O, bir insanlıq nümunəsi idi. Atamın ən yaxın dostu, sirdaşı idi.
- Atanızdan söz düşmüşkən, əsrin böyük bir hissəsində Naxçıvan Xalq Maarifi onun adı ilə bağlı olub. Belə ki o, Naxçıvan Pedaqoji Texnikumunu (1934) və Azərbaycan Pedaqoji İnstitutun (1940) fərqlənmə diplomu ilə bitirmişdir. 1946-1960-ci illər arasında orta məktəblərdə ədəbiyyat müəllimi, dərs hissə müdiri, Naxçıvan MR Maarif Nazirliyi sistemində inspektor işləmişdir. Sonra 13 il 1962-1974-cü illər arasında nazir müavini, Naxçıvan MR maarif naziri işləmişdir. 1961-1963- cü illərdə "Şərq Qapısı” qəzetinin redaktoru da olmuşdur. 1974-1985-ci illərdə Maarif Nazirliyi Müəllimləri Təkmilləşdirmə İnstitutunun direktoru olmuşdur. 1985-ci ildən fərdi təqaüdçü idi. Orden və medallarla təltif olunmuşdur. Bir də sizdən eşidək bu önəmli şəxsiyyət barədə.
- M. Bektaşi 1917-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. Onun anası da zadəgan bir nəslin qızı idi. Seyid Hüseyn qızı adı ilə tanınmış, sinə-dəftər, zəngin xəyallı bir qadın olmuşdur. O da atamın yaxşı təhsili üçün az əziyyət çəkməyib. Atam 10 illik orta məktəbi 9 ilə qızıl medalla bitirib. Sonra təhsilini Azərbaycan Pedaqoji İnstitutunun filologiya fakültəsində davam etdirib. Buranı da fərqlənmə diplomu ilə tamamlayıb. İnstitutda qalmaq təkliflərinə baxmayaraq, Naxçıvana dönüb və pedaqoji fəaliyyətə başlayıb. Bir haşiyə çıxım, Bektaşilərin əksəriyyəti belə oxuyublar. Elə əmim Yusif də orta məktəbi qızıl medalla, Azərbaycan Neft və Kimya İnstitutunu fərqlənmə diplomu ilə bitirmişdir. Təyinatla Sibirin müxtəlif yerlərində dağ-mədən sahəsində çalışmış, müəyyən vəzifələr daşımışdır. Atam yenicə pedaqoji fəaliyyətə başladığı dövrdə 1941-1945- ci illər müharibəsi başlayır. Qələm silahla əvəz olunur. Döyüş yolu Vladivostokdan başlayıb Berlində bitir. O burada topçu, zabit və siyasi rəhbər olub. Orden və medallara layiq görünüb. M. İbrahimovun "Sarı Sim” əsərində atamın döyüş illərindən xatirələr var. Atam hər şeydən əvvəl, gözəl ədəbiyyatçı idi. H.Cavid, Ə. Hüseynzadə, Nəsimi, Füzuli aşiqi idi. Tələbələri sinifdə onlardan şeirlər deyib necə kövrəldiyini xatırlayırdılar. Ancaq jurnalistlik də ondan yan keçməmişdir. Belə ki, qeyd etdiyiniz kimi "Şərq Qapısı” qəzetinin redaktoru da olmuşdur. Bir məsələni də qeyd edim ki, bu qəzetin bir redaktoru da əmisi oğlu Kamil Bektaşi olub. O, Azərbaycanın tanınmış jurnalistlərindən idi. Uzun illər "Sovet Kəndi” jurnalında məsul katib kimi çalışmışdır. Bununla bərabər, atamın ikinci və ömürlük ixtisası pedaqogika və psixologiya olmuşdur. Müəllimlər İnstitutunda bu fəndən dərs demiş, həmin kafedranın müdiri də olmuşdur. Bəlkə də bütün bunlar və nəsildən gələn ruhu onu bütövləşdirib ortaya görkəmli bir maarif xadimi çıxarmışdır. Bu ailə repressiya illərinin ağırlığını da yaşamışdır. Bu, atamın fəaliyyətinə bir növ sədd çəkirdi, sıxışdırılırdı, haradasa daha çox yararlı olacağı işlərini əngəlləyirdi. Amma o, alicənab və cəsarətli idi. Həyata fərqli, sufi baxışı var idi. Bir məsələdən, bir işdən narazı qalanda bircə sözlə ifadə edərdi: "İnsan olun, insan!” M. Bektaşi maarifə ömrünün böyük bir hissəsini həsr etmişdir. Yuxarıda qeyd etdiklərinizə əlavə olaraq deyim ki, o dövrdə bir neçə çağırış Naxçıvan Muxtar Respublikasının deputatı, Bilik Cəmiyyətinin sədri də olmuşdur. Ancaq harada işlədiyindən asılı olmayaraq, orda öz sözünü deyib, öz izini qoyub, hörmət və ehtiramla anılıb. "Şərəf nişanı” ordeni "Maarif Xadimi” nişanı ilə və bir sıra orden və medallarla təltif olunub. Azərbaycanın əməkdar müəllimi idi. Hamımızın ən çox önəm verdiyi adı elə bu idi. Çünki orada müəllim sözü var idi. Bir sözlə, XX əsrin 40-cı illərindən başlayaraq 50 il maarifçilik onun ana xətti olub.
- Eşitdiyimə görə, uzun illər Naxçıvan Xalq Maarifinə başçılıq etmiş və bu günədək xidmətləri unudulmayan M. Bektaşini "Nazir Məmməd müəllim” deyə çağırırmışlar. O dövrə aid təəssüratınız?
- Özüm də bilmirəm niyə, amma belə adlandırırdılar. Biz də alışmışdıq. İndi də yaşlılar o adla xatırlayırlar. Atam ömrünün 50 ilini maarifə həsr etmişdir. Sonda da Naxçıvan Müəllimləri Təkmilləşdirmə İnstitutunun direktoru olub. Bu, onun son iş yeri idi. Orda uzun müddət işlədi. Mühazirələr oxudu, məqalələr yazdı. Amma adı Naxçıvan tarixinə "Nazir Məmməd müəllim” kimi düşdü. Ümumiyyətlə, Azərbaycanda Xalq Təhsili Naziri akademik M. Mehdizadə, Naxçıvanda isə M. Bektaşi adi hər zaman qoşa çəkilirdi. Onlar o dövrün püxtələşən, formalaşan xalq təhsilinin maarif xadimləri idilər.
- Nazir kimi necə xatırlayırsınız?
- Gərgin illər idi. Yeni məktəblər açılmalı, təhsildə yeni islahatlar aparılmalı idi. Stalindən sonra çox şey dəyişirdi, siyasi kurs yenilənirdi. Maarif sistemi çox məsuliyyətli sahədir, xüsusilə keçid dövrlərində. Rəhbərlər dəyişirdi, elə işləməlisən ki, xalqına, onun maarifinə zərbə dəyməsin. Gündə bir qanun çıxırdı. O zamanlar bir çox sahədə olduğu kimi Maarif Nazirliyi də birbaşa Moskvaya tabe idi. "Yumşalma” illəri insanlara, xüsusi ilə müəllimlərə imkan verdi ki, bir az nəfəs alsınlar. Kəndlərin vəziyyəti ağır idi. Demək olar ki, nəqliyyat yox idi. Savadsızlıq aradan qalxmalı, qızlar kütləvi oxudulmalı, müəllim kadrları düzgün yerləşdirilməli, təhsilin keyfiyyəti yüksəldilməli idi. Məktəb tikililəri vüsət almışdı, atam bunları plana salmaq və həyata keçirmək üçün durmadan çalışırdı. Məktəbdənkənar uşaq müəssisələri açılır, onların fəaliyyətinə xüsusi diqqət verilirdi. Ora yüksək səviyyəli kadrlar yerləşdirilirdi. "Məktəblilər Evi”ndə şəhərin bəlkə də bütün uşaqları müxtəlif dərnəklərdə iştirak edirdilər. "Əlvan Çiçəklər” ansamblının şöhrəti hər yeri dolaşırdı. Zaman-zaman başı ermənilərdən çox çəkmiş Azərbaycan xalqı Sovet imperiyasının siyasətinə uyğunlaşmağa məcbur olsa da, ayıq adamlar müəyyən fürsətlərlə müqavimət göstərirdilər. Hər zaman mənfur erməniləri bizim içimizə soxmaq, torpaqlarımıza zorla yerləşdirmək siyasətini həyata keçirən Sovet hakimiyyətinin xain planlarından biri erməni məktəbləri idi. Kəndlərdə 3-5 şagirddən ötrü erməni sinifləri saxlayırdılar. Atam üsulluca, kadr yoxluğu və müxtəlif maddi bəhanələrlə bunları ləğv etməyə çalışırdı. Azuşaqlı siniflərin kompleks siniflərə çevrilməsinə və Azərbaycan dilində təhsilə nail olurdu. Düzdür, bunlardan ötrü başı çox ağrıyırdı, amma məqsədinə çatırdı. Çox şey demək olar, amma onu bilirəm ki, estafeti əlində möhkəm tutmuşdu. Prinsipiallığı, nüfuzu onu qoruyub saxlayırdı. Eyni zamanda, onu sevirdilər, ehtiram göstərirdilər.Millət vəkili kimi də, nazir kimi də heç zaman qapısına gələn heç kəsi geriyə boş qaytarmayıb. Mir Cəlalın "Ləyaqət” hekayəsində o dövrün Məmməd müəllimini görə bilərsiniz.
- O zaman xaricə çıxmaq çətin idi. Sizin atanız isə Hindistanda, Kubada Xalq Təhsili üzrə pedaqoji mühazirələr oxuyub. Bu barədə nə deyə bilərsiniz?
- Bəli, bu səfərlər "Bilik” Cəmiyyətinin xətti üzrə idi. Bundan başqa, SSRİ məkanında da bu cür dəvətlər alırdı. Qurultaylara, konfranslara nümayəndə seçilirdi, çıxışları həmişə cəsarətli olurdu və alqışlarla qarşılanırdı. Xalq da, dövlət də əməyin qiymətini verib. Xalqdan ehtiram, dövlətdən orden və medallar, fəxri fərmanlar qazanıb.
- Ailədə necə idi, bir ata kimi necə xatırlayırsınız?
- Kübar, alicənab, əhatəsində kitab, qəzet, jurnallar. Mehriban, həssas, sənin nə deyəcəyini dərhal tutan və anlayış göstərən bir ata. Yaxşı dostları var idi. Onlar bizi də sevərdilər. Ümumiyyətlə, o zaman şəhərdə yaşayan yerli ailələr bir-birinə çox yaxın idi. Hətta mən uşaqlıqda kimin qohum, kimin dost olduğunu bilmirdim. Təhmasiblər, Kəngərlilər, Seyidlilər, Bektaşilər və digər soylu tayfalar həm dost, həm də qohum imişlər.
Qədirzadə İnci
"Naxçıvan” Universitetinin əməkdaşı
banner

Oxşar Xəbərlər